Dövlət
başçısı su ehtiyatlarından səmərəli
istifadə edilməsi üçün müvafiq qurumlara ciddi
tapşırıqlar verdi
İyulun
23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin yanında su təsərrüfatının vəziyyətinə
həsr olunmuş videoformatda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi. Təbii ki, infrastruktur layihələri arasında prioritetlər müəyyən edilməli idi və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda bu prioritetlər çox açıq şəkildə ortaya qoyuldu.
O vaxt bizim infrastrukturla bağlı problemlər kifayət qədər ciddi idi. Ölkəmizdə enerji qıtlığı mövcud idi. Biz elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üz-üzə idik, idxaldan asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normallaşdırılmalı idi. Çünki əks təqdirdə hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Son illərdə enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edirik, eyni zamanda, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranmışdır. Bu ixrac artıq öz coğrafiyasını genişləndirir. Təbii ki, bu sahəyə çox böyük investisiyalar qoyulmalı idi və qoyuldu. Bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.
Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir.
Əlbəttə ki, o vaxt ölkəmizdə qazlaşdırmanın səviyyəsi çox aşağı idi. Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq.
Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Bütün nəqliyyat layihələrini sadalamaq hesab edirəm ki, yersizdir. Çünki bu barədə dəfələrlə ictimaiyyətə məlumat verilib. Sadəcə olaraq, onu demək kifayətdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında bu sahədə görülmüş işlərə çox yüksək qiymət verilir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik.
İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi.
Bu, yeganə layihə deyil. Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür.
Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.
Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.
Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir.
İçməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var. Mənim təşəbbüsümlə bu layihələr ardıcıl olaraq icra edilir. Bu gün bizim əksər şəhərlərimizdə içməli su və kanalizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhərdə bu işlər hələ ki, tamamlanmayıb, amma iş gedir. Biz bu sahədə həm müsbət, həm mənfi təcrübəni təhlil etməliyik. Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməmişdir və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmamışdır. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Əlbəttə, bayaq gətirdiyim rəqəmlər onu göstərir ki, biz böyük inkişafa nail olduq. Ancaq hələ ki, görüləsi işlər çoxdur.
Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.
Ona görə qeyd etdiyim məsələlər birmənalı şəkildə göstərir ki, içməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.
Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?
Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.
İnvestisiya proqramına ciddi nəzarət yox
idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs
sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona
görə bugünkü müşavirədə mən
giriş sözümdə deyirəm hansı işlər
görülüb. Amma bu işlərin görülməsi nəticəsində
daha böyük səmərə əldə oluna bilərdi.
Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər
yalnız koordinasiya şəklində aparılmalıdır.
İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su
balansı tərtib edilməmişdir. Necə ola bilər?
Bizim enerji balansımız tərtib olunur. Buna görə biz
bilirik ilboyu bu sahədə nə etmək lazımdır?
Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər
su balansını tərtib etməyi Prezidentmi deməlidir?!
Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı,
yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib.
Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra
qiymətləndirilməyib. İndi artezian quyularının
qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada
qazılmalıdır, necə qazılmalıdır?
Yeraltı su mənbələrinə bunun təsiri necə
olacaq? Düzgün yerlər seçilməlidir.
Çünki mən deyirəm, burada əsas məqsədi bu
qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver
su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma
sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox
aşağı səviyyədədir.
Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub
gəlir. Mən
Prezident Administrasiyasına, Nazirlər Kabinetinə
tapşırıq verirəm. Onlar baxırlar,
operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi
deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər.
Nə üçün bu məktublar mənə
yazılır? Ona görə ki, aidiyyəti
qurumlara yazılanda onlar əhəmiyyət vermirlər,
başdan edirlər. Nə qədər belə
faktlar var. Biz nə qədər buna dözməliyik?
Ona
görə mən vəziyyəti tam təhlil edərkən
bu il aprel ayında xüsusi komissiya
yaratmışam. Artıq komissiya üç
aydır ki, işləyir və bu müddət ərzində
gördüyü işlər, mövcud problemlərlə
bağlı müntəzəm olaraq mənə məlumat
verib. Komissiyanın rəhbəri Baş
Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın
tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri
fəaliyyət göstərirlər. Əgər
bütün aidiyyəti qurumlar öz işini düzgün
qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində
işləyən komissiya bəlkə də son 20 il ərzində
görülən, təhlil və təklif baxımından
daha dəyərli, əhəmiyyətli nəticə hasil edib?
Deməli, bunu etmək mümkündür.
Sadəcə olaraq, heç kimin vecinə
deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki
ildir var və gələn il də ola bilər.
İndi iqlim dəyişikliyi elə məsələdir
ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər
görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma
prosesi sürətlə gedəcək. Nədir,
siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son
qoyulmalıdır. Qüsurlara yol verən,
bu məsələyə laqeyd yanaşan bütün vəzifəli
şəxslər cəzalandırılmalıdır.
İndi isə Şahin Mustafayev görülmüş
işlərlə bağlı məlumat və təkliflər
versin.
Baş
Nazirin müavini Şahin Mustafayev çıxış edərək
dedi:
-Təşəkkür
edirəm, cənab Prezident.
Möhtərəm
cənab Prezident, cari ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
müşavirədə məruzə olunduğu kimi, su
ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta
temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən
daxil olan yerüstü su ehtiyatlarının, çaylarda
sululuğun və yağıntıların əhəmiyyətli
dərəcədə azalması, digər tərəfdən
ölkə iqtisadiyyatının, o cümlədən kənd
təsərrüfatının inkişafı, əkin sahələrinin,
suvarma və içməli su təchizatı üzrə şəbəkələrin
genişləndirilməsi nəticəsində suya tələbatın
artması son illərdə ölkədə su
çatışmazlığını şərtləndirmişdir.
Müşavirədə Sizin xüsusi
vurğuladığınız kimi, bütün bunlar son nəticədə
su təhlükəsizliyi məsələsini ən aktual
mövzulardan birinə çevirmişdir. Bu
baxımdan, xüsusilə cari ildə ölkənin su
ehtiyatları sahəsində gərgin vəziyyət
yaranmışdır. Hazırda əsas su anbarlarında
20,5 milyard kubmetr tutuma qarşı əvvəlki
illərdən kəskin aşağı səviyyədə -
cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard
kubmetri ölü həcmdir. Müqayisə üçün
qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə
12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci
ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr
olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən
Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma
qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard
kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi
2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci
ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil
etmişdir. Sizin rəhbərliyinizlə əvvəlki
illərdə böyük həcmdə işlərin həyata
keçirilməsinə, ehtiyat tədbirlərinin
görülməsinə, məsələn, Taxtakörpü,
Şəmkirçay, Tovuzçay, Göytəpə,
Naxçıvanda Heydər Əliyev (Vayxır) su
anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin
və digər layihələrin reallaşdırılmasına
baxmayaraq, hazırda kəskin su
çatışmazlığı müşahidə edilir.
Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi, su təsərrüfatının
idarə olunmasının təkmilləşdirilməsi və
bu sahədə fəaliyyətin əlaqələndirilməsi
məqsədilə müvafiq Sərəncamınızla
komissiya yaradılmışdır. Su təsərrüfatı üzrə
idarəetmədə sahələrarası koordinasiyanın zəif
olması, sudan istifadədə itkilərin yüksək
olması, sudan optimal bölgü əsasında və qənaətlə
istifadə edilməməsi, suvarmada suya qənaət edən
müasir texnologiyalardan istifadənin aşağı səviyyədə
olması, nəzarətdənkənar qoşulmalar, uçot və
nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli
istiqamətində tədbirlərin görülməsi
komissiyaya tapşırılmışdır. Komissiya
ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti,
suvarma mövsümünün başlanmasını nəzərə
alaraq operativ tədbirlərin görülməsi məqsədilə
fəaliyyətini intensiv formada təşkil etmiş və
bütün aidiyyəti qurumların koordinasiyası təmin
olunmuşdur. Ötən müddət ərzində
müxtəlif formatlarda müzakirələr
aparılmış, kritik əhəmiyyət kəsb edən
obyektlərə baxış keçirilmiş, onlayn
müşavirə formasında komissiyanın tam tərkibdə
üç iclası keçirilmiş, zəruri hallarda
komissiyada təmsil olunmayan bir sıra digər dövlət
qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin
görülməsi təşkil edilmişdir.
Əhəmiyyəti
baxımından aşağıdakı tədbirləri
xüsusilə qeyd etmək istərdim: Su ehtiyatları barədə
operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan
alınan məlumatlar təhlil edilmiş, sudan
səmərəli istifadə ilə bağlı verilmiş
tapşırıqların icrasına gündəlik nəzarət
təmin olunmuşdur. Operativ məlumat mexanizmi
hazırda "Elektron su təsərrüfatı” informasiya
sisteminə inteqrasiya olunur. Xüsusi əhəmiyyətə
malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə
suvarma, içməli su təchizatı və energetika məqsədləri
üçün sudan istifadə rejimi təsdiq
olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə
üzrə hər on gündən bir yenilənən iş
rejiminin tətbiqi qərara alınmışdır.
Məhdud su ehtiyatlarının ədalətli, optimal və
proporsional bölgüsü prinsipi əsasında 580 mindən
çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib
olunmuşdur.
Suvarma qrafikləri bütün maraqlı tərəflər
imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq
edilir. Yaradılmış proqram təminatı
sayəsində "Elektron kənd təsərrüfatı”
informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə
qrafikləri növbəti mərhələdə əkin sahələrini
və subsidiyalaşmanı optimal şəkildə
planlaşdırmaq imkanı verir. Belə ki, tərtib
olunmuş qrafiklər suvarma dövrü
başlamamışdan əvvəl kənd təsərrüfatı
bitkilərinin suvarılması üçün tələb
olunan suyun sifarişini formalaşdırmağa, beləliklə
əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının
qurulmasına, digər tərəfdən isə məhdud su
ehtiyatları və əkin növünün suya tələbatı
nəzərə alınmaqla əkin sahələrinin optimal
şəkildə planlaşdırılmasına şərait
yaradır.
Suvarmaya
dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı
Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin nümayəndələri cəlb edilməklə
birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birlikdə Bakı Metropoliteni ərazisindəki qrunt
sularından yaşıllıqların suvarılmasında
istifadə istiqamətində layihə təklifləri
hazırlanmışdır. Aparılan analizlər sərfi
saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı
olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə
başlanılmışdır.
Zəruri
istiqamətlərdən biri də hidrotexniki qurğuların
mühafizəsinin gücləndirilməsi və həmin
qurğulara mümkün mənfi təsirlərin
qarşısının alınması üçün
qum-çınqıl karxanalarının fəaliyyətinə
nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir
və bu istiqamətdə müvafiq iş aparılır.
Möhtərəm cənab Prezident, bu gün su təsərrüfatı
sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi
həlli vacib məsələ kimi qarşımızda durur. Suyun mənbədən
götürülməsindən son istehlakçıyadək
bütün mərhələlər üzrə uçotun və
dəqiq qiymətləndirmənin aparılması ilə
bağlı təxirəsalınmaz tədbirlər həyata
keçirilməlidir. Bu məqsədlə
operativ tədbirlərlə yanaşı, ölkə üzrə
ilk dəfə su təsərrüfatı balansı tərtib
edilmişdir. Su təsərrüfatı
balansının formalaşdırılması
üçün su təsərrüfatı subyektlərinin məlumatlarının
elektronlaşdırılması və hesabatın
alınması ilə bağlı elektron su təsərrüfatı
informasiya sistemi yaradılmışdır. Birinci mərhələdə su təsərrüfatı
balansı sistemə ayrıca modul şəklində daxil
edilmişdir. İkinci mərhələdə
aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin
inteqrasiyası, üçüncü mərhələdə
isə su obyektlərinə daxil olan, çıxan və
obyektlərdə olan suyun həcmi ilə bağlı
ölçmə cihazlarının və digər
avadanlıqların məlumatlarının real vaxt rejimində
ötürülməsi və dövri hesabatların əldə
edilməsi təmin olunacaqdır. Eyni
zamanda, əsas su və su təsərrüfatı obyektlərində
müasir ölçmə cihazlarının
quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli
obyektlərin su ehtiyatlarından müasir ölçmə
cihazları tətbiq edilmədən və ya ümumiyyətlə
ölçmə aparılmadan istifadə edilmişdir.
Hazırda prioritet hesab edilən məntəqələr
üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları
Dövlət Agentliyi tərəfindən 12, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən 25 müasir
ölçmə cihazının quraşdırılaraq
yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi
üzərində intensiv iş gedir. Artıq
Mingəçevir su anbarında və
çıxışlarında quraşdırılan müasir
ölçmə cihazları tam işlək vəziyyətdədir.
Cənab
Prezident, məruzə edim ki, artıq üç gündür
biz real müasir ölçmə cihazları vasitəsilə
əsas su anbarımızın həm
çıxışlarını, həm su həcmini nəzarətə
götürmüşük.
Möhtərəm cənab Prezident, cari ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş müşavirədə
vurğuladığınız kimi, su təsərrüfatı
sahəsində vahid idarəetmə və nəzarət
sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından
səmərəsiz istifadəyə gətirib
çıxarmışdır. Su və su təsərrüfatı
obyektlərindən dəqiq uçot və optimal bölgü
aparılmadan istifadə ilə yanaşı, aparılan
monitorinqlər kütləvi şəkildə nəzarətdənkənar
qoşulma hallarının da mövcud olduğunu ortaya
çıxarmışdır. Su
ehtiyatlarından istifadədə səmərəliliyin
artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına
uyğun dayanıqlı su təchizatının təmin edilməsi,
su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi
məqsədlərinə nail olmaq üçün
görülməli tədbirləri ehtiva edən Milli
Strategiyanın hazırlanması da məqsədəuyğundur.
Ölkə
üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı
balansına əsasən, cari ildə ölkənin su
ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində
proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə
su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil
edib, il ərzində ölkə üzrə formalaşan su
ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir.
Proqnoza əsasən, cari ildə ölkə
üzrə formalaşan yerüstü su ehtiyatlarının 70
faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən
yarısını təkcə Kür çayı təşkil
edir. Qeyd olunanları nəzərə
alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının
mühafizəsi və davamlı istifadəsi sahəsində
ölkələrarası əməkdaşlığın
gücləndirilməsi məqsədilə müvafiq saziş
layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim
olunmuşdur.
Möhtərəm
cənab Prezident, qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin
azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı
şəbəkələrinə nəzarətdənkənar
qoşulmaların aradan qaldırılması, içməli
su təchizatı sahəsində sayğaclaşmanın
başa çatdırılması itkilərin
azaldılması baxımından xüsusi əhəmiyyət
kəsb edir.
Suvarma sahəsində itkilərin əsas səbəblərindən
biri də suvarma kanallarının əksəriyyətinin
torpaq məcralardan olmasıdır. İtkilərin
azaldılması və su ehtiyatlarının səmərəli
istifadəsi məqsədilə suvarma kanallarının əsaslı
təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə
bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının
artırılması və bu istiqamətdə dağ
çaylarının sularının yığılması
üçün relyefə uyğun yaradılması nəzərdə
tutulan sututarlar üzrə də prioritet layihələrə,
habelə içməli su təchizatı üçün
yeni mənbələrin müəyyən edilməsinə dair
təkliflər hazırlanır.
Prioritet məsələlərdən biri də energetika
sahəsində su ehtiyatlarından səmərəli istifadə
ilə bağlıdır. Məlum olduğu kimi, suvarma
dövrü əsasən beş aydır:
may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su
anbarlarında qeyri-suvarma dövründə, o cümlədən
qış aylarında su ehtiyatlarının
artırılması məqsədilə istilik elektrik
stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi,
bu stansiyalarda soyutma məqsədilə sudan
qənaətli istifadənin təmin edilməsi, ölkə
üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi
imkanları araşdırılmalıdır.
Bunlarla
yanaşı, aşağıdakı tədbirlərin həyata
keçirilməsini zəruri hesab edirik:
Kür-Araz
ovalığında yerləşən və içməli su
tələbatı Kür çayından təmin edilən
yaşayış məntəqələrinin su təchizatının
alternativ mənbələr hesabına təmin edilməsi ilə
bağlı təkliflərin hazırlanması;
Qrunt
sularından, təmizlənmiş tullantı sularından və
Xəzər dənizinin suyundan istifadə imkanının
araşdırılması;
Subartezian
və artezian quyularının sifarişi, layihələndirilməsi,
qazılması və istismarı qaydalarının
hazırlanaraq təsdiq edilməsi;
Kənd təsərrüfatı
məhsullarının istehsalçıları tərəfindən
suvarmada müasir texnologiyaların tətbiqinin təşviq
olunması;
Suvarma suyundan güzəştli istifadə ilə
bağlı yeni mexanizmin hazırlanması.
Möhtərəm cənab Prezident, bugünkü
müşavirədə verəcəyiniz tapşırıqlar
da daxil olmaqla, su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsi ilə bağlı qarşımıza
qoyduğumuz bütün vəzifələr yerinə yetiriləcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: İndi söz verilir Kənd Təsərrüfatı
naziri İnam Kərimova.
Kənd Təsərrüfatı
naziri İnam Kərimov çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident, quraqlıq və su
çatışmazlığının təsir etdiyi ən
böyük sahələrdən biri də kənd təsərrüfatıdır.
Ölkə üzrə su istehlakının 80
faizə yaxını məhz kənd təsərrüfatının
payına düşür.
Bu ilin əvvəllərindən havaların quraq
keçməsi, yağıntıların miqdarının
azalması, əkin balansının əsas hissəsini təşkil
edən taxılın becərilməsində problemlər
yaradıb. Mart-aprel aylarında havaların
yağıntılı olması vəziyyəti qismən xilas
etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100
min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir.
Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki
illə müqayisədə xeyli yüksək olsa da,
quraqlıq keçmiş ərazilər səbəbindən
bu il taxıl üzrə ümumi nəticə ötən ilə
nisbətən 5,5 faiz az olmuşdur.
Prezident
İlham Əliyev: Nə qədərdir bu gün?
İnam Kərimov:
Cənab Prezident, bu il 90 faiz biçilib, 1 milyon 800 min ton
buğda yığılıb və buğda istehsalı təxminən
1 milyon 900 min ton ətrafında gözlənilir.
Prezident
İlham Əliyev: Məhsuldarlıq nə qədərdir?
İnam Kərimov:
Bu günə faktiki yığılmış ərazilərdən
məhsuldarlıq 31,3 sentner olub.
Prezident
İlham Əliyev: Keçən il də təqribən
32 sentner idi?
İnam Kərimov:
Bəli, 32, 31,7 sentner.
Prezident
İlham Əliyev: Düşüb, amma bu tənəzzül o
qədər də kritik deyil. Əgər su təminatı
yaxşı olsaydı, daha çox məhsuldarlıq ola bilərdi.
İnam Kərimov :Cənab Prezident, bir məsələni
qeyd edim ki, burada faktiki yığılan ərazilər
götürülüb, yəni hansı ərazilərdə
ki, məhsul yığılmayıb, bu statistikaya daxil edilməyib.
Quraqlıq və su çatışmazlığı
pambıq bitkisinin becərilməsinə də öz təsirini
göstərməkdədir. Cari ildə 100 min
hektardan çox sahədə pambıq əkini həyata
keçirilib. Pambıq əkinləri
üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması
hələ də başa çatmayıb. Eyni zamanda, bu
günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması
həyata keçirilib ki, bu göstərici ötən ilin
müvafiq dövrü ilə müqayisədə 23 min hektar
azdır.
Pambığın suvarılmasında ən kritik faza
ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə
bugünkü tarixə biz 23 min hektar az
ikinci suvarma həyata keçirmişik. Pambığın
ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın
25-40 faiz aşağı düşməsi ilə üzləşə
bilərik. Hazırda pambığın
suvarılması üzrə əsas problemlər daha çox
Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və
Neftçala rayonlarında müşahidə olunur.
Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə
təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək
36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu
işin həyata keçirilməsində çətinliklər
yaşayırıq.
Su çatışmazlığı və quraqlıq səbəbindən
suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi
üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki,
şəkər çuğunduru üzrə 7500 hektar əkin
nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda
aparılıb. Çəltik üzrə
4000 hektar proqnoza qarşı 3000 hektarda əkin
aparılması mümkün olmuşdur.
Mövcud vəziyyət meyvə bağları
üçün də risklər yaradır. Meyvə
bağlarının əsasən çoxillik ağaclardan ibarət
olduğunu nəzərə alsaq, su
çatışmazlığının mənfi təsiri bu
sahədə daha çox ola bilər. Yaranmış vəziyyət yem bitkilərinə və
təbii yem mənbələrinə də mənfi təsir
göstərir. Suvarma kifayət qədər
olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə
azala bilər. Həmçinin yağıntının
azalması səbəbindən otlaq sahələrində təbii
ot örtüyünün zəif
inkişafı müşahidə olunur. Bu da
heyvandarlığın inkişafına maneələr yarada
bilər.
Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin
ən qızğın dövrüdür. Növbəti
aylarda da su təminatı ilə bağlı çətinliklərin
davam etməsi gözlənilir. Belə ki, əsas su
kanallarına verilən suyun həcminin ötən ilin
müvafiq dövrü ilə müqayisədə iyul
ayının sonunadək 30 faizə qədər, avqust
ayında isə 40-50 faiz düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı
Qarabağ kanallarından gedir.
Su çatışmazlığı, o cümlədən
izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda,
eroziya və səhralaşmaya səbəb olur. Sadalanan
problemlər torpağın münbitlik göstəricilərinin
pisləşməsinə, nəticədə məhsuldarlığın
aşağı düşməsinə gətirib
çıxarır.
Hazırda su çatışmazlığı fermerləri
narahat edən ən aktual problemlərdəndir. İlin birinci
yarısında bununla əlaqədar nazirliyə 2500-dən
çox müraciət daxil olub. Müraciətlər
əsasən suvarmada yaranmış çətinliklər,
subartezian quyularının istismarı və qazılmasında
yaranmış problemlər, irriqasiya sistemlərinin
nasazlığı, suvarma qrafiklərinin pozulması ilə
bağlı olub. Bu problemlərin həlli
üçün Sizin Sərəncamınızla
yaradılmış komissiyanın koordinasiyası ilə
müvafiq tədbirlər görülür, qurumların fəaliyyəti
əlaqələndirilir. Mövcud su
ehtiyatlarının ədalətli bölünməsi
üçün 53 rayon üzrə 580 mindən çox
suvarma qrafiki tərtib olunub və nazirliyin saytında yerləşdirilib.
Qrafiklərə əməl edilməsi ilə
bağlı yerlərdə maarifləndirmə və nəzarət
işləri həyata keçirilir. Daxil
olan müraciətlər təhlil edilir və baxılması
üçün Meliorasiya və Su Təsərrüfatı
ASC-yə göndərilir. Müraciətlərin
sayına görə Goranboy, Sabirabad, Ucar, İmişli,
Kürdəmir, Xaçmaz, Ağcabədi, Beyləqan, Biləsuvar
və Salyan rayonları üstünlük təşkil edir.
Həmçinin fermerlərin müraciətləri
ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar
göndərilir və problemlərin aradan
qaldırılması üçün yerlərdə
Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra
hakimiyyəti orqanları ilə birgə fəaliyyət
göstərilir.
Görülən tədbirlərin əsas məqsədi
dəyər zəncirinin bütün mərhələlərində,
yəni suyun sututarlarda toplanması, kanallarla nəqli və əkin
sahələrinə paylanmasında effektivliyin təmin
olunmasıdır. Habelə su balansının
elektronlaşdırılması, dəqiq uçot sisteminin
qurulması və suvarma məlumatlarının elektron kənd
təsərrüfatı sisteminə inteqrasiya edilməsi sudan səmərəli və qənaətlə
istifadəni özündə ehtiva edən subsidiya mexanizminin
formalaşdırılması istiqamətində təkliflər
hazırlanır.
Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin
artırılması üçün suvarma zəncirinin
bütün mərhələlərində, o cümlədən
birbaşa suvarma fazasında innovasiyaların tətbiqi
artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin
son mərhələsi olan birbaşa suvarmada fermerlərin
pivot, damlama, yağış yağdırma və tamburlu
suvarma sistemlərinə marağı yüksəkdir. Dövlət tərəfindən müasir suvarma
sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən
subsidiyalaşdırılan avadanlıqlar siyahısına
daxildir. Son iki il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin
qurulmasına 28,8 milyon manat subsidiya verilib. Verilən güzəştlərlə
iki il ərzində iqtisadiyyata əlavə
54 milyon manat investisiya qoyuluşu təşviq edilib.
Möhtərəm cənab Prezident, hazırda yazlıq əkinlər
üzrə suvarılmanın aparıldığı aktiv
dövrdür.
Su çatışmazlığının əkinlərə
mənfi təsirinin minimuma endirilməsi üçün
nazirlik tərəfindən və müvafiq komissiyanın
koordinasiyası ilə digər qurumlarla birlikdə tədbirlər
görüləcəkdir. Diqqətinizə
görə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sizin məruzənizdə açıq-aydın
göstərilir ki, suyun çatışmazlığı
iqtisadiyyatımıza, kənd təsərrüfatının
inkişafına, fermerlərin gəlirlərinə nə qədər
böyük ziyan vurur. Biz indi fermerləri,
sahibkarları stimullaşdırmaq üçün çox
böyük proqramlar icra edirik - subsidiyalar, güzəştli
kreditlər, texnika ilə təminat, gübrə, yanacaqla təminat.
Bütün bunları dövlət öz üzərinə
götürüb ki, fermerlər daha yaxşı
yaşasınlar. Biz onları torpaq vergisi
istisna olmaqla, bütün vergilərdən azad etmişik.
Amma təkcə suyun
çatışmazlığı görün bizə nə
qədər böyük ziyan vurur. Taxılçılıqda
məhsuldarlıq daha yüksək olmalı idi,
pambıqçılıqda da həmçinin.
Bu il biz birinci dəfə təkrar əkinlə
bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min
hektarda qarğıdalı əkək. Sonra
suyun çatışmazlığı ilə əlaqədar
bunun 50 min hektarını ixtisar etdik. Amma
heç 50 min hektarda da əkə bilmədik. Misal üçün, biz 100 min hektarda bunu əkə
bilsək, bu, bizə nə qədər xeyir verəcək, yem
bazamız, nə qədər genişlənəcək və
idxaldan asılılıq azalacaq, valyuta xaricə getməyəcək.
Ona görə bütün bu məsələlər
çox ciddi təhlil edilməlidir və edilir. Eyni zamanda, veriləcək tapşırıqlar və
qəbul ediləcək proqram hərtərəfli
olmalıdır. Biz nə mümkündürsə, bu il etməliyik. Əsas işləri,
əlbəttə ki, gələn ilin əkin
mövsümünə hazırlıq məqsədilə etməliyik.
Mənə göndərilən məktublarla
bağlı.
Mən bu məktubları Prezident
Administrasiyasının şöbəsinə və Nazirlər
Kabinetinə göndərirəm. Zeynal
Nağdəliyev məlumat verin, məktublarda
qaldırılmış məsələlərin
araşdırılması və görülən tədbirlər
nədən ibarətdir və bu məsələlərin təxminən
neçə faizi öz həllini tapıb? Bundan sonra hansı addımların atılması
gözlənilir?
Prezidentin
köməkçisi Zeynal Nağdəliyev: Təşəkkür
edirəm, cənab Prezident. İcazə verin, məruzə
edim ki, təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən
bizə araşdırılmaq üçün 100 müraciət
göndərilib. Araşdırılan
müraciətlərin 10-u tam olaraq həllini
tapmışdır və yüksək diqqətinizə məruzə
edilmişdir. Hazırda təqribən 12-15
müraciət yerlərdə həllini tapmışdır və
biz bununla bağlı məruzəyə
hazırlaşırıq. Bunlar suyun
çatışmazlığı ilə bağlı olan
müraciətlərdir, söhbət ondan gedir. Eyni
zamanda, suyun çatışmazlığı ilə
bağlı 10 müraciətin Sizin
tapşırığınız əsasında əlavə
potensial imkanlardan istifadə etməklə həlli istiqamətində
iş görülür. Sizin
tapşırığınız müvafiq qurumlara
çatdırılmışdır və indi o imkanlar
araşdırılır. Ümumiyyətlə,
yerlərdə suyun çatışmazlığında əsas
məsələ, həqiqətən də suyun olmaması
idi. Bəzi hallarda suyun verilməsinin, onun
fermerlərə çatdırılmasının sistemliliyi
pozulmuşdu. Tapşırığınıza
uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə
müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik
təmin edilmişdir. Arxlar təmizlənmiş,
digər texniki çatışmazlıqlar aradan
qaldırılmışdır. Cənab Prezident,
hazırda bu istiqamətdə bütün tədbirlər
görülməkdədir.
Prezident
İlham Əliyev: Hər bir məktuba çox diqqətlə
yanaşmaq lazımdır və həlli bilavasitə qısa
müddət ərzində mümkün olan məsələlər
dərhal həll olunmalıdır. Məktublarda elə məsələlər
qaldırılır ki, onlar daha genişmiqyaslı iş tələb
edir. Əlbəttə ki, biz onları nəzərə
almalıyıq. Artıq İqtisadiyyat Nazirliyinə
göstəriş verildi ki, bizim investisiya
proqramımızın imkanları daxilində bu məqsədlər
üçün əlavə vəsaitin ayrılması da nəzərdən
keçirilsin və biz gələn ili
gözləməyək, nə mümkündürsə, bu il
edək. Maliyyə Nazirliyi və İqtisadiyyat
Nazirliyi əlavə vəsaitin tapılması ilə əlaqədar
birlikdə işləsinlər.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov,
vəziyyətlə bağlı məruzə edin.
Nazir Kəmaləddin
Heydərov: Çox sağ olun, möhtərəm
cənab Prezident. Azərbaycan Respublikasının
su ehtiyatlarının qiymətləndirilməsi layihəsi
haqqında Sizin tapşırığınıza əsasən
2014-cü ildə Niderlandın "Deltares” şirkəti ilə
müqavilə bağlanmışdır və ölkəmizin
bütün su balansının çıxarılması, həm
yeraltı ehtiyatların, həm də yerüstü
çayların, göllərin təhlili prosesi
başlanmışdı. Təəssüflər
olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən
maliyyə çatışmazlıqları səbəbindən
dayandırılmışdır.
Yüksək diqqətinizə məruzə edirəm ki,
bu dövr ərzində Bakı və Abşeron
yarımadasının bütün yeraltı, yerüstü
suları və gölləri haqqında təhlil
hazırlanmış və müvafiq orqanlara göndərilmişdir. Amma bizim
ölkə üzrə digər çaylarımızın,
göllərimizin tam təhlili əlavə vəsait tələb
edir və qısa müddətdə başa
çatdırıla bilər. 2017-ci ildən
bu layihənin həyata keçirilməsi
dayandırılmışdır.
Möhtərəm cənab Prezident, vaxtınızı
çox almamaq üçün bir cümlə ilə qeyd edim
ki, həm hidrotexniki qurğuların, həm göllərin və
su anbarlarının vəziyyəti haqqında müvafiq
qurumlara ünvanladığımız məktubların bir
qismi öz həllini tapmışdır. Azərenerji tərəfindən
Mingəçevir gölünün beton hissəsinin su-torpaq
yuyulmasından qorunması üçün işlər tamamilə
başa çatdırılmışdır. Yuxarı Qarabağ kanalının bütün layihə
işləri hazırlanıb verilmişdir. Amma, möhtərəm cənab Prezident, bu, Sizin qeyd
etdiyiniz kimi, köklü və əsaslı surətdə təmin
olunmalıdır. Əgər biz həm
suvarma suyunun, həm içməli suların tam nəzarətdə
olması və səmərəli istifadə edilməsi, ədalətli
bölünməsi üçün işlər görmək
istəyiriksə, bir neçə təklifimiz var. İcazənizlə,
onların bir-ikisini səsləndirim.
Suyun uçotunun təkmilləşdirilməsi
üçün müasir ölçmə vasitələrinin
tətbiq edilməsi. Bu prosesi Baş Nazirin müavininin dediyi
kimi, biz başlamışıq, yəqin ki, qısa müddətdə
başa çatdıracağıq. Əkin
sahələrində suya qənaətedici müasir suvarma
texnologiyasının tətbiqi üçün
istehsalçılara dövlət dəstəyinin verilməsi.
Kollektor-drenaj tullantı sularının təmizlənməsi,
təkrar istifadəyə cəlb olunması istiqamətində
tədbirlərin hazırlanması və həyata
keçirilməsi. Dağ
çaylarında relyefin imkan verdiyi yerlərdə sel
sularının toplanması üçün kiçik su
anbarlarının və yağış sularının
toplanması məqsədilə sututarların tikintisi.
Möhtərəm cənab Prezident, Sizinlə müzakirə
zamanı suvarma dövründən başqa dağ
çaylarındakı suyun akkumulyasiya olunması
üçün müvafiq yerlərin seçilməsi və
oralarda qış dövründə, yəni suvarma olmayan
dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə
tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli
Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu
istiqamətdə bəzi yerlərdə araşdırma
aparmışıq. Onun
reallaşdırılması üçün xarici mütəxəssislərə
ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra
dəvət edəcəyik. Çünki
təbii olaraq Kürün suyu artmağa doğru deyil,
azalmağa doğru gedir. Bizim də əsas
su ehtiyatlarımızı təmin edən Mingəçevir,
Varvara, Şəmkirçay və digər anbarlardır.
Ona görə də biz gələcək
üçün mövcud anbarların faydalı həcmini
artırmaqdan ötrü Varvara, Türyançay və
Əliçay çaylarını təmizləməliyik.
Bir də, möhtərəm cənab Prezident, bildirməliyəm
ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd,
Mingəçevir, Varvara və Ceyranbatan
hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi
məqsədilə Yaponiyanın "Kahişa” şirkəti
ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata
keçirilməsi üçün vəsaitin ayrılması
lazımdır.
Prezident
İlham Əliyev: Bəs nə üçün bu müqavilə
icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?
Kəmaləddin
Heydərov: Deməli, 9 milyon dollar vəsait
çatışmadı. Ona görə də
bu layihənin icrası dayandırıldı.
Prezident
İlham Əliyev: Onda gərək bu məsələ
çoxdan öz həllini tapaydı. Bir halda
ki, müqavilə bağlanıb. Buyur,
Maliyyə naziri, arayış ver.
Maliyyə
naziri Samir Şərifov: Möhtərəm cənab Prezident. Məsələ ilə bağlı məruzə etmək
istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı
Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi
Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon
dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə "Azərenerji” Səhmdar
Cəmiyyəti tərəfindən görülməli idi.
Lakin naməlum səbəblərə görə
bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə
də "Deltares” şirkətinin apardığı texniki
araşdırma ilə bağlı da burada mən sözün
açığı hər hansı bir əsas tapa bilmirəm,
nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı
müvafiq arayış təqdim edə bilərik.
Prezident
İlham Əliyev: Siz məsələni araşdırın. Çünki mən belə başa düşürəm
ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və
Azərenerji bundan istifadə etməyib. Elədir?
Samir
Şərifov: Bəli. O zaman bu vəsaiti dövlət
büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər
iki qurum bilir ki, bu, büdcədə nəzərdə
tutulmamışdı. Bununla bağlı həm
Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə
tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi
ayırmışdı.
Prezident
İlham Əliyev: Bu, böyük vəsait deyil. Bunu indi yubatmaq olmaz. Neçə il keçib və əgər bu vaxtında
olsaydı, bu qiymətləndirmə də aparılardı və
bütün təmir-bərpa işləri görülərdi.
Kəmaləddin
Heydərov:Möhtərəm cənab Prezident, bizim tərəfimizdən
2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən
ayrılmışdı və qalan hissəsini büdcə təmin
etməli idi. Sonradan bu vəsait təmin
olunmadığına görə layihə
dayandırılmışdır.
Prezident
İlham Əliyev:Gərək, məsələ
qaldıraydınız. Vəsait təmin
olunmayıb, siz də məsələ
qaldırmamısınız. Mən bu
gün bunu eşidirəm. İndi Baş
Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll
edin və builki investisiya proqramından vəsait ayırın
ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə
saxlayın və onları indi dəvət etmək
lazımdır ki, gəlib bu qiymətləndirməni
aparsınlar. Çünki bilirsiniz, əgər
bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə
gəlib çatmayacaq. Çünki
kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə
verməyib, ya sonra ixtisar olunub. Belə
şeylərə son qoymaq lazımdır.
İndi isə Ekologiya və Təbii Sərvətlər
naziri, məlumat verin.
Nazir
Muxtar Babayev: Hörmətli cənab Prezident, bildiyiniz kimi, iqlim
dəyişmələrinin təsiri nəticəsində su
ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz
azalmışdır. Beynəlxalq iqlim modelləri
göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən
daha 15 faizə qədər azala bilər. Əvvəlki
dövrlərdə quraqlıq müddəti 2-3 il
davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar
müşahidə olunur. Aparılan
araşdırmalar göstərir ki, dünya ölkələrində
olduğu kimi, ölkəmizdə də
yağıntıların zaman və məkan üzrə
qeyri-bərabər şəkildə paylanması baş verir.
İqlim dəyişmələri nəticəsində
ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi
olaraq ölkənin dağlıq ərazilərində
şaxtalı və qarlı günlərin sayının
azalması qeydə alınır. İqlimin
istiləşməsi ölkənin dağ
çaylarını qidalandıran qar ehtiyatının və
buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili
rayonlar istisna olmaqla, ölkənin bütün
regionlarını əhatə edir. Anomal
hadisələrin sayı və sel-daşqın proseslərinin
təkrarlanması artır. Kür və Qanıq
çaylarında sululuq norma ilə müqayisədə 2019-cu
ildə 29,2, son 6 ayda isə 45,8 faiz
azalıb. Yağıntılar norma ilə
müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə
25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan
ərazilərdə son 10 ildə yağıntının
miqdarı orta hesabla 8,7 dəfə
azalmışdır. İqlimin inertliyini əsas götürsək,
növbəti onillikdə iqlim norma ilə
müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər
il mütəmadi olaraq hidrometeoroloji xidmət
çaylarda sululuq üzrə proqnozları hazırlayır və
müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm
də dağlarda qarölçmə işləri əsasında
aparılır. Bu qədər, cənab
Prezident.
Prezident
İlham Əliyev: İndi söz verilir Prezident
Administrasiyasının Dövlət nəzarəti şöbəsinin
müdiri Kərəm Həsənova. Mənə
geniş arayış hazırlayıb. Çox
böyük təhlil işi aparılıb. Bu təhlil işini, bu arayışı mən
komissiyaya göndərmişəm, komissiya da buna baxır.
Siz, indi görülmüş işlərlə
bağlı qısa məlumat verin və mövcud vəziyyəti
necə qiymətləndirirsiniz?
Kərəm
Həsənov: Təşəkkür edirəm, möhtərəm
cənab Prezident. Sizin
tapşırığınızla, əhalinin içməli
su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə,
eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi
ilə bağlı yaxın günlərdə tərəfimizdən
monitorinq aparılmışdır. Həmçinin
ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti
ilə bağlı araşdırmalar aparılmış və
hazırlanmış arayış ali diqqətinizə
təqdim edilmişdir.
İcazənizlə,
mövcud vəziyyətlə bağlı onu demək istərdim
ki, tamamilə çox düzgün buyurursunuz, ölkəmizin
su mənbələri üzrə ehtiyatları təxminən
35,6 milyard kubmetr qiymətləndirilir. Axırıncı dəfə ölkə üzrə
yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı
su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi.
Biz hazırda su sistemi ilə bağlı məlumatları
bu qiymətləndirmələrdən əldə edirik.
Təxminən 40-50 il keçməsinə
baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir.
Bayaq Fövqəladə Hallar naziri bu məsələ
ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6
milyard kubmetr su ehtiyatından il ərzində içməli su
üçün təxminən orta hesabla 653 milyon kubmetr su
götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın
1,8 faizini təşkil etmişdir.
Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə
təsir etmişdir . Mövcud su
ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir.
Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının
azalmasına çox cüzi təsir edir.
Cənab
Prezident, bir rəqəmi demək istərdim ki, sistem üzrə
götürülən 653 milyon kubmetr suyun təxminən orta
hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə
sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə
silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə
daxil olan suyun 45 faizi, götürülmüş suyun isə
50 faizi deməkdir, istehlakçılara
çatdırılmışdır. Çox
düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və
bu da təxminən istehlakçılara verilən su təchizatının
50 faizi həcmindədir. Yəni, istehlakçılara
verilən su itkiyə gedən sudan
azlıq təşkil edir. Bəli, bu rəqəmlər var.
Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su
anbarlarımızda mövcud vəziyyətlə, yəni
hidrotexniki qurğuların və avadanlıqların istismar
müddəti ilə bağlı bəzi yerlərdə
vaxtı keçmiş məsələlər var. Ona görə
də çox doğru tapşırıq oldu ki, bu təhlükə
mənbələrinin aradan götürülməsi
üçün hidrotexniki qurğuların yenilənməsi
ilə bağlı müvafiq iş aparılsın.
Digər məsələ isə, çox düzgün
buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi
düzgün hesablanmır. Yəni, həm əhalinin
sayına görə, eyni zamanda, təchizat sistemində, yəni
investisiyaların geri dönməsi, iqtisadi cəhətdən
onların səmərəli olması heç də
düzgün hesablanmır və sosial səmərəliliyinə
baxılmır. Belə ki, bəzi ərazilərdə,
məsələn Xaçmaz rayonunda biz bu məsələlərə
baxmışıq. Xaçmaz rayonunda su təchizatı
həll edilməmişdən öncə bir su mənbəyi
müəyyən olunmuşdur. Sonradan isə
bu mənbəyə də quraqlıq təsir etmişdir və
bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi
ev, təxminən 10 minə yaxın əhali
su təchizatından narazıdır. Bu
narazılığı biz ali diqqətinizə
çatdırmışıq və Siz göstəriş
vermisiniz. Biz əməkdaşlarımızı
Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin
şöbəsinin əməkdaşları ilə birlikdə
orada bu məsələlərlə məşğul olduq.
Eyni zamanda, şikayətlərlə bağlı isə
onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə
bağlı şikayətlər var idi. Bunu, əsasən,
aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar,
İmişli, Biləsuvar rayonları təşkil edirdi.
Sizin tapşırığınız əsasında
onların su ilə təminatı məsələlərinə
ciddi fikir verilmişdir və məsələlər
araşdırılmışdır.
Suvarma
sistemi ilə bağlı isə onu demək istərdim ki, orta
hesabla ölkə üzrə illik 6,3
milyarddan 6,7 milyard kubmetrə qədər su təminatı
mövcuddur. Ölkə üzrə orta hesabla 2017-2019-cu illərdə,
əslində, il ərzində 3,2 dəfə
suvarma olmalıdır. Bu, "Meliorasiya və Su
Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
verdiyi məlumatlardır. Əslində,
faktiki vəziyyətdə isə bir qədər fərqli rəqəmlər
görünür. Kənd Təsərrüfatı
naziri də bu məsələni qeyd etdi. Yəni, 28
rayonda 671 min 264 hektar kənd təsərrüfatı
torpaqlarının 50 faizində suvarma ortalama həddən
aşağı olmuşdur. Məsələn, daha kritik vəziyyət
Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə,
Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə
suvarma işləri həyata keçirilmişdir. Bu da kənd təsərrüfatının,
xüsusilə aqrar sektorun inkişafına çox ciddi mənfi
təsir edən amillərdən biridir. Beləliklə,
Sizin tapşırığınızla biz həm kənd təsərrüfatının
suvarma sistemində, həm də əhalinin içməli su
ilə təminatı sistemində bu məsələlərə
fikir veririk və Sizin tapşırığınızla nəzarətə
götürmüşük, baxırıq. Amma suda sanitar məsələləri də
xüsusilə qeyd etmək istərdim. Cənab Prezident, ali diqqətinizə çatdırıram ki,
suyun keyfiyyətinə, epidemioloji vəziyyətə aidiyyəti
qurumlar tərəfindən fikir verilsə, daha yaxşı
olar. Bu qədər. Təşəkkür
edirəm.
Prezident
İlham Əliyev: Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə
dövlət nəzarəti olmamışdır, o cümlədən
Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə
göstəriş verəndən sonra onlar işə
başladılar, geniş arayış hazırladılar.
Kərəm Həsənov bütün məsələləri
indi demədi, çünki vaxt baxımından imkan yoxdur.
Amma bu arayışda hər şey göstərilib.
Komissiya formalaşdı, işə
başladı, üç ay ərzində təhlil apardı,
demək olar ki, bütün qüsurlar üzə
çıxdı. Yaxşı, bu
qüsurları görən yox idimi? Aidiyyəti
qurumlar bu məsələ ilə nə üçün məşğul
olmurdular? Hesab edirdilər ki, orada boru
çəkdim, burada kanalı betonladım. Bununla da
iş bitir? Bununla iş bitmir. Gərək
işi elə qurasan ki, fermerlər, vətəndaşlar
razı olsunlar. Su qıtlığı ola
bilər, təbii səbəblər var. Aydın məsələdir
ki, keçən il, bu il heç tarixdə bəlkə də
görünmədiyi səviyyədə quraqlıq var idi. Amma
əgər düzgün işlər görülsəydi,
vaxtında bu məsələlər üzə
çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən
daha az itkilərlə çıxardıq.
Ona görə bugünkü müşavirədən
sonra, əlbəttə, geniş tədbirlər planı
hazırlanacaq. Bu gün səslənən
təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən
aparılmış təhlil nəticəsində təkliflər,
yerlərdən gələn təkliflər mütləq nəzərə
alınmalıdır. Çünki
regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramını və ondan sonrakı proqramları qəbul edərkən
biz yerlərdən məlumat əsasında bir çox məsələləri
o proqramlara daxil etdik. İnsanları nə
narahat edir? Hansı rayonda hansı problem
var? Bu ərizələr və təkliflər
əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır.
Çünki bütün mövcud problemlər
gərək bu proqramda öz əksini tapsın.
Su təsərrüfatı balansına gəldikdə,
yaxşı ki, bu məsələ qısa müddət ərzində
həll olundu.
Təbii ki, bundan sonra müntəzəm olaraq su
balansı hazırlanmalıdır. Bu, bizim
üçün əsas "yol xəritəsi” olacaqdır.
Su balansı tərtib olunmadan biz öz
işimizi planlaşdıra bilmərik.
Bizim əsas su obyektlərində müasir
ölçü cihazları quraşdırılmalıdır
və bir neçə obyektdə artıq
quraşdırılıb. Amma bu, çoxdan
olmalı idi. Necə ola bilər ki,
bizim əsas su anbarlarında ölçü cihazları
yoxdur. Nə qədər su gəldi, nə qədər
su çıxdı, dədə-baba üsulu ilə
baxırlar, səviyyəyə baxırlar, orada xətlərə
baxırlar, ondan da nəticə çıxarırlar. Ona görə indi mən Şahin Mustafayevdən
soruşmaq istəyirəm ki, hansı obyektlərdə bu
quraşdırıldı və bu məsələ nə vaxt
tam təmin ediləcək?
Şahin
Mustafayev: Cənab Prezident, 12 ədəd müasir
ölçü cihazı Fövqəladə Hallar Nazirliyi tərəfindən
əldə olunub və ondan 4-ü artıq
quraşdırılıb. Biz, ilk növbədə,
məsləhətləşdik, baxdıq ki, əsas suyumuz
haradadır. Ona nəzarəti təmin etmək
üçün Mingəçevir Su Anbarını
götürdük. Mingəçevir Su
Anbarına üç çıxış var - Yuxarı
Qarabağ, Yuxarı Şirvan kanalları, bir də Mingəçevir
SES-ə gedən Varvara Su Anbarına tökülən yerdə.
Biz, ilk növbədə, bu üç yerdə və
bir də Mingəçevirin özünün su həcminin
ölçülməsi üçün cihaz
quraşdırdıq. Bu 4 cihaz artıq
quraşdırılıb. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə
olunub. Mən düşünürəm
ki, təxminən bir ay ərzində daha 33 cihaz
quraşdıracağıq. Komissiyada
baxmışıq ki, ilk növbədə, hansı nöqtələrdə
bu cihazlar quraşdırılmalıdır. Bir neçə gün öncə biz komissiyada məsləhətləşdik,
razılaşdırdıq ki, şimal istiqamətində bir
neçə ən önəmli su anbarında və kəmərlərdə,
kanallarda da bu cihazları quraşdıraq. Düşünürəm
ki, biz bu sahədə bütün işləri bu ilin sonunadək
zəruri yolla, amma kritik olanları bir ay ərzində başa
çatdıracağıq.
Prezident
İlham Əliyev: Fövqəladə Hallar naziri əlavən
var?
Kəmaləddin
Heydərov: Möhtərəm cənab Prezident, əslində,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində
suölçmə cihazları artıq var idi. Amma
onlar mənəvi və fiziki olaraq köhnəlmişdi.
Sizin tapşırığınızdan sonra bu
yeni cihazların əldə olunması və
quraşdırılması prosesi gedir. Baş
Nazirin müavininin dediyi kimi, qısa bir müddətdə ən
vacib yerlərdə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birgə bunları quraşdıracağıq.
İkinci və üçüncü əhəmiyyətli
yerlərdə də ilin axırına qədər bu proses
qurtaracaq.
Qeyd etdiyiniz kimi, bizim su itkilərimizin 40, bəzi yerlərdə
də 50 faizi beton və torpaq kanallarda baş verir. Biz Almaniya
şirkətləri ilə danışıqlar
aparmışıq. Suyu dayandırmadan,
yeni üsullarla onu beton kanallarla deyil, digər materiallar var,
onlarla üzlənmiş kanallarla nəql edib, su itkisini
çox minimuma endirmək olar. Əgər
icazə versəniz, biz bu barədə müvafiq qurumlarla
danışaq, nəticələrini Nazirlər Kabinetinə təqdim
edək. Yeni materiallar həm tez başa gəlir,
həm ucuzdur, həm də quraşdırılan vaxt suyun
qabağını dayandırmır. İcazə
versəniz, bu işə başlayardıq.
Prezident
İlham Əliyev: Bəli, mütləq məşğul olun.
Mən bir dəfə bu haqda fikrimi demişəm.
Demişəm ki, indi dünyada texnologiyalar
inkişaf edir. Biz də gərək ən
qabaqcıl texnologiyaları ölkəmizə gətirək.
Biz həmişə hesab edirdik ki, əgər
torpaq kanalı beton üzlüklə örtülərsə,
itkilər azalacaq. Amma bu, həm
böyük xərc, həm də vaxt tələb edir. Ona görə tezliklə dediyiniz o şirkətlə
əlaqə saxlayın, onları dəvət edin. Qoy,
bizə göstərsinlər və bir pilot layihə də
icra etsinlər. İqtisadiyyat Nazirliyi aidiyyəti
qurumlarla birlikdə vəsaitlə bağlı məsələləri
həll etsinlər ki, biz vaxt itirmədən bu işə
başlayaq. Bizim kanallarımızın 73
faizi torpaq kanallardır. Bu da, əlbəttə
ki, itkilərin əsas səbəbidir.
Mingəçevir Su Anbarının Yuxarı Qarabağ
kanalına çıxış hissəsi yenidən
qurulmalıdır. Bu məsələ ilə bağlı qərar
qəbul edildi, yoxsa yox?
Şahin Mustafayev:
Cənab Prezident, komissiyanın bəzi üzvləri orada
oldular, baxdılar. Yuxarı Qarabağ
kanalının giriş hissəsində qapı var. O qapı
faktiki işləmir və o qapının işləməməsi
prinsip etibarilə çox ciddi təhlükə yarada bilər.
Çünki bu qapı həm Yuxarı Qarabağ
kanalına tunelin girişini qoruyur, həm də suyun həcmini
tənzimləyir. Ona görə orada olduq,
vəziyyət çox pisdir, ağırdır. Bu məsələyə təcili olaraq
baxılmalıdır. Artıq Fövqəladə
Hallar Nazirliyi Yaponiya şirkəti ilə müqavilə
bağlayıb, araşdırmalar aparılıb, layihə-smeta
sənədləri hazırdır.
Fövqəladə Hallar Nazirliyi komissiyaya müraciət
edib, komissiyadan materiallar artıq İqtisadiyyat Nazirliyinə
göndərilib. İqtisadiyyat Nazirliyi qısa müddətdə
layihəyə baxıb, öz qiymətləndirməsini verəcək.
Hesab edirəm ki, bu layihənin qısa müddətdə
başa çatdırılması mümkündür və zəruridir.
Prezident
İlham Əliyev: İcra müddəti təxminən nə
qədər ola bilər?
Şahin
Mustafayev: Yəqin söhbət aylardan gedəcək, cənab
Prezident.
Prezident
İlham Əliyev: Onda uzatmayın. Tezliklə
baxın məsələyə. Əlbəttə
ki, bu, müşavirənin yekunu olaraq imzalanacaq Sərəncamda
da öz əksini tapmalıdır.
Şahin
Mustafayev: Baş üstə.
Prezident
İlham Əliyev: Elektron su təsərrüfatı informasiya
sistemi haqqında artıq burada deyildi. Bildiyimə
görə, indi əsasnamə hazırlanır. Bunu da tezləşdirin, tezliklə təqdim edilsin,
imzalansın. Bu, elektron kənd təsərrüfatı
informasiya sistemi ilə inteqrasiya şəklində artıq
vahid bir informasiya sistemi kimi olacaq. Eləmi?
Şahin
Mustafayev: Bəli, cənab Prezident. Elektron su təsərrüfatı
informasiya sistemi bütün aidiyyəti dövlət
qurumlarının informasiya sistemlərinə inteqrasiya olunacaq,
o cümlədən kənd təsərrüfatı informasiya
sisteminə.
Prezident
İlham Əliyev: Eyni zamanda, biz peyk imkanlarımızdan da
istifadə etməliyik. Mən bilirəm ki,
"Azərkosmos” da bu işlərə cəlb edilib. Mütləq müntəzəm olaraq həm
müşahidə aparılmalıdır, eyni zamanda, mövcud
problemlər artıq peyk vasitəsilə müəyyən
edilməlidir. Bu işlər də müntəzəm
olaraq aparılmalıdır.
Əkin sahələrinin müasir texnologiyalar əsasında
suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə
alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə
biz bu işlərə xarici mütəxəssisləri cəlb
etməliyik. İndi komissiya bu məsələ
ilə məşğul olsun və eyni zamanda, biz gərək
sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici
addımlar atılmalıdır ki, onlar bu müasir
texnologiyalara daha da yaxından cəlb olunsunlar. Ola bilər güzəştli kreditlər, yaxud da ki,
hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət
öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini
həll edəcəyik. Amma bu,
sahibkarların özləri üçün də bir
motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər.
Burada, əlbəttə, maarifləndirmə
işi aparılmalı, təqdimatlar keçirilməlidir,
sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan
istifadə edəcəklərsə, onda dövlətin güzəştləri
nə olacaq və deməli, məhsuldarlıq nə qədər
artacaq.
Yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi
məsələsi, hesab edirəm ki, həll olunub. Çatışmayan
vəsait tezliklə ayrılmalıdır və həmçinin
hidrotexniki qurğuların təftişinə də mütləq
xarici mütəxəssislər cəlb edilməlidir.
Əkin sahələrinin suvarılması
üçün qrafiklərin tətbiq edilməsi prosesi
başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli
bir proses olmalıdır. Ölkə üzrə
hər yerdə qrafiklər tətbiq edilməlidir və
çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə
ki, "Elektron kənd təsərrüfatı” informasiya
sistemi ilə də uzlaşdırılmalıdır və
fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi
ədalətli olmalıdır. Yerlərdən
gələn bəzi məktublar da göstərir ki, müəyyən
hallarda bu ədalət prinsipi pozulur. Kimin
imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə
qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa
fermer susuz qalır. Ona görə qrafiklər
ədalətli olmalıdır və geniş ictimaiyyət bu
işlərə cəlb edilməlidir. Əlbəttə
ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi
və yerli icra orqanları birlikdə bu işlərlə məşğul
olsunlar.
Mənə
verilən məlumata görə, bir çox yerlərdə su
xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə
heç kim cavabdehlik daşımır. Birincisi, bu qoşulmalar qanunsuzdur və buna yol vermək
olmaz. İkincisi, mənə gələn məlumata
görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər
sudan istifadə edilir, ancaq digər təsərrüfatlara
su çatmır. Ona görə burada da
çox işlək nəzarət mexanizmi olmalıdır, həm
viziual, həm elektron nəzarət mexanizmi. İndi xüsusi cihazlar var ki, onlar, misal
üçün, borularda təzyiqin aşağı
düşməsi nəticəsində dərhal siqnal verir.
Ona görə burada da ən müasir sistemlər
tətbiq edilməlidir ki, bu məsələ
elektronlaşdırılsın və vahid informasiya
portalında, informasiya sistemində öz əksini tapsın.
Onda siz görəcəksiniz, əgər
hansısa hissədə təzyiq aşağı
düşübsə, deməli, orada qanunsuz qoşulmalar var.
Buna qətiyyən yol vermək olmaz.
Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan
qaldırılmalıdır. Yerli və mərkəzi
icra orqanları, lazım gələrsə, hüquq-mühafizə
orqanları bu işlərə cəlb edilməlidir ki, burada
bu xaosa son qoyulsun. Ən dəhşətlisi odur ki,
heç kim buna məsuliyyət
daşımır. Qanunsuz qoşulmalara
qarşı heç bir cəza mexanizmi, yaxud da ki, nəzarət
mexanizmi yoxdur. Çünki bütün
qurumlar hesab edir ki, bu, onun işi deyil. İndi
əgər komissiya işləməsəydi, bu komissiyanı mən
yaratmasaydım və bunu üzə çıxarmasaydım,
belə də davam edəcəkdi. Ona
görə mütləq bu məsələ tezliklə öz
həllini tapmalıdır.
İtkilərlə bağlı. İtkilərin kəskin
azaldılması ilə bağlı kompleks tədbirlər
görülməlidir. Əlbəttə,
itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə
torpaq kanallar deyil. Digər mərhələlərdə
də itkilərə yol verilir. Bəzi
hallarda bu itkilər süni şəkildə şişirdilir.
Bəzi hallarda heç itki olmur, amma suyun həcmi
itkilərə silinir. Mənə verilən
məlumata görə, burada da xoşagəlməz hallar kifayət
qədər geniş vüsət alıb. Ona
görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir.
Mən yenə də deyirəm, əgər itkilər
aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və
su resurslarımız kifayətdir.
İçməli su layihələrinə, meliorasiya
layihələrinə böyük vəsait qoyulur. İndi
müasir texnologiyalar var. Həmçinin boruların istismar
müddətinin uzadılması üçün yeni
texnologiyalar var, onlardan istifadə etmək lazımdır.
Amma elə bil ki, bu itkilər kiməsə sərf
edir. Çünki itkilər olan yerdə
uçot olmur. Nəyi istəyirsənsə,
itkilərə silmək olar. Ona görə
ayrıca bir proqramın içində xüsusi bir istiqamət
olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin
azaldılması hansı templə gedəcək, hansı ildə
hansı səviyyəyə düşəcək və əgər
düşməyəcəksə, buna məsuliyyət
daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır.
Yoxsa ildən-ilə mən bunu eşidirəm -
itkilər, itkilər. Yaxşı, itkilər
var, amma bunun qarşısını almağın yolu da var. Bu
illər ərzində məgər bu yolu tapmaq mümkün
deyildi?! Deməli, kimsə maraqlıdır
ki, bu itkilər olsun. Hər kəs nəticə
çıxarsın.
Dağ çaylarının sularının
yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm.
Artıq bizim dağ çaylarımızda
mövcud olan resursların geniş təhlili aparılıb.
Ona görə sututarların, kiçik su
anbarlarının tikilməsi və dağ
çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi
məsələlərinə də mütləq
baxılmalıdır. Hesab edirəm ki, biz
bu işi qısa müddət ərzində görə bilərik.
Yenə də çox işlək bir nəzarət
mexanizmi olmalıdır.
Bir məsələ də su ehtiyatlarının qiymətləndirilməsi
ilə bağlıdır. Bu qiymətləndirmə
aparılarkən, eyni zamanda, müəyyənləşdirilməlidir
ki, bizim su ehtiyatlarımızın artırılması
ehtimalı nə dərəcədə realdır, bu,
mümkündür, yoxsa yox. Bəlkə də
bizim bilmədiyimiz elə sahələr var ki, orada mənbələr
var, sadəcə olaraq, işlər görülməyib, kəşfiyyat
aparılmayıb. İndi burada mənə
məlumat verilir ki, yeraltı və yerüstü su mənbələri
sovet dövründə qiymətləndirilib. Görün, bunun üstündən nə qədər
vaxt keçib. Üstəgəl yeni
texnologiyalar. Bizim bəlkə də haradasa
geniş su mənbələrimiz var, biz, sadəcə, onu
bilmirik.
Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisini də sovet vaxtında əldə olunmuş bilgilər
əsasında icra etmişik. O vaxt bu məsələ ortaya
çıxmışdı, təkliflər səsləndirilmişdi.
Ancaq o vaxt biz mərkəzi ümumittifaq
fondlardan asılı olduğumuz üçün bu sahəyə
vəsait ayrılmamışdı, ona görə icra edilmədi.
Ancaq layihə olmasa da, hər halda bütün
bilgilər var idi ki, bu bölgədə geniş və
çox gözəl, təmiz su mənbələri var. Ona
görə bu qiymətləndirilmə aparılarkən su
ehtiyatlarımızın artırılma ehtimalı da mütləq
təhlil edilməlidir.
Torpaq kanalların yenidən qurulması ilə
bağlı artıq təklif verildi. İndi qısamüddətli
və uzunmüddətli proqram tutulmalıdır. Dediyim
kimi, xarici mütəxəssislər, yeni texnologiyalar cəlb
olunmalı, pilot layihələr icra edilməlidir. Siz o pilot
layihələrin icrası üçün bir neçə
yer seçin ki, biz bu işi bir neçə kanalda başlayaq
və sonra bunu təqribən bir neçə ay, bəlkə
bir il ərzində sınayaq. Əgər səmərəli olarsa, bu yeni
texnologiyalardan istifadə edə bilərik.
Verilən təkliflər arasında ilkin mərhələdə
22 kanalın yenidən qurulması nəzərdə tutulur. Ona görə
bu kanallar yenidən necə qurulacaq, bax, əsas məsələ
bundadır. Əgər buna nail ola
bilsək, biz təqribən 300 min hektara yaxın əkin sahəsinin
su ilə təminatını tam həll edəcəyik.
Mil-Qarabağ kollektorunun yenidən qurulması məsələsi
də gündəlikdədir. Bu sahədə
hansı işlər görülüb və hansı təkliflər
var? Şahin Mustafayev, siz məlumat verin.
Şahin
Mustafayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, təkliflərin
içərisində 22 kanalın yenidən qurulması və
əsaslı təmiri təklifi verilmişdi. Artıq
Siz qeyd etdiniz ki, bu kanallar təxminən 300 min hektara yaxın əkin
sahəsinə xidmət edəcək. Bu
kanallarda hazırda təxminən 30-40 faiz ətrafında su
itkisinə yol veririk. Biz bu kanalları təmir
etsək, onda qarşısı alınan su itkiləri
hesabına əkin sahələrinin suvarılmasını daha
yaxşı təmin edə bilərik. Eyni zamanda, əkin
sahələrini genişləndirmək də mümkün ola bilər. O ki qaldı, kollektorun əsaslı
təmirinə, bu da çox vacib layihədir. Biz
burada da ciddi problemlər görürük və ilk növbədə,
bu kollektorun təmir olunması məqsədəuyğun hesab
edilmişdir. Biz komissiyada buna
baxmışıq. "Meliorasiya və Su
Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
təklifini əsas götürərək, ilk növbədə,
bu kollektorun əsaslı təmiri məsələsini gündəmə
gətirmişik.
Cənab
Prezident, yanaşma belə oldu ki, biz, ilk növbədə,
magistral kanalların, onlardan çıxan birinci dərəcəli
və ikinci dərəcəli su kanallarının təmirini
prioritet hesab etdik. Yəni, kompleks olaraq bir blok
qurtarandan sonra, digər blokda işlərin başlanması nəzərdə
tutulur. Beləliklə, kompleks şəkildə bir blok magistral kəmər, ondan çıxan
birinci dərəcəli, ikinci dərəcəli kanallar və
onlardan çıxan paylayıcı şəbəkələr
birdəfəlik təmir olunsun. Yəni, biz işləri
yarımçıq qoymayaq və blok-blok qurtaraq. Verilən təkliflər əsasən Araz
çayından, bəzi hissəsi isə Kür
çayından qidalanan və aran regionunu əhatə edən
su kəmərləri ilə bağlıdır. Komissiyanın təklifi ondan ibarətdir ki, ilk
növbədə, texniki-iqtisadi əsaslandırmalar, layihə-smeta
sənədləri hazırlanmalıdır, ondan sonra prioritetlər
üzrə yekun qərar qəbul olunmalıdır ki, maksimum səmərə
təmin edilsin.
Prezident
İlham Əliyev: Kollektorun uzunluğu təqribən 100
kilometrdən çoxdur. Bu, çox
böyük layihədir. "Meliorasiya və
Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
sədri bu barədə nə kimi məlumat verə bilər?
Əhməd
Əhmədzadə dedi:
- Möhtərəm
cənab Prezident, cəbhə bölgəsində
yaranmış gərgin vəziyyətdə, pandemiyanın
dünyada tüğyan etdiyi bir vaxtda su təsərrüfatı
məsələləri, su itkilərinin
qarşısının alınması ilə bağlı belə
tədbirin keçirilməsinə görə, ilk növbədə,
Sizə dərin minnətdarlığımı bildirirəm. Burada deyilənlərin hamısı çox
düzgün, vaxtında qaldırılmış məsələlərdir.
Bu məsələlərlə bağlı onu deyə bilərəm
ki, 17 il ərzində Siz Azərbaycanda bu
sahədə çox böyük işlər
görmüsünüz. Əgər bu gün
Taxtakörpü su anbarı, Şəmkirçay su anbarı
olmasaydı, Bakı, Sumqayıt şəhərlərinin su təchizatında,
şimal zonasının suvarma məsələlərində
çox ciddi çətinliklər olardı. Bu gün həqiqətən quraqlıq şəraitində
Bakıda su təchizatında, içməli su məsələsində
təhlükəli vəziyyət yarana bilərdi. Amma
gördüyünüz tədbirlər nəticəsində həm
şimal zonasında, həm də Bakı və Sumqayıt
şəhərlərində bunu heç kəs hiss etməyib.
Hazırda Bakıya verilən suyun 70 faizi
Ceyranbatan su anbarından götürülür. Bu da Taxtakörpü su anbarından
götürülən suyun hesabınadır. Şəmkirçay su anbarının tikilməsi isə
qərb bölgəsinin problemlərini çox yüksək səviyyədə
həll edib. Bunun xeyrini həmin zonanın əhalisi də
hiss edir.
Cənab
Prezident, quraqlıq səbəbindən son 70 ildə Mingəçevir
su anbarı istifadəyə veriləndən birinci dəfədir
ki, indiki bu səviyyəyə düşüb. Sizin
yaratdığınız komissiya çox fəal işləyir,
çox yaxşı işlər görülür. Biz səhmdar cəmiyyət olaraq bu Sərəncamın
icrası ilə bağlı 2020-2030-cu illər
üçün proqram tərtib edib komissiyaya təqdim
etmişik. Həmin proqramda Sizin
qarşıya qoyduğunuz vəzifələrin hamısı,
yəni su itkilərinin azaldılması, su ehtiyatlarından
istifadə olunması, müasir texnologiyaların tətbiqi,
suyun idarə edilməsi üçün institusional dəyişikliklərin
aparılması öz əksini tapıb. Proqrama
komissiyada baxırlar, yəqin ki, yaxın vaxtlarda Sizə təqdim
olunacaq. Qeyd edilən 22 magistral kanalın,
eyni zamanda, Mil-Qarabağ kollektorunun və bir neçə su
anbarının tikintisinə başlanması, əsasən də
bu işlərin görülməsi üçün layihə-smeta
sənədlərinin hazırlanması, müasir texnologiyalara
uyğun işlənməsi nəzərdə tutulub. İndi müasir texnologiyalar var, bu işlər də
yəqin ki, layihələndiriləndə, icra olunanda bu
texnologiyalara uyğun aparılacaq.
Cənab
Prezident, Mil-Qarabağ kollektoru Baş Mil-Muğan kollektorunun
davamıdır. Kollektorun tikintisi çoxdan
layihələndirilib, İslam İnkişaf Bankının
hesabına texniki-iqtisadi əsaslandırma aparılıb.
Vəsaitlə bağlı olaraq həmin sahə
hələ bir qədər sonraya saxlanıldı. Amma
onun çəkilməsi çox vacibdir, çünki həmin
zonada Sizin gördürdüyünüz böyük su təsərrüfatı
işləri, Şəmkir sonasından başlayaraq Goranboy,
Samux rayonlarında görülən işlər, ümumiyyətlə,
çöl sularının atılması üçün həmin
kollektorun yenidən qurulmasını tələb edir. O,
kiçik iş deyil, gərək bir neçə il onun üzərində effektli işlənilsin.
Biz builki quraqlıqla bağlı bütün
imkanları kənd təsərrüfatını su ilə təmin
etmək, birinci növbədə isə içməli su məsələsini
əsas götürmüşük. Şimal zonasında
müəyyən əkinlərin aparılmasında təkliflərimiz
ondan ibarət olub ki, bu zonanın suyu əsasən
Bakının, Sumqayıtın içməli suyu ilə birgə
gedir və onu kənd təsərrüfatı sahəsinə
yönəltmək paytaxtın su təchizatında hər
halda bir qədər çətinlik yarada bilər. Siz bilirsiniz, kəndlərimizin əksəriyyətində
indi su xətləri çəkilir. Çay
sularından istifadə olunur. Mobil
qurğular qurulub, o qurğulara gərək su verilsin, bu
işlər görülsün. Yəni,
biz alternativ su mənbələrindən də, kollektorların
suyundan da istifadə edirik. İndi Kür
çayının suyuna kollektorlardan saniyədə 48 kubmetr
su qatırıq. Bu da bizim əlimizdən
tutur ki, pambıq sahələrini suvara bilək. Qarabağ kanalına ümumi imkanın 70 faizi qədər
su götürülür. Şirvan
kanalına 60 faizə qədər su götürürük.
Bu 60-70 faizlə, növbəliliyi artırmaqla Kənd Təsərrüfatı
Nazirliyi, onun yerlərdəki idarələri, icra hakimiyyətləri
ilə birlikdə qrafiklə 580 minə yaxın fermerlə
müqavilə bağlanılıb. 580 min fermer
bilir ki, onların suyu haradan gələcək və necə
gedəcək. Kənd Təsərrüfatı
Nazirliyinin sistemi vasitəsilə hər bir şəxs bilir ki,
nə vaxt su ilə təmin olunacaq. Ümumiyyətlə,
qısa müddətdə su təsərrüfatı sahəsində
kadastrın hazırlanması təmin olunub. Kadastrda 200 min meliorasiya obyektinin adı var ki, bu
gün onları tapmaq olur. Yəni, uçotu aparmaq
üçün, Sizin qarşıya
qoyduğunuz məsələlərin həlli
üçün görülən işlər öz effektini
verəcəkdir. Biz komissiyaya lazım olan
materialları təqdim etmişik. Əgər
tapşırıq versəniz, xarici mütəxəssislərin
də dəvət olunması ilə bu işi Sizin
tələbləriniz səviyyəsində görə biləcəyik.
Diqqətinizə görə minnətdaram.
Prezident
İlham Əliyev: Biz sudan elektrik
stansiyalarının fəaliyyətində də istifadə
edirik və əlbəttə, həm su elektrik
stansiyalarının, eyni zamanda, istilik elektrik
stansiyalarının fəaliyyəti, əlbəttə ki,
sudan asılıdır. Çünki bu soyutma
işləri olmadan istilik elektrik stansiyaları fəaliyyət
göstərə bilməz. İndi qeyd
etdiyim kimi, biz son vaxtlar elektrik stansiyalarının
reabilitasiyası, müasirləşdirilməsi ilə
bağlı böyük işlər gördük,
itirilmiş gücləri bərpa etdik, haradasa 800 meqavat səviyyəsində.
Bu yaxınlarda Mingəçevir İstilik
Elektrik Stansiyasının yenidənqurmadan sonra
açılışı olmuşdur və stansiya 2400 meqavat
elektrik enerjisi generasiya edir. Əlbəttə ki, bu sahədə
soyutma məqsədilə sudan qənaətlə
istifadə edilməlidir. Eyni zamanda, Xəzər
dənizinin səviyyəsi aşağı düşüb.
Bu, ilk növbədə, Sumqayıt İstilik
Elektrik Stansiyasının fəaliyyətinə çox mənfi
təsir göstərir, o da 525 meqavat gücündə olan
stansiyadır. İstisna edilmir ki,
"Şimal-1”, "Şimal-2” elektrik stansiyalarının
soyutması ilə bağlı problemlər yarana bilər.
Orada da ümumi generasiya gücü 800
meqavatdır. İndi Azərenerjinin sədri
məlumat versin, Sumqayıt Elektrik Stansiyasının
soyudulması üçün estakada tikilir və bu tikinti nə
yerdədir və nə vaxt başa çatacaq? Ümumiyyətlə, Xəzərin suyunun
aşağı düşməsi ilə bağlı hansı
qabaqlayıcı tədbirlər görülür ki, biz
özümüzü bu vəziyyətdən sığortalaya
bilək.
"Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev
dedi:
- Təşəkkür
edirəm, möhtərəm cənab Prezident.
Siz çox doğru qeyd etdiniz. Xəzərin səviyyəsinin
son ildə bir metr yarımadək aşağı düşməsi
nəticəsində sahilin "ləpədöyən” deyilən
hissəsindən soyutma sistemi üçün dövrə
nasoslarının suyu gətirdiyi, qəbul etdiyi bir ərazi
seçilmişdi ki, bu, doğru deyildi. Ona
görə biz vəziyyəti Sizə məruzə etdik.
Sizin göstərişinizlə bütün tədbirlər
planı həyata keçirildi və dənizə doğru 750
metr estakadanın tikintisi artıq başa çatıb. Bu ayın sonunda 6 ədəd çox güclü
nasos artıq Bakıda olacaq. Sizə
söz verdiyim kimi, biz oktyabrın axırı, noyabrın əvvəllərində
Sumqayıtda yaranan su probleminin həllinə nail
olacağıq. O ki qaldı, dənizin səviyyəsinin
düşməsindən itirdiyimiz elektrik enerjisinə, son həftənin
reallığı odur ki, bu gün əgər havaların isti
keçməsinə görə texniki göstərici olaraq
biz qoyulmuş gücdən 8 faiz itiririksə, 8 faiz də səviyyənin
aşağı düşməsindən itiririk. Hazırda Sumqayıt elektrik stansiyası 420-430 meqavat
gücündə fəaliyyət göstərir. Yəni, bunun təsiri bu qədərdir. Bu, maya dəyərinə də çox ciddi təsir
edir. Eyni problem, demək olar ki,
"Şimal-1”, "Şimal-2”də də var. Biz ancaq dərinləşdirici
lilsovuran qurğulardan istifadə edərik. Hələlik
orada da 8-10 faiz itki var. Cəmi 800 meqavatlıq elektrik
stansiyası - 400 "Şimal-1” və 400 "Şimal-2”. "Şimal-1”in rotorunun köhnə olması səbəbindən
biz orada 30 meqavat itiririk, qalır 370. Amma
havanın və dənizin təsirindən bu gün 320
meqavatla işləyir. Dənizin səviyyəsinin
aşağı düşməsi nəticəsində biz
"Şimal-2”də də təxminən 30 meqavat itiririk.
Bu gün cəmi 670 meqavatla tam stabil gücdə
çalışırıq.
Prezident
İlham Əliyev: İndi Xəzər dənizinin suyunun səviyyəsinin
dəyişməsi təbii səbəblərə
bağlıdır. Bunu, bildiyimə görə,
heç alimlər də bu günə qədər müəyyən
edə bilmirlər, nə üçün bir müddət su
gedir, ondan sonra suyun səviyyəsi qalxır. Bu, dövri xarakter daşıyır, ona görə
biz istənilən vəziyyətə hazır
olmalıyıq. Son illər ərzində hər il Xəzərin səviyyəsi
aşağı gedir, ona görə bütün lazımi tədbirlər
görülür, estakada yaxın aylarda istifadəyə veriləcəkdir.
O ki qaldı, "Şimal-1”, "Şimal-2”, bu günə qədər
hələ ki, suyun səviyyəsinin düşməsi o qədər
də təsir etməyib. Amma əgər gələcəkdə
bu proses davam edərsə, biz buna hazır olmalıyıq. Bütövlükdə bütün su təsərrüfatı
məsələlərinin həllində, əlbəttə
ki, energetika sektoru da fəal olmalıdır və koordinasiya
tam olmalıdır və bu, mövsümi xarakter əsasında
biz öz generasiya güclərimizi işə
salmalıyıq. Bizim indi tələbatdan
təxminən 1000 meqavat artıq generasiya gücümüz
var, ona görə biz istənilən stansiyanı ya
söndürə bilərik, ya da onun fəaliyyət əmsalını
aşağı sala bilərik ki, bu işlər tam uzlaşma
şəklində həll olunsun. İçməli
su layihələri ilə bağlı Qorxmaz Hüseynov məlumat
versin.
"Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov dedi:
- Möhtərəm
cənab Prezident, təşəkkür edirəm. Siz bu gün içməli su təsərrüfatında
olan həm uğurlardan, həm də nöqsanlardan geniş
danışdınız. İcazə versəniz,
mən də bununla bağlı bir neçə məsələyə
toxunmaq istəyirəm. Son zamanlar iqlim dəyişikliyi
ilə bağlı regionlarda, bir neçə rayonda suyun
verilişində fasilələr yaranmışdır. Bu, əsasən Xızı, Altıağac
rayonlarında su mənbələrində suyun azalması ilə
bağlı olmuşdur. Eyni zamanda, Zaqatala
şəhərində dağ çaylarında baş verən
daşqınlar zamanı mənbədə bulanıqlıq
artdığına görə şəhərə suyun
verilişində fasilələr yaranır. Siz çox doğru qeyd etdiniz ki, alternativ su mənbələrinin
tapılması mühüm məsələlərdir.
Zamanında bu layihələr hazırlanarkən ehtiyatlar qiymətləndirilib,
amma iqlim şəraitinin bu cür dəyişməsi ola bilsin ki, nəzərə alınmayıb. Lakin biz qabaqcadan bu dinamikaları nəzərə
alaraq, həm suyun keyfiyyət parametrlərində, həm həcmində
bir neçə rayonla bağlı məsələ
qaldırdıq və Sizin Sərəncamınızla Lerik,
Qobustan, Ağstafa, Gədəbəy, Şamaxı və Tovuz
rayonlarında bu işlər həyata keçirildi. Şamaxı və Tovuz şəhərlərində
hələ bu layihələr tam başa çatmasa da, birinci
mərhələdən sonra şəhərə suyun
verilişində problemlər nisbətən aradan
qaldırıldı. Lakin digər rayonlarda
isə həmin alternativ mənbələr hesabına suyun
verilişində heç bir problem yaranmamışdır.
Uçqun bulağı Xaçmaz şəhərinin qədim
su mənbəyidir. Həmin mənbədə suyun həcmi
çox olduğundan onu Bakı xəttinə qoşmuşduq,
hazırda yaranan vəziyyətdə iki məhəllədə
suyun verilişində fasilə, yəni, suyun həcmində
azalma müşahidə ediləndə biz həmin suyu
Xaçmaz şəhərinə birləşdirdik. Lakin cənab Prezident, təkcə Xaçmaz şəhəri
deyil, bir çox şəhərlərdə - Şamaxı,
Qax, Qəbələ və sair şəhərlərdə,
xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti
ilə layihələndirilən rayonlarda layihələr
2009-2012-ci illərə əsasən hazırlanıb. Bu layihələr hazırlanarkən şəhərin
mövcud ərazisi nəzərə alınmışdır.
Amma sonradan bildiyiniz kimi, ölkəmizdə Abşeron
yarımadasında, regionlarda şəhərlər sürətlə
böyüyür və bu böyümə nəticəsində
təkcə Şamaxıda min ev bu gün
layihədən kənarda qalıb. Yəni, layihə
zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə
500 ev və sair. Belə
hallar bir çox rayonlarda var və biz bununla bağlı yeni
layihələr hazırlayırıq ki, gələcəkdə
investisiya proqramı çərçivəsində bu kəndlərin
problemi həll olunsun.
Prezident
İlham Əliyev: Axı, hər dəfə mən
açılışlarda olanda siz mənə məlumat
verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu
ilə qədər artan əhalini nəzərə alsın.
İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır.
Bəs necə ola bilər ki, 30-cu ilə qədər
siz bunu planlaşdırırdınız ki, indi 600 ev tikilib və
su çatmır?
Qorxmaz
Hüseynov: Cənab Prezident, üzr istəyirəm, bizim suyun
hesabatı 2030-cu il nəzərə
alınmaqla, əhali artımı nəzərə
alınmaqladır. Amma infrastruktura ayrılan vəsait
mövcud ərazi üçün nəzərdə
tutulduğundan yenidən maliyyələşib, yenidən
qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə
qurumları tərəfindən maliyyələşən
rayonlarda. Çünki beynəlxalq maliyyə
qurumları bu layihələrə əlavə vəsait
ayırmayıb.
Prezident
İlham Əliyev:Onlar ayırmayıb, onda
müraciət edəydiniz hökumətə, biz dövlət
investisiya proqramından vəsait ayırardıq. Onlar ayırmayıb, siz də oturmusunuz ki, onlar
ayırmayıb, mən də otururam heç nə etmirəm.
Bəs yaxşı heç kim bilmir ki,
yeni evlər tikilir, Azərbaycanın əhalisi artır və
artacaq? Hər dəfə mənə deyirdiniz
ki, 2030-cu ilə qədər hər şey nəzərdə
tutulub - mənbə də, infrastruktur da. İndi də
deyirsən ki, yox 600 ev orada tikilib, 1000 ev
burada tikilib, ona görə su çatmır.
Şahin Mustafayev, bu məsələ ilə bağlı
nə kimi arayış verə bilərsən? Bu məsələ
araşdırılıb, yoxsa yox?
Şahin
Mustafayev: Cənab Prezident, biz hələlik bunu detallarla
araşdırmamışıq, amma
tapşırığınızla biz hər rayon üzrə
xüsusilə yarımçıq qalan - Siz
çıxışınızda qeyd etdiyiniz rayonlar üzrə,
indidən araşdırmalıyıq ki, dediyiniz kimi 10 il, 15 il
müddətində tam təmin olunsun.
Prezident
İlham Əliyev: Həm yarımçıq qalan, həm də
bitmiş hesab olunan layihələr. İndi sən
demə belə çıxır ki, digər evlər nəzərə
alınmayıb. Ya su mənbəyi
düzgün seçilməyib, ya yoxdur, ya da ki, yeni evlər
tikilib. Əlbəttə, yeni evlər tikiləcək.
Azərbaycanın hər bir yerində yeni evlər
tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz
qalmalıdır. Deməli, bu, bəri
başdan nəzərə alınmalı idi, ona görə
siz bu məsələləri təhlil edin. Xarici maliyyə qurumları tərəfindən maliyyələşən
layihələrə əlavə vəsaitin ayrılmasına
da baxın, yerlərdə də dəqiq hesablamalar
aparılsın. Prezident Administrasiyasına
da tapşırıram, bu rəqəmləri təhlil edin,
hansı şəhərdə, o şəhərlərdə
ki, içməli su layihələri başa çatıb,
hansı şəhərlərdə və hansı evlərə
su verilmir. Çünki mən
açılışlarda olanda mənə məruzə
edilir, cənab Prezident, bu şəhər 100 faiz su ilə tam
təmin edilib, 24 saat fasiləsiz su verilir. Bu məlumatı
mənə verirlər. İndi sən demə,
mən açılışlarda iştirak etdiyim şəhərlərdə
bəzi evlərdə su yoxdur. Belə
şey olmaz, bu, nəzərə alınmalıdır. Mənə məlumat verilirdi, təqdimatlarda göstərilirdi
ki, 2030-cu ilə qədər, hətta 2035-ci ilə qədər
əhalinin artımı nəzərə alınıb. Sən demə, nəzərə alınmayıb.
Bunu çox ciddi araşdırmaq lazımdır
və mənə bir neçə mənbədən məlumat
verilməlidir - həm komissiya tərəfindən, həm də
yerli icra orqanları tərəfindən və "Azərsu”dan.
Prezident
İlham Əliyev: Qorxmaz Hüseynov, davam et.
Qorxmaz
Hüseynov: Cənab Prezident, Abşeron yarımadasına gəldikdə
isə Siz də qeyd etdiyiniz kimi, biz 2011-ci ildə Sizin
xüsusi tapşırığınızla yarımadada əhalinin
artımını, inkişafı nəzərə alıb,
baş plan hazırladıq. Hazırlanmış
baş plana əsasən, işlərin icrasına 2012-ci ildən
etibarən başlanıldı. Mən bir
neçə rəqəmi demək istəyirəm, 2011-ci ildə
Abşeron yarımadasına 598 milyon kubmetr su verilirdi.
2019-cu ildə isə 526 milyon, yəni 12 faiz az
su verilmişdi. Lakin həmin vaxtda yarımadada abonent sayı
50 faiz artmışdır, yəni 684 min abonentə
qarşı 1 milyon 17 min abonent olmuşdur.
Görünən odur ki, itirilən suyun həcmi 20 faiz
azalmışdır. Yeni infrastruktur qurulmuş, yəni 2600
kilometrdən çox su şəbəkəsi çəkilmişdir.
Bu, ümumi baş planın birinci mərhələsi
üzrə görüləcək işin 34 faizi idi. 252 kilometr magistral xətdən cəmi 54 faiz icra
olunmuşdur, 16 su anbarı tikilmişdir. Bu
da tikiləcək ümumi anbarların 33 faizini təşkil
edirdi.
Cənab
Prezident, aparılan təhlillər göstərirdi ki, şəhərdə
olan böyük su itkilərinin qarşısını almaq
üçün bu infrastruktur layihələrinin
tamamlanması vacib şərtdir. Şəhərin
xüsusilə Binəqədi, Sabunçu, Suraxanı, Xəzər
rayonlarının ərazisində çox böyük
genişlənmə, tikinti işləri
aparılmışdır və daha çox fərdi həyət
evləri tikilmişdir. Burada həm əhalinin
artımı, həm genişlənən ərazi, həm də
ki, yaşıllıqların artırılması suya olan tələbatı
artırmışdır. Amma mən bir
daha qeyd etmək istəyirəm ki, Abşeron
yarımadasına verilən su şəhərin su təminatına
tam bəs edə bilər. Biz bu il
keçən illə müqayisədə bir kubmetr/saniyə,
yəni, təxminən gündə 85 min kubmetr az su qəbul
edirik, şəhərə az su ötürürük. Bu da məlum səbəblərdən Ceyranbatan
gölündə Taxtakörpünün su ehtiyatlarının
balanslaşdırılması, bir də Kür
çayında suyun verilişində çətinliklə
bağlıdır. Lakin əgər biz
infrastrukturu tamamlayarıqsa, artıq qalan itirilən suyu bərpa
edib, əhaliyə verə bilərik. Çox
böyük ərazilərdə magistral xətlər şəbəkə
kimi istismar olunur. Həddən çox
qanunsuz birləşmələr var, xüsusilə bağ
massivlərində. Magistral xətlər
üzərində vətəndaşlar tərəfindən
xüsusi nasosxanalar quraşdırılır. Bu, bu günün, dünənin məsələsi
deyil, bu, illərin məsələsidir. Ona
görə də magistral xətlər, əslində,
anbarları qidalandırmaq üçündür. Anbarlar isə qəza vaxtı suyun verilişini və
pik saatlarda suyun təchizatını qarşılamaq
üçündür. Bizim anbar, magistral xətt layihələrimiz
başa çatdıqdan sonra bu tikinti normalarına cavab verməyənlər
- hansı ki, bu 26 faizdir, amma görülən işlərdən
əvvəl bu 56 faiz idi, biz bunu 26 faizə salmışıq.
Yay ayları istisna olmaqla, əslində, digər
mövsümdə su çatışmazlığı yoxdur.
Bu, qapalı sistem deyil, bu gün
özbaşına tikililər hamısı açıq sistem
olduğu üçün suyun germetikliyi itir və sistemdə
boşalma yaranır. Nəticə etibarilə həmin ərazilərdə
suyun verilişində çətinliklər yaranır, eyni
zamanda, daimi su alan ərazilərdə təzyiqlərin
düşməsi ilə biz fasiləli rejimlərə
keçmək məcburiyyətində qalırıq. Cənab
Prezident, ona görə də fürsətdən istifadə
edib, demək istəyirəm ki, bu layihələrin başa
çatdırılması üçün xüsusi
tapşırıqlar verməyiniz məqsədəuyğundur.
Söz yox ki, dediyiniz məsələlərdə
"Azərsu” ASC-nin, şəxsən mənim günahım
var. Qanunsuz istifadələrə qarşı mübarizə yəqin
ki, lazımi səviyyədə aparılmır. Qanunsuz qoşulmalara qarşı mübarizələri
lazımi səviyyədə apara bilməmişik və bu səbəbdən
də infrastrukturun yenilənməsi üçün tədbirlər
görülməlidir.
Cənab
Prezident, bir neçə kəlmə də suyun keyfiyyəti
ilə bağlı demək istərdim. Mən
Sizə məruzə etdim, Siz xüsusi tapşırıq
verdiniz ki, Ceyranbatanda ən müasir qurğu tikilsin. Çünki həmin vaxt Ceyranbatanda 3 nöqtədən
su birbaşa göldən götürülüb şəhərə
verilirdi. Biz o qurğunu tikməklə, əslində,
suyun həcmini artırmamışdıq, sadəcə, şəhərə
verilən suyun keyfiyyətini ən yüksək standarta gətirmişdik.
Su həmin göldən birbaşa
götürülür, bütün şəbəkəyə
qarışırdı. Ona görə də
demək olar ki, bütün sularımızın keyfiyyət
parametrləri aşağı idi. Bu
gün Abşeron yarımadasına verilən bütün suyun
keyfiyyət parametrləri həm bulanıqlıq
baxımından, həm bakterioloji çirklənmə
baxımından tam standartlara uyğundur. Təbii
ki, lokal çirklənmələr mövcuddur. Buna görə də biz həm mərkəzi
laboratoriyalar yaratmışıq, həm də 9 regional
laboratoriyamız fəaliyyət göstərir.
Cənab
Prezident, itkilərlə bağlı bircə kəlmə
deyim, hansı rayonlarda ki, layihələr tam başa
çatıb, itkilər 14-22 faiz civarında dəyişir. Təbii ki, burada idarəetmədən də çox
şey asılıdır. Amma harada ki,
layihələr başa çatmayıb, itkilər bəzi yerlərdə
50 faizdən də çoxdur. Ona görə də bir
daha demək istəyirəm ki, infrastrukturun yenilənməsi
ilə biz buna nail ola bilərik.
Prezident
İlham Əliyev: Sayğaclaşdırma ilə bağlı
işi siz nə vaxt başa çatdıracaqsınız?
Qorxmaz
Hüseynov: Cənab Prezident, sayğaclaşdırma 89 faiz icra
olunub, 227 min sayğacsız abonentimiz var, 128 min isə istismar
müddətini bitirmiş sayğac.
Prezident
İlham Əliyev: Amma bu, ölkə üzrədir, rayonlarda
aşağı səviyyədədir.
Qorxmaz
Hüseynov: Abşeron yarımadasında 89,5
faizdir, regionlarda bir az aşağıdır, təxminən
114 min. Amma regionda aşağı olmasının bir səbəbi
də var, cənab Prezident. Balakəndə, Qazaxda, Yevlaxda,
Neftçalada hələ layihələr icra
olunmadığına görə həmin yerlərdə
sayğaclaşma aparmağımızın elə də bir mənası
yoxdur. Ona görə biz o layihələri
kompleks icra edirik.
Prezident
İlham Əliyev: Aydındır. Neftçala
rayonunda vəziyyətlə bağlı nə deyə bilərsiniz?
Qorxmaz
Hüseynov: Hazırda Neftçalada vəziyyət gərgindir,
cənab Prezident. Orada baş verən məlum hadisə ilə
bağlı Neftçala şəhəri və rayonun 38 kəndi
içməli sudan məhrum olub. Fövqəladə
Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə
orada həm maşınlarla və modul tipli qurğularla su
daşınır. Çənlər
quraşdırılıb, rayonda həyətlərə və
həmin çənlərə suyu verməklə biz vətəndaşlara...
Prezident
İlham Əliyev: İndi məsələ əsaslı şəkildə
nə vaxt həll olunacaq?
Qorxmaz
Hüseynov: Cənab Prezident, məsələnin həlli
üçün Siz keçən il 5
milyon vəsait ayırmışdınız, bu il investisiya
proqramında 5 milyon vəsait ayrılıb. Biz layihənin
tikintisinə başlamışıq və daha etibarlı mənbə
olaraq Sizin iştirakınızla təməlqoyması və
bir neçə rayonda açılışı olan
Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə
44 kilometr magistral xəttin tikintisinə artıq
başlanılıb. Bu ilin noyabrında başa
çatması planlaşdırılır və eyni zamanda, bu
xəttboyu bütün kəndlərə də biz gələcəkdə
investisiya proqramı...
Prezident
İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri
və o kəndlər, nə vaxt o məsələ həll
olunacaq? Vətəndaşlar bunu eşitmək
istəyir.
Qorxmaz
Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli
suyu şəhərin özündə və şəhər
şəbəkəsindən qidalanan qəsəbələrdə
mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi
üçün əlavə vəsait ayrılması
üçün biz təklif hazırlayacağıq.
Prezident
İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ
necə həll olunacaq?
Qorxmaz
Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə
suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə
edilsin.
Prezident
İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu
maşınlarla ki, deyir, suyu çatdırırıq, bu,
kifayət edir şəhərə? Bu haqda məlumatınız
var?
Zeynal
Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat
belədir ki, su qıtlığı var.
Prezident
İlham Əliyev: Mən bilirəm su qıtlığı
var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla
çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?
Zeynal
Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident,
araşdırım Sizə məruzə edim.
Prezident
İlham Əliyev: Araşdır. Şahin
Mustafayev, siz bu məsələyə komissiyada
baxmısınız?
Şahin
Mustafayev: Bəli, cənab Prezident, biz bu məsələyə
baxmışıq. Neftçala şəhərində
vəziyyət çox ağırdır, gərgindir,
maşınlarla su daşınır. Məruzə
olunduğu kimi, noyabr ayında bunu başa
çatdıracaqlar. Qorxmaz Hüseynov məruzə etməlidir,
orada investisiya problemləri də var. Biz sonuncu komissiyada
İqtisadiyyat Nazirliyinə də məlumat verdik,
tapşırıldı ki, onlar da baxsınlar,
çatışmayan vəsait haqqında araşdırmalar
aparsınlar ki, Sizə məruzə olunan müddətdə
bu məsələ öz həllini tapsın.
Eyni zamanda, cənab Prezident, biz məsələyə bir qədər qlobal yanaşmaq istərdik. Çünki bir sıra bizim yaşayış məntəqələrimiz birbaşa Kür çayından su götürürlər, necə ki, Neftçala götürürdü. Bu, gələcəkdə, qeyd etdiyiniz kimi, bilmək olmaz suyun həcmi necə olacaq. Biz qış aylarında məcbur olacağıq ki, Mingəçevir su anbarında ehtiyatlarımızı yığaq. Belə olan halda, ola bilsin ki, gələcəkdə bizim məntəqələrdə - Kür çayından birbaşa su götürən məntəqələrdə su çatışmazlığı olsun. Ona görə də biz düşünürük ki, bu məsələnin üzərində də çalışmaq lazımdır. Alternativ imkanlar araşdırılmalıdır ki, Kür çayından birbaşa içməli su götürən yaşayış məntəqələrinin təchizatını davamlı və dayanıqlı edək.
Prezident İlham Əliyev: Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın.
Bizim bir məsələmiz də narahatlıq doğurur. Bu da çaylarboyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların vəziyyətidir. Çünki mənə yerlərdən məlumat gəlir ki, bəzi hallarda bu qurğular işləmir. Bu qurğular vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə quraşdırılmışdı. Səhv etmirəmsə haradasa 400-ə yaxındır, yaxud da 400-dən çox belə qurğu quraşdırılmışdır. Amma sonra bəzi məlumatlara görə, bunların istismar müddətində buraxılmış səhvlər, eyni zamanda, burada nəzarətsizlik nəticəsində bu qurğular ya sıradan çıxmışdır, ya da, onlar öz keyfiyyətini itirmişdir. Bir sözlə, bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır və mənə məruzə edilməlidir. Ekologiya və Təbii Sərvətlər naziri, bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
Nazir
Muxtar Babayev: Hörmətli cənab Prezident. Sizin
tapşırığınızla 2009-cu ildən başlayaraq
465 modul tipli təmizləyici qurğu
quraşdırılmışdır. Bu
qurğular uzun müddətdir ki, içməli suyu Kürboyu
kəndlərinin istifadəsinə verirdi. 2018-ci
ilə qədər bu qurğular Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən istismar edilirdi və onlara nəzarət
olunurdu. 2018-ci ildən sonra artıq "Azərsu”
tərəfindən istismar olunub. Sizin
tapşırığınızla, xüsusən də
Neftçalada olan su problemləri ilə bağlı birgə
monitorinq aparıldı. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və
"Azərsu” tərəfindən aparılan monitorinqlərə
Prezident Administrasiyanın Dövlət nəzarəti
şöbəsinin mütəxəssisləri cəlb
olunmuşdu. Monitorinq aparıldı.
Cənab Prezident, demək olar ki, əksər modul tipli
qurğular işlək vəziyyətdədir və
çalışır. Amma onların bəziləri
2009, 2010, 2011, 2012-ci illərə qədər tikilmişdir,
onlar daha çox köhnəlib. Onların
ya yenisi ilə əvəzlənməsi və ya o yerlərdə
su ilə mərkəzləşdirilmiş qaydada təminat
daha məqsədəuyğun olar.
Sizin verdiyiniz tapşırığınıza əsasən bu gün monitorinq işləri mütəmadi olaraq aparılır. Bütün Kürboyu bu modul stansiyalarla suyun həm keyfiyyəti, həm də tədarükü yoxlanılır. Buradakı əksər rayonlarda bu işlər hazırda "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılır. Bir neçə yerdə, xüsusən də Neftçala rayonunda bu problemlər mövcuddur. Amma Sizin tapşırığınızla orada içməli suyun daşınması mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir və bu problemlər qismən həll olunacaqdır. Birbaşa Kürdən qidalanan kəndlərdə içməli su ilə bağlı daha bir neçə problem də var. Kür çayında və ondan çıxan kanallarda suyun səviyyəsinin aşağı düşməsi, istər-istəməz modul tipli qurğuların normal davamlı fəaliyyətinə də təsir göstərmişdir. Bir neqativ təsir bundan ibarətdir. Amma inanıram ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti də sırf bu qurğuların və Kürboyu kəndlərin su təminatı üzrə uzunmüddətli proqram hazırlayıb. Həmin qurğuların istismar müddətləri bitdikcə, onlar ya yenisi ilə əvəz olunacaq, ya da orada mərkəzləşdirilmiş formada su verilməsi nəzərdə tutulur. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu məsələ də mütləq komissiya tərəfindən araşdırılsın. Yəni, mənim bu məsələ ilə bağlı imzalayacağım Sərəncama da daxil edilsin. Bunun təşviqi və bundan sonrakı addımlar nədən ibarət olacaq? Çünki bu, çox önəmli bir infrastruktur layihəsi olub və biz mütləq bu modul qurğuları işlək vəziyyətdə saxlamalıyıq. Əlbəttə, dediyinizdə də həqiqət var. Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar burada da bəzi problemlər yaranıb. Ona görə geniş təhlil aparılmalıdır və Prezident Administrasiyası bu məsələ ilə bağlı yerlərdən məlumat alıb mənə təqdim etməlidir.
"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, artezian quyularının qazılması ilə əlaqədar məlumat verin, neçəsi qazılıbdır və ilin sonuna qədər hansı işlər görüləcək?
Əhməd Əhmədzadə: Möhtərəm cənab Prezident, bu il Siz artezian quyularının qazılması limitini bir qədər artırıb əlavə vəsait ayırmısınız. Hər il 300 quyu qazılırdısa, bu il artıq 400 quyu qazılacaq. Goranboy rayonu üçün də 43 quyu ayrıca nəzərdə tutulub – birlikdə 443 quyu. Onların qazılması üçün bayaq ortaya çıxan suallar var idi ki, bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəqəmlərlə, ölçülərlə quyuların yeri yerli icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirilib. Tender sənədləri hazırlanaraq bu işlərə başlanılıb. Artıq 200-ə yaxın quyuda işlər tamamlanıb, elektrik enerjisinə qoşulması məsələsi qalıb. Biz "Azərişıq”dan xahiş etmişik ki, bunları qoşsunlar, istifadəyə verək. Biz ilin axırınadək 443 quyunun hamısını qazıb istismara təhvil verəcəyik. Yəni, bu quyular çox vacibdir. Cənab Prezident, amma respublikada yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi də gedir. Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir. Köhnə quyuların suyu azalıb və eyni zamanda, enerji sərfiyyatı artıb. Bu il biz quraqlığa görə harada ki, su mənbəyi məlumdur, artezianlar və nasos stansiyaları var, orada tam sutka ərzində əhalini su ilə təmin edirik. Bizim artezian quyular içməli suyu, suvarma suyunu seçmir. Harada nə imkan var, eyni zamanda, mal-qara baxılması üçün su verilib. Sizin su təsərrüfatı ilə bağlı gördüyünüz işlərdən kəndlərdəki camaat da çox razıdır.
Cənab Prezident, indi içməli su ilə bağlı çox söhbətlər getdi. Mən bir mütəxəssis, uzun müddətdir bu sahədə çalışan şəxs kimi demək istəyirəm ki, Bakı şəhərinin su təchizatı məsələsində planlaşmada, ümumiyyətlə, işin aparılmasında müəyyən məsələlər nəzərə alınmayıb. Bakı şəhərinə su daxil olur, hamı deyir ki, içməli sudur. Biz içməli su da veririk. Amma bunun 50 faizdən azı içməli su kimi gedir. Yerdə qalanı texniki su kimi, sənaye müəssislərinə, başqa sahələrə, eyni zamanda, yaşıllıqların suvarılmasına sərf olunur. Sovet dönəmində Bakıya iki cür su girirdi - biri texniki su, biri içməli su. Şollar içməli su, Ceyranbatandan götürülən su isə texniki su idi. Bu məsələyə - Bakının texniki su məsələsinə baxılmalıdır, həm suvarma üçün, həm də sənaye müəssisələri üçün. İndi Sumqayıtın yaxınlığında böyük sənaye kompleksi yaradılıb. Bunların hamısı su ilə işləyir, susuz işləyən sənaye yoxdur. Bu məsələyə baxılmalıdır.
Prezident İlham Əliyev: Komissiya baxacaq, bu məsələyə də baxacaq. Elə komissiya ona görə yaradılıb ki, bu məsələyə və bütün başqa məsələlərə baxsın.
Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda, proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə Ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.
Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək.
Təbii ki, bütün bu işlər böyük vəsait tələb edir. Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir. Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır.
Əlbəttə
ki, bütün bu işləri səmərəli şəkildə
davam etdirmək üçün vahid idarəetmə mexanizmi
işlənməlidir. Bu tapşırığı da mən
verirəm. Bunu da hazırlayın ki, bundan sonra bu işlər
ancaq koordinasiyalı şəkildə görülsün -
komissiya, aidiyyəti qurumlar. Bu gün su təsərrüfatında
fəaliyyət göstərən dörd qurumumuz var - "Azərsu”,
"Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti,
Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi. Ona görə bu qurumlar bundan sonra
geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident
Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik
etməlidirlər, nəzarət etməlidirlər ki,
bütün bu işlər planlı şəkildə həll
olunsun, biz yaxın gələcəkdə su təhlükəsizliyimizlə
olan problemləri də həll edək. Necə ki, enerji
təhlükəsizliyi məsələləri həll olundu,
nəqliyyat təhlükəsizliyi məsələləri həll
olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin
həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi
məsələləri də öz həllini
tapmalıdır. Sağ olun.
Azərbaycan.-2020.- 24 iyul.- S.1-5.