Prezidentin hücum diplomatiyası dünya
erməniliyinə böyük zərbə
vurur
Bir neçə gün əvvəl dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təcavüzünün qarşısını alan Azərbaycan yalnız işğalçı dövlətə deyil, dünya erməniliyinə də böyük zərbə vurdu. Beynəlxalq ictimaiyyətin obyektiv kəsimi respublikamızı birmənalı şəkildə dəstəkləyərək, Ermənistana sərt etiraz bildirdi. Nəticə etibarilə bu təxribat işğalçı dövlətin özünün əleyhinə işləyən hadisə oldu.
Erməni diasporu öz hərəkətləri ilə vandal və terrorçu olduğunu təsdiqləyir
Bu məğlubiyyət, erməniləri əməlli-başlı sarsıdıb. Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatların həyata keçirilməsi, qeyri-insani hərəkətlərin edilməsi erməni diasporunun keçirdiyi sarsıntıların göstəricisidir. Yalanlarının artıq ifşa olunduğunu, ayaq tutub yerimədiyini həzm edə bilməyən ermənilər xislətlərinə və mahiyyətlərinə uyğun olaraq ən çirkin əməllərə əl atırlar.
Xatırladaq ki, Ermənistanın törətdiyi təxribatlarla bağlı ordumuza dəstək məqsədilə son günlərdə dünyanın 25 ölkəsində soydaşlarımız tərəfindən 60-a yaxın aksiya keçirilib. Bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib. Aksiyalarla bağlı öncədən hüquq-mühafizə orqanlarının məlumatlanmasına baxmayaraq, təəssüf ki, bəzi hallarda polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfərədək, ABŞ-da isə 30-a yaxın soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub.
Bütün bunlar, o cümlədən Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına ermənilər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən banerin bağlanması və bunun erməni media, mətbuat vasitələrində nümayiş etdirilməsi göstərir ki, sivil ölkələrdə fəaliyyət göstərsələr belə, erməni diaspor təşkilatları öz hərəkətləri ilə vandal və terrorçu olduqlarını sübut edirlər.
Bu məsələ ilə bağlı Azərbacan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva etməklə və bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir”.
Dünya
saxta iddialara və yalanlara artıq inanmaq istəmir
Xatırladaq ki, Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra Avropa təşkilatları Ermənistanın son təxribatını açıq şəkildə pisləməsələr də, dünya ictimaiyyətindən Azərbaycanı müdafiə edən reaksiyalar özünü çox gözlətmədi. Dost ölkələrdən gələn bəyanatlarda Ermənistanın işğalçılıq siyasəti pislənildi, torpaqlarımızın azad edilməsi tələb edildi, ölkəmizə dəstək ifadə olundu. Bu sırada Qoşulmama Hərəkətanın, İslam Əməkdaşlıq Təşkilatının, Türk Şurasının Azərbaycanın haqlı mövqeyini dəstəkləmələri xüsusi qeyd edilməlidir. O cümlədən Azərbaycanın müttəfiqi və dostu olan ölkələr də Ermənistana sərt etirazlarını bildirdilər.
Ermənistana vurulan ən böyük diplomatik zərbələrdən biri də ABŞ Konqresində qəbul edilən sənədlər oldu. Məlum olduğu kimi, bir neçə gün əvvəl ABŞ Konqresində erməni diasporunun və ermənipərəst konqresmenlərin Azərbaycan əleyhinə təşviq etdikləri düzəlişlər səsvermə nəticəsində qəbul edilmədi. Ən mühümü isə odur ki, Azərbaycanın dostu olan parlamentarilər tərəfindən təklif olunan Ermənistanın əleyinə olan düzəlişlər qəbul olundu. Bu, ABŞ tarixində Ermənistanın əleyhinə olan düzəlişlərin qəbul olunmasına dair ilk hadisədir.
Bu hadisə erməni lobbisinin və diaspor təşkilatlarının, o cümlədən ermənilərin daha çox məskunlaşdıqları ABŞ-dakı erməni milli komitəsinin çaşqınlığına səbəb olub. Hətta bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də erməniləri məyus edib. Erməni milli komitəsi diqqəti yanlış məcraya yönəltməyə cəhd etsə də, fakt faktlığında qalır ki, ABŞ Konqresi erməni diasporuna və erməni yalanlarına böyük zərbə vurub. Ermənistanın əleyhinə olan düzəlişlərin qəbul olunması saxta erməni iddialarını alt-üst edib.
İlham
ƏLİYEV: "Milli maraqlar
tam təmin edilməlidir”
Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən
biri ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Ona görə
Ermənistanın Azərbaycana
qarşı təcavüzünün
nəticələrinin aradan
qaldırılması xarici
siyasətimiz qarşısında
duran vəzifə və tapşırıqlar
sırasında prioritet
yer tutur. Xarici siyasətimiz qarşısında
hücum strategiyasını
müəyyən edən
Prezident İlham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində
Azərbaycan diplomatları
qarşısında ciddi
tapşırıqlar qoyub.
Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasətdə hücum diplomatiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin və diasporunun ölkəmizə qarşı təxribatlarının qarşısı alınır və yalanları ifşa olunur. Ermənilərin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan həqiqətlərt siyasi-ictimai dairələrə sirayət edir.
Bu baxımdan son hadisələr həm ermənilərin xarici ölkələrdəki vandalizm aktları, həm Ermənistanın əleyhinə qəbul olunan sənədlər göstərir ki, Prezident İlham Əliyevin hücum diplomatiyası, beynəlxalq miqyasda görülən işlər dünya erməniliyinə böyük zərbələr vurur. Bu günlərdə Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən Prezident İlham Əliyev bir daha xarici siyasətin əsas prioritetlərini diqqətə çatdırdı. "Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir”, - deyə İlham Əliyev bəyan etdi.
Son illərin mənzərəsi göstərir ki, Azərbaycanın xarici siyasəti ilə bağlı prioritetlərin, Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin, diplomatiyada hücum xəttinin həyata keçirilməsi öz müsbət nəticəsini verir. Bu siyasət bundan sonra da sürətlə davam etdiriləcək və saxta erməni iddialarının qarşısı dünyanın hər yerində alınacaq. Çünki bu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində vacib rol oynayan əsas vəzifələrdən biridir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 25 iyul.- S.1-4.