Azərbaycan çox
böyük gücə çevrilib
Prezident İlham Əliyev
işğalçı Ermənistanı döyüş
meydanında təkbətək savaşa
çağırdı
"Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq”.
Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı ilə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünyanın əksər dövlətləri qlobal böhran qarşısında aciz qaldığı zamanda Azərbaycan iki cəbhədə mübarizə aparır. Bir tərəfdən qlobal pandemiya, digər tərəfdən təcavüzkar Ermənistanın hərbi təxribatları ilə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan həm beynəlxalq layihələrin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri, həm də ilin əvvəlində müəyyənləşdirilən sosial layihələrin icrasını uğurla reallaşdırır.
Bütün bunlar dövlətin iqtisadi qüdrətinin, gücünün göstəricisidir. Bu potensial əlbəttə ki, cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində formalaşıb.
Ermənistanın sevincinə şərik olan xəyanətkarlar
Hər zaman olduğu kimi, cənab İlham Əliyev yenə də ölkə gündəmində olan mühüm məsələlərə, daxili və xarici siyasətdə baş verən proseslərə aydınlıq gətirərək əsl həqiqətləri ictimaiyyətin diqqətinə çatdırdı və işğalçı Ermənistanın rəhbərliyinə xəbərdarlıq edərək kəskin mesajlar ünvanladı.
Hazırda çətin pandemiya dövründə qlobal böhranın davam etdiyini vurğulayan dövlət başçısı dünyanın 150 ölkəsinin kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyini söylədi. Sevindirici haldır ki, Azərbaycan bu siyahıda yoxdur. Çünki dövlətin iqtisadi qüdrəti ölkəmizin öz hesabına yaşamasına imkan verir. Hətta neftin qiymətinin kəskin aşağı düşməsi də bu prosesə təsir göstərmir.
Lakin təəssüflə qeyd etməliyik ki, neftin qiymətinin kəskin ucuzlaşmasına nəinki Ermənistan, hətta ölkəmizdə də sevinən "qüvvələr” var. İşğalçı ölkə hesab edir ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək, təcavüzkar da bundan faydalanacaq. Yəni Ermənistanın buna sevinməsi təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar nədən sevinir?!
Neftin qiymətinin 14 dollara düşməsinə özünü "milli şura” adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstənin sevinməsi bir daha təsdiq edir ki, onlar Azərbaycanın güclənməsinin deyil, zəifləməsinin tərəfdarıdırlar. Bu da, Prezidentin söylədiyi kimi, müxalifətçilik yox, əsl düşmənçilikdir. Həmin şəxslər Azərbaycanın yenidən doxsanıncı illərin əvvəlindəki çətin duruma qayıtmasını, ölkədə anarxiyanın yaranmasını arzulayırlar. Çünki sivil yolla hakimiyyətə gəlmək, imkanlarının heçə bərabər olduğunu yaxşı anlayırlar. Ancaq başı müsibətlər çəkmiş Azərbaycan xalqı bir daha o dövrə qayıtmamaq üçün həmin antimilli qüvvələrin məkrli niyyətinin baş tutmasına imkan verməyəcəkdir.
Növbəti erməni təxribatı və ordumuzun uğurlu qisas əməliyyatı
Cənab İlham Əliyev Ermənistanın son təxribatlarına da münasibətini bildirərək vurğuladı ki, bu dəfə də təcavüzkar Ermənistan Tovuz istiqamətində mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarından hücum təşkil edib.
Bu təxribatın qarşısını alarkən Azərbaycanın igid oğulları qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldilər. Artilleriya atəşi nəticəsində Tovuzun Ağdam kəndinin 76 yaşlı dinc sakininin həlak olması isə bir daha erməni vandalizminin əyani təzahürü oldu.
Lakin Ali Baş Komandanın göstərişi ilə düşmənə Aprel və Günnüt zəfərlərində olduğu kimi, yenə də layiqli cavab verildi. Görülən lazımi tədbirlər, qisas əməliyyatı nəticəsində düşmənin onlarla hərbçisi, texnikası məhv edildi. Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu məhv etdi.
Təcavüzkarın bu hücumunun qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyat həm də bütövlükdə cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Bunu Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar da təsdiqlədi. Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi.
Ancaq bu həmrəyliyə, milli birliyə xələl gətirmək istəyən antiazərbaycançı qüvvələr, "beşinci kolon” nümayəndələri yenə məkrli niyyətlərini gizlədə bilmədilər. Təəssüflə qeyd etməliyik ki, iyulun 14-ü axşamı paytaxt Bakıda ordumuza dəstək məqsədilə keçirilən yürüşə həmin qüvvələr tərəfindən sonradan siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edildi. Bu təxribat əvvəlki çirkin ssenarilərin tərkib hissəsi idi.
Xəyanətdə əli olan hər kəs layiqli cəzasını alacaq
Prezident bu təxribata da aydınlıq gətirərək dedi ki, insanların dinc yürüşü, ordumuza dəstək aksiyası zamanı bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar törətdilər:
"Parlament binasının əldə
edilmiş qələbə ilə nə bağlantısı
var? Bir də
ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan
artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək
də görmüşük. Yəni
xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram
etmək lazımdır. Amma girib parlamentin
binasının divarlarını, kabinetlərini
dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər
qalxmışdılar. Kabinetlərin
qapılarını, şüşələrini
sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa?
Bunu kim edə bilər? Düşmən,
başqa heç kim”.
Həqiqətən də, öz xalqına, Vətəninə
bağlı olan adamın müharibə gedən bir vaxtda belə
təxribata, çirkinliyə əl atması qəbul edilən
deyil.
Hazırda istintaqın getdiyini söyləyən Prezident həmin
prosesin iştirakçılarının və bu xəyanətdə
əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini,
məsuliyyətdən qaça bilməyəcəklərini
diqqətə çatdırdı: "Bir-bir
hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə
cəlb edəcəyik. Qoy, xalq onları
tanısın. Qoy, onların valideynləri
utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət
daşıyırlar. Təbii ki, bu, mənəvi
məsuliyyətdir. Amma qoy, valideynləri də
utansınlar”.
Səfərbərliyin
elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur
Dövlət başçısı ordumuza dəstək
mitinqində iştirak edən vətəndaşların orduya
yazılmaları ilə bağlı müraciətlərə
də aydınlıq gətirdi.
Xatırladaq ki, Prezident Nazirlər Kabinetinin son
iclasında həmin şəxslərə qeydiyyatda
olduqları Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rayon şöbələrinə müraciət etmələri
ilə bağlı çağırış etdi. Bu müraciətdən
sonra minlərlə gənc orduda xidmət etmək
üçün qeydiyyatdan keçdi. Dövlət
başçısı bu müraciətdən 1 həftə
keçməmiş 50 minə yaxın insanın qeydiyyata
alındığını vurğuladı: "Mən bu
günlərdə hər gün bəlkə də minlərlə
məktub alıram. O məktublarda vətəndaşlar öz
dəstəyini ifadə edirlər, həmrəyik ifadə
edirlər, mənim çıxışımdan sonra orduda
xidmət etmək istəyirlər. Mən
demişdim, orada şüşələri qıranlar getsinlər,
yazılsınlar orduya. O gün cəmi 150 nəfər
könüllü olaraq Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə
keçməyib, artıq əlli minə yaxın insan
yazılıb. Əlli minə yaxın Azərbaycan
vətəndaşı, - onların mütləq əksəriyyəti
gənclərdir, - Vətəni qorumaq üçün
artıq Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
müraciət edib, öz adlarını, ünvanlarını
veriblər. Mən onlara təşəkkür
edirəm. Bax, budur Azərbaycan xalqı,
budur Azərbaycan gənci. Parlamentin
şüşələrini, qapılarını qıran yox.
Budur, bu gün Qarabağda ölümə getməyə
hazır olan Azərbaycan gənci”.
Gənclərə,
onların valideynlərinə təşəkkürünü
bildirən Prezident dedi ki, Azərbaycan Ordusu bu gün istənilən
vəzifəni icra edə bilər. Ordumuz tam
komplektləşdirilib və əgər əlavə canlı
qüvvə lazım olarsa, əlbəttə ki, bundan istifadə
ediləcək.
Səfərbərliyin elan edilməsinə isə hələ
ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə,
bu da olacaq: "Mən demişəm, bir daha demək istəyirəm,
- çox da dərinə getmək istəmirəm, - biz
bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik.
Bizim siyasətimiz ədalətli siyasətdir.
Bizim siyasətimiz həm beynəlxalq hüquqa,
tarixi ədalətə söykənir və biz istədiyimizə
nail olacağıq”.
Bütün
dayaqlarını itirən Ermənistan dalana dirənir
Ermənistanın bu təxribatından sonra Azərbaycana
heç vaxt olmadığı qədər beynəlxalq dəstək
göstərildi. Beynəlxalq təşkilatlar, xüsusən də
Qoşulmama Hərəkatı, Türk Şurası, İslam
Əməkdaşlıq Təşkilatı və dost dövlətlər
Azərbaycanın haqlı mövqeyini müdafiə edərək
Ermənistanın hərbi təxribatını qətiyyətlə
pislədilər.
İşğalçı ölkənin tək ümidi
isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
idi. Azərbaycan Ordusunun cavab həmləsindən sonra təlaşa
düşən işğalçı bu quruma yalvararaq
ölkəmizə qarşı bəyanat qəbul etməsini
xahiş etdi və rədd cavabı aldı.
Bu məsələlərə
də aydınlıq gətirən cənab İlham Əliyev
dedi ki, Azərbaycana ilk dəstək hər zaman olduğu kimi,
qardaş Türkiyədən gəlib. Türkiyə
Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan
birmənalı şəkildə Azərbaycanı dəstəkləyib
və bildirib ki, Azərbaycanın yanındadır. Eyni zamanda bir çox ölkələr fərdi
qaydada rəsmi şəxslər səviyyəsində Azərbaycana
dəstək göstəriblər.
Ermənistanın
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
üz tutmasına gəlincə isə Prezident dedi ki, təxribatlar
nəticəsində başından güclü zərbə alan təcavüzkar KTMT-yə Azərbaycanı
qınayan bəyanat verməsini tələb edib. Yenə də
istəkləri baş tutmadı: "Buna nail
ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı
ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam.
Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə
üzvdür. Onlardan üçü beynəlxalq
təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və
Qırğızıstan Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası vasitəsilə bizə
dəstək oldular. Belarus Qoşulmama Hərəkatında
təmsil olunur. O da Qoşulmama Hərəkatının
bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni
altı ölkədən üçü Azərbaycanı
birmənalı şəkildə dəstəklədi və
başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə,
çətin günlərdə onlar bizə etibar edə bilərlər”.
Cənab
İlham Əliyev işğalçı ölkəyə bu təşkilatla
bağlı etdiyi çirkin oyunları da xatırladaraq dedi
ki, Ermənistanın qorxaq rəhbərliyi qaçıb
yardım almaq istədiyi KTMT-ni necə təhqir etdiyini,
heç bir başqa ölkə ilə razılaşma aparmadan
onun baş katibini həbs elədiyini, Belarus nümayəndəsinin
quruma yeni baş katib təyin olunmasının əleyhinə
çıxdığını yadına salsın.
Əli hər şeydən üzülən, heç bir
dövlət, təşkilat tərəfindən dəstək
ala bilməyən Ermənistanın dalana dirəndiyi göz
önündədir. Artıq beynəlxalq birlik bu ölkənin
təcavüzkar siyasətini qətiyyətlə pisləyir.
İndiyədək başqalarının himayəsində
olan işğalçı ölkə getdikcə olan, qalan
"etibarını” da itirir.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə bir daha Ermənistanın
rəhbərliyinə mesaj göndərərək təkbətək
savaşa çağırdı: "Bəs nə oldu, o vaxt
KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən
yapışırsan. Gəl bizimlə təkbətək
vuruş, təkbətək, baxaq görək bunun
axırı nə olacaq”.
Bütün
bu mesajlar, cənab İlham Əliyevin qətiyyətli fikirləri
bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində, həm mənfur
qonşu ilə mübarizədə çox böyük bir
gücə çevrilib: Bunu biz yaratmışıq, Azərbaycan
xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi,
azadlığı, insanların rifahı və ölkəmizin
güclənməsi daim diqqət mərkəzində olacaq...
...Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir.
İşğal edilmiş bütün torpaqlar
istisnasız azad edilməlidir. Azərbaycan
vətəndaşları işğal edilmiş bütün
torpaqlara, o cümlədən Şuşaya
qayıtmalıdır. Budur mənim siyasətim
və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ
ki, açıq danışmaq olar”.
İndiyədək
şəhid ailələrinə, müharibə əlillərinə
8018 mənzil verilib
Prezident, həmçinin qlobal pandemiya dövründə
ölkəmizdə reallaşan sosial layihələrlə
bağlı geniş məlumat verərək qeyd etdi ki,
dövlət şəhid ailələri, ölkəmizin ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi
olan şəxslərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
mühüm işlər görür.
Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Bu da rekord göstərici hesab olunur. Çünki əvvəlki illərdə şəhid ailələrinə 600-700 mənzil təqdim olunurdu. Pandemiya ilə mübarizə dövründə isə rekord sayda - 1500 mənzil veriləcək.
Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə Prezident dedi ki, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, dövlət bu məqsədlər üçün istənilən xərclərə gedir.
2018-ci ildə 265, 2019-cu ildə isə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.
Göründüyü kimi, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Məcburi köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə isə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Bütün bunlar dövlətin ölkə vətəndaşlarına göstərdiyi diqqətinin əyani təzahürüdür. Qlobal pandemiya ilə mübarizədə öz gücünə arxalanan Azərbaycan həm də böhrandan əziyyət çəkən ölkələrə də yardımlar edir. Bu da, əlbəttə ki, Azərbaycanın qüdrətinin, iqtisadi gücünün bariz təcəssümüdür.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 23 iyul.- S.1;5.