Mehriban
Əliyeva: Hər birimizin borcu
Azərbaycanın mövqeyini müdafiə
etməkdir. Nəinki döyüş
meydanında, həm də kompüter
qarşısında
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib. AZƏRTAC müraciəti təqdim edib.
"Hörmətli həmvətənlər!
Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun.
Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.
Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram.
Əziz qardaşlar və bacılar!
Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili "cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək "müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.
Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.
Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm.
Amma başqa
misallar da var. Öz Vətəninə nə dərəcədə
nifrət etməlisən
ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə
cavab verdiyi bir vaxtda üçüncü
ölkələrdə gizlənərək
"darmadağın edilmiş”
Azərbaycan mövqeləri,
mülki əhali arasında çoxsaylı
insan tələfatı
haqqında yalanları
efirə verəsən,
həmvətənlərimizin qəlblərinə təlaş,
qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz,
həyata keçirilməz
siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq
yaratmaq üçün
Azərbaycan gənclərinin
vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə
etməyə çalışasan?
Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların
öz torpağı naminə canından keçməyə hazır
olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola
da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı
cavabdehdir.
Əziz
dostlar!
Sosial şəbəkələrdə
nümayiş etdirdiyiniz
qarşılıqlı dəstəyi,
səbri, həmrəyliyi,
təmkini və özünənəzarəti görməmək
mümkün deyil. Buna görə
sizə minnətdaram!
Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq.
Gəlin
hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və
ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq
və qarşı tərəf informasiya məkanında yayımladığımız
hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini
müdafiə etməkdir.
Nəinki döyüş meydanında,
həm də kompüter qarşısında.
Unutmayaq ki, bu gün
biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır.
Hamımız üçün bir qələbə.
Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!
Sevgilərlə,
Sizin MEHRİBAN”.
Azərbaycan.-2020.- 21 iyul.- S.1.