Belarusda yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər
Ermənistan
silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin
Tovuz rayonu istiqamətində mövqelərimizi ələ
keçirmək məqsədilə ağır artilleriyadan
hücum etmələri nəticəsində şəhid
olmuş hərbçilərimizin xatirəsini yad etmək və
Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan
İcmaları Konqresinin nümayəndələri və
Belarusda yaşayan Azərbaycan diasporu səfirliyimizin
önündə toplaşıblar.
AZƏRTAC xəbər verir ki, aksiyada çıxış edən səfir Lətif Qəndilov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr barədə ətraflı məlumat verib. L.Qəndilov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsinin əsas məqsədlərini diasporumuzun nümayəndələrinə açıqlayıb və bildirib ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağın münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların fikrini yayındırmaq üçün yeni ərazidə gərginlik yaratmağa başlayıb. Səfir Prezident İlham Əliyevin yaranmış vəziyyətin qarşısını almaq və stabilləşdirmək üçün gördüyü işlər və Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.
Diaspor nümayəndələrimiz, eyni zamanda, səfirliyin gördüyü işlər barədə də məlumatlandırılıb.
Soydaşlarımız səfirliyin həyətində
dövlət bayrağımızın önünə gül dəstələri qoyaraq
şəhidlərin xatirəsini yad ediblər.
Azərbaycan.-2020.- 19 iyul.- S.5.