Qafqaz Müsəlmanları
İdarəsinin sədri “Böhran vəziyyətində
dini liderlərin rolu” mövzusunda onlayn tədbirdə
iştirak edib
İyulun 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Böhran vəziyyətində dini liderlərin rolu” mövzusunda virtual Forumda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ICESCO-nun, “RABİTƏ” Müsəlman Dünyası Liqasının və Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının birgə təşkilatçılığı ilə keçirilən onlayn tədbir Çad Prezidenti İdris Debi İtnonun müraciəti ilə başlayıb. Dünyada baş verən münaqişələrdə günahsız insanların qurban olmasından narahatlığını diqqətə çatdıran Prezident sülhün bərqərar olmasının ümdə əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. O bildirib ki, insanlar arasında harmoniyanın təminində din xadimlərinin rolu əvəzsizdir və bu baxımdan, tədbirin mövzusu uğurlu seçilib. Mənəviyyat, etik problemlərin gündəmə gətirilməsini yüksək dəyərləndirən Çad Prezidenti tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.
Forumun açılışında Misir Ərəb Respublikasının Vəqflər naziri və İslam işləri Ali Şurasının sədri Məhəmməd Muxtar Cümə, İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İsa, Əl-Əzhərin şeyxi Əl-İmam Əl-Əkbər Əhməd Ət-Tayyib, Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının sədri Əli Rəşid Əl-Nuaymi, ICESCO-nun Baş direktoru Salim Əl-Malik çıxışlar ediblər.
Forumun açılış hissəsində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarına Azərbaycan və ümumən Qafqaz müsəlmanlarının salamlarını yetirib. Bəşəriyyətin XXI əsrdə üzləşdiyi ən təhlükəli təhdidlərdən olan koronavirus pandemiyası şəraitində belə bir forumun keçirilməsinin zəruri olduğunu bildirən QMİ sədri bu qlobal problemin törətdiyi fəsadların həyatımızın bütün sahələri, o cümlədən dini fəaliyyətimiz və mənəvi həyatımızdan da yan keçmədiyini xüsusi vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə pandemiyanın elan olunduğu ilk gündən başlayaraq, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdüyünü və bu çərçivədə 30-dan çox dövlətə humanitar yardımlar etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb. Bu il mayın 4-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birgəyik!” adlı Zirvə görüşünün keçirildiyini xatırladan QMİ sədri bu gün beynəlxalq gündəmdə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasının yer aldığını bildirib. QMİ sədri, həmçinin Forum iştirakçılarını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyalarının keçirilməsi barədə məlumatlandırıb.
Şeyxülislam Allahşükür Paşazadə dini lider olaraq həmişə olduğu kimi, pandemiya dövründə də dinlərarası, ümumbəşəri həmrəyliyə çağırışlarını beynəlxalq müstəvidə dəfələrlə səsləndirdiyini, bu mövqeyi BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən onlayn məsləhətləşmədə, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin təşkil etdiyi “Pandemiya dövründə zəifləri qorumaq” mövzusunda videokonfransda, MDB ölkələri din xadimlərinin pandemiya probleminə həsr olunmuş tədbirlərində, eləcə də ICESCO-nun Baş direktoru Salim Əl-Malik ilə keçirdiyi onlayn görüşdə bəyan etdiyini diqqətə çatdırıb. QMİ sədri bildirib ki, indiki çətin dövrdə bəşəri həmrəylik, humanizm nümayiş etdirərək, ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir.
Şeyxülislam Allahşükür Paşazadə forum iştirakçılarının diqqətinə çatdırıb ki, pandemiyanın fəsadları şəraitində son günlər bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycanın bu ölkə ilə sərhəd bölgəsində yeni təxribatlar törədilərək atəşkəs rejimi pozulub, o cümlədən dinc əhali arasında tələfatlarımız olub. QMİ sədri bununla əlaqədar, Forum tribunasından bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək verməyə çağırıb.
Forum işini sessiyalarla
davam etdirib. “COVID-19 böhranı
ərəfəsində onun
mənfi təsirlərinin
aradan qaldırılması
istiqamətində dini
müəssisələrin ən
yaxşı təşəbbüsləri
və gördükləri
praktiki işlər” mövzusunda birinci akademik sessiyada KAICIID-in Baş katibi Feysəl Əl-Muəmmər,
Üləmalar Ali Şurasının
üzvü və Vəcdə (Mərakeş)
Üləmaları yerli
Şurasının sədri
Mustafa Binhəmzə, Beynəlxalq
Fiqh Akademiyasının
Baş katibi Əbdüssalam Əl-Əbbadi
və başqaları
məruzə ediblər.
Məruzələrin ümumi mövzusu bundan ibarət olub ki, bütün
səmavi dinlərdə
əsas mənəvi insan dəyərləri üzrə inanclar mövcuddur, bu da insanlar arasında
həqiqi əməkdaşlıq
üçün bir təməl rolunu oynayır. Bəşər tarixi boyunca
çətinlik və
böhranların öhdəsindən
gəlmək üçün
mənəvi dəyərlər
vacib rola malik olub. Müdriklik, yaxşılıq və inanc ətrafında formalaşmış həmrəylik
və etik insan dəyərlərinin
vahid irsi bu istiqamətdə fəaliyyətə rəvac
verib və insan davranışını
lazımi istiqamətə
yönəldib. Hazırkı COVID-19 böhranında bu həmrəylik vahid etik dəyərlər sistemini formalaşdırmaqda
bizə yardımçı
olacaqdır.
Forumun bağlanış
sessiyasında iştirakçıların
yekun müraciətləri
dinlənilib, tədbirin
yekun bəyannaməsi
qəbul edilib.
Bəyannamədə COVID-19 pandemiyasının
nəticələrini aradan
qaldırmağa yönəlmiş
tədbir və təşəbbüslərdən ilham alaraq, özündə
xüsusi halları və inklüziv həll yollarını nəzərə alan,
böhran və fəlakətlər üzrə
qabaqlayıcı və
təfərrüatlı praktiki
proqramın hazırlanması
məqsədilə gələcəyə
yönəlik baxış
və ideyalar üzərində razılığa
gəlmək zərurəti
vurğulanaraq bir sıra tövsiyələr
yer alıb. Sənəddə inanc hüququ və dinlərə hörmət
öhdəliyi, yaşamaq
hüququ və sülh yaratmaq öhdəliyi, insan həmrəyliyi və ədalətli dünya iqtisadiyyatının birgə
yaradılması öhdəliyi,
həm sözdə,
həm əməldə
tolerantlıq mədəniyyəti
göstərilməsi öhdəliyi,
hüquq və vəzifələrdə gender bərabərliyi
prinsipinə əməl
edilməsi öhdəliklərinin
zərurəti əksini
tapıb.
Tədbirin
sonunda iclasa sədrlik edən ICESCO-nun Baş direktoru Salim
Əl-Malik QMİ sədri Şeyxülislam
Allahşükür Paşazadəyə iştirakına və
əhatəli məruzəsinə görə təşəkkürünü
bildirib.
Azərbaycan.-2020.- 22 iyul.- S.6.