Karantin rejiminin uzadılmasının məqsədi
müsbət dinamikanı qoruyub
saxlamaqdır
Sanitar-epidemioloji qaydalara riayət etməklə pandemiyanın
güclənməsinin qarşısını ala
bilərik
Yeni növ koronavirus - COVID-19 hələ də qlobal təhlükə olaraq qalmaqda və insanların sağlamlığını təhdid altında saxlamaqda davam edir. Bütün dünya aylardır ki, pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirir, insanların ölümcül COVID-19 virusunun qurbanına çevrilməmələri üçün sərt məhdudlaşdırıcı addımlar atır. Lakin müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı tədbirlərə rəğmən, hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Artıq planetimizdə virusa yoluxanların ümumi sayı 15 milyona, həyatını itirənlərin sayı isə 610 minə yaxınlaşır.
Bu dəhşətli bəladan qurtulmaq üçün bəşəriyyət peyvəndin hazırlanıb istifadəyə verilməsini səbirsizliklə gözləyir. Yeni növ koronavirusa qarşı geniş şəkildə istifadə edilə bilən peyvənd maddəsi isə gələn ilin ortalarında hazır ola bilər. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan deyib. O, hazırda 20 peyvənd maddəsinin insanlar üzərində kliniki tədqiqat mərhələsində olduğunu və bu maddələrdən ən azı bir neçəsinin kütləvi istifadə üçün yararlı olacağına ümid etdiyini bildirib.
ÜST rəsmisi qeyd edib ki, kliniki tədqiqatlar mərhələsində olan peyvənd maddələri ilə bağlı nəticələr gələn ilin əvvəlində hazır olacaq. Yekun seçimdən sonra peyvəndlərin kütləvi istehsalı başlana və ilin ortalarında geniş əsasda istifadəsinə start verilə bilər.
S.Svaminatan eyni zamanda yeni növ koronavirusa qarşı peyvəndin hazırlanmasını ÜST tarixində vaxt baxımından ən sürətli plan kimi də dəyərləndirib.
Hələlik isə peyvənd tam hazır olanadək bəzi dünya ölkələri koronavirusun yoluxmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirməkdə, xüsusi karantin rejimi tətbiq etməkdə davam edir. İndiki şəraitdə koronavirusun yayılma arealını azaltmaq üçün görülən effektiv tədbirlərdən biri məhz karantin rejiminin tətbiqidir.
Mütəxəssislər də hesab edirlər ki, dünyanın koronavirusla ən uğurlu mübarizə üsulu insanlar arasında təması azaldaraq yoluxma zəncirini qırmaqdır. Ona görə də bəzi ölkələr ilkin mərhələdə sərt karantin rejimi sayəsində virusa yoluxmada nail olunan müsbət dinamikanı yenidən əldə etməyə çalışırlar. Bunu da yumşaldılmanı sərt karantin rejimi ilə əvəzləyərək edirlər.
Gündəlik koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyir
Azərbaycan da bu yolu seçən ölkələr sırasındadır. Dünyada olduğu kimi, vətənimizdə də infeksiyaya yoluxma sayını azaltmaq və kütləvi yoluxmanın qarşısını almaq üçün sərt karantin rejimi əvvəl iyulun 20-nə, növbəti dəfə avqustun 5-nə kimi uzadıldı.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son günlər açıqladığı statistika bu qərarın müsbət nəticə verdiyinə dair sübutdur. Artıq koronavirusdan sağalanların sayının artdığını, gündəlik yoluxma hallarının isə azaldığını müşahidə edirik. Sevindirici haldır ki, mənfi tendensiya müsbət dinamika ilə əvəzlənib. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir. Hazırda əsas şərt əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması da elə pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təminatı dayanır.
Koronavirusla bağlı belə müsbət tendensiya davam etsə, avqustun 5-dən hökumət daha çox sahələrdə fəaliyyəti bərpa edə, yumşalmalara gedə bilər. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-də keçirilən brifinqində deyib.
Şahmar Mövsümovun sözlərinə görə, isti havada evdə oturmaq çətin olsa da, bunun müsbət nəticələrini görürük. Ümidvarıq ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Nə qədər çox müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik.
Prezidentin köməkçisi hər kəsin qaydalara əməl etməli olduğunun vacibliyini vurğulayıb: "İnsanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir. Başa düşmək lazımdır ki, koronavirus hələ bizimlədir, əgər qaydalara əməl etməsək, yoluxma sayı yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq”.
"Ehtiyacı olan vətəndaşlara dərmanlar çatdırılır”
Hazırda xəstəxanada və ya evdə olmasından asılı olmayaraq, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Azərbaycan aylardır bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus sahəsində çalışan xarici mütəxəssislər Azərbaycana gəlir.
Artıq üç həftəyə yaxındır ki, COVID-19 infeksiyasına yoluxanlar və şübhəli olan xəstələr ev şəraitində ambulator-poliklinik nəzarət altındadır. Hazırda 12 min 862 nəfər ambulator müşahidə altındadır. Onlardan 8 mindən çoxunu laborator testin nəticələri mənfi çıxanlar təşkil edir. Digərləri isə yüngül əlamətləri olan və ya əlamətləri olmayan şəxslərdir.
Bu barədə brifinqdə məlumat verən Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Nadir Zeynalov qeyd edib ki, hər gün ev şəraitində müalicə olunanların bir qismi sağalıb ambulator-poliklinik nəzarətdən çıxır və onlarda xəstəlik olmaması təsdiq edilir.
Nadir Zeynalov hazırda paytaxt üzrə nəzarət-müşahidə altında olan vətəndaşlara ev şəraitində müalicə üçün verilən vitaminlərlə və mikroelementlərdən ibarət preparatlarla bağlı qıtlıq olmadığını deyib: "Bu işə təzə başlayanda müşahidə altında olan vətəndaşların hamısına preparatları eyni zamanda çatdırmaq qeyri-mümkün idi. Ona görə müəyyən ləngimələr qeydə alınırdı. Ancaq indi ləngimə yoxdur və ehtiyacı olan vətəndaşlara dərmanlar çatdırılır”.
"Qaydalara əməl edilsə, pandemiyanın güclənməsinin qarşısını ala bilərik”
N.Zeynalov poliklinikaların nəzdində yaradılmış xüsusi məntəqələrə koronavirusla əlaqədar hər gün 400-500 arası müraciət olduğunu və onların əksəriyyətinin telefon vasitəsilə qeydə alındığını bildirib: "Hazırda müayinə üçün götürülən yaxmaların sayı 6 minə yaxındır. Onların əksəriyyəti ev şəraitində götürülür. Az miqdarını isə birbaşa məntəqələrə müraciət edən vətəndaşlardan götürülən yaxmalar təşkil edir”.
Onu
da qeyd edək ki, Azərbaycanda koronavirusa yeni yoluxma
hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar ötən müddət ərzində
aparılan testlərin sayı 640 minə çatıb.
Səhiyyə Nazirliyinin Aparatının rəhbəri payız aylarında koronavirus pandemiyasının güclənməsi ehtimalına da aydınlıq gətirib. O bunu həmin mövsümdə hava dəyişikliyinin baş verməsi və adi soyuqdəymələrin daha çox qeydə alınması ilə əlaqələndirib: "Ehtimal olunur ki, payız aylarında müxtəlif ölkələrdə karantin tədbirləri yavaş-yavaş yumşalacaq və daha çox insan işə qayıdacaq. Çünki iqtisadi çətinliklər də yaranır. Hazırda ölkəmizdə görülən işlər bir növ gələcəyə hazırlıqdır. Biz ölkəmizdə pandemiyanı nə qədər nəzarət altına ala biləriksə, bir o qədər də payız və qış mövsümləri üçün hazır vəziyyətdə ola bilərik. Burada iş yerlərində sanitar-epidemioloji qaydalara riayət məsələsi də önəmlidir. Həmin qaydalara əməl edilsə, pandemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda isə onun güclənməsi mümkündür”.
Bəli, koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə əsas vəzifə vətəndaşların üzərinə düşür. Vəzifə isə sadədir - karantin qaydalarına əməl etmək, maska taxmaq, sosial məsafəni saxlamaq. Bu sadə qaydalara riayət etməklə ölkədə virusa yoluxma hallarının sayının azalmasına və nəticə olaraq karantin rejiminin bitməsinə səbəb ola bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 22 iyul.- S.1;7.