Azərbaycanın ABŞ Konqresində əhəmiyyətli uğuru

 

ABŞ Konqresində Azərbaycan əleyhinə daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə Ermənistan əleyhinə düzəlişlər qəbul edilib

 

 

Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act - NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər.

Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də, öz növbəsində, Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər.

Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.

Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkəsində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Brəd Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş "Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən "333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmaması onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Qarşısı alınmış Azərbaycan əleyhinə düzəlişlərlə aşağıdakı internet səhifələrindən tanış olmaq mümkündür: https://amendments-rules.house.gov/amendments/ShermAzerAmend710201219401940.pdf və https://amendments-rules.house.gov/amendments/Speier%20Azerbaijan%20final71320110611611.pdf

Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli "tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.

ANCA-nın yaydığı məlumatdan da göründüyü kimi (https://anca.org/press-release/u-s-house-passes-pallone-amendment-demanding-greater-oversight-on-u-s-military-aid-to-azerbaijan/), erməni tərəfi Azərbaycan əleyhinə düzəlişlərin keçməməsinə və Ermənistan əleyhinə qəbul olunmuş düzəlişə görə öz məyusluğunu gizlətməyib.

Azərbaycan tərəfinin bu əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplamaq fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd edib. Halbuki Frank Palloun tərəfindən irəli sürülmüş və ermənilərin istinad etdiyi "Müdafiə katibinin Dövlət katibi ilə birgə əlaqələndirilməklə 333-cü bölmə çərçivəsində xarici ölkələrin təhlükəsizlik qüvvələrinə yardım göstəriləndən əvvəl və ya yardım göstərilən zaman beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını pozub-pozmadığı barədə Konqresə hesabat təqdim olunması, habelə belə pozuntuların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsinə” dair 396 saylı düzəlişin mətnindən göründüyü kimi (https://amendments-rules.house.gov/amendments/PALLON_039_xml716201347484748.pdf), bu düzəlişdə Azərbaycan barədə heç bir istinad mövcud deyil və düzəliş ABŞ-ın bütün hərbi müttəfiqlərinə və yardım göstərdiyi tərəfdaşlara aiddir.

Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şayiələr yaymaqla bu məsələdə müəyyən çaşqınlıq yaratmağa cəhd etmişlər. Ümumiyyətlə, erməni tərəfinin dövlətimizə qarşı uydurma təbliğatının əsas məqsədi ABŞ-Azərbaycan münasibətlərinə, Azərbaycan xalqının birliyinə mane olmaq, eləcə də erməni lobbisinin maliyyələşməsinin davam etməsidir. Bu xüsusda erməni lobbisinin və digər dairələrin təxribatlarına uymamaq, olduqca ehtiyatlı yanaşmaq və məlumat mənbələrini dəqiq yoxlamaq vacibdir.

 

Azərbaycan.-2020.- 22 iyul.- S.5.