GUAM Parlament
Assambleyasının videokonfrans
formatında növbədənkənar büro
iclası keçirilib
İyulun 24-də Milli Məclisdə GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar büro iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Növbədənkənar büro iclasının 8 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə ətraflı məlumat verib. Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribatın bölgədə vəziyyəti çox gərginləşdirdiyini bildirib. Ermənilərin hərbi əməliyyatları nəticəsində Azərbaycanın şəhidlər verdiyini qeyd edib. Bu təxribatın dünya ölkələrinə və beynəlxalq qurumlara doğru-dürüst çatdırılması üçün GUAM PA-nın fəallaşmasına ehtiyac olduğunu vurğulayıb.
Videokonfransda iştirak edən GUAM PA-dakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yuraş Svyatoslav, Gürcüstan nümayəndə heyətinin rəhbəri Kuçava Kaxaber, Moldova nümayəndə heyətinin rəhbəri Jizdan Aleksandru GUAM ərazisində baş vermiş bütün təcavüz aksiyaları pislədiklərini, Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi təxribatdan narahat olduqlarını bildiriblər. Çıxışlarda Ermənistanın növbəti təcavüzünün yolverilməz olduğunu söyləyib. Büro üzvləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normativ –hüquqi aktlarda əks olunan sərhədləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.
Videokonfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Kərimli, Fatma Yıldırım işğalçı Ermənistanın riyakar siyasəti, Tovuz bölgəsinə hücumun təfərrüatları barədə həmkarlarına dolğun məlumat verib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Ukrayna, Moldova və Gürcüstan parlamentarilərinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Büro iclasında GUAM PA-nın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar öz ölkələrindəki vəziyyət və mübarizə tədbirləri barədə ətraflı fikir mübadiləsi aparıb.
GUAM PA-nın Baş katibi Altay Əfəndiyev
və nümayəndə heyətlərinin rəhbərləri
əməkdaşlıq əlaqələrinin daha
da möhkəmləndirilməsinə dair rəy və təkliflərini səsləndiriblər.
Pandemiya dövründə bu
formatda onlayn
görüşlərin intensivləşməsinin vacibliyi qeyd olunub.
Azərbaycan.-2020.- 25 iyul.- S.8.