Saxta erməni təbliğatı bütün dünyada fiaskoya uğrayır

 

ABŞ Konqresində ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib

 

 

Erməni yalanlarının bütün dünyada ifşa olunması artıq reallıqdır. İndi xarici ölkələrdəki erməni diaspor təşkilatlarının saxta təbliğatı əvvəlkitək ayaq tutub yerimir. Bugünkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər. Bir neçə gün öncə ABŞ Konqresində Azərbaycan əleyhinə daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi bunu təsdiq edir.

 

 

ABŞ-dan ermənilərə zərbə

 

 

ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər. İyulun 17-də keçirilən ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclasında Konqres üzvləri Stiv KohenStiv Şabot tərəfindən təklif olunan Ermənistan əleyhinə düzəlişlər Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bununla yanaşı erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst konqresmen Brəd Şerman və erməni əsilli Cəki Spiir tərəfindən Azərbaycan əleyhinə təklif olunan düzəlişlər qəbul edilməyib. Bu uğursuzluq erməni lobbisinin və xüsusilə də Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli "tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.

Azərbaycan tərəfinin bu əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplamaq fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd edib. Lakin fakt faktlığında qalır ki, ABŞ Konqresi erməni diasporuna və erməni yalanlarına böyük zərbə vurub.

 

 

Heç bir dövlət və təşkilat Yerevanı müdafiə etmədi

 

 

Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusu növbəti dəfə qəhramanlıq dastanı yazdı. Ordumuzun bölmələri düşmənin hücumunun qarşısını dərhal almaqla, hərb tariximizin yeni şanlı səhifəsini yazdılar. Bu hadisə vaxtı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi milli birlik və vətənpərvərlik, habelə səfərbərlik çağırışları göstərdi ki, xalqımız ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayacaq.

Ümumiyyətlə, erməni silahlı birləşmələrinin son təxribatları bütün dünyaya bir daha aydın şəkildə göstərdi ki, Ermənistan işğalçı və təcavüzkar siyasət yürüdən dövlətdir. Ən azından hərbi əməliyyatların Azərbaycan ərazilərində getməsi kimin işğalçı və kimin işğala məruz qalmasının aydın təsdiqidir. Ermənistanın beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipini kobul şəkildə tapdalamasına baxmayaraq Avropa təşkilatları və ATƏT-in Minsk qrupunun həmsdərləri bu dəfə də şablon bəyanatlarla kifayətlənərək tərəfləri atəşəkəsə əməl etməyə çağırdılar.

Bununla belə, dünyanın heç bir dövləti, təşkilatı, bir nəfər də olsun siyasətçi bu hadisələr zamanı Ermənistanı açıq şəkildə dəstəkləyən fikir səsləndirmədi. Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı isə nəinki Yerevanın müdafiəsinə qalxmadı, ümumiyyətlə baş vermiş hadisəni müzakirəyə belə çıxarmadı. Ermənistan öz zəifliyinin təsdiqi olaraq iyul ayının 12-də sərhəddə təxribatı törədən kimi KTMT-yə müraciət etmişdi. Amma üstündən 10 gün keçsə də, təşkilatın heç bir rəsmisi bu müraciətə münasibət bildirməyib. Əslində bunun özü ilk növbədə onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti KTMT üzvü olan digər dövlətlərə məlumdur. İkincisi, KTMT üzvləri Ermənistanın asılı dövlət olmasını, müstəqil siyasət yürüdə bilməməsini qəbul etdikləri üçün onun müraciətinə münasibət bildirməyə lüzum da görmürlər. Üçüncüsü isə, Paşinyanın hələ müxalifətdə olarkən Ermənistanın KTMT-dən çıxmasını tələb etməsini, baş nazir vəzifəsinə gəldikdən sonra isə təşkilatın baş katibini həbsə atmasını digər üzvlər onun bu quruma mənfi münasibəti kimi dəyərləndirirlər. Elə buna görə də Paşinyanın müraciəti cavabsız qaldı.

Bu məsələdə ən mühüm rolu isə KTMT üzvlərinin Azərbaycanla dostluq münasibətləri oynadı. Hətta Paşinyan Minskə səfər edərək dövlət başçılarından ayaqüstü dəstək almağa çalışsa da, istədiyinə nail ola bilmədi.

 

 

İlham ƏLİYEV: "Budur bizə göstərilən beynəlxalq dəstək”

 

 

 

Azərbaycana gəldikdə isə vəziyyət fərqlidir. Azərbaycanın dostları, müttəfiqləri açıq şəkildə ölkəmizin müdafiəsinə qalxdılar. Ermənistanın sərhəddəki təxribatı ilə bağlı ölkəmizə ən böyük dəstək Türkiyədən gəldi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.

Həmin günlərdə Azərbaycana daha bir qətiyyətli dəstək Pakistan dövlətindən gəldi. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, 57 dövlətin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Bu sırada UkraynaMoldova dövlətlərinin də mövqeyi təqdirəlayiqdir. "Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır” - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

"Moldova Respublikası münaqişəli vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlanmasının tərəfdarıdır”. Bu fikir isə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında yer alır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın hərbi təxribatı ilə bağlı beynəlxalq təşkilatların və dünya ölkələrinin reaksiyasına dair fikirlərini bildirərək deyib: "Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir”

 

 

 

Bir sıra parlamentlər Ermənistanın hərəkətini qəti şəkildə pislədilər

 

 

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları da Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı deputatlar, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar veriblər.

Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Ermənistan tərəfindən artıq 30 ilə yaxın davam edən işğal faktının beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd olduğu ifadə edilir.

 

 

Qoşulmama Hərəkatı Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədi

 

 

Bu günlərdə Azərbaycana ən mühüm beynəlxalq dəstəklərdən biri üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatından (QH) gəldi. Belə ki, QH Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul etdi. Kommünikedə QH-nın üzv dövlətləri tərəfindən Ermənistanın hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücum etməsi qətiyyətlə pislənilir. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanır.

Sənəddə QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib. Həmçinin təşkilata üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, respublikamızın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Beləliklə, QH-nin 120 üzv dövləti tərəfindən Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədində son hərbi təxribatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoyuldu.

Beləliklə, son hadisələrdən sonra Ermənistan beynəlxalq səviyyədə açıq mətnlə dəstəklənmədi. Azərbaycana isə dost və müttəfiqlərdən qətiyyətli dəstək gəldi, ölkəmizin haqlı mövqeyi aydın müdafiə olundu. Eyni zamanda ABŞ Konqresində qəbul edilən düzəlişlər dünya erməniliyinə böyük zərbə oldu. Bu baxımdan Ermənistanın son hərbi təxribatı əslində Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə daha yaxından çatdırılmasına və möhkəmlənməsinə xidmət etdi.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 23 iyul.- S.1;7.