Qocaman jurnalist Teymur Əhmədovun
90 illik yubileyi
münasibətilə onlayn tədbir keçirilib
İyulun 20-də Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin "XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının onlayn təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, "Respublika” qəzetinin baş redaktoru
Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə
Mətbuat Şurasının sədri Əflatun Amaşov,
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Hikmət Babaoğlu, MŞ sədrinin müavini,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin
Mirzəbəyli, "525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı, Azərbaycan Dövlət İnformasiya
Agentliyinin Elm və təhsil xəbərləri
redaksiyasının müdiri Gözəl Ağayeva,
"Respublika” qəzetinin baş redaktor müavini Hümbət
Musayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni,
yazıçı-publisist Şəfəq Nasir
çıxış ediblər.
Təqdimat mərasimində milli mətbuatımızın 145 illik yubileyi öncəsi, ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş qocaman qələm sahibi haqqında belə bir nəşrin ərsəyə gəlməsi əlamətdar hal kimi dəyərləndirilib. Vurğulanıb ki, T.Əhmədov nəinki ölkənin media cameəsinin, həmçinin elmi ictimaiyyətin sevimlisidir. Bu yüksək statusu isə həm peşəkar jurnalistliyi, həm də tədqiqatçılığı ilə qazanıb. T.Əhmədov dözümlülüyü, qətiyyəti və prinsipiallığı ilə istər sovet dövrü, istərsə də müstəqillik dövrü ictimai fikir tariximizə müstəsna töhfələr verib.
Azərbaycan mətbuatı tarixindən məlumdur ki, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları xalqın milli mənlik şüurunun oyanmasında böyük xidmət göstəriblər. Nəticə etibarilə proseslər milli dövlətçiliyin yaranmasına, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin timsalında itirilmiş dövlətçilik ənənələrinin bərpasına doğru apardı. Mətbuatımız eyni missiyanı XX əsrin sonlarında təkrarladı və o dövrdə öndə gedən ziyalılarımız oldu ki, onlardan biri də Teymur Əhmədov idi. Əli bəy Hüseynzadənin "Füyuzat”ı, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin”i hansı rolu oynamışdısa, Teymur Əhmədovun nəşrinə rəvac verdiyi "Ata yurdu”, "Vətən səsi”, "Elturan”, "Vətən həsrəti” və digər nəşrlər də eyni missiyanı daşıdılar. Onlar xalqı müstəqil dövlət qurmağa inandırdılar, müstəqillik ruhuna köklədilər.
Vurğulanıb
ki, 145 illik yubileyi keçirilən milli mətbuatımızın
görkəmli xadimlərinin, eləcə də sovet
dövrü mətbuatı xadimlərinin irsinin tədqiqində
misilsiz xidmətləri olan T.Əhmədov müasir milli mətbuatımızın
canlı klassikidir. Yubilyarın gənc jurnalist
nəslinin formalaşmasındakı roluna
toxunan çıxışçılar onun bundan sonra
da əzmlə
çalışacağına əminliklərini ifadə
ediblər.
Azərbaycan.-2020.- 21 iyul.- S.7.