Torpaqlarımız tezliklə azad olunacaq

 

Bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, xalqımızın vətənpərvərliyi və həmrəyliyi təsdiq edir

 

İyulun 12-dən etibarən Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədlərini, hərbçilərimizin mövqelərini, yaşayış məntəqələrini iriçaplı və uzaqmənzilli toplardan atəşə tutdu. Törədilən qanlı təxribatların qarşısı Ali Baş Komandanın müdrik rəhbərliyi və göstərişi ilə Ordumuzun qəhrəman əsgər və zabitlərinin yüksək sayıqlığı, şücaəti nəticəsində layiqincə alındı.

Döyüş meydanında mənfur düşmən Azərbaycan Ordusunun güclü müqaviməti və əks-həmləsi ilə üzləşdi. Dəqiq, sarsıdıcı zərbələr nəticəsində düşmən başından zərbə aldı.

Müharibədə istər canlı insan, istərsə də texnika itkisi vermədən ötüşmək qeyri-mümkündür. Başda qəhrəman generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev olmaqla bir neçə zabit, gizir və əsgərimizin həlak olması çox kədərləndirici olsa da, onların igidliyi və vətənsevərliyi bütün cəmiyyətimiz üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu hadisə bir daha göstərdi ki, istər Azərbaycan əsgəri, istərsə də onun yüksəkrütbəli zabitləri məqamı gələndə Vətən uğrunda canını fəda etməyə hazırdır və torpaq uğrunda gözlərini qırpmadan belə şəhidlik zirvəsinə ucalmağı özlərinin müqəddəs borcu bilirlər.

Tovuz döyüşləri Aprel savaşı kimi Ali Baş Komandana ümumxalq məhəbbətinin növbəti təsdiqinə çevrildi və tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin nümunəsi kimi düşdü. Bu qələbə bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.

Azərbaycan Ordusunun hədəfi zəbt olunmuş torpaqlarımızdan çıxmaq istəməyən erməni işğalçılarına öz yerini göstərmək, tez bir zamanda düşmən tapdağında olan doğma torpaqlarımızı azad etməkdir. Ordumuzun sarsıdıcı zərbələrindən Ermənistan rəhbərliyinin səksəkəyə düşməsi, öz himayədarlarından acizanə şəkildə kömək istəməsi dövlətimizin uğurudur. Sevindirici haldır ki, artıq ermənilərin üzünə yaxından bələd olan ölkələr, hətta onları həmişə dəstəkləyən dövlətlər bu dəfə haqqı nahaqqa vermədilər. Yəni ermənilərin haqsız müraciətlərinə baxmadılar.

Ermənistanın təxribatından sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri və aparıcı dörd partiyası, tanınmış ictimai-siyasi xadimləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, UkraynaPakistan Azərbaycanın haqq işinin müdafiəsinə qalxdılar və ölkəmizin yanında olduqlarını bəyan etdilər. Vətənimizin beynəlxalq aləmdə daha çox dəstək qazanması düşməni şoka saldı.

Həmin günlərdə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətləri göstərir ki, Azərbaycan xalqı Qarabağın işğalı faktı ilə heç vaxt barışmayacaq. Dövlət Xidmətinin məlumatına görə, 50 mindən çox müraciət edən vətəndaş qeydiyyata alınıb.

İyulun 14-də xalqımız qürurverici bir tarix yaşadı. Bu tarix milli həmrəyliyin canlı mücəssəməsi idi. Bu, gənclərimizin Azərbaycan OrdusunuAli Baş Komandanı dəstəkləməsinin bariz nümunəsi, xalqla ordunun birliyinə, düşmən üzərində gələcək qələbəmizə verilən mesaj və dəstək idi.

Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağında olan bütün torpaqlarımız tezliklə azad olunacaq. Bunu cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, xalqımızın vətənpərvərliyi və həmrəyliyi təsdiq edir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 25 iyul.- S.6.