Mətbuata əsl dost qayğısı
Azərbaycan milli
mətbuatının - 145
Koronavirus pandemiyası ilə mübarizənin cəmiyyətimiz üçün ən aktual və ümdə məsələ olduğu bu günlərdə bir sərəncamın sevinci əli qələm tutan hər kəsin ürəyini "dağa döndərdi”: Mətbuatın dostu bu çətin günlərdə dostluğa növbəti dəfə sadiqlik və dəyər nümayiş etdirdi. Prezident cənab İlham Əliyev 2020-ci il 30 iyun tarixli "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə Azərbaycan milli mətbuatının 145-ci ildönümü kimi mühüm ictimai-siyasi çalara yubiley hadisəsinin arxa planda qalmasına, unudulmasına yol vermədi.
Sərəncam milli mətbuatımızın tarixi təkamül və inkişaf yoluna dərin ehtiram nümunəsi olmaqla yanaşı, medianın müasir ictimai həyatdakı yeri və roluna, funksiyasına verilən yüksək qiymətdir.
Pandemiya ilə mücadilənin milli məsələyə çevrildiyi bir mərhələyə təsadüf edən bu sərəncam həm də onu göstərir ki, ölkə rəhbəri ötən illərdə formalaşmış uğurlu ənənələrin davamlı olmasını vacib sayır. Eyni zamanda milli mətbuat ənənələrinin qorunması və təbliği vacibliyi, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yeri və müasir cəmiyyət quruculuğu prosesindəki rolu ciddilikdə nəzərə alınır.
"Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamda irs-varislik əlaqələri qorunmaqla, mətbuatın keçdiyi tarixi inkişaf yolunun ayrı-ayrı mərhələlərinə də nəzər salınır. Sərəncamın preamblua hissəsində deyildiyi kimi, "145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.
Bu gün əminliklə deyə bilərik ki, "Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatın tarixi təkamülü müxtəlif dövrlərdə fərqli inkişaf dinamikası ilə yaddaqalan olub. Hələ əsr yarım əvvəl elan edilmiş ümdə meyarlar - maarifçilik, müasirlik, milli məfkurə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin qorunması, hadisələrin obyektiv işıqlandırılması kimi prinsiplər mətbuatın gələcək inkişafı üçün bir növ mayaka çevrilib. İctimai təfəkkürün inkişafında "Əkinçi” qəzetinin işığına toplanmış böyük mütəfəkkirlərin - Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da xidmətləri bu gün ehtiramla xatırlanır. Maarifçi və demokratik ideyaları təbliğ edərək ictimai fikrin inkişafına təsir göstərən bu görkəmli şəxsiyyətlər bu gün həm də dövrünün görkəmli yazarları, ədibləri kimi tanınırlar.
Sonrakı mərhələdə - Bakının sənaye şəhəri kimi inkişafı da ölkədə mətbuatın inkişafına müsbət təsirini göstərib - bu dövrdə yaranmış "Kaspi”, "Kəşkül”, "Şərqi-rus”, "Həyat”, "Füyüzat”, "Təzə həyat”, "Açıq söz”, "Dirilik” qəzetləri, habelə "Molla Nəsrəddin” kimi qəzet və jurnallar Azərbaycanda azad sözün, mətbuat ənənələrinin formalaşmasına, azadlıq, müstəqillik ideyalarının ictimai şüurda möhkəmlənməsinə sanballı töhfələr veriblər.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövrü isə bir sıra mühüm dövlətçilik təsisatlarının yaranması ilə yanaşı, həm də mətbuatın inkişafının dəstəklənməsi tədbirləri ilə sıx bağlıdır. AXC hökuməti tərəfindən "Mətbuat haqqında Nizamnamə”nin qəbulu söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafına yeni təkan verib. Eyni zamanda yeni müstəqil ölkə ətrafındakı informasiya blokadasını aradan qaldırmağa, onu dünya miqyasında tanıtmağa, eləcə də xalqı məlumatlandırmağa imkan yaradıb. Bakının erməni-daşnak birləşmələrindən azad edildiyi tarixi gündə - sentyabrın 15-də Gəncə şəhərində "Azərbaycan” qəzetinin nəşrə başlaması ilə yeni dövlət quruculuğunu səhifələrində geniş təbliğ edən rəsmi təbliğat orqanının əsası qoyulub. İlk gündən cümhuriyyətin ictimai-siyasi, iqtisadi həyatında baş verən prosesləri işıqlandıran "Azərbaycan” qəzeti qısa müddətdə həm də milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrilməyi bacarıb.
Cümhuriyyətin obyektiv səbəblərdən süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuatın fəaliyyətinə son qoyulub. Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci il tarixli "Mətbuat haqqında” Dekretinə əsasən, cəmi 2 ay ərzində 100-dək qəzet bağlanıb. Sonrakı illərdə senzura daha da möhkəmlənib, mətbuat ideoloji-siyasi rupora, hakim partiyanın maraqlarının təbliğatçısına çevrilib. Ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan "Qlavlit”ə 1933-dən həm də mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyətləri verilib.
Buna baxmayaraq, XX əsrin 70 ildən artıq dövrü sovet mətbuatında müəyyən inkişafı, peşəkar jurnalistika ənənələrinin formalaşmasını da təmin edib. Bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənib, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşib. 70-80-cı illərdə - Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata basqılar nisbətən azalıb, qəzet və jurnalların müstəqilliyi mümkün səviyyədə təmin olunub.
Həmin illərdə Azərbaycana rəhbərlik edən gənc və qətiyyətli rəhbər Heydər Əliyevin cəmiyyətdəki problem və nöqsanları şəxsən bəyan etməsi mətbuatın azad tribuna kimi cəmiyyətdə rolu və mövqeyini daha da gücləndirirdi. 1981-ci il dekabrın 19-da "Literaturnaya qazeta”da dərc olunmuş "Qoy, ədalət zəfər çalsın!” başlıqlı müsahibəsində Ulu Öndər çox ciddi problemlərə toxunaraq onların aradan qaldırılmasında mətbuatın da rolunu önə çəkirdi.
2000-ci ilin 22 iyulunda milli mətbuatın 125 illik yubileyi ilə bağlı keçirimiş təntənəli mərasimdə Ümummilli Lider bununla bağlı deyirdi: "Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirdi ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun”.
Ötən əsrin 80-ci illərinin sonlarına doğru keçmiş SSRİ-nin tənəzzülə uğraması prosesinin sürətlənməsi, "aşkarlıq”, "yenidənqurma” tezislərinin ortaya atılması bütün postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da mətbuatın müstəqil, azad söz uğrunda mübarizəsinə təkan verib. Ermənistanın Azərbaycana təcavüzü, milli-azadlıq hərəkatının gedişi, SSRİ rəhbərliyinin respublikamıza laqeyd münasibəti, 20 yanvar faciəsi ilə bağlı açıq, cəsarətli yazılar yeni yaranan qəzetlərdə işıq üzü görməyə başlayıb.
Dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı isə əsasən 1993-cü ilin iyun ayından sonrakı dövrə təsadüf edir. Bu mərhələdən etibarən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar nəticəsində ölkədə söz və mətbuat azadlıqlarına Konstitusiya təminatı yaradılıb, demokratik ruhlu media qanunvericiliyi qəbul olunub. 1998-ci il 6 avqust tarixdə imzalanmış "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman əsasında 1966-cı ildən mövcud olan və senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğvi Azərbaycan milli mətbuatını ilk dəfə olaraq hökumət nəzarətindən tamamilə azad edib.
2000-ci ildə milli mətbuatın 125 illik yubileyi ilə bağlı sərəncamın imzalanması və təntənəli yubiley tədbirinin təşkili, onlarla jurnalistin mükafatlandırılması da Ulu Öndərin jurnalistikamız üçün böyük xidmətlərindən biridir. Bu gün əminliklə deyə bilərik ki, mediaya qayğı siyasəti son 17 ildə inamla davam etdirilir. Bu gün Azərbaycan cəmiyyəti üzrə genişzolaqlı internet istifadəçilərinin 80 faizə yüksəlməsi, sosial şəbəkələrin açıqlığı söz və mətbuat azadlığının ən yüksək səviyyədə təminatının bariz göstəricisidir.
Ötən 17 ildə mətbuatımızın 130, 135 və 140 illik yubileylərinin təşkili, "Əməkdar jurnalist” fəxri adının bərpası, jurnalistlərin mükafatlandırılmasının xoş ənənəyə çevrilməsi, KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar mediaya dövlət qayğısının əyani təzahürləridir. Medianın üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla, mətbuata davamlı diqqət və qayğı göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə” sərəncama əsasən qəzetlərin "Azərbaycan” nəşriyyatına olan 450 min ABŞ dolları civarında borcu dövlət büdcəsindən ödənilib.
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımı göstərilməsi
haqqında”, eləcə də "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi konsepsiyasının
təsdiq edilməsi haqqında” sərəncamları, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması keyfiyyətcə yeni mərhələdə
medianın ölkəmizin inkişaf potensialından səmərəli
yararlanmaq imkanları yaradıb.
Bu diqqət və qayğının müqabilində dövlətin və ümumən cəmiyyətin media ilə bağlı gözləntiləri kifayət qədər sadədir: obyektivlik, peşə etikasına və qanunlara hörmət, vətənpərvərlik və milli mənafelərin nəzərə alınması, milli-mənəvi dəyərlərə sədaqət! Əlbəttə, bu prinsiplərə riayət edən çoxsaylı jurnalistlərlə yanaşı, şəxsi maraqları naminə media adına xələl gətirən cızmaqaraçıların da az olmadığını etiraf etməliyik. İnternet mediasının sürətli inkişafı, yeni xəbər saytlarının, portalların fəaliyyətə başlaması nə qədər sevindirici hal olsa da, onların bir çoxunun fəaliyyətində məsuliyyətsizlik, hərc-mərclik halları baş alıb gedir. İnsanların şərəf və ləyaqətini alçaldan, yoxlanılmamış məlumatlara geniş rast gəlinir. Bir vaxtlar yazılı medianı "reket jurnalistikanın tribunası”na çevirmək istəyənlər indi də yeni-yeni internet saytları yaradır, xoşagəlməz əməllərini davam etdirirlər. Ayrı-ayrı xəbərlərə verilən "şərhlər”də insanların qanunla qorunan mənafelərinə toxunan, şər-böhtan xarakterli yazılar baş alıb gedir.
Digər mühüm məqam da bundan ibarətdir ki, media ciddi kommunikasiya platforması kimi ideoloji-siyasi baxımdan müharibə şəraitində yaşayan ölkənin həqiqətlərinin dünya müstəvisinə çıxmasında fəal iştirak etməlidir. Azərbaycan Prezidenti cənab
İlham Əliyev 2020-ci il iyun ayının 25-də "N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşündə bununla bağlı dəyərli fikirlərini bölüşüb, xüsusən də düşmənə qarşı səmərəli əks-hucumun təşkili baxımından gənclərin tariximizin yaxşı öyrənmələrinə ehtiyac olduğunu vurğulayıb: "Bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir”.
Əlbəttə, ümumi düşmənə qarşı mübarizədə son illər medianın fəaliyyətində müsbət irəliləyişlər də özünü göstərir. 2015-ci ildən sonrakı dövrü təhlil etdikdə, informasiya terroru şəraitində ölkə jurnalistlərinin daha peşəkarcasına davrandığını müşahidə etmək mümkündür. Müdafiə Nazirliyinin, media ilə işləyən ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının informasiya savaşında davranış məsələləri barədə ictimai müzakirələr açmaları, bu mövzuda tövsiyə xarakterli mülahizələrin çoxalması KİV-in informasiya savaşında ciddi dönüş yaradıb. KİV cəbhə xəttindən məlumat və yaxud foto-video görüntü yayarkən Azərbaycan Ordusunun həqiqi üstünlüyünü təbliğ edir, ermənilərin hərbi uğursuzluqlarına daha çox diqqət yetirirlər. Mediamız işğalçı dövlətin siyasi və hərbi böhran keçirdiyini onun öz dilindən alaraq operativ şəkildə yayır.
2016-cı ilin aprel ayının ilk günlərində təmas xəttində baş vermiş şiddətli döyüşlərdə KİV-in mütəşəkkillik nümayiş etdirərək hadisələrə soyuqqanlı, peşəkar yanaşması, hərbi sirlərin yayılmaması üçün ölçülüb-biçilmiş addımlar atması, əhali arasında vətənpərvərliyin təşviq olunması, ordumuzun döyüş əzminin xüsusi təqdimetmə formaları ilə təbliği, dolğun faktlarla düşmənin uğursuzluqlarını işıqlandırması onun davranış kodekslərini mənimsədiyinin göstəricisidir. Mediamız hərbi vəziyyətlərdə məqsədəuyğun olmayan məlumatların, qeyri-rəsmi xəbərlərin, dezinformasiyaların yayılmasından demək olar ki, tam uzaqlaşıb. Bir neçə illər əvvəl buraxılmış ciddi səhvlər artıq təkrarlanmır.
Bu gün mediamız üçün dil amili də mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olduğundan media bu mövzuya daha həssas yanaşmalı, dilimizin qorunması, zənginləşməsi üçün fəal iş aparmalıdır. Ana dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi, dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunması həm də jurnalistlərin vəzifə borcudur. Qeyd edək ki, bu günlərdə dövlət başçısı mətbuatda və reklam məntlərində ana dilinin tələblərinin pozulması ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklikləri təsdiq edib. Həmin dəyişikliklərdə KİV-də ana dili normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.
Koronavirus pandemiyasının cövlan etdiyi günlərdə bir məqamı da unutmaq olmaz, cəmiyyətdə həkimlər, polis əməkdaşları kimi, jurnalistlərin də üzərinə mühüm vəzifələr düşür. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları insanlar arasında geniş təbliğ edilməli, virusun doğurduğu fəsadlar, habelə sosial izolyasiya qaydalarının vacibliyi cəmiyyətə geniş izah olunmalı, cahil insanların yaydığı dezinformasiyalara qarşı tutarlı, qətiyyətli mövqe ortaya qoyulmalıdır. Bu gün sosial medianın, "vətəndaş jurnalistikası”nın xəbər əldə etmək və ötürmək kimi peşəkar öhdəliyi olmadığından, sosial şəbəkələrdə informasiya xaosu hökm sürür. Medianın əsas vəzifəsi belə bir vəziyyətdə ictimai rəyi düzgün yönəltmək, bu xaosun qarşısını almaqdır. Bir sözlə, elan olunmamış "səssiz müharibə”də media da öz qələmini süngüyə çevirməyi bacarmalıdır.
Dövlət başçısının "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamında qeyd olunduğu kimi, milli mətbuatın yaranmasının 145-ci ildönümü pandemiya dövrünün reallıqları nəzərə alınmaqla, ölkə miqyasında geniş qeyd olunacaq. Jurnalist təşkilatlarının təqdimatları əsasında mətbuatın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi, eyni zamanda, sayca üçüncü binanın istifadəyə verilməsi də gözlənilən xoş hadisələr sırasındadır. Bütün bunlar çoxsaylı jurnalist ordusunu ürəkdən sevindirir, onların vətən və xalq qarşısındakı mənəvi məsuliyyətini artırır, yaradıcı əməyini stimullaşdırır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövləti və onun rəhbəri söz və mətbuat azadlıqlarını ölkədə həyata keçirilən demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.
Bəxtiyar
ƏZİZLİ
Azərbaycan.-2020.- 21 iyul.- S.5.