Ombudsman xaricdə
yaşayan dinc azərbaycanlı
aksiyaçılara qarşı erməni təxribatçılarının
törətdiyi hücumlara dair bəyanat yayıb
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xarici ölkələrdə
yaşayan dinc azərbaycanlı aksiyaçılara
qarşı erməni təxribatçıları tərəfindən
törədilmiş hücumlara dair bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a
Ombudsman Aparatından məlumat
verilib.
Bəyanatda deyilir: “Son günlər
xaricdə yaşayan azərbaycanlılar sərbəst
toplaşmaq və ifadə azadlığı
hüquqlarından istifadə
edərək Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanla dövlət
sərhədinin Tovuz rayonu istiqamətində əsasən mülki şəxsləri hədəfə
almaqla törətdiyi
hərbi təxribat xarakterli hücumlara etiraz etmək üçün müxtəlif
ölkələrdə dinc
aksiyalar təşkil ediblər.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles
şəhərində yaşayan
və dinc şəkildə etiraz etmək məqsədilə
toplaşan az
sayda azərbaycanlıya
onlardan sayca dəfələrlə çox
olan ermənilər tərəfindən hücum
edilib. Zorakılığa məruz qalaraq
xəsarət almış
soydaşlarımız xəstəxanaya
yerləşdirilib, onların
bir sıra hüquqları kobudcasına
pozulub. Az
sayda azərbaycanlının
yüzlərlə erməni
tərəfindən psixoloji
və fiziki zorakılığa məruz
qaldığı bu insident Azərbaycan Respublikasının Los-Ancelesdəki
Baş Konsulluğu qarşısında yaşanıb.
Bununla yanaşı,
Belçikanın paytaxtı
Brüssel şəhərində
də analoji hadisələr baş verib, soydaşlarımıza
ciddi xəsarətlər
yetirilib. Ermənilər aqressiv hücumlar
zamanı həm bir ölkə kimi Azərbaycanın, həm də xalq olaraq azərbaycanlıların
ünvanına təhqiramiz
ifadələr səsləndirib,
nifrət zəminində
çağırışlar ediblər. Bu hadisə bir daha onu sübut
edir ki, insan hüquqlarının
davamlı pozuntularının
kökündə hər
zaman işğalçılıq
siyasəti durur.
İnsan hüquqları sahəsində beynəlxalq sazişlərə əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquq və azadlıqlar demokratiyanın təməlində durur və onun əsas tələblərindəndir. Beynəlxalq sazişlərə əsasən, dövlətlərin bu hüquqları təmin etmək və dinc aksiyaçıları müdafiə etmək öhdəliyi var.
Son bir həftə ərzində ABŞ və Belçika ilə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan narahat olduğumuzu bəyan edirik.
Mən bütün həmkarlarımı, Milli İnsan Hüquqları İnstitutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırıram”.
Bəyanat
BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik
Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına,
UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa
Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq
və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar
Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına
və bu quruma üzv dövlətlərin Ombudsmanlar
Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının
Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına,
Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə,
Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin
ombudsmanlarına və milli insan hüquqları
institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki
və xarici ölkələrin respublikamızdakı səfirliklərinə,
Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Azərbaycan.-2020.- 24 iyul.- S.6.