İtaliya mətbuatında
erməni yalanlarının ifşası davam
edir
İtaliyanın “Agenzia Stampa Italiana”, “Askanews”, “Notizie Yahoo”, “Agenzia Nova”, “Giornale Diplomatico”, “The Daily Cases” və sair kimi kütləvi informasiya vasitələri Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistanın yeni təhdidləri və media təxribatlarını ifşa edən mətbuat açıqlamasını dərc edib.
AZƏRTAC xəbər verir ki, məlumatlarda media vasitələrinin dezinformasiyadan çəkinməsinin çox vacib olduğu bir dövrdə Ermənistan tərəfindən davamlı olaraq Azərbaycana qarşı uydurma media kampaniyasının davam etdiyi və növbəti absurd xəbərlərdən birinin də Azərbaycan tərəfinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına raket atması ilə hədələməsi xəbəri olduğu bildirilib.
Məlumatlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən bu yalan xəbərin təkzib olunduğu diqqətə çatdırılaraq, əslində, Ermənistanın öz cinayətlərini ört-basdır etmək, Azərbaycanın neft-qaz strukturları və əhəmiyyətli obyektlərini hədəf alacağı ilə bağlı fikirlər səsləndirdiyini vurğulayıb. H.Hacıyevin fikirlərinə istinadən, Azərbaycanın hər hansı bir strateji obyekti hədəf göstərmək siyasətinin olmadığı, Ermənistanın qəsdən Metsamor məsələsini şouya çevirdiyi, əslində, köhnəlmiş texnologiyaya mənsub bu strukturun bölgə üçün ciddi təhlükə yaratdığı və radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyi qeyd edilib.
Metsamor Atom Elektrik Stansiyasına gəldikdə, yazılarda bir çox beynəlxalq təşkilatlar və Avropa İttifaqı tərəfindən də qeyd olunduğu kimi, onun aktiv seysmik zonada yerləşməsi ilə yanaşı, istismar müddəti başa çatması səbəbindən bütün bölgə üçün ciddi təhlükə yaratdığı, bu səbəblərdən uzun illərdir dünyanın ən təhlükəli nüvə stansiyalarından biri hesab olunduğu bildirilib.
Məlumatlarda, eləcə də Ermənistanın son hərbi təxribatlarının hədəfi olan Tovuz rayonunun, xüsusilə də Azərbaycandan və Xəzər dənizindən enerji qaynaqlarının beynəlxalq bazarlara, o cümlədən Avropaya nəqli, xüsusilə də İtaliyaya xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin başlanğıc hissəsi olan Cənubi Qafqaz boru kəməri, habelə İpək Yolunun yenidən canlandırılmasına əsas yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı-Tbilisi magistralı kimi Şərqi Qərblə birləşdirən nəqliyyat dəhlizinin keçməsi nöqteyi-nəzərindən strateji ərazi olduğu xatırlanıb.
Məlumatlarda bildirilib ki, Ermənistanın bu hərbi təxribatları yeni bazarlara və alternativ enerji mənbələrinə çıxışı təmin etmək baxımından Avropa üçün də vacib olan bu layihələrin fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır və Azərbaycandan bir çox ölkələrə, o cümlədən İtaliyaya qaz nəql edəcək dəhlizin tam fəaliyyətə başlamasından 3 ay əvvəl baş verməsi təsadüfü deyil.
Yazılarda, eləcə də son günlərdə Ermənistan tərəfindən Cənubi Qafqazdakı ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla bağlı çoxsaylı təhdidlərin də yayıldığı qeyd olunub.
Həmçinin
bildirilib ki, Ermənistan tərəfindən dəfələrlə
“Azərbaycan şəhərlərini Ağdam kimi
xarabalığa çevirəcəklərinə” dair bəyanatların
verildiyi, Ermənistan ordusunun talan etdiyi,
dağıdılmış Qarabağın əsas iqtisadi-mədəni
mərkəzi və "Qafqazın Hiroşima”sı
adlandırılan Ağdam düz 27 ildir ki işğal
altındadır. Ağdamın
işğalı ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 29 iyul 1993-cü il tarixli 853 nömrəli
qətnaməsinin qəbul edildiyi və
Ermənistan silahlı qüvvələrinin bu
ərazilərdən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasının tələb
edildiyi vurğulanıb.
Azərbaycan.-2020.- 25 iyul.- S.8.