Patriarx Kirill: Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini şəxsi ağrı kimi qəbul edirəm

 

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Ermənistanı və Azərbaycanı dialoqa başlamağa və ekstremistlərə uymamağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Patriarxın Rus Pravoslav Kilsəsinin (RPK) saytında dərc edilmiş bəyanatında deyilir.

Bəyanatda göstərilir ki, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində yenidən silahlı qarşıdurma yaranması hər iki tərəfdən insan tələfatı ilə nəticələnib. Sənəddə deyilir: "Əsrlər boyu yanaşı yaşamış xalqların münaqişəsi 33 ildir ki, davam edir. Mən 1989-cu ildən bu münaqişənin sülh yolu ilə həll edilməsi işində iştirak edirəm. Hər dəfə vəziyyət kəskinləşəndə bunu şəxsi ağrı kimi qəbul edirəm. 25 il bundan əvvəl, 1995-ci il iyunun 13-də Moskvadakı Svyato-Danilovo monastırında Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin birinci üçtərəfli görüşü oldu. Təşəbbüskarı Rus Pravoslav Kilsəsi olmuş həmin görüşün yekunlarına əsasən qəbul edilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi dini zəminə əsaslanmayan münaqişə kimi baxış ifadə edilmişdi. Bu gün, qarşıdurmanı kəskinləşdirmək üçün millətlərarası münaqişəyə din amilini süni yolla daxil etməyə çalışanlar bunu yadda saxlamalıdırlar”.

Patriarx Kirill bildirib ki, bu gün Rus Pravoslav Kilsəsi münaqişənin hər iki tərəfini dialoqa çağırır.

RPK-nin bəyanatında deyilir: "Qafqazda gərginliyin artması müəyyən qüvvələr üçün sərfəlidir. Mən münaqişə tərəflərini belə qüvvələrə uymamağa çağırıram. Qafqazda yeni müharibə labüd olaraq müxtəlif terrorçu və ekstremistləri cəlb edəcək, onlar bu regionu sülhdən və əmin-amanlıqdan məhrum edəcəklər. Rus Pravoslav Kilsəsi Qarabağ münaqişəsinin nizamlanması üçün çoxillik sülhyaratma fəaliyyəti göstərib. Buna görə mənim Azərbaycanın və Ermənistanın dini liderlərinə müraciət etməyə haqqım var. Əziz qardaşlar, sizdən xahiş edirəm, qardaşcasına görüşlərdə möhkəmlədə bildiyimiz nailiyyətləri qoruyub saxlayın.

Rus Pravoslav Kilsəsi bu münaqişənin mümkün qədər tezliklə başa çatması üçün ürəkdən dua edir. Ümidvarıq ki, bizə qardaş olan Ermənistan və Azərbaycan xalqları etimadsızlığı azaltmaq, düşmənçiliyə son qoymaq, qarşılıqlı məqbul qərarlar qəbul etmək üçün özlərində qüvvə və müdriklik tapacaqlar”.

 

Azərbaycan.-2020.- 25 iyul.- S.7.