Tovuzun Ağdam kəndinin sakinləri əsl fədakarlıq göstərirlər

 

 

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Elə günlər var unudulur, elələri də var ki, heç vaxt yaddan çıxmır. Unudulmayan günləri isə tarixə yazan qəhrəmanlarımız, daha doğrusu şəhidlərimizdir. Çünki bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Müəyyən vaxtdan sonra onu başa vuracağıq. Lakin şəhidlər onlara bəxş olunan ömrü başa vurmurlar. Onlar mənsub olduqları millətin qəlbinə həkk olunaraq əbədi yaşayırlar.

Vətənpərvərlik qəhrəmanlığa yol açan əsas amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Onların göstərdikləri fədakarlıqlar bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan çoxlu sayda igidlər yetişdirmişdir. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı məhz buna nümunədir. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhid olan yüzlərlə soydaşımızın adı bu gün də hörmətlə çəkilir, onların ruhu qarşısında ehtiram göstərilir.

Tarix çox müharibələrin, ölkələrin viran qalmasının, saysız-hesabsız insanların həlak olmasının şahidi olub. Lakin bəşəriyyət zaman-zaman erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilik səviyyəsində ikinci bir faktla qarşılaşmayıb. Bu faciələr xüsusilə ötən əsrin 90-cı ilinin əvvəllərində ölkəmizdə hakimiyyətsizlik hökm sürəndə daha çox törədildi. Yaranmış vəziyyətdən istifadə edən ermənilər torpaqlarımızın 20 faizini öz havadarlarının köməyi ilə işğal etdilər. Onlar xalqın gözünü qorxutmaq üçün Xocalı soyqırımı törətdilər. Lakin Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra xalqımıza qarşı törədilən qırğınlar dayandı. Ulu Öndərin təşəbbüsü ilə atəşkəs əldə olundu. Bundan sonra xalq rahat nəfəs almağa başladı. Qısa vaxt ərzində iqtisadiyyat yüksəldi. Ordumuz formalaşıb sürətlə inkişaf etməyə başladı. Prezident İlham Əliyevin fədakarlığı və uzaqgörən siyasəti nəticəsində ordumuz dünyanın ən güclü orduları siyahısında özünə yer aldı. İndi Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün bütün imkanlara malikdir. Bu imkanları biz 2016-cı ildə Aprel döyüşlərində bir daha yəqin etdik. Cəmi 4 gün davam edən döyüşlər çox söz dedi. Xalqımız həsrətlə gözlədiyi qələbənin sevincini hiss etdi. Bu qələbə insanların Ali Baş Komandana, ölkənin Silahlı Qüvvələrinə olan inamını, etibarını daha da artırdı.

Ordumuzun  ermənilər üzərində növbəti qələbəsi isə bu il davam etdirildi. Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçdilər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən öz yerində otuzdurulmaqla onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Təəssüflər olsun ki, bu döyüşlərdə Azərbaycan tərəfi də itkilər verdi. Düşmənin atdığı mərmilər bir neçə tikiliyə ziyan vurdu. Bir nəfər mülki vətəndaş həlak oldu. Hazırda Azərbaycanın Silahlı Qüvvələri bölgədə vəziyyətə nəzarət edir, yeri gəldikcə Ermənistanın təxribatlarına qətiyyətlə cavab verir.

İndi Tovuzun sərhəd kəndlərində arabir atılan mərmi və güllələri nəzərə almasaq, nisbi sakitlikdir. İnsanlar gündəlik məişət qayğıları ilə məşğuldurlar. Əsasən əkin-biçin, eləcə də heyvandarlıqla məşğul olan sakinlər düşmənin törətdiyi təxribatlardan qətiyyən qorxmurlar. Tovuz Rayon İcra Hakimiyyətinin Ağdam kənd icra nümayəndəsi ilə söhbətimizdə də bunun şahidi olduq. İcra nümayəndəsi Həqiqət Məmmədova dedi ki, kənd camaatı artıq güllə səsinə alışıb. Uşaqdan böyüyə hamı ermənilərin xislətini yaxşı bilir. Odur ki, atışma başlayandan bir nəfər də olsun kəndi tərk etməyib. Hamı imkan düşdükcə əkin-biçin işləri ilə, yetişdirdikləri məhsulun yığımı ilə məşğul olur.

Ağdam kəndi Tovuzun səfalı bir ərazisində yerləşir. Hər tərəfdən yaşıl dağ yamacları ilə əhatə olunmuş kəndə dövlətin qayğısı ilə asfalt yol çəkilmişdir. Rayon mərkəzindən o qədər də uzaqda olmayan kəndə marşrut avtobusu işləyir. Kənddə 180 yerlik məktəb, 60 yerlik uşaq bağçası fəaliyyət göstərir. Burada poçt və mədəniyyət evi də sakinlərin ixtiyarındadır. Həddindən artıq işgüzar olan kənd camaatı dolanışığını əsasən torpaqdan çıxarır. Söhbət zamanı icra nümayəndəsi onu da əlavə etdi ki, Ermənistanla sərhədin o tayında yerləşən erməni kəndlərində həyat ölü vəziyyətindədir. Əlbəttə, bütün bu uğurlarımızı görən ermənilər söz yox ki, paxıllıq çəkir və olanlarımızı dağıtmaq istəyir.

Təxribat zamanı Ermənistan ordusunun öz mövqelərindən Ağdam kəndinə artilleriya qurğusundan atdığı D-30 topu və 120 mm-lik minaatanların mərmiləri yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Top mərmilərindən ayrılan qəlpələr bir neçə evin dam örtüyünə ziyan vurub. Hətta minalardan biri 76 yaşlı kənd sakini Əziz Əzizovun həlak olması ilə nəticələnib. İkinci mina isə Ermənistan ordusunun mövqeyinə yaxın ərazidə yerləşən Minayə Qasımovanın evinə düşərək evin bir hissəsini uçurub. Xoşbəxtlikdən evdə insan tələfatı olmayıb. 4 övladı və 7 nəvəsi olan Əziz Əzizov isə övladlarının xəbərdarlığına baxmayaraq, yaşadığı evi tərk etmədi. Keçmiş döyüşçü olaraq el-obasının, ordunun yanında olmağı özünə borc bildisevdiyi torpaq uğrunda canını fəda verdi.

Ağdam kənd sakini Məmməd Novruzov deyir ki, iyulun 12-də günorta saatlarında ermənilər kəndi atəşə tutdular. Elə bildik ki, bu, onların növbəti təxribatıdır. Atışmanın şiddətlənməsindən sonra başa düşdük ki, bu, adi günlərdəki güllə səsləri deyil. Azərbaycan Ordusu cavab atəşi ilə düşmənə elə bir divan tutdu ki... İndi ermənilərin səsi batıb. Onlar varlıqlarını sübut etmək üçün arabir iriçaplı silahlardan atəş açırlar ki, bu da kənd sakinlərini qətiyyən qorxutmur.

Söhbət zamanı Məmməd Novruzov dedi ki, 70 sota yaxın əkin sahəsi var. Orada kartof, lobya, pomidor-xiyar və digər bostan bitkiləri əkir. İndi məhsulun yığım vaxtıdır. Var olsun ordumuzu. Ona arxalanıb hər gün sahələrə çıxır, qış azuqəsinin ehtiyatını tuturuq. Artıq qalan məhsulumuzun bir hissəsini də aparıb Tovuz bazarında satırıq.

Məmməd Novruzovun 3 oğlu, 1 qızı var. Oğlunun biri - Səmiyəddin Novruzov Milli Orduda xidmət edir. Qızı Nuranəni köçürüb. O da ailəsi ilə birlikdə Ağdam kəndində yaşayır.

Dağlıq Qarabağ müharibəsi başlayandan Tovuzun Ağdam kəndi də onlarla şəhid verib. Onlardan biri - Yusifov Naiq Nəsir oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Naiqin ata-anası hazırda kənddə yaşayır. Hər ikisi təqaüddədir. Evləri Azərbaycan-Ermənistan sərhədinin, necə deyərlər, iki addımlığındadır. Milli Qəhrəmanın atası Nəsir və anası Xədicə Yusifovlar atışma başlayandan evdən kənara çıxmayıblar. Söhbət zamanı bildirdilər ki, kənd sakinləri necə, biz də elə. Biz dünya görmüş adamlarıq. İtiriləsi heç nəyimiz yoxdur. Sağ olsun dövlət başçımızı. Bilirik ki, o, gecə-gündüz işğal olunmuş torpaqlarımızın azad olunması üçün yollar axtarır. Əminik ki, geç-tez ədalət öz yerini tapacaq. Düşmən tapdağı altında olan 20 faiz torpaqlarımız Ali Baş Komandanın iradəsi və siyasi fəaliyyəti ilə azad olunacaq. Onda oğlumuz Naiqin ruhu da şad olacaq.

Kənd sakini Sübhan Hacıyev də təsərrüfat işləri ilə məşğuldur. 2 qızı, 1 oğlu var. Deyir ki, düşmənin atdığı mərmilərdən qətiyyən qorxmurlar. Camaat Azərbaycan Ordusunun əsgər və zabitlərinə inanır. Bilir ki, onları qoruyan Azərbaycan Ordusu var. Odur ki, əkin-biçinlə məşğuldur. Həyətində iki inəyi, bir neçə qoyunu var, toyuq-cücə də saxlayır. Deyir ki, mənfur düşmən tez-tez atəşkəsi pozmasa, günləri-güzəranları yaxşı keçir. Ancaq bilirlər ki, pis günün ömrü az olduğu kimi, bu çətinliyin də ömrü az olacaq. Əgər danışıqlar yolu ilə müharibəyə son qoyulmasa, Azərbaycanın güclü ordusu erməniləri yerində oturtmağı bacaracaq. Bu haqq işində Sübhan kişiAli Baş Komandanın əmri ilə döyüşlərə atılmağa hazır olduğunu bildirdi.

Eldar Məmmədov keçən əsrin 90-cı illərində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Onlarla erməni əsgərini məhv edib. Deyir ki, lazım gəlsə, Ali Baş Komandanın bir əmri ilə yenidən vuruşmağa hazırdır. Ancaq ölkə rəhbəri hələlik səfərbərliyə ehtiyac duymur. Çünki Azərbaycanın yüksək döyüş qabiliyyətli ordusu, eləcə də ən müasir hərbi texnikası var. İstənilən vaxt mənfur düşməni torpaqlarımızdan qova bilərik.

İndi bölgədə, o cümlədən Tovuzun Ağdam kəndində nisbi sakitlikdir. Azərbaycan Ordusu ermənilərə layiqli cavab verdikdən sonra onlar hələ özlərinə gələ bilməyiblər. Belə bir dövrdə sərhəd kəndlərində yaşayan sakinlər bir qədər nəfəs alır, gündəlik işləri ilə məşğul olurlar. Bilirlər ki, döyüşlər yenidən başlasa, onları qoruyacaq güclü ordumuz var. Ölümün gözlərinə dik baxan bu insanlar həqiqətən cəsur, vətənpərvər və fədakardırlar. Vətən uğrunda şəhid olmağı da özlərinin müqəddəs borcları hesab edirlər. Kənddə kiminlə söhbət etdiksə, "Şəhid verməyən xalqın mənliyi olmaz” - dedi. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 23 iyul.- S.6.