İlham Əliyev bütün
imkanları səfərbər edir
Ölkədə su
qıtlığı probleminin həlli üçün
kompleks tədbirlər görüləcək
Azərbaycanı su sarıdan bəxti gətirən ölkə hesab etmək olmaz. Baxmayaraq ki, Kür və Araz kimi iri, Girdiman, Türyançay, Qudyalçay kimi dağ çaylarımız var, Azərbaycan həmişə sudan az və ya çox dərəcədə korluq çəkib. Təkcə yerləşdiyimiz Qafqaz regionundakı su ehtiyatlarının təxminən 11 faizinin ölkəmizin payına düşdüyünü xatırlatmaq yetər ki, bu sahədəki problemlərimizin obyektiv səbəbi məlum olsun.
Amma dərd bununla da bitmir. Məlum olduğu kimi,
artıq neçə ildir dünyada və təbii ki, o
cümlədən Azərbaycanda quraqlıq hökm
sürür. Təkcə bu üzdən Azərbaycanın
onsuz da çox olmayan su ehtiyatları 15 faiz
azalmışdır. Lakin bu da hələ
hamısı deyil. Mütəxəssislərin
hesablamalarına görə, quraqlıq bu sürətlə və
bu həddə davam edərsə, su resurslarımızın
daha 15 faiz azalacağı qaçılmaz olacaq.
Quraqlığın davam etmək ehtimalı isə az deyil. Ekoloqlar deyirlər ki, əgər əvvəllər
quraqlıq 2-3 il olurdusa, indi artıq 8 ildir
davam edir. Üstəlik, müşahidələr
göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda
da yağıntılar zaman və məkan üzrə bərabər
paylanmır və nəticədə bir yerdə torpaq
susuzluqdan cadar-cadar olanda, digər ərazidə sel aləmi
yuyub aparır.
İqlimin dəyişməsi, daha doğrusu, yayda
havaların normadan artıq isti, qışda isə
şaxtasız və yağmursuz keçməsi
çayların suyunu azaldır ki, bu da su
qıtlığını yaradan əsas səbəblərdən
sayılır.
Yenə də rəqəmlərə müraciət edək:
Kür və Qanıq çaylarında sululuq normaya nisbətən
2019-cu ildə 29,2, son 6 ayda 45,8 faiz
azalmışdır. Yağıntılar isə norma ilə müqayisədə 2019-cu il üzrə
17, 2020-ci ilin ötən dövründə 25 faiz az
olmuşdur. Əsas dağ çaylarımızın
formalaşdığı ərazilərdə də son 10 ildə
yağıntının miqdarı orta hesabla nə az, nə
çox - 8,7 dəfə aşağı
düşmüşdür. Belə bir
reallığın fonunda su qıt olmasın, neyləsin?!
Su isə bütün dövrlərdə bol məhsul,
təmizlik, sağlamlıq, bir sözlə, dəfələrlə
təkrarlandığı kimi həyat sayılıb.
Bu baxımdan Prezident İlham Əliyevin yanında su təsərrüfatının
vəziyyətinə həsr olunmuş müzakirənin
keçirilməsinin əhəmiyyəti böyükdür. Videoformatda
keçirilmiş müşavirədə Prezident
Administrasiyasının və müvafiq mərkəzi icra
qurumlarının rəhbərlərinin iştirakı isə
əvvəlcədən tədbirin işgüzar şəraitdə
keçəcəyindən xəbər verirdi.
Əslində su ilə bağlı belə formatda
işgüzar müşavirənin keçiriləcəyi
gözlənilən idi. Çünki Prezidentin sədrliyi ilə
Nazirlər Kabinetinin 6 ayın sosial-iqtisadi yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında əsasən quraqlıq səbəbindən
ölkədə yaranmış su problemindən ətraflı
danışılmış və bu sahədə təxirəsalınmaz
tədbirlərin görülməsinin vacibliyi qeyd
edilmişdir. Odur ki, iyulun 23-də
keçirilən müşavirəni hökumətin son
iclasında ölkənin su təsərrüfatlarındakı
mövcud vəziyyətlə bağlı
qaldırılmış problemlərin həlli istiqamətində
görülən və görüləcək işlərin
müzakirəsi də hesab etmək olar.
Əvvəl görülmüş işlər barədə. Prezident
İlham Əliyevin müşavirədəki nitqində
vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən
- ilk regional inkişaf proqramı qəbul ediləndən bəri
ölkənin həm təsərrüfat, həm də
içməli su ilə təchizatının
yaxşılaşdırılması üçün vacib tədbirlər
həyata keçirilmişdir. Məhz həmin tədbirlər
nəticəsində ölkə üzrə içməli su
ilə təchizat 40 faizdən 70, o cümlədən bölgələrdə
9 faizdən 63 faizə çatmışdır. Paytaxta gəldikdə, burada fasiləsiz su ilə təchizat
29 faizdən 82 faizə yüksəlmişdir.
"Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə
insanların sağlamlığı, iqtisadiyyatın, kənd
təsərrüfatının inkişafı
üçün etmişik” - deyən dövlət
başçısı təbii ki, əldə edilənlərlə
qənaətlənməyərək sözügedən sahədə
hələ çox işlərin görülməli
olduğunu diqqətə çatdırmışdır:
"Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir
ki, biz istədiyimizə tam nail ola bilməmişik.
Buna görə bundan sonra içməli su layihələri,
meliorasiya sahələri bizim gündəliyimizdə ən
vacib məsələlər kimi duracaq”.
Qeyd edək ki, Prezidentin bu qərarı təsadüfi
deyil.
Baxmayaraq ki, ötən illər ərzində ölkədə
Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri
çəkilib, 270 milyon kubmetr su tutumu olan Taxtakörpü,
165 milyon kubmetrlik Şəmkirçay, eləcə də
Göytəpə və Tovuzçay su anbarları tikilib,
Ceyranbatan su anbarı yenidən qurulub, Taxtakörpü su
anbarından Ceyranbatan su anbarına yeni beton kanal çəkilib
və digər mühüm tədbirlər görülüb,
son illər yaşanan su qıtlığı göstərdi
ki, bu sahədə bütün işlər heç də istənilən
səviyyədə deyil.
İlk növbədə həm təsərrüfat, həm
də içməli su sahələrində itki həddən
artıq çoxdur. "Bəzi hallarda itkilər 40 faizdir və 50 faizə
çatır, bu, dözülməzdir” - deyən dövlət
baçşısı itkinin nəticələrinin ölkə
iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı
üçün mənfi təsirlərindən söz
açmışdır: "Biz suyu itiririk. Beləliklə,
o, əkin sahəsinə, insanların evinə çatmır,
əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən
çox əməktutumlu sahələr
taxılçılıq və
pambıqçılıqdır. Pambıqçılıq,
ümumiyyətlə, su olmadan inkişaf edə bilməz.
Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini
təmin edir”.
Amma Prezidentin müşavirədəki nitqindən məlum
olur ki, mərkəzi su təsərrüfatları
qurumlarının fəaliyyətlərindəki nöqsanlar təkcə
yüksək itki faizi deyilmiş. Bu sahədə ən böyük və
ən ciddi problem ölkədə indiyəcən su
balansının olmamasıdır: "İndi mənə məlumat
verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir.
Necə ola bilər? Məgər
su balansını tərtib etməyi Prezidentmi deməlidir?!
Bunu aidiyyəti qurumlar etməlidirlər”.
Aydın olmaq üçün su balansının nə
olduğunu qısaca izah edək. Deməli, hər bir
ölkə, o cümlədən Azərbaycan öz su
ehtiyatlarının həm mövcud, həm də gələcək
vəziyyətini öyrənməlidir, bilməlidir ki, onun
yeraltı və yerüstü su ehtiyatları nə qədərdir.
Bundan sonra həmin ehtiyatlar qiymətləndirilməlidir.
Su balansının olması artezian
quyularının qazılması zamanı da vacib şərt
sayılır. Çünki artezian
quyuları harada gəldi qazıla bilməz. Bunun üçün ərazi seçilərkən
artezianın torpağa təsiri mütləq öyrənilməlidir.
Bütün bunları nəzərə
aldıqda, dövlət başçısının
müşavirədə indiyəcən ölkədə su
balansının tərtib edilməməsini əlaqədar
qurumların rəhbərlərinə ciddi irad tutması
başadüşüləndir.
Məlum olduğu kimi, bu ilin aprelində Prezidentin sərəncamı
ilə ölkənin su təchizatı ilə məşğul
olan mərkəzi icra qurumlarının fəaliyyətini
koordinasiya edən komissiya yaradılmışdır. Komissiyaya rəhbər
Baş Nazirin müavini Şahin Mustafayev təyin olunmuşdur.
Müşavirədə də qeyd edildiyi kimi, komissiya qısa
vaxtda xeyli iş görmüşdür. Ən əsası, su
ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş,
aidiyyəti qurumlardan alınan məlumatlar təhlil
edilmiş, sudan səmərəli istifadə
ilə bağlı verilmiş tapşırıqların gündəlik
nəzarəti təmin edilmişdir. Bunlardan əlavə,
mövcud su ehtiyatlarının ədalətli, optimal və
proporsional bölgüsü prinsipi əsasında 580 mindən
çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib
olunmuş, eləcə də suyun mənbədən
götürülməsindən son istehlakçıyadək
bütün mənbələr üzrə uçotun və dəqiq
qiymətləndirmənin aparılması ilə bağlı
tədbirlərin görülməsinə
başlanmışdır.
Komissiyanın
yaxın gələcək üçün nəzərdə
tutduğu tədbirlər (Kür-Araz ovalığında yerləşən
və içməli su tələbatı Kür
çayından təmin edilən yaşayış məntəqələrinin
su təchizatının alternativ mənbələr hesabına
təmin edilməsi ilə bağlı təkliflərin
hazırlanması; qrunt və təmizlənmiş tullantı
sularından, eləcə də Xəzər dənizinin
suyundan istifadə imkanının araşdırılması;
subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi,
qazılması və istismarı qaydalarının
hazırlanaraq təsdiqlənməsi; kənd təsərrüfatı
məhsullarının istehsalçıları tərəfindən
suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi;
suvarma suyundan güzəştli istifadə ilə bağlı
yeni mexanizmin hazırlanması) də diqqət çəkir və
onların reallaşacağı halda sahədəki bir
çox problemlərin həllinə önəmli yol
açacağı şübhə doğurmur.
Problemlərsə az deyil. Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşavirədəki çıxışından məlum oldu ki, builki quraqlıq aran rayonlarında 100 min hektarda taxıl sahəsinə ziyan vurmuş və nəticədə ölkə üzrə istehsal ötən ilə nisbətən 5,5 faiz az olmuşdur. Su problemi pambığın becərilməsinə də təsir göstərir. Nazirin sözlərinə görə, pambıq əkilmiş 100 min hektardan 7 min hektarında birinci vegitasiya suvarması hələ başa çatmamışdır. "Su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur”, - deyə nazir bildirmişdir.
İçməli su sarıdan korluq çəkən rayonlar da var və onların sırasında Neftçaladakı vəziyyət daha kritikdir. Hətta o dərəcədə ki, indi rayon mərkəzinə içməli su maşınlarla daşınır. Amma problem Prezidentin nəzarətindədir və müşavirədə dövlət başçısına Neftçalanın su məsələsinin ən qısa zamanda həll ediləcəyinə söz verilməsi də bu nəzarətin hesabınadır.
Əslində susuzluq bəlkə də problemdən çox, bəladır. O üzdən son vaxtlar dünyanın başına gələn bəlaların üstünə quraqlığın da əlavə olunması yaxşı heç nə vəd etmir. Nə etmək olar, yəqin ki, insanın öz əməlləridir virus, quraqlıq, aclıq şəklində çıxır qabağına.
Amma dərd varsa, dərman da var, deyiblər. Götürək
ölkəmizi. Az vaxtda hansı qlobal
problemlərimizi həll etməmişik ki... Prezidentin
müşavirədə dediyi kimi: "Necə ki, enerji təhlükəsizliyi
məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi
məsələləri həll olundu. İndi
biz ərzaq təhlükəsizliyi məsələlərinin
həllinə yaxınlaşırıq. Su
təhlükəsizliyi məsələsi də öz həllini
tapmalıdır”.
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 25 iyul.- S.1-8.