Naxçıvanda mətbuat zəngin ənənələr üzərində inkişaf edir

 

Azərbaycan milli mətbuatı -145

 

Qədim və zəngin maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın yaranması milli mədəniyyət və ictimai fikir tariximizdə mühüm mərhələ təşkil edir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan "Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən pərvəriş tapan qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir.

Vərəqə şəklində çap olunan "Cavanlar həyatı” qəzeti iki aya yaxın müddət ərzində fəaliyyət göstərmiş, 1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda "Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. Bu mətbu orqanlar 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan "Şərq qapısı” qəzetinin sələfləri kimi öz dəyərli təsdiqini tapmışdır. "Şərq qapısı” 1930-cu ilədək ərəb, 1930-40-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən latın qrafikalı əlifba ilə nəşr edilir. Qəzet 1979-1989-cu illərdə "Sovet Naxçıvanı” adı ilə çıxarılmışdır ki, bu da "Şərq qapısı” adına Şərq ölkələrinə, türk-müsəlman dünyasına meyillilik kimi siyasi don geyindiriləcəyindən ehtiyat edilməsi ilə əlaqədardır.

1937-1938-ci illərin məşum repressiya təlatümündən keçən "Şərq qapısı” İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı alovlu ideoloji mübarizə silahına çevrilmiş, vətənpərvərlik ruhunda yazıları, önarxa cəbhə arasında mənəvi körpü yaratması ilə fəaliyyətini doğrultmuşdur. Müharibədən sonrakı dövrlərdə "Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasına ciddi diqqət yetirmişdir.

XX əsrin 70-ci illərində - Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlişindən sonra milli ideologiyanın inkişafı, mətbuata göstərilən qayğı "Şərq qapısı”nın da fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdir. Ötən əsrin 70-80-ci illərində "Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində "Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadiminin mətbuata böyük qayğısının təzahürü idi. Həmin dövrdə qəzet azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən yazılarla çıxış etmiş, cəmiyyətdəki nöqsanlara qarşı cəsarətlə mübarizə aparmışdır.

XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı” qəzeti Sovetlər Birliyində nəşr olunan müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiyamilli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin "Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan, Ulu Öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəsi də qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə muxtar respublikanın xilas olunması istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar, beynəlxalq səviyyəli danışıqlar burada dolğun əks etdirilmişdir. Bu dövrdə Ulu Öndər qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir. Dahi şəxsiyyətin bu mətbu orqan haqqında söylədiyi fikirlər, bütünlükdə, milli mətbuata, jurnalistikaya verilən yüksək dəyərdir: "Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra "Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğudemokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, "Şərq qapısı” qəzeti Azərbaycanın azaddemokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.

"Şərq qapısı” qəzeti müxtəlif dövrlərdə mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, fasiləsiz nəşr olunmuş, muxtar respublikanın mətbu salnaməsinə çevrilmişdir. Bir neçə nəsil üçün siyasi-ədəbi, mənəvi məktəb rolu oynayan "Şərq qapısı”nın nəşri tarixi, onun Naxçıvanda ədəbi mühitin formalaşmasındakı rolu elmi-tədqiqat obyektinə çevrilmiş, 2010-cu ildə qəzetin fəaliyyəti ilə bağlı yeni qiymətli elmi faktlarla zəngin "Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” monoqrafiyası, 2019-cu ildə isə "Naxçıvanda mətbuat tarixi” kitabı Almaniyada ingilis dilində nəşr olunmuşdur.

Bu mətbu orqan son illərdə Naxçıvanın dünyada təbliği və tanıdılması, diyarımızla bağlı düzgün ictimai rəyin formalaşması istiqamətində əhəmiyyətli işlər görmüşdür. 2016-cı ildə dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımızla bağlı dərc olunan səfər təəssüratlarının, qəzet əməkdaşlarının xarici qonaqlarla müsahibələrinin bir qismi toplanaraq "Naxçıvan dünya mətbuatında” kitabı çap olunmuşdur.

Son 30 ilə yaxın bir dövr ərzində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli sərəncamından sonra qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində - 2010-cu il iyulun 22-də "Şərq qapısı” qəzeti redaksiyası və "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır.

Bu gün "Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa biləcək bir qəzetin nəşri üçün müasir şəraiti yaradılmışdır. 2012-ci ildə www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamışdır. Ötən il isə qəzetin internet saytı tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına bu çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır. Qəzet daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, 75, 80, 85, 90 illik yubileyləri qeyd edilmişdir. 2011-ci ildə "Şərq qapısı”nın 90 illik yubileyində qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur.

Bu gün muxtar respublikada məqsədyönlü media siyasətinin, kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bir əsrə yaxın tarixə malik bir qəzetlə yanaşı, Naxçıvanda Universitet Televiziyası və "Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, "Nuhçıxan” İnformasiya Agentliyi, "Naxçıvan xəbərləri” saytı, Naxçıvan Mətbuat Şurası, TeleviziyaRadio Şurası, 400-ə yaxın jurnalist fəaliyyət göstərir.

Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə bu sahəyə dövlət qayğısının növbəti ifadəsi, informasiya idarəçiliyinin düzgün tənzimlənməsi istiqamətində mühüm addım olmaqla, Naxçıvanda medianın inkişafında yeni mərhələnin əsasını qoydu. Naxçıvan Mətbuat Şurasının ötən ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir.

Ölkəmiz, bütünlükdə, milli mətbuatımızın 145 illiyini təntənə ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna siyasi qiymət verməklə yanaşı, jurnalistlər qarşısında mühüm vəzifələr də qoyur.

Bir əsrə yaxın şərəfli inkişaf yolu keçən, sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevrilən muxtar respublika mətbuatı da bu vəzifələri, Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər zamanı verdiyi dəyərli tövsiyə və tapşırıqları fəaliyyət prinsipləri kimi rəhbər tutaraq muxtar respublikamızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var-qüvvəsini əsirgəməyəcək. Bir sözlə, Şərqin qapısı Naxçıvanda fəaliyyət göstərən qocaman, həm də zamanın nəbzini tutmağı bacaran mətbuatımız əsrlərarası körpü, keçmişdən gələcəyə açılan möhtəşəm bir mənəviyyat qapısı olacaq.

 

Mehriban SULTAN,

"Şərq qapısı” qəzetinin baş redaktoru,

 Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Azərbaycan.- 2020.- 22 iyul.- S.4