“Şuşasız bizim
işimiz yarımçıq olar”
Prezident İlham Əliyev
Türkiyənin "A Haber” televiziya kanalına müsahibə
verib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 16-da Türkiyənin "A Haber”
televiziya kanalına müsahibə verib.
AZƏRTAC
müsahibəni təqdim edir.
-
"A Haber” ekranlarından hər kəsə salamlar.
Bütün dünyanın gözü Qarabağ bölgəsindədir.
Otuz ildir erməni işğalı altındakı Qarabağda
hazırda böyük bir faciə yaşanır.
Çünki ermənilər humanitar atəşkəsə
baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan
Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki,
Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və
erməni ordusuna ağır zərbələr vurulur.
Bəs,
bölgədə son durum necədir, bundan sonra nələr
yaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin fikirlərini öyrənəcəyik.
Cənab
Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun,
xüsusilə "A Haber” adından çox təşəkkür
edirik.
- Sağ
olun, təşəkkür edirəm.
- Cənab
Prezident, təbii ki, müsahibəmizə bölgədəki
vəziyyətlə başlayacağıq. Dünən Ermənistan
yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə
bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı
qardaşımız şəhid oldu. Siz bu hücumu necə dəyərləndirirsiniz?
- Bu, erməni
faşizminin növbəti təzahürüdür. Onlar adətən
döyüş meydanında məğlubiyyətə
uğrayanda mülki şəxslərə atəş
açırlar. Bunu biz birinci Qarabağ savaşında da
gördük. Məhz Xocalı soyqırımını
törədənlər bizim həmin mənfur
qonşularımızdır.
Bu dəfə
də görəndə ki, artıq döyüş
meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər
və işğal edilmiş torpaqlarda bizə qarşı
müqavimət göstərə bilmirlər, onlar yenə də
mülki vətəndaşları hədəfə aldılar
və namərd hücum nəticəsində bizim
insanlarımız həlak oldular, həm Gəncədə, həm
də dünən Tərtərdəki qəbiristanlıqda. Bu
insanların dəfn mərasimində iştirak etdikləri bir
yerdir, hər bir insan üçün müqəddəs bir
yer sayılır. Ancaq bizim mənfur qonşularımız
üçün müqəddəs anlayışı
görünür ki, yoxdur. Bu, insanlığa qarşı
cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini
göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd
hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan
xalqının iradəsini qıra bilməz. Biz öz ərazi
bütövlüyümüzü bundan sonra da bərpa etməyə
davam edəcəyik.
- Təbii
ki, Azərbaycan mülki şəxslər məsələsində
olduqca diqqətli, çox dəqiq davranır. Bu ana qədər
bir erməni mülki şəxsin belə burnu qanamadı.
Ancaq indiyədək 46 azərbaycanlı qardaşımız
şəhid oldu. Qərbə baxdığımız zaman, Qərb
bu qətliamlara münasibətdə niyə səssizdir?
- Təəssüf
ki, mülki şəxslər arasında insan itkisi davam edir,
artıq 47 nəfər oldu və 222 mülki şəxs
yaralandı, 2 minə yaxın ev ya tamamilə
dağıldı, ya da ki, böyük ziyan gördü. Mən
bunu demişdim, biz bu insanların qisasını
döyüş meydanında alacağıq. Biz heç zaman
mülki şəxslərə qarşı atəş
açmamışıq, bu gün də açmırıq,
baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar
oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, - indi
saat 9:10-dur, - Tərtər, Ağdam, Goranboy və digər
rayonlara 220-dən çox mərmi düşüb. Yəni,
bu namərd hücumlar davam edir. Onların əsas hədəfi
mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi
arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz
çirkin niyyətlərinə çatmaqdır. Ancaq
görürlər ki, bu, alınmır və nə qədər
mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları
öz torpağında qürurla yaşayırlar və
bütün bu çətinliklərə dözürlər.
Onları birləşdirən bir amal var – Qarabağın
qaytarılması, Azərbaycan bayrağının
işğal edilmiş bütün torpaqlarda
qaldırılması və ərazi
bütövlüyümüzün bərpa edilməsidir.
O ki
qaldı, toxunduğunuz ikinci məsələyə - niyə Qərb
səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında
gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan
bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim
xalqımıza qarşı soyqırımı törətdi,
ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə,
1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür
yarandı ki, sanki Azərbaycan işğalçıdır,
Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün
qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdə
görürük. Çünki artıq həqiqəti danmaq,
gizlətmək mümkün deyil.
- Cənab
Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə
o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi
yenə Ermənistan pozmuşdu, qətliamlar törətmişdi.
İndi baxdığımız zaman atəşkəsi pozan
yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan
Ordusunun irəliləyişinin dayandırılmasımı
istənilir?
-
Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi
istəyən Ermənistan oldu. Onlar görəndə ki,
artıq döyüş meydanında işğal edilmiş
torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər,
onlar atəşkəs üçün müraciət etdilər.
Bizə də belə müraciət gəldi, - bilirsiniz ki,
Rusiya bu missiyanı öz üzərinə
götürmüşdür, - biz də dedik ki, humanitar məqsədlər
üçün, cəsədlərin dəyişdirilməsi,
əsirlərin dəyişdirilməsi üçün atəşkəs
elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında
bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə
bərpa edilməlidir. Həmçinin müzakirələrin
formatı da dəyişməz qalmalıdır. Ancaq
görünür ki, onlar bu atəşkəsdən istifadə
etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə
bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər
şəhərlərimizi vurmağa başladılar və
faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona
görə bu, onların taktikasıdır. Görünür,
onlara bu atəşkəs ona görə lazım idi ki, öz
qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri
görülsün və bizə yeni hücum təşkil
edilsin. Çünki bu atəşkəsdən sonra onlar Hadrut
qəsəbəsini yenə də işğal altına almaq
istədilər, üç dəfə oraya hücum etdilər.
Amma üç dəfə də məğlub oldular.
Onların niyyəti itirilmiş və onlara mənsub olmayan
torpaqları yenə də qaytarmaq və beləliklə,
öz işğalçılıq siyasətini davam etdirməkdir.
- Bu arada,
"Hadrut hələ də bizdədir”, - deyə hazırda
yalan təbliğat aparılır, qəbul edə bilmirlər.
- Bəli,
bu günə qədər bu yalan təbliğatı
aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan
bayrağı dalğalanır. Hadrutun ətrafındakı
yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti
bizim nəzarətimizdədir. Əgər Hadrut
götürülməsəydi, Xocavənd rayonunun kəndləri
də götürülə bilməzdi, o zaman Füzuli
rayonunun kəndləri də götürülə bilməzdi.
Biz ancaq Hadrut istiqamətindən oraya irəlilədik.
- Cənab
Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarixdən
etibarən xüsusilə İrəvanın hava limanına
Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı
olaraq raketlər göndərilir. Bununla da, əslində, cinayət
törədilir. Bu barədə, xüsusilə İran
Prezidenti Ruhani ilə sərhəd qapısının
bağlanması ilə bağlı danışdınız,
Rusiya ilə də danışdınız, raketlərin
göndərilməsi barədə. Bu silahlar ödənişsiz
verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?
- İrandan
Ermənistana silahların göndərilməsi ilə əlaqədar
bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə
bilərəm ki, İran və Gürcüstan öz hava məkanını
və quru yollarını Ermənistana silahların
daşınmaması üçün bağladı. Buna
görə biz İran və Gürcüstan hökumətlərinə
bir daha təşəkkürümüzü bildirmək istəyirik.
Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən
bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri
ilə qaçaq yolla silah göndərilir.
Ermənistan
bu yaxınlarda bir təyyarə satın almışdır.
Bizdə olan məlumata görə, təqribən 30-40 milyon
dollara almışdır. Bu təyyarəni alan Rusiyada
yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan,
Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri
bizə qarşı vuruşmaq üçün Qarabağa
muzdlu kimi göndərirlər. Eyni zamanda, bu "İl-76” təyyarəsinin
alınması Ermənistana imkan verdi ki, o silahları
qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər
dəfə hərbi təyinatlı məhsullar göndəriləndə
bu, bəyan edilir. Onların bəyanatlarında isə bu,
mülki karqodur. Amma onun içərisində tank əleyhinə
"Kornet” və "Konkurs” silahları, "İqla” hava
hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata
görə, Rusiyada qaçaq yollarla alınmış raketlər
göndərilir. Ona görə biz Beynəlxalq Mülki
Aviasiya Təşkilatına rəsmən müraciət etdik
ki, bu məsələni araşdırsın, bunu
dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu
qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.
Rusiya rəsmi
orqanları tərəfindən də bizə açıqlama
verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə
bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni
iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi
hərbi zavodlardan alıb Ermənistana göndərirlər.
Bu istiqamətdə araşdırmalar davam etdirilir.
- İndi
isə, cənab Prezident, cəbhəyə "gedəcəyik”.
Təbii ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən
gözəl xəbərlər, gözəl müjdələr
gözləyirlər. Mən xəritəni göstərmək
istəyirəm, təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən
bəhs edirik. Bu ərazi otuz ildir ki, işğal
altındadır. Bu bölgələrin bu günə qədər
neçə min kvadratkilometrlik sahəsi azad edilib? Hazırda
Azərbaycan Ordusu irəliləyir, böyük zərbələr
vurur. Deyirik ki, bu günə qədər erməni ordusu öz
gücünün yarısını itirib. Rəqəm olaraq
erməni ordusu nə qədər itkiyə
uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə
bilərikmi, cənab Prezident?
- Azad
edilmiş torpaqları hesablamaq o qədər də çətin
məsələ deyil, halbuki hər gün bu, dəyişir.
Dünən mən yeni altı kəndin işğaldan azad
edilməsi xəbərini Azərbaycan xalqına
çatdırdım. Ondan əvvəlki gündə daha
çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək
olar ki, hər gün biz yeni əraziləri işğaldan azad
edirik, hər gün yeni strateji yüksəklikləri azad
edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq
bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas
verir ki, hansı bölgələr azad edildi.
İndi
bu xəritədə, misal üçün, Hadrut yoxdur.
Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin
mütləq əksəriyyəti bizdədir. Artıq
Füzuli bizim gözümüzün qabağındadır.
Ondan sonra cənub istiqamətində də irəliləmişik.
Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan
bizdədir. Yəni, bütün istiqamətlər üzrə
böyük uğurlar əldə etdik və bu proses davam edir.
Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu
diqqətlə izləyir. Xüsusilə o kəndlərin
sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar
üçün əlbəttə, bu, tarixi günlərdir.
- Yəni,
orta hesabla təxminən neçə min kvadratmetr olur?
- Bunu demək
istəməzdim. Çünki bu, hər gün dəyişən
rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi
bütövlüyümüzü tam bərpa etmək və
Azərbaycan bayrağını işğal edilmiş
bütün torpaqlarda qaldırmaqdır.
- Bəs,
erməni itkiləri ilə bağlı rəqəmin nə qədər
olduğunu deyə bilərsiniz?
- Bu rəqəmlər
də hər gün dəyişən bir statistikadır.
Yalnız 200-dən çox tank məhv edildi, 33 tank qənimət
kimi götürüldü, onlar bizdə saz vəziyyətdədir.
Hava hücumuna qarşı 35 OSA sistemi məhv edildi. Hava
hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv
edildi.
-
Çox qiymətli, bahalıdır.
- Bəli,
çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da
hava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo
maşını ya məhv edildi, ya da bizdədir. Həmçinin
16 komanda mərkəzi məhv edildi. Bizim
hesablamalarımıza görə, bu günlər ərzində
Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında
ziyan dəydi və bu, davam edir. Mən demişəm və Ermənistan
rəhbərliyinə də müraciət etmişəm, siz
atəşkəsə əməl edin, bizə təqvim verin,
torpaqlarımızdan çıxın, bu müharibə
dayansın, siz də indi qalan silahlarınızı xilas edin.
Yoxsa belə gedərsə, biz onların bütün
silahlarını məhv edəcəyik.
- Ermənistanın
insan itkisi nə qədərdir, cənab Prezident?
-
İnsan itkisi barədə onların verdiyi rəqəmi, - mən
mətbuatda gedən rəqəmi deyirəm, - təqribən
600-dən çoxdur. Amma bizdə olan məlumata görə,
onlarda itki bundan bir neçə dəfə çoxdur.
- Yəni,
Ermənistan az göstərməyə
çalışır?
- Təbii.
- Amma cəbhədə
vəziyyət fərqlidir.
- İndi
əgər 200 tank məhv edilibsə, bu tankın içində
olan əsgərlərin sayına baxın, artıq neçəyə
çatır. Ondan sonra döyüş meydanlarında, komanda
mərkəzlərində, digər qurğularda. O
görüntülər var, onların texnikası necə məhv
edilir, ona görə hansısa konkret rəqəm demək istəməzdim.
Çünki mən hər zaman dəqiq rəqəmlərə
sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək
istəmirəm. Amma təbii ki, 600-dən daha çoxdur.
- Yəni,
Ermənistanın silahlarının yarısına
yaxını yox edildi deyə bilərikmi, cənab Prezident?
- Biz
bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya
çıxır ki, onlar bu silahları hansı pulla
alıblar? Ermənistanın büdcəsi də, valyuta
ehtiyatları bəllidir. Təkcə 17-18 gün ərzində
onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ
də silahları var. Məhv edilmiş bu silahlar yalnız
işğal edilmiş torpaqlardadır. İndi Ermənistan ərazisində
nə qədər silahlar var? Baxın, bunlarda nə qədər
silah var? Haradan aldılar bunu, haradan bu pulu tapdılar? Təbii
ki, bunlarda bu qədər pul yoxdur. Deməli, bunu havayı
aldılar.
- Cənab
Prezident, 18 oktyabr önəmli bir gündür. Azərbaycanın
müstəqillik günüdür. Azərbaycan xalqı bu
tarixdə Sizdən bir müjdə gözləyir,
İnşallah. Qarabağla bağlı bir müjdəniz
olacaqmı? Buradan "A Haber” ekranlarından bütün
Türkiyəyə və azərbaycanlı
qardaşlarımıza o müjdəni bölüşmək
istərdinizmi?
-
Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. Çünki
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə
qovuşdu. Müstəqilliyin ilk illəri bizim
üçün çox ağır keçdi, faciəvi
keçdi. Biz müstəqilliyimizi itirə bilərdik. Necə
ki, 1920-ci ildə itirdik, cəmi iki il çəkdi. Ondan sonra
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə
də Ermənistanın Azərbaycana təcavüzü, eyni
zamanda, Azərbaycanın daxilində gedən
çarpışmalar böyük böhrana səbəb oldu.
Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev
hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi,
sabitlik təmin edildi və Azərbaycan inamla inkişaf yoluna qədəm
qoydu.
Ona
görə 18 oktyabr tarixi bizim üçün çox əziz
bir tarixdir. Ancaq bu müddətdə - bu 17-18 gün ərzində
mən heç zaman bizim ordu qarşısında bu tarixdə
bunu alacaqsan, o tarixdə bunu alacaqsan vəzifəsi
qoymamışam. Çünki müharibənin öz
qaydaları, öz qanunları var. Bizim üçün əsas
məsələ ərazi bütövlümüzü bərpa
etməkdir. Nə zaman müjdə veriləcək - 17-dəmi,
18-dəmi, 19-damı, bu, o qədər önəmli deyil.
Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda, biz
bəzi kəndlər haqqında məlumatı bu gün də
verə bilərik və bəlkə də olacaq. Ancaq ən
önəmlisi strateji yüksəklikləri götürməkdir.
Çünki bu yüksəklikləri götürərkən
biz daha böyük əraziyə nəzarət edirik. Bundan
sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının
daha da uğurlu olmasına şərait yaradırıq.
-
Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların
gözü-qulağı Şuşadan gələcək xəbərdədir.
İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?
-
İstiqamət hər tərəfdir. İşğal
edilmiş torpaqların hər bir qarışı, hər bir
şəhər bizim üçün doğmadır, əzizdir.
Mənim üçün hər bir kəndin dəyəri,
qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə
müqayisədə eynidir, bərabərdir. Ancaq siz də
yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan
xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi
şəhərimizdir, qədim mədəniyyət
ocağıdır. Şuşa Azərbaycan xalqına bir
çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə
ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii
ki, müzakirələr prosesində də hər zaman bu məsələ
gündəlikdə idi.
Bilirsiniz,
bundan əvvəlki dövrdə danışıqlar
masasında bir çox məsələlər var idi. Bəzi
təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan
bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da
qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə
şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən
heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan
rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni
bitmiş hesab etmək heç cür düzgün olmazdı.
Ona görə müxtəlif mərhələlərdə
vasitəçilər və bəzi beynəlxalq təşkilatlar
təəccüb edirdilər ki, nə üçün
İlham Əliyev buna razılaşmır. Axı, ona deyirik
ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o
beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər
olub. Amma mənim mövqeyim hər zaman belə olub ki,
Şuşasız bizim işimiz yarımçıq olar. Ona
görə təbii ki, Şuşanın işğaldan azad
edilməsi bizim hədəflərimizin arasında xüsusi yer
tutur. Biz buna çalışmalıyıq, biz buna nail
olmalıyıq. Bu, nə zaman olacaq?
-
Yaxındamı, cənab Prezident?
- Onu, yəni,
yaxın gələcək göstərər.
-
İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik
atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən
Sizdən öyrənmək istərdik. Vəsiyyətini
hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də,
Azərbaycan xalqını da Türkiyə xalqı adından
təbrik edirik. Atanızın vəsiyyəti barədə nə
söyləmək istəyirsiniz?
-
Bilirsiniz, mən hər zaman çalışmışam ki,
atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan
xalqı mənə etimad göstərəndə seçkilərdən
əvvəl mən demişdim ki, əgər siz mənə bu
inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev
siyasətinə sadiq olacağam, bütün istiqamətlər
üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki,
sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın
sürətli və uğurlu inkişafı, beynəlxalq
müstəvidə böyük hörmətə malik
olması, ölkə daxilində sosial, iqtisadi, digər
problemlərin həlli, böyük layihələrin həyata
keçirilməsi, əlbəttə ki, Heydər Əliyev
yolunun davamıdır.
Təbii
ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti
də dəyişir. Bugünkü dünya 2003-cü ildəki
dünya ilə əlbəttə ki, müqayisə edilə
bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz
olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək,
müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç
kimdən asılı olmamaq, heç kimin qarşısında
baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və
ərazi bütövlüyümüzü bərpa etməkdir.
Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.
Əlbəttə
ki, ərazi bütövlüyümüzün bərpası
bizim üçün bir nömrəli vəzifədir. Biz buna
nail olmaq üçün böyük səy göstərdik -
siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən
quruldu. Bu gün ordumuzun potensialı bütün
dünyanın gözü önündədir. Mənə
verilən məlumata görə, inkişaf etmiş bəzi
ölkələrin hərbi mütəxəssisləri də
artıq bizim təcrübəmizi öyrənirlər. Mən
əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda
da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu
şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər
başa çatdıracağıq.
- Azərbaycan
çox güclü bir ordu yaratdı. Birinci Qarabağ
müharibəsində hava qüvvələri belə yox idi,
ancaq indi artıq güclü bir hava qüvvələri,
güclü bir ordu var. Təbii ki, "TB2” silahlı pilotsuz
uçuş aparatları da bölgədə böyük bir
güc oldu. Türkiyədən satın aldınız və
hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş
aparatları müharibənin gedişini necə dəyişdirdi?
-
Çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan
30 il ərzində işğal edilmiş o bölgələrdə
bütün təmas xətti boyunca çox güclü
istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam
işləri görmüşdü. Bəzi yerlərdə
onların dörd müdafiə xətti var. Böyük xəndəklər
qazıldı, digər mühəndislik işləri
görüldü. Çox böyük beton plitələri
vardır, sığınacaqlar vardır, bunkerlər
vardır. Bir də bölgənin relyefi elədir ki, o, təbii
istehkamdır. Çünki o dağlıq ərazidir və
biz aşağıdan yuxarı gedirik. Hər bir ordu
üçün bu, böyük çətinlikdir. Çətin
bir iş və çox riskli bir işdir. Ona görə bizim
bu istiqamətdə gördüyümüz işlər, əlbəttə
ki, böyük qəhrəmanlıq tələb edirdi və
biz düşmənin texnikasını dəqiq məhv etmək
üçün mütləq pilotsuz uçuş
aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş
Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi
bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə
başlamışdır. Azərbaycan Türkiyənin xaricində
ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən
artıq bunu söyləmişəm, yalnız Türkiyə
istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində
olan erməni hərbi texnikası məhv edildi. Qalan bir
milyardı da bizim hərbi vasitələrlə məhv edildi.
Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.
- Bölgədə
tunellərdən, laylı müdafiədən bəhs etdiniz. Əslində,
biz onu Suriyadakı əməliyyatlarda görmüşdük.
Bunlar PKK, PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir
bölgədə eyni üsuldan istifadə edilir. Bu baxımdan
orada PKK-nın, PYD-nin bir dəstəyi varmı?
- Ola bilər.
Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki,
PKK-çılar orada düşərgə qurmuşlar.
Çünki bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz
bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət
mexanizmi yox idi. Çünki indi Ermənistan da, Azərbaycanda
bir çox beynəlxalq təşkilatların
üzvüdür. Orada nəzarət mexanizmləri də var,
monitorinq də var. Bu isə boz bir sahə, yəni nəzarətsiz
bir sahədir. Ona görə orada
qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz
silahlı birləşmələrin təlimləri və PKK
düşərgələri də mövcud idi. İstisna
edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayır.
- Bölgədə
neçə dənə PKK düşərgəsi var?
- Onu biz
deyə bilmərik. Çünki onlar bir yerdə
dayanmırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət
qədər çox idi. Hər halda bu məlumat bizdə bu
son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən
vuruşan, öldürülən insanlar arasında
şübhəli insanlar da var. Hər halda Kanada pasportlu, Livan
pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək
mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni
əsgəri deyil. Yəni, onlar muzdlulardır.
- Bölgədə
xüsusilə Ermənistan öz ərazilərindən raket
hücumları həyata keçirir. Öz ərazisindən
hücumlara davam edərsə, Sizin üçün Ermənistan
ərazilərinə əməliyyat haqqı yaranarmı?
- Xeyr,
bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə
demişəm, bizim Ermənistan ərazisində hər
hansı bir hərbi hədəfimiz yoxdur. Hərbi əməliyyatları
Ermənistan ərazisinə keçirmək fikrimiz də
yoxdur. Bizim başqa ölkələrin torpağında
gözümüz yoxdur. Biz, sadəcə olaraq, ölkə
hüdudları çərçivəsində, beynəlxalq
təşkilatlar və dünya birliyi tərəfindən
tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində
bu əməliyyatları aparırıq. Bu günə qədər
biz Ermənistan ərazisinə keçməmişik.
Onu da
bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində
bizə qarşı hücum təşkil edilmişdir. Ermənistan
silahlı qüvvələri Tovuz bölgəsinə və
onun müəyyən yerlərinə girə bilmişdir. Biz
onları oradan rədd etdik, öz torpaqlarımızı
qoruya bildik. Onları sərhəddən kənara atdıq.
Ondan sonra da sərhədi keçə bilərdik. Yəni,
bizim qarşımızda hər hansı bir ciddi maneə yox
idi. Onsuz da bu döyüş də onu göstərdi ki, əgər
burada biz keçə bilmişiksə, orada daha asandır.
Çünki orada bu istehkamlar yoxdur. Amma bunu etmədik.
Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Biz öz
torpağımızda özümüzü müdafiə
edirik və işğalçıları öz
torpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər
onlar Ermənistan ərazisindən bizə qarşı
"Toçka-U”, "İsgəndər”, "Skad” və
başqa çox təhlükəli silahlardan istifadə etməyi
davam edəcəklərsə, - necə ki, Gəncəni onlar
Ermənistanın Vardenis rayonundan vurdular, - bu, bizim
üçün legitim, qanuni hərbi hədəflər
olacaq. Bunu hər kəs bilsin.
-
Türkiyədən və Pakistandan Sizə dəstək
mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan
"Hər cür dəstəyi verməyi hazırıq” dedi.
Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək
istəyəcəksinizmi?
- Xeyr.
Bizim belə bir fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə
ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin
sayı artdı. Ondan sonra Əfqanıstan bizə
açıq dəstək göstərdi. Bosniya və
Herseqovina, ondan sonra digər ölkələr dəstək
göstərdilər. Ən çox dəstək göstərən
qardaş Türkiyə olmuşdur. Mənim qardaşım,
hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk
saatlardan çox dəqiq və çox qəti mesajlar verdi
ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi
dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac
yoxdur. Bu gün Ermənistanın baş naziri tərəfindən
uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq
ictimaiyyəti çaşdırmağa yönəlib. Misal
üçün, dünən Rusiya televiziyasına verdiyi
açıqlamasında demişdir ki, Azərbaycan tərəfində
Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan
olan əsgərlər vuruşur. Bunlar hamısı
yalandır. Bu yalanı ifşa etmək o qədər də
çətin məsələ deyil.
Toqquşmaların
ilk günündə demişdilər ki, Ermənistanın
Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi
vurmuşdur. Biz dedik ki, sübut verin. Verə bilmədilər.
Sonra hər kəs gördü ki, bu, yalandır. İndi bunu
artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya
Pakistan və türk əsgərləri bizimlə bərabər
vuruşurlar. Sübutlar versinlər. Yoxdur, bu. Sadəcə
olaraq, Ermənistan tərəfi birinci növbədə istəyir
ki, Azərbaycan Ordusunun gücünü pərdələsin.
Guya ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi.
İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma
artıq bölgədən çıxıb, daha qlobal bir
toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən,
Pakistandan və başqa qardaş ölkələrdən
aldığımız dəstək yalnız mənəvi və
siyasi dəstəkdir.
-Cənab
Prezident, Türkiyə və Azərbaycanın dostluğu, əlaqələri,
yaxınlığı kimləri narahat edir?
-Bizi istəməyənləri.
Türkiyənin gücünün artırılmasını
istəməyənlər.
-Kimlər?
-Yəni,
bunların kimlər olduğu bəllidir. Bir çox ölkələrdə
belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf
ki, bu gün Avropada islamofobiya artır. Kasıb ölkələrdən
gələn qaçqınlara olan münasibət də
göz qabağındandır. Ona görə islamofob partiyalar
bu gün bir neçə Avropa ölkəsində parlamentdə
yer alırlar. Radikal faşist partiyalar daha çox səs
qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk
növbədə, Avropa üçün təhlükəli
meyildir. Çünki bu, irqçiliyə,
ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şərait
yaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə
yanaşı, Türkiyənin gücündən narahat olan
dairələr var. Çünki bugünkü Ərdoğan
Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də
bilirik, Türkiyədə yaşayan qardaşlarımız da
bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir.
Heç kim Türkiyəyə nəyi isə diktə edə
bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə
öz maraqlarını, öz müttəfiqlərinin
maraqlarını dünyada layiqincə müdafiə edir,
öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq
aləmdə söz sahibidir. Bölgədə Türkiyənin
iştirakı, razılığı olmadan hər hansı
bir məsələ həll edilə bilməz. Suriya, Liviya,
ondan sonra Aralıq dənizi – bütün bunlar onu göstərdi.
Ona görə bunlar Türkiyənin gücünü istəməyən
və bundan narahat olan qüvvələrdir. Bu, təbiidir.
-Cənab
Prezident, birlikdən qüvvət doğar dediniz. Türkiyənin
güclü olması nə üçün önəmlidir?
-Türk
dünyası üçün ona görə ki, bu,
böyük bir gücdür və bizi gücləndirir. Mən
bunu dəfələrlə demişəm. Türkiyədə
də demişəm, Azərbaycanda da. Əziz qardaşım
Prezident burada olanda demişəm ki, Türkiyə-Azərbaycan
birliyi bölgə üçün sabitlik gətirir. Əgər
toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq
mesajlar gəlməsəydi, bəlkə də bu işlərə
başqaları qarışa bilərdi. Türkiyənin bu
mesajları hər kəsə "dur” dedi. Azərbaycan tək
deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın
yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə
birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və
bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin
maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz
maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam
etdiririk. Heç kim bizim işimizə qarışmasın,
heç kim bizim daxili məsələlərimizə burnunu
soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər
kimin işinə qarışıb? Heç kimin. Azərbaycan
kimin işinə qarışıb? Heç kimin. Sadəcə,
biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost
olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə,
bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız
çatır.
-Qarabağ
probleminin həllində Türkiyəsiz bir masadan həll yolu
tapılarmı?
- Əslində,
de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm.
Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə
yerləşən ölkələrlə bu məsələni
danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya
və Türkiyə prezidentləri arasında telefon
danışığı olub. Xarici İşlər nazirlərinin,
Müdafiə nazirlərinin danışıqları olubdur.
Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin
yüksək vəzifəli şəxslərinin əlaqələri
olubdur, digər ölkələrlə. Ona görə
Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu
1992-ci ildə təşkil olunduğu üçün, - onsuz
da Türkiyə Minsk qrupunun üzvüdür, - o zaman bilmirəm
hansısa səbəblərə görə həmsədr
olmadı. Yəni, biz çox istərdik ki, bəri başdan
Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə
özü bunu etmədi. Özü istəsəydi, məncə
olardı. Çünki ona görə mən deyirəm,
bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə
arasında böyük fərq var. Əgər həmsədr
olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll
olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ
həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə
qalsın. Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il
ərzində bir nəticəyə gəlmədilər. Amma
Türkiyəni bu prosesdən kənardan saxlamaq həm
düzgün deyil, həm də ki, mümkün deyil.
-Cənab
Prezident, Minsk qrupunun həmsədri Fransanın münasibətini
necə dəyərləndirirsiniz?
-Bilirsiniz,
Fransanın son açıqlamaları hesab edirəm ki,
müsbət açıqlamalardır. Eyni zamanda, mənim
Fransa Prezidenti ilə son telefon danışığım da
çox müsbət olubdur. Təbii ki, Fransa həmsədr
kimi bitərəf olmalıdır. Mən bunu demişdim. Hər
bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri
ola bilər. Yəni, milli səviyyədə hər bir ölkə
sərbəstdir. Heç kim buna bir irad tuta bilməz. Ancaq həmsədrlik
artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin
üzərinə böyük məsuliyyət qoyur. Ona görə
onlar bu mandat çərçivəsində gərək bitərəf
olsunlar. Hesab edirəm ki, bu günə Fransanın addımları
və yanaşması müsbətdir.
-Rusiya
Xarici İşlər naziri Lavrov bir açıqlama verdi.
Açıqlamasında Qarabağ bölgəsinə hərbi
müşahidəçilər göndərə biləcəklərini
söylədi. Buna razılıq verərsiniz?
-Bilirsiniz,
eyni zamanda, Rusiyanın Prezident ofisində deyildi ki, bu, hər
iki tərəfin – Azərbaycanın və Ermənistanın
razılığı əsasında ola bilər. Yəni, bu, əslində,
hər şeyi özü deyən bir məsələdir. Hər
iki tərəf buna razılıq verməlidir, bu, birincisi.
İkincisi, təməl prinsipləri arasında, - mən
artıq bu məsələ ilə bağlı fikirlərimi
bildirmişəm, - sülhməramlı qüvvələrin
bölgəyə göndərilməsi məsələsi var,
ancaq ən son mərhələdə. Torpaqlar işğaldan
azad edilir, beş rayon, ondan sonra iki rayon, daha sonra Dağlıq
Qarabağ ərazisinə və Şuşaya Azərbaycan əhalisi
qayıdır. Ondan sonra sülhməramlı qüvvələr
gəlir. Ona görə bu gün bu haqda danışmaq tezdir.
Üçüncüsü, hansı ölkələr bu
sülhməramlı qüvvələrin içində olacaq?
Bu da hər iki tərəf arasında
razılaşdırılmalıdır. Bu məsələ ilə
bağlı müzakirələr prosesində hər hansı
bir müzakirə olmamışdır. Hesab edirəm ki, Rusiya
Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır.
Hər iki tərəf buna razı olmalıdır. Bunun
razılığı və bunun təqvimi verilməlidir. Bu
gün fəal münaqişələr gedə-gedə bu haqda
danışmaq bir qədər tezdir.
-Təbii.
Ermənistanın işğal etdiyi Qarabağda zəngin
yeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə zəngin
qızıl yataqları var. Əslində, Ermənistanın əsl
dərdi qızıl yataqlarıdırmı?
-Odur. Amma
əsas onların bizə olan əzəli nifrətidir. Ermənistan
faşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana
nifrəti aşılayır, uşaqlara türkləri
düşmən kimi qələmə verir. Öz əhalisinin
beyinlərini zəhərləyir. Yəni, Ermənistanın
işğalçılıq siyasətinin təməlində
bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin
həm bitkiçilik, həm heyvandarlıq üçün
çox münbit, çox gözəl torpağı var. Onlar
bunu istismar edirlər. Kəlbəcərin qızıl
yataqları. Onlar qanunsuz olaraq oranı istismar edirlər. Biz
bütün o işdə onlara yardımçı olan və
oraya investisiya yatıran şirkətlərə məktub
göndərmişdik. Mən bu toqquşmadan əvvəl
verdiyim açıqlamalarda demişdim ki, bütün bu xarici
şirkətlərə son xəbərdarlıq edirik - ya
dayandırın bu fəaliyyəti, ya da biz sizi məhkəməyə
verəcəyik. Məhkəmədə bizim sözümüz
keçəcək. Çünki bu, qanunsuzdur. Oradan
çıxarılan qızılları Ermənistan aparır
xaricə satır və pul qazanır. Orada çıxan təbii
qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar
Ermənistana daşıyırlar. Ona görə burada bir
çox hədəflər var. Əsas məqsəd bu
torpaqları əbədi Ermənistanın tapdağı
altında saxlamaqdır. Onlar buna da nail ola bilmədilər.
-Cənab
Prezident, Paşinyanın atası Sorosdur dediniz.
-
Doğrudur.
-İndi
Azərbaycan bölgədə Soroslamı mübarizə
aparır?
O cümlədən
Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcə
Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır.
Bu, bir hərəkətdır, bu, dağıdıcı bir hərəkətdir,
bu, yırtıcı bir hərəkətdir. Bu, müstəmləkəçi
bir hərəkətdir. Paşinyanın Sorosla o fotoşəklinə
baxın, necə eybəcər fotoşəkildir. O, internetdə
var. Durublar, bədənləri də yapışıb
bir-birinə. Yəni, utancverici bir şəkildir, ikisi də
gülür, ikisinin də üzündə təbəssüm.
Bu şəkil faktiki olaraq Paşinyanın kim olduğunu
göstərir. Çünki Ermənistanda çevrilişin
təşkil edilməsində Soros qruplarının
böyük rolu oldu və Paşinyan, əslində, hər
zaman anti-Rusiya mövqeyində olub. Onun partiyasının
adı ermənicə "Yolka”dır. Onu tərcümə
etsək "Çıxış” deməkdir. Haradan
çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən.
O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə
idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb
edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi
dairələr onun tərəfini tuturlar. Axı o, ruspərəst
qüvvələrə qarşı inqilab etdi, ruspərəst
prezidentləri həbsə atdı, ruspərəst ana
müxalifət partiyasının sədrini həbsə
atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi,
Rusiyanın "Qazprom” şirkətinə, dəmir yolu
şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının, - hansı ki, NATO
tipli bir təşkilatdır, - erməni əsilli sədrini həbsə
atdı. Yəni bu, Sorosun sözü ilə oturub-duran bir
adamdır. Bir də ki, onun komandasına baxın, onların
hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının,
"Amnesty International”ın nümayəndələridir. Yəni,
Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa
uğradı.
-Cənab
Prezident, Türkiyədən hərbi baza istəyiniz oldumu? Bu
məsələ ilə bağlı bir açıqlama
verdiniz, Türkiyə hərbi baza yarada bilər dediniz. Bu məsələ
ilə bağlı bir danışıq apardınızmı?
-Xeyr, bu məsələ
ilə bağlı hər hansı bir danışıq
olmamışdır, heç zaman olmamışdır və
bu gün də belə bir məsələ yoxdur. Onsuz da
Türkiyə ilə hərbi sahədə bizim işbirliyimiz
gündən-günə möhkəmlənir. Mən bunu
artıq demişəm, bir daha demək istəyirəm ki,
keçən il 10 birgə hərbi təlim
keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda,
özəl komandalar, digər sahələr üzrə. Ona
görə bu işbirliyi ən yüksək səviyyədədir
və bazanın Azərbaycanda yaradılması məsələsi
heç zaman müzakirə mövzusu olmamışdır.
-Cənab
Prezident, Azərbaycan cəbhədə status-kvonu dəyişdi
dediniz. Sizə təqdim edilən status-kvo nə idi və
bundan sonra Azərbaycanın yeni status-kvosu nə olacaq?
-Status-kvo
artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və
bu, reallıqdır. Status-kvo nə idi? Torpaqların
işğal altında saxlanılması demək idi. Baxmayaraq
ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ
10 il bundan öncə çox müsbət açıqlama
vermişdirlər ki, status-kvo qəbuledilməzdir. Praktik
addım atılmamışdır və biz 30 il bu status-kvonun
dəyişdirilməsini gözlədik ki, müzakirə
prosesi nəticəsində buna nail ola bilərik. Amma
olmadı. Ona görə döyüş meydanında biz bunu
artıq məhv etdik. O artıq yoxdur. İndi Cəbrayıl
şəhəri bizdədir, Cəbrayıl rayonunun kəndlərinin
böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin
də mütləq əksəriyyəti bizdədir. İndi
biz Füzuli şəhərini də görürük. Hadrut
bizdədir, Suqovuşan bizdədir.
- İndi
Füzuli şəhərinin mərkəzini görə
bilirsinizmi?
-Görürük,
əlbəttə, görürük.
-İnşallah,
yaxın zamanda oradan bir müjdə gələcək
deyirsiniz.
-İnşallah.
Yəni hansı status-kvodan söhbət gedə bilər.
Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz
yardıq. Yəni, 30 il sülh yolu ilə müzakirə
prosesi çərçivəsində edə bilmədiyimizi
bax, bu günlər ərzində biz etdik.
-Cənab
Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm.
Müharibə hələ davam edir. Bu müharibədə Sizi
ən çox kədərləndirən, ən çox
sevindirən hadisələri soruşacağam. Yeri gəlmişkən,
rəmzi bir foto, Gəncədə 4 yaşındakı Bəxtiyarın
yaralı halda ikən gülümsəməsi. Bu foto
bütün dünyaya əsl simvol oldu. Müsahibə
aldıq, özü də nə dedi, dörd
yaşındakı ağlı ilə dedi: "Qarabağ
bizimdir, Azərbaycanındır!”
-Bəli.
- Cənab
Prezident, Sizə ən çox təsir edən, kədərləndirən,
ən çox sevindirən nələr oldu?
-Ən
çox kədərləndirən bizim itkilərimizdir. Həm
mülki vətəndaşlar arasında, həm də əsgərlər
arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət
göstərərək doğma torpaqları uğrunda şəhid
olurlar. Bu, böyük faciədir, xalqımız
üçün, onların yaxınları üçün,
valideynləri üçün böyük faciədir. Ona
görə də hər bir azərbaycanlının həlak
olması mənim üçün ən böyük
üzüntüdür, istər mülki vətəndaş
olsun, istər hərbçi olsun, fərq etməz, onların
hamısı bizim soydaşlarımızdır, bizim
övladlarımızdır, qardaşlarımızdır.
Ən
çox sevindirən isə Azərbaycan xalqının iradəsidir.
Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir.
Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci
Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən
bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn
mərasimi olsun. Bu gün səhər iki saat ərzində
200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə
nə var? İnsanlar yaşayır. Yəni, bu erməni
faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri
gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər,
bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar
o bölgələri tərk edirdilər, qaçqın və
məcburi köçkünə çevrilirdilər. O fikirlə
yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o
Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir
və özünü qoruya bilən bir dövlətdir. Bizim
insanlarımız mərmi altında yaşayır, oranı tərk
etmir, evləri yanır, malları batır, amma deyirlər ki,
təki "Vətən sağ olsun!” Bax, məni ən
çox sevindirən budur. Eyni zamanda, bununla bərabər,
bizim bayrağımızı işğaldan azad edilmiş
torpaqlarda görməyimdir. Məni ən çox sevindirən,
bax, bunlardır.
-Cənab
Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan
sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss
edirsiniz. Buradan türk xalqına nə demək, nə mesaj
göndərmək istəyərsiniz?
-Təbii
ki, görürəm. Bu dualar və Azərbaycan
xalqının duaları, bizim digər ölkələrdə
yaşayan dostlarımızın, qardaşlarımızın
duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz
öz torpağımız uğrunda vuruşuruq. Ermənistan
tərəfindən aparılan müharibə şər
qüvvələrin müharibəsidir. Biz hər zaman
Türkiyədən dəstək görmüşük, dəstək
hiss etmişik. Son illər ərzində Türkiyə və
Azərbaycan rəhbərliyi bizim ölkələrimizi bir-birinə
o qədər güclü tellərlə bağlayıb ki, bu
birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə
Türkiyədən mənə çoxlu məktublar gəlir.
Yazırlar ki, "Cənab Prezident, mən də gəlməyə
hazıram, mən də kömək etməyə hazıram”.
Bunlar bizi çox duyğulandırır, çox sevindirir.
Bizim birliyimiz bir daha bu çətin dönəmdə
özünü büruzə verir. Ona görə bütün
türk qardaşlarımıza dərin təşəkkürümü
bildirirəm. Biz onların dəstəyini hiss edirik,
görürük, bu dəstək bizə əlavə güc
verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım,
hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan
demişdi ki, "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır”. Bu, əslində, bizim birliyimizi təsvir edən
ən gözəl ifadədir, ən gözəl kəlamdır.
-Cənab
Prezident, mən də son olaraq Rəcəb Tayyib Ərdoğanı
necə tərif edəcəyinizi soruşmaq istərdim.
- Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
-Son sual, cənab Prezident, Türkiyə ilə bir ürək olmaq lazım olduğunu dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizə dəstək mesajları gəldimi?
-Belə səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bu birliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər bir yerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakı məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə hər kəs gərək vətənpərvər olsun.
-Çox
təşəkkür edirəm, cənab Prezident, bizə vaxt
ayırdınız, suallarımızı
cavablandırdınız.
Azərbaycan.-2020.-17 oktyabr.- S.1-2.