ADA Universitetində XIV Bakı Yay Enerji Məktəbinin onlayn açılış mərasimi keçirilib

 

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və “BP Azerbaijan” şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyi 14-cü Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki proqram iyulun 24-dək onlayn formatda həyata keçiriləcək. Bu il Bakı Yay Enerji Məktəbinə 14 ölkəni təmsil edən 40 iştirakçı seçilib. Proqramda enerji şirkətlərinin kiçikorta mütəxəssisləri, müxtəlif dövlət qurumlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak edirlər.

Proqram çərçivəsində tədris ediləcək mövzular iştirakçıların həm enerji, həm də ətraf mühitlə bağlı biliklərini gücləndirəcək. Bakı Yay Enerji Məktəbinin müəllim və məruzəçiləri akademiya, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləridirlər.

Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.

 

Azərbaycan.-2020.- 22 iyul.- S.7.