Ölüm düşərgəsi - Auşvitz

 

 

Müharibədən bəhs edən bir çox məşhur filmlər burada lentə alınıb. Həmin ekran əsərlərinə baxmaq belə dəhşətlidir. Bu həbs düşərgəsinin özündə baş vermiş hadisələr isə heç bir əsərdə əks etdirilməsi mümkün olmayacaq qədər qorxuncdur...

Auşvitz nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi idi. Bu dəhşətli düşərgə Polşanın Krakov şəhərindən 60 kilometr qərbdə yerləşir. Həbs düşərgəsi bir-birindən çox da uzaqda yerləşməyən əsas Auşvitz I və məhvetmə düşərgəsi Auşvitz II-Birkenau, işçi düşərgəsi Auşvitz

III-Monovitzdən ibarətdir. Birkenau düşərgəsi Auşvitz kompleksinin ən böyük hissəsi sayılır. Auşvitz II kimi tanınan bu düşərgədə 1944-cü ilə qədər 90 min əsir saxlanılıb.

Əsas düşərgə Auşvitz I hesab olunub və 1940-cı ilin mayında polyak siyasi məhbuslarının saxlanılması məqsədilə tikilib. Burada kütləvi məhvetmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarınadək almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilib, zəhərli maddə olan Siklon B vasitəsilə həyatlarına son qoyublar. Məhbuslar bu yolla kütləvi şəkildə qətlə yetirilib.

Auşvitzdə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülüb. Müharibənin sonunadək 144 nəfər məhbus Auşvitzdən qaçmağı bacarıb.

Holokost adını almış, İkinci Dünya müharibəsi dövründə Hitlerin əmri ilə həyata keçirilən soyqırımın qurbanları yalnız yəhudilər olmayıb. Beş il müddətində Auşvitz həbs düşərgəsində yəhudi, polyak, çex, romalı, əsir düşmüş Sovet əsgərləri kütləvi şəkildə qətlə yetirilib. Hesablamalara görə, Auşvitzə deportasiya olunanlar arasında 150 min nəfər polyak, 23 min nəfər qaraçı, 15 min Sovet müharibə əsiri, 400 nəfər Yehovanın Şahidləri Beynəlxalq Təşkilatının üzvü, eləcə də on minlərlə digər millətlərin nümayəndələri olub.

Auşvitz I-də əsirlər qətlə yetirilməzdən öncə qeydiyyata alınıb. Düşərgəyə gəliş və ölüm tarixləri, milliyyəti göstərilib. Vaxt keçdikcə əsirlərin sayı çoxalıb, qeydiyyata alınma zaman tələb etdiyindən kütləvi qırğın tədbirləri gücləndirilib. Auşvitz həbs düşərgəsində əsirlər ilk vaxtlar tək-tək qətlə yetirilsə də, sonradan qaz kameraları quraşdırılıb. Kütləvi qırğın ən çox bu qaz kameralarında həyata keçirilib. Düşərgədə həm də əsirlər üzərində tibbi eksperimentlər aparılıb. Onların arasında həm də aclıq, məcburi əmək, yoluxucu infeksiyalartibbi sınaqlar zamanı həlak olanlar da az deyildi.

1945-ci ilin yanvarında Sovet ordusu Auşvitzə çatanda artıq buradakı məhbusların çoxu qərbə aparılmışdı. Sovet əsgərləri buradakı qaz kameralarını dağıtmışdılar.

Müharibə müddətində düşərgənin şəxsi heyəti 7 min nəfərdən ibarət SS qüvvələri olub. Onların təqribən 12 faizi müharibə cinayətləri törətməkdə günahkar elan edilib. Auşvitz həbs düşərgəsinin komendantı Rudolf Höss daxil olmaqla bəzi üzvləri isə edam olunub.

Sovet buranı azad etdiyi 27 yanvar 1945-ci il tarixi Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Müharibə başa çatdıqdan sonra Auşvitz həbs düşərgəsi Holokostun əsas simvolu hesab olunurdu. 1947-ci ildə Polşada yerləşmiş Auşvitz I və II düşərgələrinin ərazisində Auşvitz-Birkenau Dövlət Muzeyi yaradılıb. 1940-cı ilin mayından 1945-ci ilin yanvarınadək 90 faizi yəhudi olmaqla bir milyondan çox insanın öldürüldüyünün şahidi olan bu muzeydə dəhşətli ekspozisiyalar saxlanılır. Ekspozisiyalar arasında əsirlərin bu düşərgəyə gətirilən zaman paltarlarını yığdığı çamadanlar, uşaqların oyuncaqları və başqa əşyalar qorunur.

1979-cu ildə bu muzeyin adı UNESCO tərəfindən Ümumdünya irs siyahısına əlavə edilib.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2020.- 24 iyul.- S.11.