Azərbaycan qısa zamanda pandemiyaya
qarşı döyüş
hazırlığına gətirildi
Müsbət dinamika
virusla mübarizənin daha
uğurlu mərhələlərə
daşındığından xəbər verir
Hazırda dünya ən böyük sınaq ilə üz-üzə qalıb, qlobal pandemiya elan edilən COVID-19-un yol açdığı təhlükədən qorunmağa, ona qarşı mübarizə aparmağa çalışır. Bəşəriyyətin bəlası yeni növ koronavirus insanları təkcə sağlıqları ilə təhdid etmir, bütün yaşam sahələrinə zərbə vurur, ölkələri maddi sıxıntı ilə üz-üzə qoyur.
Mütəxəssislər isə COVID-19-un vaksininin gələn ilin əvvəlindən tez hazır olmayacağı ilə bağlı məlumat verirlər. Yəni dünya hələ qarşıdakı bir neçə ay ərzində koronavirusla savaş şəklində yaşamağa məcburdur.
Azərbaycanda qlobal böhranın aradan qaldırılması istiqamətində görülən işlər əvvəldən çox düzgün istiqamətdə aparıldı və hazırda da bu strategiyanın müsbət nəticələrini görməkdəyik. Dünyada CovId-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk gündən başlayaraq Azərbaycan hakimiyyəti bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı.
Qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi
Bu cür intensiv və düzgün fəaliyyət sayəsində səhiyyə infrastrukturu qısa zamanda koronavirusla mübarizəyə istiqamətləndirildi. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi və 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verildi.
Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan əksəriyyəti artıq istifadəyə verilib. Gələcəkdə daha 10 modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılır.
Koronavirusun yayılma coğrafiyasının azalmasında xəstəliyin erkən aşkarlanması xüsusilə əhəmiyyətlidir. Bu sahədə də ölkəmiz əsaslı işlər gördü. Qısa zamanda ən müasir standartlara cavab verən laboratoriyalar alındı və onların sayı xeyli artırıldı. Qeyd edək ki, hazırda xəstəliyin müəyyənləşdirilməsi üçün ümumilikdə aparılan test sayı 650 mindən çoxdur.
Həmçinin ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan problem aradan qaldırıldı. Əhalinin sosial təminatının, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə zəruri tədbirlər görüldü, bunlara görə də milyardlarla vəsait ayrıldı.
Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.
Son zamanlar yoluxma sayında müşahidə edilən müsbət dinamika isə, pandemiya ilə mübarizənin daha uğurlu mərhələlərə daşındığından xəbər verir. Bu isə zamanında tətbiq edilən sərt karantin rejimi sayəsində əldə olunub.
Yoluxma sayının azalması normal həyata dönüşümüzü sürətləndirəcək
Vaxtaşırı ölkədəki sanitar-epidemioloji vəziyyət dəyərləndirilərək uyğun tədbirlər görülür. Buna görədir ki, yoluxma riski yüksək olan 14 şəhər və rayonumuzda avqustun 5-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həftə sonları ictimai nəqliyyatın fəaliyyəti də dayandırılır.
Bunlarla yanaşı, xüsusi karantin rejimi tətbiq olunan rayon və şəhərlərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar da tətbiq olunub. Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olunmaqla, bərbərxana, gözəllik salonlarının və kosmetik xidmətlərin fəaliyyətinə icazə verilib. Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
Sevindirici haldır ki, hazırda pandemiya səbəbindən təxirə salınan qəbul və buraxılış imtahanları da koronavirusun tələb etdiyi qaydalara əməl etmək şərti ilə həyata keçirilir. Ölkəmizdə COVID-19-a yoluxma sayının getdikcə azalması normal həyata dönüşümüzü də sürətləndirir. Sosial məsafə saxlamaq, maska taxmaq, gigiyena şərtlərinə və qoyulan qaydalara əməl etmək bizi peyvənd tapılana qədər koronavirusun yarada biləcəyi hər cür mənfi ssenaridən qoruyur və qoruyacaq.
Danılmaz faktdır ki, hazırda virusun varlığını inkar edib yoluxma riskini artırmaqdansa, onun diktə etdiyi şərtlərə uyğun yaşamaqla özümüzün, doğmalarımızın, ümumilikdə xalqımızın həyatını xilas etmiş, genefondumuzun da keşiyində dayanmış olarıq.
Qaydalara əməl etmək vacibdir
Amma nə yazıq ki, bəzi vətəndaşların məsuliyyətsiz davranışı həm özlərinin, həm də digərlərinin həyatını təhlükə altında qoyur. Təəssüf ki, evdə nəzarətdə olan koronaviruslu xəstələrin qanunsuz halda evlərini tərk edərək ictimaiyyət arasına çıxması kimi yolverilməz davranışlar sərgilədiklərinin də şahidi oluruq. Təbii ki, həmin şəxslər tələb olunan qaydada məsuliyyətə cəlb olunurlar. Amma bu reallıqdır ki, heç bir cəza onların yol açacaqları fəsadları aradan qaldırmağa qadir deyil.
Eyni zamanda karantin rejiminin qaydalarına əməl etməyən vətəndaşlarımız da var. Belə ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 23-ü və 24-nə olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 857, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 73 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində 125-i rayon, 105-i paytaxt istiqamətinə olmaqla 230 avtomobil geri qaytarılıb.
Vətəndaşının sağlamlığı və təhlükəsizliyi dövlətin qarşısına qoyduğu prioritet vəzifə və müqəddəs borcdur
Sadalanan və daha bu kimi bir çox qayda pozuntusu və məsuliyyətsiz davranışlar isə qətiyyən yolverilməzdir. Aylardır vətənimizdə koronavirusa qarşı gərgin mübarizə aparılır. Mərhələli şəkildə ölkəmizdən COVID-19-un ayağını kəsmək üçün çevik tədbirlər görülür. Dövlət əhalimizin sağlamlığı və təhlükəsizliyinin etibarlı qorunması üçün bütün qüvvəsini səfərbər edib. İnsanların maddi sıxıntı çəkməməsi üçün hər bir vətəndaşına maddi dəstək verir. Eyni zamanda xaricdə yaşayan vətəndaşlarımızın problemlərini həll edir, onların ölkəyə gətirilmələri istiqamətində mühüm işlər həyata keçirir.
Operativ şəkildə səhiyyə sistemimizin, sözün əsl mənasında, pandemiya ilə döyüş hazırlığına gətirilməsi isə virusa yoluxan 20 mindən çox vətəndaşımızın sağaldılmasına, ağır, ümidsiz xəstələrimizin həyata dönməsinə imkan verib. Bu, sadəcə statistika deyil, dəyəri heç bir qiymətli xəzinə ilə ölçülməyəcək insan həyatlarıdır. Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığı, təhlükəsizliyinin təmini dövlətin qarşısına qoyduğu, həmçinin həyata keçirdiyi prioritet vəzifə və müqəddəs borcdur.
Ölkəmizin
vətəndaşları da bu həssas zamanlarda dövlətimizin
gördüyü işlərə dəstək verib qaydalara əməl
etməlidirlər ki, Azərbaycan bu bəladan qurtulsun.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 25 iyul.- S.1-10.