Azərbaycan Prezidentinin
köməkçisi bir sıra ziyalı
və ictimai xadimlərlə görüşüb
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və
ziyalılarla görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə koronavirus
pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə
görülən işlər və bundan sonra atılacaq
addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətinə
baş vermiş hadisələr və digər məsələlər
ətrafında müzakirələr olub.
Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində yoluxmaların sayının azalmasına nail olunub. Xarici ölkələrdən cəlb olunan mütəxəssislər virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərirlər və artıq müsbət nəticələr əldə etmək mümkün olur.
Anar Ələkbərov görülən işlərdə dövlətin çağırışlarına dərhal cavab verən, dəstək göstərən özəl sektorun rolunu da xüsusi qeyd edib. Bildirib ki, xarici mütəxəssislər də ölkəmizdə bu işin daha yaxşı və düzgün aparıldığını dəfələrlə vurğulayıblar. Bütün bunlar ölkəmizin tezliklə bu ciddi problemin öhdəsindən gələcəyini deməyə əsas verir. Bunun üçün daha həmrəy olmalı və vətəndaş kimi məsuliyyətimizi artırmalıyıq. Xüsusi karantin rejimində proseslərin mərhələli şəkildə yumşaldılmasından danışan Anar Ələkbərov addımların düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin və medianın, ictimaiyyət nümayəndələrinin bu sahədə təbliğatla bağlı dəstəyinin vacibliyini vurğulayıb.
Görüşdə, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr müzakirə olunub və işğalçı Ermənistanın növbəti təxribatının fonunda insanların yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi bildirilib. Qeyd olunub ki, həmrəylik təkcə Azərbaycan daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşanır. Müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar Azərbaycanın haqq səsini çatdırmaq üçün birləşiblər. Amma bununla yanaşı, sosial şəbəkələrdə insanlara qorxu, panika hissini aşılamağa çalışanlar da var. Belə xoşagəlməz halların qarşısını almaq üçün isə imkanlarımızı səfərbər etməliyik. Bu istiqamətdə ictimai həyatda fəal olan şəxslərin fikirlərinin, təkliflərinin əhəmiyyətli olduğu bildirilib.
Görüşdə çıxış edən yazıcılar, şəhidlərin ailə üzvləri, jurnalistlər, deputatlar, hüquqşünaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər.
Çıxış edənlər sosial mediada aparılan təxribatlardan danışıblar və Azərbaycanın müharibə şəraitində olan bir dövlət kimi bunun qarşısını almaq üçün səmərəli mexanizmlər tətbiq etməli olduğunu vurğulayıblar.
Görüşdə
ictimai xadimlərin suallarını cavablandıran Azərbaycan
Prezidentinin köməkçisi səslənən fikirlərin
əhəmiyyətini qeyd edib və təkliflərin nəzərə
alınacağını bildirib.
Azərbaycan.-2020.- 23 iyul.- S.2.