Yeni
etibarlı siyasi dialoq mühiti formalaşıb
Fazil
MUSTAFA: "İqtidar bu istiqamətdə öz iradəsini
ortaya qoyursa, hər bir müxalifət partiyası səmimi
şəkildə prosesə öz töhfəsini verməlidir”
Bu gün Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik
mövcuddur. Hazırda ölkədə Prezident İlham
Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin
daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində
inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi
prosesi gedir. Bütün bunlar yeni bir siyasi
münasibətlərin formalaşdığını təsdiqləyir.
Həmsöhbət
olduğumuz Böyük Quruluş Partiyasının sədri,
Milli Məclisin deputatı Fazil Mustafa da son dövrlərdə
ölkədə həm siyasi dialoqun aparılması, həm
korrupsiyaya, həm də pandemiyaya qarşı mübarizə
istiqamətində dövlətin gördüyü işləri
yüksək qiymətləndirir.
Çevik
kadr islahatları, siyasi konfiqurasiyanın fərqli təzahürü
Son vaxtların əsas siyasi müzakirə
mövzularından biri Azərbaycanda siyasi sistemdə yeni
konfiqurasiyanın formalaşmasıdır. Prezident İlham Əliyevin
apardığı siyasi islahatların tərkib hissəsi olan
bu proses artıq ilkin nəticələrini verir. Bu yeni düzənin
əsas özəlliklərinin nədən ibarət
olduğuna və prosesdən gözləntilərini
bölüşən Böyük Quruluş Partiyasının
sədri hesab edir ki, Azərbaycanda 2018-ci ilin prezident
seçkilərindən sonra dəyişən ciddi bir siyasi
vitrin və siyasi mahiyyət var: "Cənab İlham
Əliyev prezident seçiləndən dərhal sonra çox
ciddi kadr islahatlarına start verib və yeni, gənc kadrlara ən
yüksək idarəçilik piramidasında yüksək
etmad göstərməklə gələcəyin
islahatçı komandasını formalaşdırmaqda
israrlı olduğunu göstərdi.
Yüksək ranqlı məmurların bir-birinin
ardınca yeni təfəkkürlü kadrlarla əvəzlənməsi
siyasi konfiqurasiyanın fərqli təzahürünü ortaya
qoydu. Bu cür çevik kadr islahatları ilə bərabər
vətəndaşın sııxıntılarını
azaldacaq sosialyönümlü qətiyyətli tədbirlərin
görülməsi də islahatların mahiyyətinin
dolğunluğunu ifadə edirdi. Hər
hansı bir islahatın uğuru onu gerçəkləşdirən
komandanın mənəvi və peşəkarlıq keyfiyyətindən
asılı olur. Əsas gözləntimiz
budur ki, bu iki vacib keyfiyyəti özündə birləşdirən
islahatların uğuru üçün daha çox səfərbər
olmaq mümkündür və bu tarixi şansı əldən
buraxmaq olmaz. Hər an müharibə
riski altında olan dövlətdə vaxtın doğru
seçimi və qiymətləndirilməsi çox önəmlidir.
Biz dövlət həyatının şəffaflaşması,
vətəndaşların rifahının yüksəldilməsi
üçün islahat prosesini daha sürətlə
aparmalıyıq”.
Fazil Mustafanın sözlərinə görə, bu
prosesdə, ümumiyyətlə, cəmiyyətin müasirləşən
siyasi həyatında Böyük Quruluş Partiyası da təşəbbüslərlə,
yeni proqram və təkliflərlə çıxış
edib. Belə
ki, 2005-ci ildən bu günədək Milli Məclisdə
siyasi müxalifət partiyası platformasında yer alan BQP təmsil olunduğu bir nümayəndəsi
ilə islahatları dəstəkləyən birmənalı
mövqe ifadə edir. Konstruktiv tənqid və təklifləri
ilə həm hökumətin islahatları dərinləşdirən
ciddi qərarlar verməsinə yardım edir, həm də
Milli Məclisdə əhəmiyyətli qanunların qəbul
olunmasına töhfə verir: "Hökumətin
hesabatları, büdcə layihəsinin müzakirələri,
eləcə də cari məsələlər müzakirə
olunarkən Böyük Quruluş Partiyası tərəfindən
Konstitusiya islahatlarının aparılması,
inhisarçılığa və məmur
özbaşınalığına qarşı mübarizənin
effektli təşkili, korrupsiyaya qarşı mübarizənin
yeni metodlarının tətbiqi, ölkədə partiya
demokratiyasının inkişafı, təhsil siyasətində
köklü dəyişikliklərin edilməsi və başqa
məsələlərlə bağlı çoxsaylı təkliflər
təqdim olunmuşdur”.
BQP
iqtidarın gördüyü faydalı işləri dəstəkləyir
BQP-nin iqtidara, onun fəaliyyətinə, siyasətinə,
apardığı islahatlara münasibətini dəyərləndirən
Fazil Mustafanın fikrincə, rəhbərlik etdiyi siyasi təşkilat
müxalifət partiyası olaraq öz siyasi iradəsini
iqtidara qarşı konstruktiv müxalifətçilik
mövqeyindən həyata keçirir. İqtidarın
gördüyü faydalı işləri dəstəkləyir,
Dağlıq Qarabağ məsələsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli və ordu quruculuğu prosesində təkliflərini
vaxtaşırı hökumətə təqdim edir:
-
Partiyamız islahatlar prosesində yalnız aktiv rol almır, həm
də iqtidarı islahatlara təşviq edəcək təklif
və təşəbbüslərini ortaya qoyur,
nöqsanları isə səmimi və açıq şəkildə
diqqətə çatdırır. Böyük
Quruluş Partiyasının qaldırdığı təşəbbüslərin
hökumət tərəfindən müsbət
qarşılanması faktları da kifayət qədərdir.
Bunların sırasında aztəminatlı vətəndaşlar
üçün məişət qazına tətbiq edilən
limitin artırılması, şəhid ailələrinə
birdəfəlik müavinətin verilməsi, uşaqların
doğumu üçün birdəfəlik müavinətin
artırılması, sahibkarlara güzəştli kredit dəstəyinin
gücləndirilməsi kimi tərəfimizdən
qaldırılan məsələlər hökumət tərəfindən
araşdırılaraq vətəndaşların maraqlarına
uyğun şəkildə həll edilmişdir. Partiyamız
beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndə
heyətinin tərkibində dövlətimizin ali
maraqlarının ifadə olunmasında, ölkəmizə
qarşı ermənipərəst qüvvələrinin təxribatlarının
qarşısının alınmasında da mühüm
işlər görür.
Çoxpartiyalı
sistemin inkişafına ciddi təkan verilib
Son vaxtlar
siyasi sistemin komponentləri arasında yeni müzakirələrin
- dialoqun başlamasını da yüksək qiymətləndirən
BQP sədri hesab edir ki, Prezident Administrasiyasında parlamentlə
və siyasi partiyalarla əlaqələr üzrə ötən
ilin sonlarında yeni şöbənin yaranması əslində
ölkədə siyasi ab-havanı müsbət yöndə
xeyli dəyişib.
Fazil
Mustafanın fikrincə, bununla ölkə Prezidenti daha aktiv
parlament fəaliyyəti və daha çox inkişaf edən
partiya demokratiyası modelinin formalaşması istiqamətində
gözləntilərini ortaya qoyub: "Bu məqsədə
nail olmaq üçün siyasi qüvvələr arasında məhz
açıq dialoq mühitinin yaranması zəruri şərt
idi. Prezidentin təmsilçisi - Prezident
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyevin qısa müddətdə və ağır
pandemiya şəraitində demək olar ki, bütün siyasi
partiyalarla təmasa keçməsi və konstruktiv müzakirələr
aparması öz nəticəsini verdi.
Əvvəlcə ölkə tarixində ilk dəfə olaraq
parlament azlığını təmsil edən partiyaların
nümayəndələri Milli Məclisin Sədr müavini,
komitə sədri və komitə sədrinin müavini vəzifələrinə
seçildilər və bu çoxpartiyalı sistemin
inkişafına ciddi təkan verdi. Ardınca isə parlamentdənkənar müxalifət
partiyalarının bir çoxunun problemlərinin həlli,
yeddi siyasi partiyanın son 3 ayda dövlət qeydiyyatından
keçməsi yeni etibarlı siyasi dialoq mühitinin
formalaşmasını təmin etdi”.
Fazil Mustafa hazırda dialoqa hazır olduğunu bəyan
edən istənilən siyasi partiya ilə hakimiyyətin
müzakirələr aparmasına əngəl olacaq zehniyyətin
tamamilə ortadan qalxdığını da söylədi.
Marginal
qrupların hansısa prosesə təsir gücü əhəmiyyətsiz
səviyyədədir
Yeniləşən siyasi sistemdə əsas məsələlərdən
biri də müxalifətin bu prosesdə iştirakı, rolu,
funksiyası və fəaliyyətinin hansı formada həyata
keçirilməsidir. Siyasi ekspertlər də hesab edirlər ki,
artıq müxalifət partiyalarının fəaliyyətində
də təkmilləşməyə ehtiyac var.
BQP sədri da hesab edir ki, yeniləşən siyasi sistemdə
müxalifət öncə iqtidarla münasibətlərini
konstruktiv siyasi rəqabət əsasında qurmalı və
öz tənqidi görüşlərini siyasi-etik çərçivədə
müxtəlif platformalardan istifadə edərək təqdim
etməlidir. Daxili siyasətdə qəbul etmədiyi məsələləri
iqtidarla açıq müzakirə etməkdən
yayınmamalı, seçki prosesində aktiv iştirak edərək
ölkə həyatında problemlərin həllinə
çalışmalı, demokratik islahatların irəliləməsinə,
korrupsiyaya qarşı mübarizəyə dəstək verməlidir.
Xarici siyasətdə isə müxalifət
dövlət maraqlarına uyğun olaraq müəyyən
funksiyaları bir çox hallarda öz üzərinə
götürməli, iqtidar üçün məqbul
sayılmayacaq platformalarda ölkə mənafeyini müdafiə
etməlidir.
Özünü sağlam siyasi proseslərdən təcrid
edən, marginallaşan radikal müxalif partiyalara gəlincə,
Fazil Mustafa deyir ki, günümüzün bəlkə də ən
anlaşılmaz məsələsi radikal görüşlərə
sahib müxalifət təmsilçilərinin dialoqdan imtina etməsidir. Halbuki bu gün aparılan
islahatlara, yeni siyasi münasibətlərin qurulmasına onlar
hamıdan çox maraqlı olmalıdırlar: "Hakimiyyətə
gəlmək üçün xalqın dəstəyindən məhrum
olan marginal qruplar öz ideoloji düşüncələrində
uzun illərdir dəyişiklik etmədən, tavtalogiya siyasətini
davam etdirməklə siyasi spektrdən daha da
uzaqlaşmış olurlar. Əslində pandemiyanın
yaratdığı sosial-iqtisadi çətinliklərdən,
müəyyən narazılıqlardan istifadə edərək
sosial şəbəkələr vasitəsilə böhtan, təhqir,
söyüş kampaniyasını körükləyən
siyasi qruplar anlamaq iqtidarında deyillər ki, bu cür fəaliyyətlə
hakimiyyətə qarşı deyil, Azərbaycan dövlətinin
zəifləməsinə, onun düşmənlərinin dəyirmanına
su tökməyə xidmət edirlər”.
BQP sədri düşünür ki, Azərbaycan cəmiyyətinin
sağlam düşüncəli insanları onların bu niyyətlərini
anladıqları və ən çətin dövrdə
öz dövlətinin maraqlarını müdafiə etməkdə
qətiyyət göstərdiklərinə görə, həmin
marginal qrupların təbliğatının təsir
gücü əhəmiyyətsiz səviyyədədir.
Yeni tərkibli
Milli Məclis siyasi müzakirələrin əsas məkanına
çevrilib
Yeni tərkibli Milli Məclisdə
çoxpartiyalılıq artıq parlamentin, o cümlədən
komitələrin idarəçiliyində özünü
aydın büruzə verməkdədir. Müxalifət
partiyalarının parlamentdə iştirakı, onlarla
qanunverici orqanda yaradılan şərait barədə fikirlərini
bölüşən Fazil Mustafa öncə vurğuladı
ki, yeni tərkibli parlament həm də yeni düşüncənin
özünü ifadə etməsi baxımından diqqəti
çəkir:
-
Artıq burada parlament azlığının, xüsusilə də
siyasi müxalifətin təmsilçilərinə idarəçilikdə
etimad göstərilərək mühüm mövqelərə
gətirilməsi ciddi bir yenilik olmaqla yanaşı, həm də
parlamentdənkənar müxalifət partiyaları
üçün təşviqedici mahiyyət
daşıyır. Ölkədə
çoxpartiyalılığın formal xarakter
daşımadığı, siyasi müzakirələrin əsas
məkanının Milli Məclis olduğu göz önündədir.
Xüsusilə də Sahibə xanım Qafarovanın
Milli Məclisin Sədri seçilməsi ilə yaranan
demokratik ab-hava deputatların fəallığı, aktual
problemlər ətrafında müzakirələr
üçün ciddi stimul yaradıb. Cari
məsələlərin müzakirəsinə daha çox
vaxt ayrılması, komitələrdə ictimai dinləmələrin
sayının və keyfiyyətinin artması, sədrin
bilavasitə ayrı-ayrı parlament qrupları ilə internet
resursları üzərindən intensiv müzakirələr
aparması olduqca müsbət tendensiyadır və bu həm də
parlamentin cəmiyyətdə nüfuzunun yüksəlməsinə
təsir edəcək yeniliklərdir.
Dialoq
ölkədə siyasi münasibətlərin keyfiyyətinə
öz təsirini hökmən göstərəcək
İyulun 7-də Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin müdiri Ədalət Vəliyev və
Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı
ilə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri
və nümayəndələri arasında videokonfrans
formatında növbəti müzakirələr
aparıldı. Bu sayca ikinci görüş idi. İlk dəfə tərəflər arasında mart
ayında görüş keçirilmişdi.
İyulun 14-də isə Fazil Mustafa Prezident
Administrasiyasına dəvət edilib. Şöbə
müdiri Ədalət Vəliyevlə BQP sədri arasında
siyasi partiyalarla dialoq formatında təkbətək
görüş olub. Öncə əvvəlki
iki görüşlə bağlı təəssüratlarını
bölüşən BQP sədri bildirdi ki, hər iki
görüşdə faydalı müzakirələr
aparılıb. Sadəcə olaraq pandemiya
şəraitində təhlükəsizlik baxımından
ikinci görüşün videokonfrans formatında
keçirilməsinə üstünlük verilib.
Onun
sözlərinə görə, son konfransda Milli Məclisin Sədri
Sahibə Qafarova və Prezident Administrasiyasının
şöbə müdiri Ədalət Vəliyev tərəfindən
gerçəkləşdirilən giriş
çıxışının ardından bütün siyasi
partiya rəhbərləri pandemiya dövründə yaranan
problemlərə, iqtidar-müxalifət münasibətlərinin
indiki vəziyyətinə, görüşlərin gələcək
formatına öz münasibətlərini ortaya qoyublar. Təklif olunub ki, görüşün yekunu olaraq
siyasi partiyalar tərəfindən birgə bəyanat qəbul
edilsin və bu təşəbbüs hamı tərəfindən
bəyənilib.
Öz
çıxışına gəlincə, Fazil Mustafa dedi:
"Çıxışımda Milli Məclisdə
müzakirə mühitinin demokratikləşməsinin siyasi
partiyaların fəaliyyətində canlanma
yaratdığını vurğuladım. Bu kimi
müsbət məqamlarla yanaşı, neqativ təzahürlərə
də diqqət yetirdim. Bu, ilk növbədə,
partiyaların bir siyasi orqanizm kimi proseslərdə aktiv rol ala
bilməməsi, daha çox onların rəhbərlərinin
fərdi fəaliyyətinin qabarıq olması ilə
bağlı idi. Parlamentdə "Siyasi
müxalifət haqqında” qanunun qəbul olunmamasının
da partiyaların inkişafına mənfi təsir göstərdiyini
vurğuladım. Digər tərəfdən,
siyasi partiyaların sosial şəbəkələrdə
rolunun xeyli əhəmiyyətsiz olduğu, buradakı
qaragüruhçu zehniyyətə qarşı nə hakim
partiyanın, nə də digər siyasi partiyaların təsir
gücünün ortaya qoyulmaması faktına da diqqət
yönəltdim. Dialoqdan kənarda
qalmanı düşünən siyasi qüvvələrin
davranışlarının da öncə onların özlərinə
mənfi imic gətirəcəyini vurğulayaraq, bu çətin
günlərdə dövlətə qarşı
barışmazlıq sindromunun davam etməsinin zərərli nəticələrini
göstərməyə çalışdım. Bu formatda görüşlərin davam etməsinin,
ölkə həyatının aktual mövzularının
siyasi partiyalarla birgə platformada müzakirəsinin faydalı
olacağını diqqətə çatdırdım. Çıxışımın ana tezisi bundan ibarət
idi ki, ölkədə siyasi münasibətlərin mədəni
səviyyəsinin yüksəlməsi partiya
demokratiyasının inkişafından çox
asılıdır.
Müzakirə zamanı, eyni zamanda, daha çox pandemiya
dövründə siyasi partiyaların fəaliyyəti üzərində
dayandım. Bütün siyasi partiyaların bu ağır
günlərdə öz təşəbbüs və təklifləri
ilə vətəndaşların
sağlamlığının qorunması, hökumətin
gördüyü tədbirlərin dəstəklənməsi,
prosesin qanunvericilik bazasının çevik tənzimlənməsi
istiqamətində çalışmalarının qaneedici
olduğunu da burada qeyd etmək yerində olardı”.
Prezident
Administrasiyasında keçirilən təkbətək
görüşə gəlincə, Fazil Mustafa dedi ki,
maraqlı keçən dialoq zamanı öncə şöbə
müdiri Ədalət Vəliyev Böyük Quruluş
Partiyasının iyulun 15-də keçirilən VI
Qurultayı münasibətilə bütün partiya üzvlərinə
təbriklərini çatdırıb. Həmçinin
Ədalət Vəliyev ölkə Prezidentinin siyasi
partiyaların inkişafı, siyasi münasibətlərin daha
sağlam zəmində formalaşması istiqamətində
tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə
münasibətlərin açıq, şəffaf və
demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə
diqqət yetirib. Eyni zamanda BQP-nin ölkənin
ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində
fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını,
sağlam tənqid və təkliflərinin Azərbaycan
hakimiyyəti tərəfindən diqqətə
alındığını xüsusi olaraq qeyd edib: "Mən
də qarşılıqlı olaraq ölkədə
başlanan dialoq prosesində ən fəal rol
alacağımızı bildirərək, son vaxtlar
sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin
dövlətçiliyimiz üçün vacib olduğunu
vurğuladım. Son vaxtlar yeni siyasi
partiyaların qeydə alınmasının ölkədə
siyasi plüralizmin inkişafına töhfə verəcəyini
qeyd edərək, bu cür hüquqi maneələrin ortadan
qaldırılmasının qarşılıqlı
etimadın güclənməsinə təkan verəcəyini
ifadə etdim. Görüşdə Ermənistanın
torpaqlarımızı işğalı və Dağlıq
Qarabağ məsələsində BQP-nin mövqeyi ilə
bağlı da müzakirələr apardıq. Bizim BQP olaraq dövlətçiliyimizin
maraqlarının təmin olunması üçün bir
müxalifət partiyası kimi üzərimizə düşən
vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi
qeyd etdim”.
Fazil Mustafanın sözlərinə görə,
ümumilikdə bu kimi görüş və müzakirələrin
ölkə Prezidenti tərəfindən dəstəklənməsi
və orada səslənən təkliflərin xeyli hissəsinin
qəbul edilərək real qərarlarda öz əksini
tapması çox yaxşı haldır və bu, ölkədə
siyasi münasibətlərin keyfiyyətinə öz təsirini
hökmən göstərəcəkdir.
Pandemiya
ilə mübarizə - Prezident bir lider olaraq prosesi inamla idarə
edir
Hazırda dövlətləri çətin vəziyyətdə
qoyan qlobal pandemiya Azərbaycandan da yan keçməyib. İnsan
sağlamlığını ön planda tutan ölkəmiz
böhrandan az itkilərlə
çıxmaq üçün bütün mümkün vasitələrdən
istifadə etməkdədir.
BQP sədrinin
bu məsələyə münasibəti birmənalıdır:
"Pandemiyaya qarşı mübarizədə Azərbaycan bəlkə
də ən çətin durumda qalan ölkələrdən
biri olub. Çünki bu xəstəliyin ilkin nəticələri
Azərbaycanın cənub qonşusu olan ölkədə
üzə çıxıb və virusun ölkəmizə
yayılmaması üçün sərhədlərin
bağlanması, iqtisadi əlaqələrin kəsilməsi
kimi ciddi nəticələr doğuracaq qərarlar qəbul etmək
lazım gəlirdi. Üstəlik xaricdə
qalan çox sayda vətəndaşımızın problemi də
narahatedici amillərdən biri idi. Digər
tərəfdən, səhiyyə sistemimizdə icbari tibbi
sığortaya keçid dövrü
başlamışdı. Neft bazarında
qiymətlərin aşağı düşdüyünü də
buraya əlavə etsək, Azərbaycanın hansı çətin
şəraitdə pandemiyaya qarşı mübarizə
apardığını görərik. Məhz
ölkə Prezidentinin bir lider olaraq prosesi inamla idarə etməsi,
yeni modul xəstəxanaların tikilməsi ilə
bağlı çevik qərar qəbul etməsi, vacib tibbi
avadanlıqların ölkəyə gətirilməsi, qoruyucu
vasitələrin istehsalına qısa bir zamanda
başlanması təhlükənin böyüməsinin
qarşısını aldı”.
Fazil Mustafaya görə, məhz bu səbəbdən də
Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizəsi
insan həyatı və başqa amillərlə bağlı zərərin
minimuma endirilməsinə səbəb olub.
Korrupsiyaya
qarşı mübarizə cəmiyyətdə xeyli müsbət
impulslar yaradıb
Son dövrlərdə ölkədə korrupsiyaya
qarşı effektiv mübarizə tədbirləri həyata
keçirilir.
Ölkə ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilən bu tədbirlərə münasibətini
bildirən Fazil Mustafa dedi: "Prezident birmənalı şəkildə
dövlət büdcəsini dağıdan, vətəndaşları
incidən məmurlara qarşı güzəşt
olmayacağını bəyan etdikdən sonra ayrı-ayrı
icra başçılarının rüşvət
üstündə yaxalanması, ayrı-ayrı nazirliklərdə
büdcə talançılığına qarşı
atılan addımlar cəmiyyətdə xeyli müsbət
impulslar yaratdı. Təyin olunan icra başçılarını
qəbul edərkən dövlət
başçısının verdiyi təlimatlarla xalqın tanış olması, tələblərin
içində vətəndaşların maraqlarını təmin
etmənin vacibliyinin vurğulanması insanlarımızda məmurların
özbaşınalığına qarşı daha aktiv
mövqe sərgiləməyə stimul yaratmış oldu. Dövlət Təhlükəsizlik Xidmətinin
bir-birinin ardınca yerli və mərkəzi icra hakimiyyəti
orqanlarında keçirdiyi əməliyyatlar da cəmiyyətimiz
tərəfindən dəstəkləndi”.
Fazil Mustafanın fikrincə, korrupsiyaya qarşı
mübarizə qətiyyətlə davam etməlidir. Çünki
bu, yalnız vətəndaşı dövlətdən
narazı salacaq təzahür deyil, həm də ölkəmizin
beynəlxaq imici üçün də xoşagəlməz
haldır.
Prezidentin
islahatlarının alternativsiz yol olduğunu qəbul etməliyik
Prezident İlham Əliyevin müəllifi olduğu
sosial-iqtisadi islahatlar konsepsiyası son dövrlərdə yeni
keyfiyyət mərhələsinə qədəm qoyub. Söhbət əsnasında
BQP sədrindən bu islahatlarlara münasibətini öyrəndik.
O dedi:
-
Artıq insanlar birmənalı olaraq inqilablar, təlatümlər
olmadan, cəmiyyətdə xaosa yol vermədən yalnız
islahatlar yolu ilə dövlət həyatının
korrupsiyadan təmizlənən, hüququn aliliyinə dayanan
bir modelinin olduğuna inanırlar. Bu inamın
davam etməsi üçün islahatlar daha da dərinləşməli,
hər bir vətəndaş bu istiqamətdə əlindən
gələn dəstəyi əsirgəməməlidir. Ona görə də bizim islahatlara münasibətimiz
gələcəyimizə ümidimiz deməkdir. Ümidimizin yaşaması və dövlətimizin
rifahı üçün islahatların alternativsiz yol
olduğunu qəbul edərək, bu istiqamətdə
bütün təklif və təşəbbüslərimizi
açıq təqdim edirik. İslahatlara
münasibətdə müxalifətçilik zehniyyəti ilə
davranmaq olmaz. Bu, bizim səsləndirdiyimiz
tələblərdirsə və Azərbaycan iqtidarı bu
istiqamətdə öz iradəsini ortaya qoyursa, hər bir
müxalifət partiyası səmimi şəkildə prosesə
öz töhfəsini verməlidir.
Söhbəti
yazdı,
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 24 iyul.- S.1;8.