Hikmət Hacıyev: Ermənistan son hərbi təxribatı ilə qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 21-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, bu məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclaslarında Prezident İlham Əliyev tərəfindən tam qiymət verilib.

Hikmət Hacıyev bildirib ki, hadisələrdən əvvəl Ermənistanda yeni irticaçı doktrina qəbul edilib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni milli təhlükəsizlik strategiyası qəbul olunub. İyulun 12-də isə Tovuz istiqamətində qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın məqsədi, ilk növbədə, diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq idi. Məqsəd Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatları, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq idi. Eyni zamanda, Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud olan daxili problemlərdən diqqəti yayındırmaq, həmçinin Aprel və Günnüt əməliyyatlarında Ermənistana vurulmuş zərbənin qisasını almaq da qarşıya qoyulan məqsəd idi. Lakin Ermənistan qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu düşmənin hücum və təcavüz aktının qarşısını aldı, Ermənistan silahlı qüvvələrinə layiqli zərbə endirildi, sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu təcavüz aktına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan sivil dünya üçün təhlükə olmaqda davam edir.

 

Azərbaycan.-2020.- 22 iyul.- S.5.