Dünya erməni barbarlığına göz yumur

 

 

Birinci vitse-prezident Mehriban Əliyeva dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporumuzun bütün potensialını birləşdirməyə çağırdı

 

 

İllərdir bütün beynəlxalq təşkilatların toplantılarında, mühüm siyasi arenalarda, eləcə də hərb meydanında Azərbaycana boyun əyən təcavüzkar Ermənistan indi başqa hiyləyə əl atıb. Terroru dövlət səviyyəsində dəstəkləyən, faşizm ideologiyasına əsaslanan bu ölkə indi də azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. Erməni terror təşkilatlarının üzvlərinin, eləcə də müxtəlif ölkələrdə yaşayan ermənilərin yeni terror dalğası başlayıb.

Son 10 gün ərzində ermənilərin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və müxtəlif şəhərlərdə dinc aksiya keçirən soydaşlarımıza qarşı həyata keçirdikləri çirkin təxribatlar, insanlığa yaraşmayan hərəkətlər bunu bir daha təsdiqləyir.

 

Azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini” verir

 

 

Artıq bir neçə gündür Avropa ölkələrində yaşayan soydaşlarımız Ermənistanın ölkəmizin dövlət sərhədlərini pozmaq cəhdləri, hərbçilərimizin və günahsız dinc əhalinin, mülki şəxslərin atəşə tutulması, qətlə yetirilməsi barəsindəki real həqiqətlərin dünya xalqlarına obyektiv şəkildə çatdırılması ilə bağlı icazəli dinc aksiyalar keçirirlər.

Lakin bu aksiyalar erməni lobbisini ciddi şəkildə narahat etməkdədir. Dinc nümayiş keçirən, ədalətli mövqe tutan azərbaycanlılara qarşı söz vasitəsilə, demokratik yolla cavab vermələrinin mümkünsüz olduğunu anlayan ermənilər yeganə çıxış yolunu təxribat törətməkdə görürlər. Soydaşlarımıza xəsarət yetirmələri, təhqiramiz addımlar atmaları, söyüşböhtanlarla onları aşağılamaları isə bədnam erməni xislətinin, erməni vandalizminin eybəcər təzahürləridir.

Bu çirkin əməllər, əlbəttə ki, xalqımızda ciddi narahatlıq doğurur. Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanı da dərindən hiddətləndirib.

Baş verən hadisələrlə bağlı həmvətənlərimizə etdiyi müraciətdə Mehriban xanım Əliyeva haqlı olaraq vurğulayır ki, onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini” verir - ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.

2017-ci ildə ikiyaşlı Zəhra Quliyeva və nənəsinin, 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizovun erməni təcavüzkarları tərəfindən qətlə yetirilməsini xatırladan Birinci vitse-prezident erməni təbliğat-təşviqat şəbəkəsinin 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı apardığını bildirib: "Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.

Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər”.

 

 

Fiziki zorakılıq, aqressiya və ermənilərin qeyri-insani nifrət hissi

 

 

Soydaşlarımızın dünyanın müxtəlif yerlərində təşkil etdikləri dinc aksiyalarla bağlı fikirlərini bölüşən Mehriban xanım Əliyeva bildirir ki, azərbaycanlılar öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları keçirirlər.

İlk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları indiyədək

30-a yaxın ölkədə 90-dan artıq bəyanatlarla çıxış ediblər. BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Məhz soydaşlarımızın fəallığı ilə 26 ölkədə 60-a yaxın aksiya keçirilib. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, on minlərlə soydaşımız bu aksiyalara qatılıblar.

Bu dinc və mütəşəkkil aksiyaların dünya ölkələri, beynəlxalq qurumlar, media nümayəndələri, habelə aksiyaların keçirildiyi ölkələrin əhalisi tərəfindən normal qəbul edilməsi və müsbət reaksiya doğurması beynəlxalq birliyin ölkəmizin mövqeyinə, Azərbaycan həqiqətlərinə haqq qazandırdığını nümayiş etdirir.

Mehriban xanım Əliyeva da qeyd edir ki, məhz bu dinc aksiyalar erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiyaqeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhvali-ruhiyyəli erməni qrupları azərbaycanlılara hücum ediblər. Bu da, əlbəttə ki, insanlarda ciddi narazılıq və hiddət doğurub:

"Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?”

Ancaq reallıq budur ki, ermənilərin çirkin əməllərinə hələ də göz yumulurbuna görə heç kim məsuliyyətə cəlb edilmir. Hətta beynəlxalq hüquq müdafiə təşkilatları da seyrci mövqe sərgiləyirlər.

 

 

 

Dünyanın iki ən böyük yəhudi təşkilatından ermənilərə etiraz

 

 

Dünən isə ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyi iyulun 21-də baş konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirilən vəhşilikləri pisləyiblər.

Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı Los-Anceles Polis İdarəsinə çağırış edilib.

Həmçinin ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı bəyanat yayaraq dinc toplaşmaetiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyiblər.

Sənəddə qeyd edilir ki, ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Sözdinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları tərəfindən zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Səfirliklər bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırıb.

 

 

"Freedom House”, "Human Rights Watch” təşkilatları niyə susurlar?

 

 

Təəssüflə qeyd etməliyik ki, bu hərəkətləri ilə dünya ictimaiyyətinə erməni vəhşiliyini, erməni vandalizmini nümayiş etdirən azğınlaşmış kütləyə hələ də "dur!” deyən yoxdur. Hansı ki, bu çirkin olaylar demokratiyanın "beşiyi” sayılan, insan haqlarının ən yüksək səviyyədə qorunduğu deyilən ABŞ və Qərb ölkələrində baş verir. Buna Los-Anceles, Brüssel, Strasburqda baş verən olayları göstərmək yetərlidir.

Eyni zamanda insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House”, "Amnesty International” və "Human Rights Watch” təşkilatlarından da hələ ki, səs çıxmır. Bu da, əlbəttə ki, bir daha həmin təşkilatların kimlərə və nəyə xidmət etdiyini bir daha təsdiqləyir.

Elə Birinci vitse-prezidentbu məsələyə toxunaraq nədənsə hələ bu təşkilatların səslərinin eşidilmədiyini söyləyərək, çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House”, "Amnesty International” və "Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb: "Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır”.

Mehriban xanım Əliyeva ümidvar olduğunu vurğulayıb ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.

 

 

 

"Heç bir təxribat bizi haqq yolundan dönməyə məcbur edə bilməz”

 

 

 

 

Birinci vitse-prezidentin söylədiyi kimi, baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Hər bir azərbaycanlının borcu da bu həqiqəti dünya birliyinə çatdırmaqdır.

Ona görə də bir yumruq kimi birləşməli və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməliyik. Əlbəttə ki, hər bir səsin əhəmiyyəti var!

Bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporumuzun bütün potensialını birləşdirməyə çağıran Birinci vitse-prezident həmçinin qeyd edib ki, hər zaman bütün məsələlərin sivil yolla həllinə çalışan azərbaycanlılar yenə də diqqətli olmalıdırlar: "Nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.

Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünütarixi həqiqəti bərpa etmək.

 

Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”

 

 

BMT-nin qərargahı qarşısında izdihamlı aksiya

 

 

Erməni vandallarının təxribatlarına, çirkin əməllərinə baxmayaraq, soydaşlarımızın müxtəlif ölkələrdəki dinc aksiyaları davam edir. Yəni azərbaycanlılar bu təxribatlardan çəkinmədən sivil yolla hərəkət edirlər.

İyulun 24-də Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında işğalçı ölkənin silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası da bunun bariz nümunəsidir.

Nyu York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, Birləşmiş Ştatların müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu York, Nyu CersiVaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

Əllərində Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Ermənilər həmvətənlərimiz qarşısında səssizlik nümayiş etdiriblər. İnsidentsiz başa çatan aksiyanın sonunda Azərbaycanın Dövlət himni oxunub. Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu York şəhərinin mərkəzi küçələrini, meydanları, habelə Nyu Cersi ştatının ermənilərin çoxluq təşkil etdiyi məhəllələrini dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar.

Soydaşlarımız Avropanın müxtəlif şəhərlərində də dinc aksiyalarını davam etdirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, növbəti aksiya Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilib. Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan icazəli yürüş Azərbaycanın Moldovadakı səfirliyinin önündən başlayıb. Burada Azərbaycan səfiri Qüdsi Osmanov ilə görüşən həmvətənlərimiz Azərbaycan hökumətini dəstəklədiklərini bildiriblər.

Sonra azərbaycanlı icmanın 50-yə qədər təmsilçisi Ermənistan səfirliyinin qarşısına yürüş ediblər. Aksiya iştirakçılarının təqdim etdikləri bəyanatda Ermənistanın törətdiyi hərbi təxribatlar və işğalçılıq siyasəti pislənilib, Azərbaycan torpaqlarının azad olunması tələb olunub. Yerli polis qüvvələri erməni təxribatçılarının aksiyanın gedişinə müdaxilə cəhdinin qarşısını alıblar.

Soydaşlarımız Avstraliyanın Sidney şəhərində yerləşən türk məscidinin önündə də aksiya keçiriblər. Azərbaycan-Avstraliya Türk Dərnəyinin sədri İmaməddin Qasimovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı məscidin önündə Azərbaycan və Avstraliya bayraqları dalğalandırılıb, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkilləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasına dair məlumatların əks olunduğu bannerlər və plakatlar nümayiş etdirilib.

İki saatadək davam edən tədbir zamanı cümə namazına gələn yüzlərlə şəxsə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı ətraflı məlumatlar verilib. Onlar müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətini şiddətlə qınadıqlarını bildiriblər.

 

 

 

 

Soydaşlarımız daha 14 ölkədə icazəli aksiya keçirəcəklər

 

 

Baş verən olaylar, erməni təxribatı və keçirilən dinc aksiyalarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi də bəyanat yayıb. Sənəddə qeyd edilir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılması üçün bütün mümkün addımlar atılır.

Komitə soydaşlarımızı ayıq-sayıq olmağa çağırıb və onlara haqq işində bütün dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda qeyd edilib ki, xaricdə yaşayan azərbaycanlılar erməni təxribatlarına son qoyulması üçün yaşadıqları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədirlər və daha 14 ölkədə də aksiyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 26 iyul.- S.1;3.