QIRMIZI TERROR

 

 

Sovet tarixşünaslığında "qırmızı terror”un 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və həmin ilin oktyabrında başa çatdığı göstərilir. Lakin bir çox tarixçilər bunu bütün Rusiyada vətəndaş müharibəsi dövrünü (1918-1922) əhatə etdiyini bildirirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan ÇK (Fövqəladə Komissiya) və Bolşevik Hərbi Kəşfiyyat Agentliyi (QRU)tərəfindən birgə həyata keçirilirdi.

Bu kampaniyanın əsas məqsədi xalq düşmənləri hesab olunan əksinqilabçılarla mübarizə idi. Əksər rus kommunistləri elan edirdilər ki, Qırmızı terror köhnə "istismarçı sinif”lərin bütöv sosial qruplarını qırmaq üçün lazımdır. Lenin də əvvəl terrora istinad etmişdi. 1917-ci ildən, hətta "Dövlət və İnqilab” əsərində də göstərdiyi kimi inqilabi diktaturaya çağırış açıq şəkildə duyulurdu. Marks proletariat diktaturasını əsaslandırmış, Lenin isə inkişaf etməmiş Rusiya şəraitində çəkic və orağın simvolizə etdiyi fəhlələrin və kasıb kəndlilərin diktaturasını irəli sürmüşdür.

Bu ərəfədə əksər insanların günahları aktiv əməlləri ilə deyil, sosial statusları ilə müəyyən edilirdi. Fövqəladə Komissiyanın bir çox rəhbərləri söyləyirdilər ki, sovetlər əleyhinə silahla və ya sözlə çıxanların ittiham sənədlərinə baxmayın. Ondan birbaşa soruşun ki, o hansı sinfə mənsubdur, keçmişi nə olub, təhsili, peşəsi nədir. Bunlar ittihamın taleyini təyin edən suallardır. Bu, əslində, "qırmızı terror”un mənasını və mahiyyətini açıq şəkildə göstərən amllərdir.

Kütləvi repressiya kampaniyasına Petroqrad ÇK-sının rəhbəri Moisey Uritskiyə və 1918-ci il avqustun 30-da Fanni Kaplan tərəfindən Leninə sui-qəsd cəhdlərinə görə rəsmi cəza kimi təşəbbüs göstərilmişdir. Yaraları sarınarkən Lenin təlimat vermişdir: "Gizlicə və qəddarcasına amansız terroru hazırlamaq lazımdır”. Hətta bu sui-qəsdlərdən əvvəl Lenin Nijni Novqorodda qalxmış sivil etirazlara cavab vermək və Penzada hərbi dəstələr tərəfindən taxılları qarət olunan torpaq sahiblərinin etirazlarını "əzmək” üçün "kütləvi terror tətbiq etmək” barədə teleqramlar göndərmışdir. "Yoldaşlar! Sizin 5 rayonda qalxan qolçomaq amansızcasına əzilməlidir… Siz bu adamları nümunəyə çevirməlisiniz. Ən azı 100 kulakı, varlı əclafları və tanınmış qaniçənləri asın. Onların adlarını yayın, bütün taxıllarını götürün… Bunların hamısını edin ki, millərlə ətrafda insanlar bunları görsünlər, anlasınlar, qorxularından əssinlər, onlara deyin ki, biz qaniçən kulakları öldürürük və belə də davam edəcəyik. Sizin Lenin.

 

P.S. Sərt insanlar tapın.”

 

1919-cu ildə Uritskiyə sui-qəsddən sonra "devrilmiş siniflərin nümayəndələrindən” 500 nəfəri bolşevik hökuməti tərəfindən dərhal edam edildi və bu "İzvestiya”da çap olundu. Daha sonra bildirildi ki, Petroqradda 800 təsdiq olunmuş düşmən güllələnmiş, 6229 nəfər həbsə alınmışdır. İlk iki ayın tələfatı 10-15 min arasında olmuşdur.

Vətəndaş müharibəsi qızışdıqca "mülkədar sinfi”nə məxsusluqları əsasında cəzalandırılmış məhbusların, şübhəlilərin və girovların sayı bolşeviklər tərəfindən işğal olunmuş şəhərlərdə sürətlə artırdı. Xarkovda 1919-cu ilin fevral-iyun aylarında 2 mindən çox adam edam olunmuşdur, həmin ilin dekabrında şəhər yenidən işğal olunanda mindən artıq insan öldürülmüşdür. Rostov-Donda 1920-ci ilin yanvarında təxminən 1000 nəfər, Odessada 1919-cu ilin may-avqustunda 2200 nəfər, 1920-ci ilin fevralı ilə 1921-ci ilin fevralı arası 3 minədək nəfər, Kiyevdə 1919-cu ilin fevral-avqustunda ən azı 3000 nəfər, Yekaterinodarda 1920-ci ilin avqustu ilə 1921-ci ilin fevralı arası 3000 nəfər, Kubandakı balaca şəhər Armavirdə 1920-ci ilin avqust-oktyabrında 2-3 min nəfər. Siyahını uzatmaq olar.…

 

Bir faktı da qeyd edək ki, general Pyotr Nikolayeviç Vrangelin 1920-ci ilin sonunda məğlubiyyətindən sonra Leninin Krıma, Bela Kunilə gəlişi 50.000 hərbi dustaqın və mülki şəxsin güllələnməsi, edamı ilə nəticələnmişdi. Onlara təslim olacaqları təqdirdə amnistiya vəd olunmuşdu. Lakin təklif heç kəs tərəfindən qəbul edilməmişdi. Tədqiqatçıların fikrincə, bu, Vətəndaş müharibəsinin ən böyük kütləvi qırğınlarından biri sayılır.

1919-cu ilin 16 martında ÇK-nın bütün hərbi qüvvələri vahid "Respublikanın Daxili Müdafiə Qüvvələri” adı ilə birləşdirildi, hansı ki, 1921-ci ildə sayı 200 min nəfər idi. Bu qüvvələr əmək düşərgələrinə nəzarət edir, QULAQ sistemində işləyir, qida tələbatını qarşılayır, kəndli üsyanlarını, fəhlə iğtişaşlarını, Qırmızı Orduda qiyamları yatırdırdılar.

 

 

 

Həqiqət və yalan: bir partiya, bir ideologiya, bir diktatura

 

1920-ci illərdə Azərbaycanda repressiyalar

 

 

Məlum olduğu kimi, sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması respublikamız üçün daha ağrılı keçmişdir. XI ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş Sovet hökuməti öz fəaliyyətinin hələ ikinci günü "Müsavat” və "İttihad” partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Semyon Pankratovun rəhbərlik etdiyi XI ordunun xüsusi şöbəsi tərəfindən pozulmuşdur. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlamış, həbs düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulmuşdur.

S.A.Pankratov kim idi? Əvvəllər adi dənizçi olan bu insan XI ordunun xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınların, sui-qəsdlərin və repressiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfər Bağırov xidmət etmişdir. S.Pankratov hələ Bakı hadisələrindən əvvəl "Qanlı Həştərxan” olaylarından məşhur idi.

Pankratov qısa müddətdə - 1920-ci ilin may-iyun aylarında Az.FK-ya başçılıq etmişdir. Nəriman Nərimanov Azərbaycana gəldikdən sonra Hərbi İnqilabi Komitəyə (HİK) şikayət edir ki, Fövqəladə Komissiya HİK-lə razılaşdırılmadan adamları güllələyir. Bu məlumatdan sonra Pankratov Az.FK-dan uzaqlaşdırılır və yenidən XI Ordunun xüsusi şöbəsinə qayıdır. Lakin çox keçmir ki, 1920-ci ilin avqustunda MK-nın Sıyasi Bürosu Azərbaycanda üsyanların yatırılması haqqında məsələni müzakirə edərkən bunun üçün yaradılmış "dördlük”də Xüsusi şöbədən Pankratov da yer alır.

1920-ci ilin aprelində hakimiyyət qan tökülmədən ələ keçirilsə də, tezliklə bolşeviklərin müstəmləkəçilik siyasəti Gəncə, Şuşa, Zaqatala, Lənkəran və digər uyezdlərdə çoxlu üsyana səbəb oldu. Qeyd edək ki, 1920-1924-cü illərdə 54 genişmiqyaslı silahlı üsyan baş vermişdi. Üsyançıları və onları dəstəkləyən mülki əhalini amansızcasına, istintaqsız yerindəcə edam etmişdilər. Alimlərin yazdıqlarına görə, ümumilikdə, 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda "qırmızı terror”un 48 min qurbanı olmuşdur. Həmin insanların təxminən dörddə biri ən iri Gəncə üsyanı (1920-ci il 26-31 may) zamanı öldürülmüşdür.

 

Gəncə üsyanından sonra onun iştirakılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına gətirilmişdir. Bolşeviklərin əsir götürdüyü general-mayor Feyzulla Mirzə Qacar Bakıya göndərilmiş və bu adada güllələnmişdir.

1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksəkrütbəli azərbaycanlı zabit həbs edilmişdir. Pankratovun əmri ilə onlar da Nargin adasında güllələnmişlər. Yüksəkrütbəli zabitlər arasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər polis idarəsinin rəisi Quda Qudiyev, Süleyman bəy Sulkeviç ( o,1920-ci il iyulun 15-də Bayıl həbsxanasında güllələnmişdir), milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və digərləri var idi. Generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zaminliyi sayəsində sağ qalmışdılar.

Sonradan 20-30-cu illərdə bədnam "kollektivləşmə” dövrü start götürdü. Ortabab kəndlilər qolçomaq adı ilə bir sinif kimi ləğv edilməyə başladı. Sovet cəza orqanları tərəfindən onların bütün mülkiyyətlərinin əllərindən alınması kəndlilərin kütləvi çıxışlarına səbəb oldu. Bu çıxışları banditizm adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücünə çox amansızlıqla yatırdırdılar.

Tədqiqatçıların fikrincə, bir faktı da qeyd edək ki, o zaman respublikada güclü siyasi lider də yox idi. 1920-ci illərin əvvəllərində Azərbaycanda bolşevik partiyasının bir neçə görkəmli xadimi işləyirdi, lakin Nəriman Nərimanovdan başqa, onların hamısı özgə millətlərin nümayəndələri idi. N.Nərimanov isə partiya hakimiyyətinin bütün şaxələrini birləşdirə bilməmişdi. Tezliklə o, opponentləri tərəfindən respublikanın siyasi səhnəsindən sıxışdırılıb çıxarıldı. Azərbaycan 1930-cu illərin ortalarınadək, əslində, güclü siyasi lidersiz qalmışdı. Demək olar ki, hər il respublikada rəhbərlik dəyişirdi. Fitnə-fəsadlar, qruplaşmalar, çəkişmələr, şəxsi münasibət zəminində intriqalar hakim partiyanın yuxarı təbəqəsini sarsıdırdı.

Faktlardan o da məlumdur ki, yerli əhalidə bolşevizmə xüsusilə mənfi münasibət var idi. Bu məsələdə milli amil də mühüm rol oynayırdı. Azərbaycanda bolşevik yönümlü təşkilat və komitələrin yaranması buraya əhalinin erməni hissəsinin kütləvi axını ilə müşayiət olunurdu ki, bu da azərbaycanlılarda güclü narahatlıqlar doğururdu. Ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilik və dəhşətlər yerli əhalinin hafizəsində böyük iz qoymuşdu. 1918-ci ilin mart hadisələri də bu məsələdə həlledici rol oynamışdı. Bakı kommunası Azərbaycan xalqının tarixində qanlı izlərlə yaddaşlaşmışdı. Məhz erməni bolşeviklərinin əli ilə daşnakların hərbi birləşmələri bütün türklərdən və Azərbaycanın bölgələrində yaşayan müsəlman türklərindən qanlı qisas alırdı. Azərbaycanlılar bu mənfur millətdən olan əhalinin fəal iştirak etdiyi siyasi təşkilatlara və partiyalara əvvəldən şübhə ilə yanaşırdılar.

Sovet repressiya maşınının var gücü ilə işlədiyi o günlərin xronikasını göz önünə gətirərkən bir daha əmin olursan ki, bu dəhşətli bəla millətimizin iradəsini sarsıtmağa, nəsillər arasındakı əlaqəni, varisliyi məhv etməyə və onun qəlbindəki əbədi azadlıq idealını öldürməyə xidmət edirdi. Bolşeviklər sosializm qurmaq istəyirdilər, amma nəticədə məlum oldu ki, heç öz istədikləri sistemi də qura bilməyiblər və tamamilə əcaib bir quruluş meydana gəlib. Bu quruluşda insan amili hər şeydən arxada qalıb, bütün iqtisadi-siyasi münasibətlər kollektiv maraqlar müstəvisində həll olunsa da, unudulub ki, hər bir kollektiv elə ayrı-ayrı insanlardan təşkil olunur. Onları real maraqlar ətrafında birləşdirən ümumi bir məxrəc olmalıdır. Bax rəhbərlər bunu, insanları vahid bir məqsəd ətrafında birləşdirməyin düzgün yolunu kəşf edə bilməmişdilər. Bir sözlə, sosializm quruculuğu özünü doğrultmamışdı və elə buna görə də onlar məcburən "dəmir əl” prinsipini işə salmalı oldular. Həm də bu elə bir sürətlə başladı ki, cəmiyyət uzun müddət yaşadığı ölkədə nə baş verdiyini anlaya bilmədi. Kütləvi repressiyaların geniş vüsət alması insanların psixoloji durumuna, siyasi baxışlarına və düşüncə tərzinə ciddi zərbə vurdu. Amma o dövrün ideoloqları bunun fərqində deyildilər.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 24 iyul.- S.11.