Addım-addım karantindən yumşaldılmaya doğru

 

Yoluxma nəzarət edilən formaya düşərsə, bütün Azərbaycan yaşıl zonaya çevriləcək

 

 

Qlobal pandemiya hər ötən an yoluxma sayını artıraraq dünyanı əsarəti altına almaqda davam edir. Hazırda koronavirus infeksiyası karantin rejimləri tətbiq olunmamışdan əvvəlki sürətinə qayıdıb. Dünyada koronavirusa yoluxanların sayı 14,3 milyon nəfəri keçib, pandemiya qurbanlarının ümumi sayı isə 600 mindən çoxdur.

Demək olar ki, bir müddət əvvəl yumşalmalara gedən əksər ölkələr yenidən SOS siqnalı verərək, infeksiyanın qarşısıalınmaz bir sürətlə yayıldığı barədə xəbərdarlıq edərək və yenidən sərt karantin rejiminin tətbiqinə başlayıblar. O da reallıqdır ki, bütün ölkələrdə tətbiq edilən yumşalmaları insanlar virusun yox olması kimi anlayaraq, normal həyat şərtlərində yaşamağa başlayır, sosial məsafəni unudur, maska istifadəsinə zərurət görmür və pandemiyanın digər tələblərinə əməl etmirlər. Bu isə qısa zamanda COVID-19-un yoluxdurma arealını genişləndirir, aldığı canların sayını artırır.

Koronavirusdan birdəfəlik qurtuluş yolu isə yalnız peyvəndlə mümkün ola bilər. Yarım ildən çox zaman müddətində 23 potensial peyvənd hazırlanıb, amma təəssüf ki, hələlik COVID-19-a qarşı tam dəqiq və keyfiyyətli peyvənd kəşf edilməyib.

 

 

Zamanında alınan düzgün qərarlar

 

 

Azərbaycanda da qlobal pandemiya ilə mübarizə davam etdirilir. Dövlətimiz epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün demək olar ki, bütün qüvvələrini səfərbər edib. Mərhələli şəkildə koronavirusa qarşı həyata keçirilən effektiv tədbirlər isə öz müsbət nəticəsini verir. Buna görədir ki, hazırda da koronavirusun ilkin mərhələsində olduğu kimi, virusa yoluxanların sayında xeyli azalma, sağalanların sayında isə artım müşahidə olunur. İnfeksiyaya yoluxma ilə bağlı stabilləşməyə isə zamanında atılan qabaqlayıcı addımlar səbəb oldu. Sərt karantin rejiminin tətbiqi virusu nəzarətdə saxlamağa, daha geniş yayılmasının qarşısını almağa imkan verdi. Eyni zamanda səhiyyə sahəsində yaradılan möhkəm maddi-texniki baza, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması xəstəliyin erkən aşkarlanmasına və yoluxan şəxslərin tibb müəssisələrində müalicə almasına şərait yaratdı.

Buna görə də indiyə qədər 20 mindən çox vətəndaşımız sağalaraq evlərinə yola salınıb. Ən ağır, yaşamasına ümid qalmayan xeyli sayda xəstə həyata qaytarılıb. İndiyə qədər virusun erkən aşkarlanması üçün 600 mindən çox test edilib.

Ölkəmizdə yeni növ koronavirusa qarşı əldə olunan nailiyyətlərin əsasında isə vətəndaşların qoyulan qaydalara əməl etməsi durur. Bu bir reallıqdır ki, əhalimizin qaydalara əməl etməsi sayəsində yoluxma sayında sabitləşməyə nail olunub, hətta rəqəmlər müsbətə doğru dəyişib.

 

Bakıdan rayonlara getmək imkanı yaradılsa, əldə etdiyimiz nailiyyətləri itirə bilərik

 

Amma tam qələbə əldə etmək, virusun ayağını vətənimizdən birdəfəlik kəsmək üçün bir az daha dözüm, anlayış, məsuliyyət nümayiş etdirməliyik. Çünki hələ də yoluxma sayı yüksək olan ərazilərimiz mövcuddur.

Buna görə də, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqustadək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, dünyanın bir çox ölkələrində karantin rejimi qalır: "Hətta bir çox ölkələr ikinci dəfə karantinə gedir və Azərbaycan da bu sıradadır. YaponiyaHonkonq kimi ölkələrdə də yenidən yoluxma artır. İsrail də çimərlikləri açmışdı, yoluxma artdığı üçün karantinə gedir”.

Məhz karantin rejiminin tətbiqi sayəsində ölkədə yoluxma coğrafiyası məhdudlaşdırıldı. Bu həssas məqamda sərt karantin rejimi elan olunan ərazilərdən digər şəhər və rayonlara getmək imkanının yaradılması həmin ərazilərdə də koronavirusun yayılmasına gətirib çıxara bilər.

Ş.Mövsümov bununla bağlı söyləyib ki, ilk qapanma dövründə insanlar qanunları pozaraq rayonlara getdilər. Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır. Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik: "Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq. Ən ideal variantda biz bilməliyik ki, yoluxan insan haradadır kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım da Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olar”.

 

 

Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verə bilər

 

 

Ş.Mövsümov qeyd edib ki, növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir: "Kafe, mağaza restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır. Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. İnşallah, bununla da peyvəndin tapılmasına qədər gedə bilərik. Bəli, yumşalmalara gedəcəyik, bu tədricən olacaq”.

Göründüyü kimi, normal həyata dönüş, pandemiyadan öncəki yaşama qayıtmaq öz əlimizdədir. Yekdilliklə buna çalışmalı, bu uğurda mübarizə aparmalıyıq. Hələlik çıxış yolumuz COVID-19-un diktə etdiyi tələblərə uyğun yaşamaq peyvənd tapılana qədər sağlığımızı təhlükəyə atan bu qəddar virusdan qorunaraq ona yoluxmamaqdır.

 

 

Məqsəd insan təmasını azaldaraq yoluxma zəncirini qırmaqdır

 

Eyni zamanda ictimai nəzarətçiyə çevrilib ətrafımızdakıların da maksimum dövlətimizin qoyduğu tələblərə əməl etməsinə nail olmalıyıq. Rastlaşdığımız qanun pozuntuları ilə bağlı mütləq aidiyyəti üzrə məlumat verməliyik. Kütləvi yerlərdə, xüsusilə yas mərasimlərində iştirakdan çəkinməliyik. Çünki ölkəmizdə bu mərasimlər zamanı yoluxmaların çox olduğu da faktdır.

Təbii ki, heç kəs karantin rejiminin tətbiqindən, doğmaları ilə birgə şadlıq etməməkdən, əzizlərinin yas mərasimində iştirak etməməkdən, istirahət etməməkdən s. məmnun deyil. Amma dünyanın hər yerində koronavirusun yaratdığı təhlükəli vəziyyət bunu tələb edir.

Dövlətimiz tərəfindən bu istiqamətdə atılan bütün addımlar, görülən tədbirlər, tətbiq olunan karantin rejimləri maksimum insan təmasını azaltmaq bu sayədə virusun ölüm zəncirini qıraraq təhlükəsizliyimizin, sağlamlığımızın qorunması məqsədini daşıyır.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 23 iyul.- S.5.