Düşmənə
qarşı ən güclü
silahımız milli birliyimizdir
Birinci vitse-prezident Mehriban
Əliyeva sosial şəbəkə
istifadəçilərini sayıq olmağa,
istənilən informasiya təxribatına
layiqli cavab verməyə
çağırdı
İşğalçı Ermənistan iyulun 12-15-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bir daha təcavüzkar dövlət olduğunu təsdiq etdi. Bu təxribatın qarşısını alan zaman 12 hərbçimiz və Tovuz rayonunun Ağdam kəndinin dinc sakini şəhid oldu. Azərbaycan Ordusu hər zamankı kimi düşmənə layiqli cavab verərək bir daha hərbi üstünlüyünü nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə təcavüzkarın hərbi təxribatı nəticəsində həlak olan şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası ən yüksək səviyyədə alındı. Beynəlxalq ictimaiyyət isə ölkəmizin haqlı mövqeyini müdafiə etməklə Ermənistanın bu çirkin əməlini qətiyyətlə pislədi.
Həmrəyliyin təcəssümü
Baş verən hərbi toqquşmanın təsdiq etdiyi reallıq Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş əzmində olması, generaldan əsgərədək hər bir hərbi qulluqçunun mübarizliyi, yüksək vətənpərvərliyidir. Elə buna görədir ki, qəhrəman vətən övladları torpaq uğrunda canlarını fəda etdilər, şəhidlik zirvəsinə ucaldılar.
Təvacüzkarın bu hücumunun qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyat həm də, bütövlükdə, cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Bunu Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar da təsdiqlədi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunmaq istəyi, ordu sıralarında qulluq etmək niyyəti qürur doğurdu. Könüllü olaraq cəbhə bölgəsinə gedib döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaş tərəfindən dövlət orqanlarına 50 minə yaxın müraciətin olması bunun təsdiqidir. Eyni zamanda bütün bunlar bir daha göstərdi ki, bu gün düşmənə qarşı ən güclü silahımız milli birliyimiz və həmrəyliyimizdir. Keçirilən dəstək aksiyaları onu da sübut etdi ki, xalq birmənalı şəkildə Ali Baş Komandanın ətrafında sıx birləşib.
Bu həmrəyliyə, milli birliyə xələl gətirmək istəyən antiazərbaycançı qüvvələr, "beşinci kolon” nümayəndələri isə, hər zaman olduğu kimi, iflasa məhkumdurlar. Çünki Azərbaycan xalqı bu məkrli niyyətli insanları yaxşı tanıyır.
Vaxtilə torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsində "xidməti” olan belələri bu gün də məkrli niyyətlərindən əl çəkmirlər. Antiazərbaycançı qüvvələrin buyruq qulları ölkəmizdə xaos, çaşqınlıq yaratmaq üçün istənilən çirkinliyə əl atırlar.
Təəssüflə qeyd etməliyik ki, iyulun 14-ü axşamı paytaxt Bakıda ordumuza dəstək məqsədilə keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına edilən cəhdlər də bu çirkin ssenarilərin tərkib hissəsi idi.
Belə ki, Şəhidlər xiyabanının və Milli Məclisin qarşısına toplaşanların arasından bir qrup gecə saatlarında parlamentin inzibati binasına daxil oldu. Milli Məclisin birinci mərtəbəsinə, foyesinə daxil olan təxribatçılar inzibati binada dağıntılar törədib inventara ziyan vurdular. Polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində bu hərəkətin qarşısı alındı və aksiya iştirakçıları parlamentin binasından çıxarıldılar.
Əlbəttə ki, sərhəd zonasında hərbi əməliyyatların hələ də səngimədiyi, gərginliyin davam etdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, sosial şəbəkələrdə yalan informasiyaların yayılması, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara zidd hərəkət, ən əsası isə şəhidlərin xatirəsinə hörmətsizlik idi.
Təbii ki, bu çirkin təxribatın qarşısı qətiyyətlə alındı və xalq növbəti dəfə həmin qüvvələrə öz yerini göstərdi. Ümumiyyətlə isə, baş verənlər göstərdi ki, bəzi siyasi qrupların və şəxslərin Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri əbəsdir. Çünki xalq hər zaman belə bədxah niyyətlilərə qarşı sipər olub və hər zaman da belə olacaq.
Düşmənin və onların daxildəki dəstəkçilərinin sosial şəbəkə təxribatları
Həm ordumuzun növbəti uğurlu döyüş əməliyyatından, həm də Bakıdakı təxribatın qarşısının qətiyyətlə alınımasından sonra Ermənistan və onun işğalçı siyasətinə dəstək verən antimilli qüvvələr, "beşinci kolon”un nümayəndələri başqa təxribata-informasiya cəbhəsində çirkinliklərə əl atırlar. Bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar.
Əlbəttə, sosial şəbəkələrdən səmərəli istifadə müasir dövrdə vacib amillərdən biridir. Ona görə də Azərbaycan üçün lazım olan məqamlarda vacib mesajların yayılmasına nail olmaqda gənclərin rolu danılmazdır. Bu baxımdan gənclərimiz sosial şəbəkələrdə daha fəal və ehtiyatlı olmalıdırlar.
İndi ermənilər sosial şəbəkələrdə hətta azərbaycanlı adı, soyadı ilə yaratdıqları müxtəlif "feyk” profillərlə yaydıqları yalan videomaterialları, şəkilləri, səs yazılarını paylaşmaqla ölkəmizdə çaşqınlıq yaratmağa çalışırlar. Bu cür təxribatlar sosial mediada davam etdirilsə də, vətənpərvər gənclərimiz onlara layiqli cavablar verirlər.
Xüsusi olaraq vurğulamalıyıq ki, hazırda Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də dövlət sirri olan hərbi əhəmiyyətli məlumatların yayılması yalnız düşməni sevindirə bilər. Çünki Azərbaycanı istəməyən qüvvələr bu məlumatlardan istənilən formada yararlanırlar.
Bədxahların
niyyəti ölkədə çaxnaşma, nifaq salmaqdır
Bu, bir həqiqətdir ki, informasiya istənilən cəmiyyətdə xaos yarada bilər. Bu səbəbdən onun yayılmasında bir sıra məsələlər nəzərə alınmalıdır. Burada əsas məsələ dövlətin və millətin təhlükəsizliyidir. Bəzi mütəxəssislər informasiya müharibəsini "üçüncü dünya müharibəsi” də hesab edirlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyulun 20-də xalqa müraciətində bu məsələyə xüsusi olaraq toxunaraq qeyd edib ki, yüksək vətənpərvərlik, mübarizlik əhvali-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın yaranmasında olduqca mühüm amilə çevrilir: "Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd çaxnaşma, nifaq salmaq və daxili "cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhvali-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək "müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər”.
Azərbaycanın
internet istifadəçilərinin əksəriyyətinin təxribata
uymadığını, yalan və böhtanı ifşa
etdiyini, ağı qaradan seçməyi
bacardığını və münaqişənin kökləri
haqda həqiqətlərdən bəhs etdiyini sevindirici hal kimi
dəyərləndirən Birinci vitse-prezident fəallıq
göstərən, düzgün danışan, qanun və əxlaq
normaları çərçivəsində əsaslandırılmış
şəkildə bu fəaliyyət sahəsində ölkəmizin
maraqlarını qoruyan hər kəsə təşəkkür
edib.
Vətən xainlərinin son təxribatına haqq qazandırmaq olmaz
Digər təəssüfləndirici məqam isə odur ki, ordumuzun uğurları və buna sevinən vətənpərvər gənclərin aksiyalarını və ümumilikdə, Azərbaycanın getdikcə dünyada nüfuzunun yüksəlməsini istəməyənlər sırasında bu ölkənin suyunu içib, çörəyini yeyən nankorlar da var. Bu insanlar başqa ölkələrdə gizlənərək ordumuzun uğurlu Tovuz əməliyyatına kölgə salmağa çalışdılar. Ermənistan silahlı birləşmələri tərəfindən mövqelərimizin ələ keçirildiyini, mülki əhali arasında çoxsaylı tələfatın olması ilə bağlı yalan dolu "feyk” məlumatlar yaydılar.
Mehriban xanım Əliyevanın söylədiyi kimi, öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək "darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhvali-ruhiyyəsindən istifadə etməyə çalışasan?
Bəli, Birinci vitse-prezident haqlı olaraq hesab edir ki, bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.
Müqəddəs mübarizəmizdə güclü və təsirli vasitə
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Ona görə də hər bir vətənpərvər Azərbaycan gənci xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyi nümayiş etdirməlidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva hesab edir ki, bütün təxribatlara qarşı sayıq olmalı, təxribata uymamalıyıq: "Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalı olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.
Bütün bunlar bir daha onu göstərir ki, müharibə təkcə silahların atəş açması, çoxsaylı insan ölümü, qaçqınlar ordusunun yaranması və başqa fəlakətlərin meydana gəlməsi deyil. Bu, həm də qarşı tərəflər arasında xəbər savaşıdır. Bununla tərəflər bir-birinin ərazisində xaos yaratmağa səy göstərir, cəmiyyətləri parçalayır.
Bu səbəbdən də torpaqları işğal altında qalan Azərbaycanın kütləvi informasiya vasitələrinin daha diqqətli olması çox vacib məsələlərdəndir. 145 illik yubileyini qeyd edən Azərbaycan KİV-i dövlətin, millətin, cəmiyyətin təhlükəsizliyi, onun bütövlüyü istiqamətində aparıcı rollardan birinə malikdir. Elə son günlər ordumuzun Tovuz zəfəri ilə bağlı doğru xəbərlərin ölkə ictimaiyyətinə vaxtaşırı çatdırılması da bunu bir daha təsdiq edir. Ölkə KİV-ində istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradənin nümayiş etdirilməsi istiqamətində xəbər və reportajlar yayımlanır, qəzetlərdə həm maarifləndirici, həm də vətənpərvərlik aşılayan məqalələr dərc edilir.
Peşəsindən asılı olmayaraq hər bir şəxs bu barədə xüsusilə məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün qüvvəsini səfərbər etməlidir.
Mehriban xanım Əliyevanın da xalqa müraciəti bu ibrətamiz fikirlərlə tamamlanır: "Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, - bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 22 iyul.- S.1;6.