İnsanların rifahı və
ölkəmizin güclənməsi Prezidentin daim diqqət mərkəzindədir
İlham ƏLİYEV:
"Dövlət büdcəsinin böyük hissəsi sosial
məsələlərin həllinə xərclənir”
İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat
mərasimində iştirak ediblər.
Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin
başçısına və birinci xanıma məlumat verdi
ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə
və ölkəmizin ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlilliyi olan şəxslərə 62
mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi
əlilləri, 20-si isə şəhid ailələri
üçün nəzərdə tutulub.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə
yaradılan şəraitlə tanış oldular.
Mənzillərin hamısı ikiotaqlıdır. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan "Khazar LX” avtomobilləridir.
Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.
Dövlətimizin başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaşma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verildi. Ümumilikdə, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artıb.
Bu ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Əziz
dostlar, bu gün sizin həyatınızda çox əlamətdar
bir gündür. Siz dövlət tərəfindən mənzillərlə
təmin edilirsiniz. Bu münasibətlə sizi ürəkdən
təbrik edirəm.
Mən
indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam.
Çox gözəl təəssürat
bağışlayır, müasir standartlara cavab verən ev
tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir.
Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq
mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti
diqqətinin təzahürüdür.
Bilirsiniz
ki, şəhid ailələrinin, müharibə əlillərinin
problemləri daim diqqət mərkəzindədir və son illər
ərzində bu istiqamətdə çox böyük işlər
görülüb. Təkcə onu demək kifayətdir ki, 8
mindən çox şəhid ailəsi, müharibə əlili
mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil
verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord
göstəriciyə nail olacağıq, buna şübhə
yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili
dövlət tərəfindən mənzillərlə təmin
edilir və ediləcəkdir. Bütün mənzillər ən
yüksək keyfiyyətlə tikilən yeni evlərdədir.
Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə
tutulur və beləliklə, biz bu il bu sahədə ən
böyük göstəriciyə nail ola bilmişik.
Müqayisə
üçün deyə bilərəm ki, keçən il 934
mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə
təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir
ki, bu problemi həll etmək və şəhid ailələrinə,
müharibə əlillərinə dövlət tərəfindən
nəzərdə tutulmuş evlərin təqdim edilməsi
üçün çox fəal iş aparılır. Mən
istəyirəm ki, biz bu proqramı tezliklə başa
çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər
üçün böyük vəsait nəzərdə
tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin
böyük hissəsi sosial məsələlərin həllinə
xərclənir. Bu sosial xərclərin içində şəhid
ailələrini, müharibə əlillərini, müharibə
veteranlarını, məcburi köçkünləri əhatə
edən çox böyük proqramlar icra olunur.
Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – "Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il "Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.
Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.
Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar.
Pensiyaların artırılması - bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı - insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin.
Beləliklə, bütün bu və digər sosial layihələr, DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda, vəsait tələb edir. Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir. Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur – neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik.
Ona görə neft hasilatı, qaz hasilatı,
dünya bazarlarında neftin qiyməti bizim üçün
xüsusi əhəmiyyət daşıyan bir məsələdir.
Təkcə bizim üçün yox, neft, qaz hasil edən,
ixrac edən bütün ölkələr üçün əhəmiyyətlidir.
Çünki bu ölkələrin iqtisadiyyatı, artıq
oturuşmuş iqtisadiyyatlar bunun üzərində qurulubdur. Ona görə neftin qiymətinin
bir dollar aşağı düşməsi milyonlarla dollar itki
deməkdir. Baxın, bu il neftin qiyməti bir neçə dəfə
düşüb və bizim gəlirlərimiz buna uyğun
olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə
ixtisar edilməyib. Əksinə, pandemiya dövründə
maksimum nə mümkünsə etmişik, edirik və edəcəyik.
Bu çətin
pandemiya dövründə dünyada böhran davam edir.
Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq
maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm
ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza
yaşayırıq. Neftin qiyməti kəskin aşağı
düşür, buna baxmayaraq, biz bu işləri
görürük. Budur siyasət. Bu, bizim şəhid ailələrinə,
şəhidlərin ruhuna olan hörmətimizdir. Amma əfsuslar
olsun, ölkə daxilində elələri tapılır ki,
neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim
sevinir? Mən demişəm, bir daha demək istəyirəm
ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın.
Birincisi, Ermənistan sevinir, çünki başa
düşürlər ki, əgər bu tənəzzül
davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə
öz xərclərini azaldacaq, lazımi həcmdə
silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək
və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir,
bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın
bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan
vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq
ictimailəşib. Özünü milli şura adlandıran, əslində,
antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə
görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara
düşüb. Bir-birinə "şad xəbər” verirlər,
təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin,
hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə
deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq,
lazımi sayda, həcmdə silah ala bilməyəcəyik.
Özü də bu gün artıq dünya silah bazarı
çox bahalı bir sahədir və hər bir silahın
alınması çox böyük vəsait tələb edir,
xüsusilə müasir dövrdə. Bu gün, əgər
belə demək mümkündürsə, ağıllı
silahlar üstünlüyü təmin edir. O silahlar ki,
onların qiyməti çox bahadır və biz onları
alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları
ala biləcəyikmi? Yəni, bu gün özünü
müxalifət adlandıran bu mənfur dəstə nə istəyir?
İstəyir ki, Azərbaycan onların dövründəki
kimi Ermənistan qarşısında aciz qalsın,
gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı
torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər.
Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir.
Mən deyəndə ki, bu, düşmənçilikdir, bu,
müxalifətçilik deyil, - müxalifətçilik
dövlətə qarşı ola bilməz, - mən tam
haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq
istəyirlər. O günlərə ki, biz o vaxt
torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin
mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti,
satqınlığı nəticəsində
torpaqlarımızı itirmişik. Onların hakimiyyət
uğrunda gedən mübarizəsi nəticəsində
torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən
gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş
müharibəsinə start vermişdi, qardaş qanı
axıdılırdı. Ermənilər bizim şəhərlərimizi
bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri
işğal etmişdilər, onlar isə Gəncəni
bombalayırdılar, öz şəhərlərini
bombalayırdılar, Azərbaycan əsgərlərini əsir
götürmüşdülər. Bu, xəyanət deyil, bəs
nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə
satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz
bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz
yaxınlarınızı itirmisiniz, öz
sağlamlığınızı itirmisiniz, hər şeyi
yaxşı xatırlayırsınız, o qara günləri
xatırlayırsınız. Əgər Heydər Əliyev
hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan
müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ
böyük sualdır. Amma bizi yenə də o dövrə
qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin
düşməsinə sevinənlər. Mən demişəm,
onlar ermənilərdən də pisdirlər.
Bildiyiniz
kimi, bu yaxınlarda Ermənistanın hərbi təxribatı
nəticəsində şəhidlərimiz olubdur, qan
tökülüb, o cümlədən mülki vətəndaş
həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim
mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt
etmək üçün namərdcəsinə, qəflətən
artilleriya silahlarında hücum təşkil edib və bunun nəticəsində
hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal
lazımi tədbirlər görülüb və qisas əməliyyatı
keçirilib. Qisas əməliyyatı nəticəsində
onlarla düşmən, onların texnikası məhv edilib. Yəqin
ki, siz də o videogörüntüləri internetdə
görmüsünüz, Azərbaycan Ordusu sərrast atəşlə,
dəqiqliklə Ermənistanın dayaq məntəqələrini,
idarəetmə məntəqələrini və digər hərbi
infrastrukturunu necə məhv edir. Biz bunu nəyin hesabına
edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda
istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir.
Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik. Bu
gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan
arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də
torpaqlar itirsin.
Bizim hərbi
qələbəmizi qeyd etmək üçün minlərlə
insan küçələrə çıxdı, minlərlə
insan dövlətə, orduya dəstək göstərdi. Bu
gözəl mənzərə vətəndaş həmrəyliyinin
bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları
çox müsbət istiqamətdə gedirdi. Mən dərhal
göstəriş verdim ki, hüquq-mühafizə
orqanları, ilk növbədə, Daxili İşlər
Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri
görsün. Yəqin, internetdə görmüsünüz
ki, insanlarla bərabər, polis əməkdaşları da
gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər,
orada hansısa qəza baş verə bilərdi. Çox
nizamlı şəkildə hara gəldilər? Şəhidlər
xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini
ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər,
Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə
edib iğtişaş yaratmağa cəhd etdilər, parlament
binasına soxuldular, orada dağıntılar etdilər.
Parlament binasının əldə edilmiş qələbə
ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir,
bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə
məcburdur. Biz bu günlərdə böyük xarici dəstək
də görmüşük. Yəni, xalqın iradəsi
öz yerini tapmışdır, bunu bayram etmək
lazımdır. Amma girib parlamentin binasının divarlarını,
kabinetlərini dağıtmaq, sökmək nəyə
lazım idi?! Üçüncü mərtəbəyə qədər
qalxmışdılar. Kabinetlərin qapılarını,
şüşələrini sındırırdılar. Sən
gəlmisən burada ali qanunvericilik orqanını
dağıtmağa? Bunu kim edə bilər? Düşmən,
başqa heç kim.
Öz
xalqına, öz Vətəninə bağlı olan adam
müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir.
Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə
etmək fikrim də yoxdur. Amma hər şey göz
qabağındadır. İndi bəzi görüntülər
də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin
və aciz gündədirlər. Hanı bunların "hünəri”,
hanı bunların "qəhrəmanlığı”? İndi
qanun qarşısında cavab verəcəklər. Mən
demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri,
bu əməlləri törədən heç bir adam məsuliyyətdən
qaça bilməyəcək. Bir-bir hamısını
tapacağıq və bir-bir tapırıq. Son nəfərinə
qədər tapıb məsuliyyətə cəlb edəcəyik.
Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri
utansınlar - onlar kimi böyüdüblər? Hansı
manqurtları böyüdüblər? Ona görə ictimaiyyət
bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri
də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi
məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar.
Bu, nəyi xatırladır? Yəqin ki, siz də
xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin
hərbi çevrilişi parlamentin binasının zəbt
edilməsi ilə başlamışdı və orada da
başa çatmışdı. O kadrlar da var, yəqin ki,
televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan
hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki
cəsarət, qətiyyət göstərmədi, iradə və
ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə
orada bir dəstə adam yığışan kimi, oraya
basqın edən kimi hakimiyyət tamamilə
dağıldı. Hərə bir tərəfə çəkildi,
gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm
sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də
bunu etməyə çalışırdılar. Eyni ssenari
üzrə, parlamentin binasını zəbt etmək, orada
öz hakimiyyətini elan etmək. İndi istintaq
materialları bunu artıq göstərir. Yenə də deyirəm,
qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi
biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt
etmək istəyirdilər. Amma mən dedim, onların fikri o
illərə getməsin. İndi Azərbaycan o Azərbaycan
deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın
güclü iqtidarı var, Azərbaycan iqtidarının
güclü iradəsi var və ən önəmlisi xalqın
dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə
də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar
öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə
edirlər, mənim çıxışımdan sonra orduda
xidmət etmək istəyirlər. Mən demişdim, orada
şüşələri qıranlar getsinlər,
yazılsınlar orduya. O gün cəmi 150 nəfər
könüllü olaraq Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin məntəqələrinə gəlmişdir.
Amma mənim sözlərimdən sonra heç bir həftə
keçməyib, artıq əlli minə yaxın insan
yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı,
- onların mütləq əksəriyyəti gənclərdir,
- Vətəni qorumaq üçün artıq Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə müraciət edib,
öz adlarını, ünvanlarını veriblər. Mən
onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan
xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini,
qapılarını qıran yox. Budur, bu gün Qarabağda
ölümə getməyə hazır olan Azərbaycan gənci.
Mən
bir daha onlara, onların valideynlərinə təşəkkürümü
bildirirəm. Onlar xalqımız, dövlətimiz
üçün dəyərli övladlar yetişdiriblər.
Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün
istənilən vəzifəni icra edə bilər. Azərbaycan
Ordusu tam komplektləşdirilib və əgər əlavə
canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz
bundan istifadə edəcəyik.
Səfərbərliyin
elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər
lazım gələrsə, bu da olacaq. Mən demişəm,
bir daha demək istəyirəm, - çox da dərinə getmək
istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək
lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik.
Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz
həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir
və biz istədiyimizə nail olacağıq.
Mən
bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm
ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə
ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə
heç vaxt olmadığı qədər, - nə 1990-cı
illərin əvvəllərində ki, müharibə gedirdi, nə
də başqa dövrdə, - çox güclü beynəlxalq
dəstək gördük. Təbii ki, ilk dəstək, ilk
qardaşlıq addımı qardaş Türkiyədən gəldi.
Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim
qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı
şəkildə Azərbaycanı dəstəklədi,
bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan
və Türkiyə, iki qardaş ölkə hər zaman bir
yerdə olacaqlar. Bu dəstəyə görə mən öz
qardaşıma dərin təşəkkürümü
bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq.
Mənə telefonla zəng edib, dəstək ifadə edib,
şəhidlərimizin həlak olması ilə əlaqədar
başsağlığı verib. Deyib ki, biz sona qədər
bir yerdəyik.
Mən də
hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana
böyük hörmət göstərmişəm. Türkiyə
xalqına mənim məhəbbətim heç kəs
üçün sirr deyil. Dəfələrlə demişəm
ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər
bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm
tarixə, bizim ortaq, etnik köklərə, həm də
bugünkü siyasətə əsaslanır. Eyni zamanda,
Türkiyənin digər yüksək vəzifəli rəsmi
şəxsləri, o cümlədən Müdafiə naziri,
Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər
Azərbaycana birmənalı dəstək göstərmişlər.
Bir
çox ölkələr fərdi qaydada rəsmi şəxslər
səviyyəsində dəstək göstərmişlər.
Ona görə də mən onlara minnətdaram. Beynəlxalq təşkilatlar,
ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası Azərbaycana dəstək göstərmişdir.
Bu təşkilatda beş ölkə fəaliyyət göstərir
- Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın
üzvləridir və Azərbaycana birmənalı dəstək
göstərmişlər. Mən də cavab məktublarımda
bu ölkələrin dövlət başçılarına
öz təşəkkürümü bildirmişəm. Bu məktublar
mətbuatda dərc edilib.
İslam Əməkdaşlıq
Təşkilatı bizə birmənalı dəstək oldu.
Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə
verilən, həm də Azərbaycana verilən dəstəkdir.
Çünki siz də bilirsiniz, mən İslam həmrəyliyinin
gücləndirilməsi üçün nə qədər səylər
göstərirəm. Azərbaycan nə qədər
çalışır ki, bəzi İslam ölkələri
arasında olan hansısa ixtilaflar aradan qaldırılsın,
yaxud da yumşalsın ki, ilk növbədə, biz öz
evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək,
ilk növbədə, müsəlman aləmində birlik
yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim
taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu
qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman
ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin
bəzilərində erməni icmaları kifayət qədər
böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə
erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz
çalışırlar ki, bəzi müsəlman ölkələrini
öz tərəfinə çəksinlər. Biz bunu
görürük. Bəzən səfərlər edirlər. Bəzən
dövlət başçısı səviyyəsində
müsəlman ölkələrinə gedirlər. Biz hər
şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən,
bəzi müsəlman ölkələrinin dövlət başçıları
Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə
ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə
deyirik, həmrəylik sözdə yox, əməldə
olmalıdır.
Müsəlman
məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr
ola bilər? Açın baxın internetdə, görün
Ağdam məscidi nə gündədir, Şuşa məscidi
nə gündədir, digər şəhərlərdəki məscidlər
nə gündədir, onları söküblər. Bu
azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta
bizim müqəddəs ocaqlarımızı təhqir edirlər.
Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim
deyil, bütün müsəlman aləminə məxsusdur. Mən
sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər
törədən bir ölkə ilə hansısa əlaqələr
olsun, hansısa dostluq haqqında danışsınlar?
Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək
istəyirəm, Ermənistan çalışır ki,
onları öz tərəfinə çəksin. Ancaq, ilk
növbədə, o ölkələrin xalqları buna imkan
verməyəcəklər və verməməlidirlər. Əgər
görsələr ki, bu ölkələrin hakimiyyəti
öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o
ölkələrin vətəndaşları öz sözünü
deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə
ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik,
onlardan da eyni münasibət gözləyirik. Xüsusilə
belə həssas günlərdə, həssas məsələdə
ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt
etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları
öldürüb, kəndlərimizi dağıdıb. Mən
dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər
çəkmiş bütün binalar, – indi komissiya təşkil
olunub, - inventarlaşdırılacaq və qısa müddət
ərzində biz bütün evləri bərpa edəcəyik.
Amma insanların həyatını bərpa etmək olarmı?
76 yaşlı ağsaqqalın həyatını bərpa etmək
olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki,
özünü bizə dost kimi təqdim etmək istəyən
bəzi ölkələr onlara bu mərmiləri veriblər
ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını,
uşağı, qocanı Xocalıdakı kimi
öldürsünlər. O vaxt bizim gücümüz yox idi.
Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu
faciə vaxtı Azərbaycana rəhbərlik edirdi.
Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan
xalqı, Azərbaycan vətəndaşları hər şeyi
bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının
bu qərarını biz çox yüksək qiymətləndiririk.
Qoşulmama Hərəkatı da, - burada 120 ölkə cəmləşir,
- birmənalı şəkildə Azərbaycanı dəstəklədi.
Mən
sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə
də cəlb etmək istəyirəm. Yəqin siz
eşitmişiniz ki, biz Ermənistana başından
güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki,
bunları müdafiə eləsin. Tələb edirdilər ki,
KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər,
heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə
ilə bağlı ümumi sözlərdən ibarət bir
şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki,
KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq
təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və
Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası vasitəsilə bizə dəstək oldular.
Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da
Qoşulmama Hərəkatının bəyanatına
qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən
üçü Azərbaycanı birmənalı şəkildə
dəstəklədi və başqa cür ola bilməzdi.
Çünki biz onlarla dostuq, yaxşı günlərdə,
çətin günlərdə onlar bizə etibar edə bilərlər.
Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi
yadına salsın ki, qaçıb yardım almaq istədiyi
KTMT-nı necə təhqir etmişdi, heç bir başqa
ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs
eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş
katib təyin olunmasının əleyhinə çıxmışdı.
Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə
oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi
qaçıb onun ətəyindən yapışırsan. Gəl
bizimlə təkbətək vuruş, təkbətək, baxaq
görək bunun axırı nə olacaq.
Beləliklə,
bütün bu məsələlər bir daha onu göstərir
ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə,
həm ölkə daxilində, həm mənfur qonşu ilə
mübarizədə çox böyük bir gücə
çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı
yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın
müstəqilliyi, azadlığı, insanların rifahı və
ölkəmizin güclənməsi daim diqqət mərkəzində
olacaq. Bizim üçün bir nömrəli milli məsələ
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həllidir. Mən bu məsələ
ilə bağlı öz fikirlərimi dəfələrlə
demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq
kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq
istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan
xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni
elə həll etməliyik ki, bu həll Azərbaycan
xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq
həll bizə lazım deyil. Çünki bu, müvəqqəti
olacaq. Yarımçıq, sadəcə, mərhələ ola
bilər. Ancaq məsələnin həlli tam olmalıdır.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü
tam təmin edilməlidir. İşğal edilmiş
bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan
vətəndaşları işğal edilmiş bütün
torpaqlara, o cümlədən Şuşaya
qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin
bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki,
açıq danışmaq olar.
Mənim
fikrim nədən ibarətdir, siz hamınız yaxşı
bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq
olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi
necə görmək istəyirik, onu da bilirik və Azərbaycan
xalqı da bilir. Ona görə, ölkəmizin ərazi
bütövlüyü danışıqlar predmeti deyil,
olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma
torpaqlarımıza qayıtmalıyıq və
qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə
bir yerdə görüşüb bu günləri də
xatırlayacağıq. Bir daha sizi ürəkdən təbrik
edirəm, Sizə cansağlığı, xoşbəxtlik
arzulayıram. Sağ olun.
Şəhid
Əli Həsənovun həyat yoldaşı Arifə Həsənova
çıxış edərək dedi:
-Mən
şəhid Həsənov Əli İsmayıl oğlunun həyat
yoldaşıyam.
Cənab
Prezident, hörmətli Mehriban xanım, Siz həmişə
şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə
qayğı ilə yanaşmışınız. Buna görə
bizim ailəmiz və qayğı göstərdiyiniz insanlar
adından Sizə böyük minnətdarlığımızı
bildiririk. Ötən il bizə 11 min manat məbləğində
birdəfəlik ödəmə verdiyinizə görə Sizə
təşəkkür edirəm. İndi isə bu gözəl
binada bizə mənzil verdiyiniz, biz şəhid ailələrini
və Qarabağ müharibəsi əlillərini həmişə
diqqətinizdə saxladığınız üçün təşəkkür
edirik. Hər şeyə görə çox sağ olun, hər
şeyə görə Sizə minnətdarıq. Allah Sizə
cansağlığı versin.
Prezident
İlham Əliyev: Çox sağ olun, təşəkkür
edirəm. Sizə cansağlığı, uğurlar
arzulayıram.
Azərbaycan.-2020.- 22 iyul.- S.1-3.