Vyetnam Xarici İşlər Nazirliyinə məxsus saytda Ermənistanın təxribatı barədə məqalə yerləşdirilib

 

Vyetnam Xarici İşlər Nazirliyinin "Dünya və Vyetnam hesabatı" adlı rəsmi xəbərlər agentliyinin saytında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına istinadən Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində yaranmış vəziyyət barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin ölkəmizin Ermənistan ilə sərhəddə hərbi planlarının olmadığını, Ermənistanın təxribatı ilə bağlı məlumatların bütün beynəlxalq təşkilatlara göndərildiyini bəyan etdiyi bildirilib.

Yazıda sözügedən hərbi təxribata Azərbaycanın cavab tədbirlərini gördüyü, Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istədiyi qeyd olunub. Bu xüsusda məqalədə Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hər hansı ərazisinə daxil olmadığından bu məsələnin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyəti olmadığını bəyan etdiyi vurğulanıb.

Məqalədə, həmçinin dövlətimizin başçısının vəziyyətin imkan verdiyi zaman Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin sözügedən hadisələrin baş verdiyi yerlərə səfərinin təşkil ediləcəyini bəyan etdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilənlərin qisasını almaq üçün düşmənə qarşı onun uzun müddət yaddan çıxara bilməyəcəyi hərbi əməliyyatların həyata keçirilməsinə dair tapşırıq verib.

 

Azərbaycan.-2020.- 19 iyul.- S.5.