Müsbət dinamika vətəndaşlarla dövlətin birgə mübarizəsinin nəticəsidir

 

Yeni növ koronavirus - COVID-19 infeksiyası, sözün əsl mənasında, bəşəriyyətin bəlasına çevrilib. Bu təhlükəni bir neçə ay öncə yaxınımızda hiss etmirdik. Virus tanışlarımıza, ətrafımızdakı insanlara toxunmamışdı deyə, çoxumuz ona qeyri-real kimi baxırdıq. Amma yoluxanların sayı artdıqca, ölüm halları çoxaldıqca, hər kəs o uzaq təhlükəni yanında, canında, ailəsində hiss etməyə başladı. Hər keçən gün xəstəliyin necə ciddi, amansız olduğunun fərqinə vardı. Təəssüf ki, koronavirus təhlükəsi artıq hər birimizə məlumdur.

Yer kürəsinin 213 ölkə və bölgəsində tüğyan edən COVID-19-un yayılmasının qarşısının alınması, virusun təsirinin azaldılması məqsədilə bütün ölkələrdə lazımi addımlar atılsa da, hələki infeksiyanı tam ram etmək mümkün olmayıb.

 

 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda səfərdədirlər

 

 

İnkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı dönəmdə Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə atıldı. Virusun dünyaya yayılmağa başladığı vaxtdan etibarən dövlətimiz ən ciddi qabaqlayıcı addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət onun ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Hökumət xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazım olan bütün addımları atdı. Ölkədə qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Nəticədə, Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı.

Prezident İlham Əliyevin vətəndaşlarının sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə respublikamızda atılan addımlara, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi.

Ölkəmiz pandemiyaya qarşı mübarizədə ilk günlərdən ÜST ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət martın əvvəlində ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət verdi. ÜST-ün nümayəndəliyi də Azərbaycanda çox fəal aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Hazırda ÜST-ün Avropa üzrə Regional Ofisinin missiyası koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Azərbaycanda səfərdədir. Missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Missiya çərçivəsində Səhiyyə naziri Oqtay Şirəliyevlə və nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda cari vəziyyət və COVID-19 pandemiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Missiya paytaxtla yanaşı, Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır. Səhiyyə naziri bu işlərdə Respublika GigiyenaEpidemiologiya Mərkəzinin mütəxəssislərinin də iştirakını qonaqlara tövsiyə edib.

Görüşdə, həmçinin cari sanitar-epidemioloji vəziyyət, infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir. Koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayan Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək ÜST-ə 10 milyon dollar ianə verib. Pandemiyadan sonra da ölkəmiz ÜST-lə əməkdaşlığını uğurla davam etdirəcək.

 

 

 

Vəziyyət müsbətə doğru dəyişir

 

 

Sevindirici haldır ki, son vaxtlar Azərbaycanda koronavirusla bağlı vəziyyət müsbət yöndə istiqamət alıb. Aprelin sonu, mayın əvvəlində xüsusi karantin rejimi yumşaldılandan sonra rəqəmlərin kəskin sürətdə artması, gündəlik 500-dən çox yoluxma faktının aşkarlanması müəyyən ərazilərdə yenidən sərt karantin rejiminin tətbiqini zəruri etdi. Bir həftədir Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı statistika sosial təcridin koronavirusun yoluxma zəncirinin qırılmasında böyük rol oynadığını göstərir. Virusun inkubasiya dövrünü nəzərə alsaq, deməli, iyunun 21-dən tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi öz müsbət nəticəsini verir. Artıq COVID-19-a gündəlik yoluxanların sayı 400-dən aşağı düşüb. Sağalanların sayı yoluxanların sayını üstələyib. Əminliklə demək olar ki, ölkədə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir. Təbii ki, burada vətəndaşların da danılmaz rolu var. Artıq virusa inanmayan vətəndaşların sayı xeyli azalıb. Marketlərdə, ictimai nəqliyyatda maskadan istifadə edənlərin sayı kifayət qədərdir. Müsbət dinamika vətəndaşlarla dövlətin birgə mübarizəsinin nəticəsində əldə edilib.

 

 

Əsas şərt əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqdır

 

 

Hazırda əsas şərt əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün də mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına bundan da sonra əməl etməliyik. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Cüzi laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər əziyyətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Bu isə sərt karantin rejiminin davam etdirilməsinə zərurət yaradacaq. Lakin nə qədər çox müsbət tendensiya olsa, yoluxma sayı azalsa, növbəti mərhələlərdə bir çox məhdudiyyətlər aradan qaldırılacaq, yumşalmalar olacaq.

Təbii ki, hər birimiz bu bəlanın tezliklə bitməsini, havadan, şəhərimizin gözəlliyindən zövq almağı, sərbəst gəzməyi, əvvəlki həyat tərzimizə qayıtmağı, aylarla ailə üzvlərinin üzünü görməyən həkimlərin öz ailələrinə qovuşmasını arzulayırıq. Bunun üçünbir yol var - xalq olaraq virusa qarşı birlikdə savaşmaq və gözəgörünməz düşmənə qalib gəlmək. Unutmayaq ki, biz birlikdə güclüyük!

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 24 iyul.- S.10.