Pandemiya ilə hərtərəfli mübarizə aparılır

 

Prezidentin rəhbərliyi altında həyata keçirilən xaricidaxili siyasət ölkəmizin daha da qüdrətli olması, insanların daha da yaxşı yaşaması məqsədi daşıyır

 

 

2020-ci il başlayandan Yer üzünü çənginə alaraq addım-addım hər nöqtəsinə sürətlə yayılan yeni növ koronavirus - COVID -19 insanlığı hələ də təhdid etməkdədir. Dünyanın super güclərini, nəhəng dövlətlərini diktə etdiyi şərtlərlə yaşamağa məcbur edən təhlükəli virusu ram etmək müşkülə çevrilib.

Təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, hələ də pandemiyanın qarşısını almaqya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmur. Koronavirus birinci, ikinci, üçüncü qorxunc dalğaları ilə insanların sağlığını təhlükə altına alır, sərt karantin rejimindən yumşaldılmalara addım atılan kimi yenidən aqressiv halda yoluxma sayını inanılmaz həddə artırır.

Buna görə də ölkələr COVID-19 bəlasından qurtulmaq üçün sərt karantin rejiminə sığınıb, xarici dünya ilə əlaqələrini kəsərək sərhədlərini bağlayıb. Amma təəssüf ki, əl atılan bu çıxış yolu koronavirusdan qorunmağa müəyyən mənada kömək etsə də, ölkələri iqtisadi uçurumlara sürükləyir. Sözün əsl mənasında, gözlə görülməsi mümkün belə olmayan kiçik bir virus dünyanı çarəsiz və nə edəcəyini şaşırmış vəziyyətə salıb.

Digər tərəfdən də tibb aləmi gecə-gündüz peyvənd axtarışlarını davam etdirir. Dünyanın dörd gözlə gözlədiyi peyvənd xəbəri ilə bağlı isə ÜST-ün təcili yardım proqramının direktoru Maykl Rayan "Twitter” hesabında bildirib ki, koronavirus əleyhinə peyvəndi insanlar 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcəklər.

Pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meyilləri müşahidə edilsə də, məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmadığını söyləyən M.Rayan qeyd edib ki, ÜST peyvənd hazır olandan sonra onun bütün insanlara paylanılacağını nəzərdə tutur: "Pandemiya əleyhinə peyvəndlər varlılar, yaxud da kasıblar üçün deyil, bu, hamı üçündür”.

 

 

Görülən tədbirlər əhalinin sağlamlığına və təhlükəsizliyinə hesablanıb

 

 

Göründüyü kimi, hazırda ölkələrin çıxış yolu peyvənd tapılana qədər qlobal böhrandan minimum itkilərlə çıxmaq və vətəndaşların həyatının təhlükəsizliyini təmin etmək üçün maksimum çalışmaqdır.

Azərbaycanda isə yuxarıda sadalanan meyarlar virusun ilk üzə çıxdığı zamandan etibarən dövlətimizin qarşısına qoyduğu əsas prioritetlərdən olub. COVID-19 virusunun vətənimizdə qarşısının alınması istiqamətində görülən tədbirlər əhalinin sağlamlığına və təhlükəsizliyinə hesablanıb. Maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması koronavirusla mübarizəyə inanılmaz töhfə oldu. Dövlətimiz qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər gördü. Karantin dövrü ərzində vətəndaşlara göstərilən maddisosial yardımlar bu xüsusda əhəmiyyətli rol oynadı. Hazırda da bu tədbirlər davam etdirilir.

 

 

Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir

 

 

21 iyulda İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı zamanı söylədi ki, pandemiya dövründə xeyli sayda insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub: "Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar”.

Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən effektiv tədbirlər ölkəmizi böyük bir bəladan xilas etdi. Onu da nəzərə almaq lazımdır ki, dövlət başçımız qlobal böhranla yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mübarizə aparır.

Eyni zamanda dünyanın pandemiya ilə çarpışdığı ağır bir zamanda Azərbaycanın sərhədlərinə xaincəsinə hücum edərək vəziyyəti çətinləşdirmək istəyən Ermənistan kimi mənfur düşmənlə də layiqli mübarizə aparır. Ali Baş Komandan qətiyyətli mövqeyidüşünülmüş siyasəti ilə hər zaman olduğu kimi, indi də düşmənə sarsıdıcı zərbələr endirir.

 

 

 

Zamanında görülən effektiv tədbirlərin sevindirici nəticəsi

 

Dövlətimiz vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması üçün bütün imkanlardan istifadə edir. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun lazımi addımlar atılır. Hazırda da infeksiyanın yoluxma dinamikası ilə bağlı ölkədəki vəziyyət təhlil edilərək uyğun tədbirlərin görülməsinə start verilib.

Yoluxma sayı yüksək olan bəzi şəhər və rayonlarımızda 5 avqustadək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Görülən bütün bu tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaq, yarada biləcəyi fəsadların qarşısını almaqdır.

Elə son zamanlar koronavirusa yoluxma sayında əldə olunan müsbət dinamika da zamanında görülən effektiv tədbirlərin sevindirici nəticəsidir. Hazırda da COVID-19 infeksiyası nəzarət altındadır. Azərbaycanda pandemiya ilə bağlı vəziyyət tədricən yaxşılaşır. Ehtimal ki, belə davam edərsə, yumşaldılmalar da tez bir zamanda baş verəcək.

 

 

 

Məsuliyyətli davranaraq tezliklə yumşaldılmaya nail ola bilərik

 

 

Amma dünya təcrübəsindən və may ayında ölkəmizdə yumşaldılmalar zamanı pandemiya şərtlərinə əməl edilməməsindən COVID-19-a yoluxma sayının qəfildən artdığını da bilirik.

Buna görə də Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi yanaşmağa, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırır. Vətəndaşlar bilməlidirlər ki, sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir. Sərtləşdirilmiş rejimin müddəti isə vətəndaşların məsuliyyətli davranışından və koronavirusun yayılma sayından asılıdır.

Dövlətimiz bütün imkanlarını qlobal pandemiyaya qarşı səfərbər edib, yoluxmanın idarəolunan səviyyəyə çatdırılması, lokallaşdırılması və tamamilə yox edilməsi istiqamətində zəruri tədbirlər görür.

Həm COVID-19, həm də vətənimizə göz dikən düşmənlərdən qorunmaq üçün biz vətəndaşlar da dövlətimizə kömək olmalı, qoyulan qaydalara əməl edərək qazanılan uğurlara dəstək verməliyik. Atalarımızın da dediyi kimi: "El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar”.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 24 iyul.- S.1;10.