İlham
Əliyevin qələbəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin iclası, hər şeydən əvvəl, hazırda dünyanın qlobal pandemiya bəlası ilə üzləşdiyi çətin bir dövrdə ölkəmizdəki mövcud inkişaf proseslərinin dərindən təhlil edilib dəyərləndirilməsi, qazanılmış böyük uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrin müəyyən edilməsi baxımından əlamətdar hadisədir. Prezidentin Sədrlik etdiyi Nazirlər Kabinetinin iclası Azərbaycan dövlətinin tarixinə pandemiya dövrünün sosial-iqtisadi inkişafının hesabatı kimi daxil oldu. Çünki 2020-ci ilin birinci yarısının üç aydan artıq müddəti koronavirusla mübarizənin prioritet hesab edildiyi bir mərhələ olmuşdur.
Azərbaycan xalqı yaxşı başa düşür ki, 2020-ci ilin birinci yarısında ölkəmizin sosial-iqtisadi prioritetləri xeyli dərəcədə dəyişərək, insanların sosial müdafiəsinə və sağlamlığına hesablanmış tədbirlərin üstünlük qazanmasına doğru istiqamətləndirilmişdir. Bununla belə, Prezident İlham Əliyevin məqsədyönlü idarəçilik bacarıqları sayəsində 2020-ci ilin ötən dövrü ərzində həm koronavirusla mübarizə sahəsində mühüm nailiyyətlər qazanılmış, həm də sosial-iqtisadi inkişafın dayanıqlığı, səmərəliliyi təmin edilmiş, mühüm nəticələr əldə olunmuşdur. Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışında öz əksini tapmış diqqətəlayiq statistika bütün çətinliklərə baxmayaraq, Azərbaycanın belə gərgin bir şəraitdə də sosial-iqtisadi inkişaf sahəsində uğurlara nail ola bildiyini diqqət mərkəzinə çəkməyə imkan yaradır. Hesab edirəm ki, Prezident İlham Əliyevin səsləndirdiyi Azərbaycan Respublikasının indiki ağır dövrdə BMT-nin "Dayanıqlı inkişaf indeksi” üzrə hesabatında keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşması faktı ölkəmizdəki sosial-iqtisadi inkişafın səviyyəsi və dövlətimizin beynəlxalq nüfuzunun artması baxımından mühüm göstəricidir. Bundan başqa, pandemiya dövrünün çətinlikləri fonunda maliyyə yardımı almaq məqsədilə dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə qurumlarına müraciət edildiyi bir şəraitdə Azərbaycanın öz problemlərini daxili imkanlar hesabına uğurla həll etməsi haqqındakı məlumatlar da əldə olunmuş nailiyyətlərin mühüm amillərindən biri kimi qeyd edilməyə layiqdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdən bəri apardığı ardıcıl, düşünülmüş və məqsədyönlü iqtisadi siyasətin konkret əməli nəticəsidir. Bu, ölkəmizin rəhbərinin Azərbaycan dövlətini beynəlxalq maliyyə qurumlarının və digər təşkilatların asılılığından qorumaq, dövlət müstəqilliyini bütün sahələr üzrə öz resurslarımız əsasında təmin etmək istiqamətində apardığı ardıcıl siyasətin və yorulmaz fəaliyyətin əməli bəhrəsidir. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır. Pandemiya dövrünün xüsusi çətinliklər yaratdığı və yeni öhdəliklər meydana çıxardığı indiki məsuliyyətli mərhələdə Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması Prezident İlham Əliyevin böyük qələbəsidir.
Əksinə, məlum olduğu kimi, koronavirusla mübarizə dövründə Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə böyük həcmdə maliyyə yardımı göstərmişdir. Bundan başqa, dövlətimiz dünyanın müxtəlif qitələrində koronavirusla mübarizədə xüsusi çətinliklərlə üzləşmiş ölkələrə də yardımlar ünvanlamışdır. Pandemiya ilə əlaqədar öz ölkəsinə qayıda bilməyib, Azərbaycanda qalan çoxsaylı insanlar da müstəqil Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunmuşlar. Beləliklə, Prezident İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası artıq çoxdandır ki, iqtisadi cəhətdən müəyyən yardım alan ölkədən başqa xalqlara və dövlətlərə yardım edən güclü dövlətə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan Respublikası dünyanın inkişafına təsir göstərən, təkan verən əsas dövlətlərdən biridir. Yer kürəsinin müxtəlif ölkələrində Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən tədbirlər ölkəmizin dünyadakı yerini və imkanlarını əyani şəkildə nümayiş etdirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik missiyasının təntənəsi, müstəqil dövlətimizin qələbəsidir.
Pandemiya ilə aparılan mübarizə şəraitində Azərbaycan Respublikasının bütün dünyaya nümayiş etdirdiyi ardıcıl qlobal həmrəylik müstəqil dövlətimizin və dövlət başçımızın beynəlxalq aləmdəki yüksək nüfuzunu daha da artırmışdır. Son bir neçə ay ərzində Türk Dövlətləri Əməkdaşlıq Şurasının üzvü olan və Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin rəhbərləri, bir çox dövlətlərin başçıları ilə danışıqlar beynəlxalq təşkilatların, maliyyə qurumlarının məsul nümayəndələri ilə keçirdiyi zirvə toplantılarında, onlayn görüşlərdə və müzakirələrdə nümayiş etdirdiyi qlobal baxış, yüksək intellektual səviyyə, aydın siyasi mövqe, həmrəylik missiyası və praqmatik yanaşmalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən nüfuzlu dövlət başçılarından və yeni tarixi dövrün liderlərindən biri olduğunu təsdiqləmişdir. Bu gün Prezident İlham Əliyev dünya siyasətinin idarə olunmasında mötəbər sözü, xüsusi yeri və mövqeyi olan əsas liderlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına planetimizin hər tərəfindən dərhal dəstək verilməsi Azərbaycan dövlətinin başçısının böyük qələbəsi, ölkəmizin mühüm uğurudur. Qeyd etdiyimiz mühüm tarixi əhəmiyyətə malik olan hadisələrdən hər biri Azərbaycan dövlətçilik tarixinin salnaməsinə qızıl hərflərlə yazılacaq parlaq səhifələrdir. Bu tarixi hadisələr Azərbaycanın bugünkü və gələcək nəsilləri üçün böyük iftixar mənbəyidir.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş iclası həm də sanki müharibə şəraitində dövlət səviyyəsində çağırılmış ölkəmiqyaslı toplantı idi. Bundan az əvvəl Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana növbəti təcavüzü ilə əlaqədar məsələlər geniş müzakirə olunmuş, dövlət səviyyəsində zəruri bəyanatlar verilmişdir. Xüsusən cənab Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı qətiyyətli mövqeyi və əsaslandırılmış bəyanatları xalqımızda və Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratmışdır. Ali Baş Komandan İlham Əliyevin Tovuz rayonunda düşmən təxribatına layiqli şəkildə cavab verən Azərbaycan Ordusuna ünvanladığı vətənpərvərlik dərsləri mühüm əhəmiyyətə malik çağırışların ifadəsidir. Təhlükəsizlik Şurasının iclasındakı müdrik və sərt çıxışı ilə Prezident İlham Əliyev ölkə daxilində mövcud olan sabitliyi daha da möhkəmləndirmək, qəhrəman Azərbaycan əsgərinə yol göstərmək, vətənpərvərlik dərsi verməklə bərabər, həm də dünya ictimaiyyətinə obyektiv informasiyanın çatdırılması kimi məsuliyyətli bir vəzifəni də yüksək səviyyədə yerinə yetirmişdir. Bunun ardınca Tovuz-Qazax rayonu ərazisində qəhrəman Azərbaycan Ordusunun yüksək döyüş bacarığı İlham Əliyev diplomatiyasının qələbəsidir. Beynəlxalq qurumların, dünya ictimaiyyətinin döyüş cəbhəsində gedən proseslərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdikləri dəstək dövlət başçımızın uzun illər ərzində apardığı ədalətli siyasətin növbəti təntənəsi və qələbəsidir.
Türkiyə
Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Türkiyə dövləti adından bu
çətin sınaq günlərində qardaş ölkənin
bütün imkanları ilə Azərbaycanın yanında
olmağa hazır olduğunu, "Biz Azərbaycanı qətiyyən
tək qoymarıq” qərarını açıq şəkildə
bəyan etməsi sözün böyük mənasında əsl
qardaşlıq nümunəsidir. Bu, Ulu
Öndər Heydər Əliyevin vaxtilə Azərbaycan-Türkiyə
münasibətləri haqqında böyük
uzaqgörənliklə ifadə etdiyi
"Bir millət, iki
dövlət” düsturunun nə demək olduğuna hərbi and səviyyəsində
qardaş ölkə tərəfindən verilmiş birmənalı cavabın əks-sədasıdır.
Bu, bir neçə il əvvəl
Çexiya Respublikasında keçirilmiş bir beynəlxalq
toplantıda Türkiyə Cümhuriyyətinin nümayəndəsinin
iştirak etmədiyi halda
qardaş ölkənin ünvanına bəyanatlar
səsləndirilərkən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin qətiyyətlə ifadə etdiyi
"Bu gün
Türkiyə burada yoxdur,
mən varam” kimi əsl
qardaşlıq mövqeyinin ən zəruri
məqamda bu dəfə Türkiyə tərəfindən
yenidən meydana qoyulmasının real nümunəsidir. Azərbaycan
xalqı Türkiyə Cümhuriyyətinin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın
hazırkı məsuliyyətli dövrdəki bəyanatını
və dəstəyini ölkələrimiz və
xalqlarımız arasındakı möhkəm
qardaşlığın və birliyin əbədiyyətə
qədər sarsılmaz şəkildə davam
edəcək parlaq nümunəsi kimi yüksək qiymətləndirir. Təsadüfi deyildir ki, 15 iyul 2020-ci il tarixdə Nazirlər Kabinetinin
iclasında da Prezident
İlham Əliyev Tovuz
rayonu ərazisində və onun ətrafında gedən prosesləri təhlil
edərkən qardaş Türkiyə
Cümhuriyyətinin qəti mövqeyini
yüksək dəyərləndirmişdir: "Biz bu günlərdə
Türkiyədən yenidən qardaşlıq, dostluq
münasibəti gördük. İlk saatlardan Türkiyənin
rəsmi qurumları bu məsələ ilə
bağlı Azərbaycanın haqlı mövqeyini
müdafiə etdilər, açıqlamalar verdilər. Dünən
Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl
Müdafiə naziri, Xarici
İşlər naziri, Prezident
Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar.
Bir daha bütün dünya,
Türkiyə və Azərbaycan xalqları gördülər
ki, biz əsl
qardaşıq. Yaxşı günlərdə də,
ağır günlərdə də bir-birimizin
yanındayıq. Yəqin ki,
həm Türkiyə vətəndaşları, həm də
Azərbaycan vətəndaşları mənim dəfələrlə
dediyim sözləri xatırlayırlar və
görürlər ki, mən nə qədər
haqlı idim deyəndə ki,
dünya miqyasında Türkiyə ilə
Azərbaycan qədər bir-birinə yaxın olan ikinci bir
ölkə yoxdur. Bu yaşanan vəziyyət bir
daha onu göstərir”.
Ümumiyyətlə, Tovuz hərbi əməliyyatları cəbhədəki böyük üstünlüklərimiz və uğurlarımızla birlikdə həm də ölkəmizdə vətənpərvərlik hərəkatını genişləndirmişdir. Son günlərdə əlli mindən çox Azərbaycan gəncinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhə xəttinə getmək, döyüşlərdə iştirak etmək arzusunda olduqlarını bildirmələri xalqımızın bütün təbəqələri kimi, gənclərimizin də Prezident İlham Əliyevin siyasətinə ürəkdən dəstək verdiklərinin, dövlət başçısının ətrafında onların sıx birləşdiklərinin əməli təcəssümüdür. Bu çətin sınaq anlarında sadə zəhmətkeş insanlardan tutmuş ziyalılara, iş adamlarına, elm xadimlərinə qədər hər bir vətəndaşın Prezident İlham Əliyevin ətrafında sıx birləşmələri Azərbaycanda xalq-iqtidar birliyinin möhtəşəm təntənəsidir. İlk dəfə 2020-ci ilin iyul döyüşləri zamanı xalq tərəfindən səsləndirilmiş "Bütün xalq ordudur” şüarı da Ali Baş Komandanla xalqın sarsılmaz birliyinin devizinə çevrilmişdir.
Bütün bunların müqabilində təxribatçı qüvvələr tərəfindən istiqamətləndirilmiş gəncliyin bir qrup emosional nümayəndələrinin Milli Məclisə soxulmaları, dövlət əmlakını dağıtmaları qətiyyən Azərbaycan gənclərinin ümumi simasını əks etdirmir. Bu cür yaramaz hərəkətlər Azərbaycan gəncliyinə heç cür yaraşmaz. Bu, vətənpərvərlik yox, cinayət hadisəsidir. Azərbaycanın çətin sınaq günlərində olduğu, cəbhədə döyüşlərin getdiyi bir şəraitdə bir qrup gəncin cinayət törətməsi onların və arxalarında gizlənən məkrli qüvvələrin doğma xalqına və ölkəsinə içəridən vurmaq istədiyi zərbədir. Əlbəttə, Azərbaycan gəncliyinin çox cüzi bir hissəsini təşkil edən belə aldadılmış gənclər layiqli cəzalarını alacaqlar. Bununla belə, fikrimcə, gənclərlə iş aparan dövlət qurumları, ictimai təşkilatlar, ailə institutları, ziyalılar da gənclər arasında ideya-siyasi işi, vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək üçün düşünülmüş tədbirlər həyata keçirməlidirlər. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında diqqət mərkəzinə çəkdiyi aşağıdakı fikirlər gənclərimizin ideya-siyasi tərbiyəsinin əsasına və hərbi andına çevrilməlidir: "Bu, milli məsələdir. Anti-Azərbaycan qüvvələri harada varsa, bloklayacağıq... Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub”.
Azərbaycan xalqı ürəkdən inanır ki, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bu günə qədər olduğu kimi, bundan sonra da Nazirlər Kabinetinin iclasında dövlət başçımızın böyük uzaqgörənliklə müəyyən etdiyi istiqamətlərin hər birində - "istər döyüş meydanlarında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə” dönmədən inkişaf edəcək, daha böyük qələbələrə imza atacaqdır. Prezident İlham Əliyevin apardığı mükəmməl dövlət siyasəti və ölkəmizdə monolit şəkildə formalaşmış xalq-iqtidar birliyi Azərbaycan dövlətini və xalqımızı qələbədən-qələbəyə aparmağa tam təminat verir.
Prezident
İlham Əliyevin qələbəsi müstəqil Azərbaycan
dövlətinin və xalqımızın qələbəsi
deməkdir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın birinci vitse-prezidenti,
Milli Məclisin deputatı,
akademik
Azərbaycan.-2020.- 24 iyul.- S.1;7.