Ermənistanın xarici borcu dövlət
büdcəsindən çoxdur
Paşinyan
iqtidarı işğalçı ölkənin iqtisadi tənəzzülünü daha da sürətləndirir
Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən və hökumət üzvlərinin böyük əksəriyyətinin yeni şəxslərlə əvəz edilməsindən iki il ötməsinə baxmayaraq, bu ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağına yenə də heç bir ümid yoxdur. Əksinə, dövlət idarəçiliyində naşı olan bu şəxslərin vəziyyəti daha da pisləşdirdiyini deyirlər, ölkəni iqtisadi xaosa sürükləyəcəklərinin qaçılmaz olduğunu bildirirlər. Qeyd olunur ki, Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib və onların heç birinin dövlət idarəçiliyi və siyasi təcrübəsi yoxdur.
Elə bunların nəticəsidir ki, işğalçı ölkədə iqtisadi durum getdikcə daha da ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,7 faizi iqtisadi vəziyyətin çox yaxşı olduğunu bildirib.
Ermənistanın Maliyyə Nazirliyinin
cari ilin birinci yarısının nəticələri
üzrə açıqladığı statistik
göstəricilərə əsasən, bu
ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə
alaq ki,
işğalçı ölkənin cari il üçün
dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard
dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət
büdcəsindən 2 dəfədən çoxdur.
Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.
Dünyada nüfuzlu Dövlət
Borcunun İdarəedilməsi
Şəbəkəsinin (PDMN) Ermənistanın maliyyə
təhlükəsizliyinin təhdidlə
üzləşməsi barədə
paylaşdığı materialda
da qeyd olunub
ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə
bütün normaları
aşıb və bu ölkənin ÜDM-in
42 faizi civarındadır.
Qeyd edək ki, ümumi
dövlət borcunun
ÜDM-ə nisbəti son dövrlər
davamlı olaraq artmaqdadır. Belə
ki, 2015-ci illə müqayisədə ümumi
dövlət borcunun
ÜDM-ə nisbəti 48 faizdən
54 faizə, xarici dövlət borcunun
ÜDM-ə nisbəti isə
40 faizdən 42 faizədək
artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti
göstəricisinin qarşıdakı
dövrdə daha da pisləşəcəyini
və ilin sonuna 57,2 faizə
çatacağını proqnozlaşdırıb.
Beləliklə, Ermənistanda gözlənilən
defolt bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana
çıxmasına rəvac
verəcək. Çünki defolt o deməkdir
ki, dövlət borc öhdəliklərini
vaxtında yerinə yetirə bilmir. Ermənistan isə onsuz da borc öhdəliklərini
çətinliklə yerinə
yetirir. Əslində, borc öhdəlikləri
başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin
xaricdən olan iqtisadi asılılığı
da sürətlə artır. Məsələ bundadır ki,
Ermənistanın iqtisadi
vəziyyəti uzun illərdir ağırdır
və düzəlmək
bilmir. Əsas səbəb isə odur ki, Ermənistanda
dövlət adına heç nə qalmayıb, sanballı dövlət müəssisələrinin əksəriyyəti
xarici şirkətlərə
satılıb. Amma hazırda
onlar da işlək vəziyyətdə
deyil.
Digər tərəfdən, baş
nazir Paşinyanın komandası sələfləri
kimi sadəcə oğurlamağı və
mənimsəməyi daha
yaxşı bacaran cinayətkar ünsürlərdən
ibarətdir. Bu fonda
xaricdən alınan borcların da əksər hissəsi mənimsəmənin qurbanı
olur.
Erməni iqtisadçı Karen Adonts isə deyib ki, may və iyun aylarındakı iqtisadi fəallığın azalması ilin sonunadək iqtisadi tənəzzülün 5 faizdən də çox olacağına əsas verir: "İqtisadi artıma gəldikdə, mən burada elə də bir perspektiv görmürəm, çünki bu istiqamətdə heç bir addım atılmır. Yəni Ermənistan iqtisadiyyatı naməlum istiqamətə yön almaqdadır”.
İqtisadçının sözlərinə görə, bunun səbəbi Ermənistan iqtisadiyyatında struktur dəyişikliklərinin olmamasıdır: "Ermənistan iqtisadiyyatı bir neçə sahəyə əsaslanır: kənd təsərrüfatı, emal, mis xammalının ixracı, turizm, İT sahəsi. Ermənistanın 1 milyard dram həcmində ixracının böyük hissəsinin Rusiyaya yönəldiyini nəzərə alaraq digər istiqamətləri inkişaf etdirmək, satış bazarlarını genişləndirmək lazımdır”.
Bu gün Ermənistanın faktiki olaraq xarici bazarlarda təmsil olunmadığını bildirən erməni iqtisadçı bunun əsas səbəbini iqtisadiyyatda diasporla əlaqəli olan səhmdar cəmiyyətlərinin rolunun gücləndirilməməsində görür. Karen Adonts etiraf edir ki, bu gün hökumətin gözə soxmağa çalışdığı tikinti, o cümlədən, yol tikintisi, əslində, vergi daxilolmaları hesabına deyil, sadəcə olaraq ianə, yəni xaricdən alınan borc hesabına həyata keçirilir: "İyulun 19-dan etibarən Ermənistanda bəzi istehsalçılar üçün qaz tarifinin artmasına gəldikdə, bu dəyişiklik bütün iqtisadiyyata yükü artıracaq və təbii ki, bu ən böyük problem kimi enerji tələb edən şirkətlərin istehsal həcmlərini azaldacaq”.
Onu da əlavə edək ki, dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılmış şirkətlərə sifariş verərək pulların bir hissəsini sonradan geri alırlar. Belə vəziyyət isə Ermənistanın iqtisadi tənəzzülünü daha da sürətləndirir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 26 iyul.- S.1;6.