Milli
Kitabxananın Arxiv fondu
mətbuatımızın ilk nümunələrinin
orijinal nüsxələri ilə zənginləşmişdir
Milli mətbuat günü ərəfəsində Milli Kitabxananın Arxiv fondu "Əkinçi”, "İqbal”, "Açıq söz”, "Həyat”,”İqdam” və digər ilk dövri mətbuat nümunələrimizin orijinal nüsxələri ilə zənginləşmişdir.
Bu günlərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın ötən ildən həyata keçirməyə başladığı birgə layihə çərçivəsində XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan milli mətbuatımızın ilk nümunələrindən olan "Əkinçi”, "İqbal”, "Açıq söz”, "Həyat”, "İqdam”, "Yeni İqbal”, "Yeni İqdam” və digər ilk dövri mətbuat nəşrlərimizin orijinal nüsxələrinin tam komplektləri Milli Kitabxanamızın Arxiv fonduna daxil olmuşdur.
Uzun müddət Milli Kitabxana bu qəzetlərin Sankt-Peterburq, Moskva, Daşkənd, Aşqabad və digər şəhərlərdəki kitabxanalardan topladığı foto və ksero surətlərini oxucularına təqdim edirdi və həmin qəzetlər əski əlifba (ərəb əlifbası) ilə çap olunduğundan onların surətlərində hərflərin üzərində və altında qoyulan nöqtələr və digər işarələr yaxşı oxunmadığına görə bir sıra çətinliklər yaranırdı. Artıq bu çətinliklər arxada qalmışdır və Milli Kitabxana əksər ilk milli mətbuat orqanlarımızın orijinal nüsxələrini öz oxucularına çatdırmaq imkanı əldə etmişdir. Hazırda həmin nəşrlərin rəqəmsallaşdırılması prosesinə hazırlıqlar görülür və tezliklə onların elektron nüsxələri də kitabxanamızın saytı vasitəsilə oxucularımıza təqdim olunacaqdır.
Məlumat üçün bildirirəm ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Milli-Mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin dünya milli kitabxanalarında mühafizə olunan 31 nadir əlyazmasının, Nizami Gəncəvinin Azərbaycan elminə məlum olmayan "Xəmsə” nüsxəsinin və Məhəmməd Füzulinin "Divanı”nın rəqəmsal nüsxələrinin Milli Kitabxanamıza gətirilməsi təmin olunmuşdur.
Fürsətdən
istifadə edərək bu işdə bizə göstərdiyi
dəstəyə görə Heydər Əliyev Fonduna və
Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya
kitabxanamızın oxucuları və kollektivi adından təşəkkürümüzü
bildirirəm.
Kərim TAHİROV,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi,
professor
Azərbaycan.-2020.- 22 iyul.- S.7.