Dövlət hər zaman öz vətəndaşının yanındadır

 

Ermənistanın hərbi təxribatı nəticəsində Tovuzda mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyan İlham Əliyevin sərəncamı ilə qısa müddətdə aradan qaldırılacaq

 

 

 

İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana qarşı həyata keçirdiyi təxribatın qarşısı ordumuz tərəfindən rəşadətlə alındı. Düşmən Silahlı Qüvvələrimizin çevik əks həmləsi və qisas əməliyyatı ilə darmadağın edildi, döyüş meydanında çoxsaylı canlı və texniki itkilər verərək geri çəkildi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyü, hər an düşməni məhv edə biləcəyi növbəti dəfə praktiki olaraq öz təsdiqini tapdı.

 

 

Düşmən beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozdu

 

 

Hərbi əməliyyatlar sonrakı günlərdə də davam etdibu zaman planı alt-üst olan Ermənistan ordusu təcavüzkar mahiyyətindən irəli gələrək Tovuzun kəndlərini artilleriyadan və digər iri çaplı silahlardan atəşə tutdu. Bunun da nəticəsində iyulun 14-də Tovuzun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov evində qətlə yetirilib. Həmçinin rayonun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində evlərə və infrastruktura ciddi ziyan dəydi.

İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə zərər çəkdiyi müəyyən edilib. Eləcə də dövlət əmlakı, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu dağıdılıb. Qeyd edək ki, Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.

Azərbaycanın aidiyyəti qurumları Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri, kəndləri atəşə tutmaları, mülki infrastrukturu artilleriya zərbələri ilə dağıtmaları barədə hesabat hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara təqdim ediblər. Bu cür hesabatlar Ermənistanın işğalçılıq siyasətinin ifşası barədə həqiqətlərin dünyaya çatdırılması baxımından olduqca vacibdir.

 

 

 

Sərəncamın icrası ilə bağlı işlərə başlanılıb

 

 

 

Tovuzda həyata keçirilən hərbi əməliyyatlarla düşmən hücumunun qarşısı qətiyyətlə alındı, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edildi. Hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

Prezident İlham Əliyevin iyulun 20-də imzaladığı müvafiq sərəncamla Ermənistan silahlı birləşmələrinin intensiv atəşi nəticəsində Tovuzun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində yaşayan mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyan qısa müddətdə aradan qaldırılacaq. Sərəncama əsasən, Ermənistanın atəşi nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyan İqtisadiyyat və Fövqəladə Hallar nazirlikləri tərəfindən birilkdə qiymətləndiriləcək.

Hazırda sərəncamın icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə işçi qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.

Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər daha sonra Azərbaycan Prezidentinə təqdim ediləcək.

 

 

Cəbhəyanı bölgələrin inkişafı daim diqqət mərkəzindədir

 

 

Xatırladaq ki, 4 il əvvəl erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyan həmin dövrdə qısa müddətdə aradan qaldırılmışdı. Prezident İlham Əliyevin 2016-cı il mayın 2-də imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu məqsədlə vəsait ayrılmış, dövlət başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. O vaxt ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılmışdı. Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilmiş, 8 ev bərpa olunmuşdu. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılmışdı. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülmüşdü. Ağdamda isə 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilmiş, 15 ev tamamilə bərpa olunmuş, 27 ev əsaslı təmir edilmiş, 693 evdə cari təmir işləri görülmüşdü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilmişdi.

Ümumiyyətlə isə cəbhəyanı rayonların inkişafı, həmin bölgələrdə müasir infrastrukturun yaradılması respublikamızda həyata keçirilən yüksəliş və quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Buna misal olaraq 2016-cı ilin Aprel döyüşlərindən Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işləri göstərmək olar. Hazırda Cocuq Mərcanlıda həyat öz axarına qayıdıb, kənddə yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.

Tovuzda mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Tezliklə dəymiş zərər aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq. Prezident İlham Əliyevin bununla bağlı sərəncamı bir daha göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 24 iyul.- S.1;7.