Ermənistanın məğlubiyyətini danmaq cəhdləri və saxtakar təxribatçılığı

 

Bir sıra Avropa ölkələrinin paytaxt şəhərlərində azərbaycanlı soydaşlarımızın keçirdikləri ölkəmizlə həmrəylik aksiyaları dünya azərbaycanlılarının sivil, demokratik yollarla müstəqil Azərbaycan Respublikasının dövlətçilik mənafelərini müdafiə edən dinc kütləvi tədbirlərdir.

Bununla Avropa ölkələrində yaşayan soydaşlarımız son günlərdə Azərbaycanın Tovuz rayonu ərazisində Ermənistanın ölkəmizin dövlət sərhədlərini pozmaq cəhdləri, hərbçilərimizin və günahsız dinc əhalinin, mülki şəxslərin atəşə tutulması, qətlə yetirilməsi barəsindəki real həqiqətlərin dünya xalqlarına obyektiv şəkildə çatdırılması missiyasını həyata keçirirlər. Dünya birliyinin Azərbaycan dövlətinin obyektiv mövqeyibaş vermiş hadisələrin həqiqi mahiyyəti ilə tanış edilməsi xalqımızın ərazi bütövlüyümüz uğrunda apardığı ədalətli mübarizənin soydaşlarımız tərəfindən dəstəklənməsi deməkdir. Bu dinc və mütəşəkkil aksiyaların dünya ölkələri, beynəlxalq qurumlar, media nümayəndələri, habelə aksiyaların keçirildiyi ölkələrin əhalisi tərəfindən normal qəbul edilməsi və müsbət reaksiya doğurması beynəlxalq birliyin ölkəmizin mövqeyinə, Azərbaycan həqiqətlərinə haqq qazandırdığını nümayiş etdirir.

Bütün bunlar həm də işğalçı Ermənistanın təxribatçı və qəsbkar mövqeyinin ifşa edildiyini, onların və havadarlarının növbəti uydurmalarının yalanböhtandan ibarət olmasını göstərir. Ona görə də erməni lobbisinin dünya ölkələrində dinc nümayiş keçirən, ədalətli mövqe nümayiş etdirən azərbaycanlılara qarşı söz vasitəsilə, demokratik yolla cavab vermələri mümkün deyildir. Artıq dünyada Ermənistan Respublikasının, Paşinyan rejiminin, erməni diasporunun uydurmalarına inanan yoxdur. Ermənilərin yüz illər ərzində formalaşdırmaq istədikləri uydurma "yazıq və məzlum erməni milləti” mifi dağılmışdır. Erməni diasporununonlara Ermənistandan dəstək verən qəsbkar rejimin, habelə daşnak rejiminin xaricdəki havadarlarının müxtəlif ölkələrdəki azərbaycanlıların keçirdikləri dinc həmrəylik aksiyalarına basqın etmələri, soydaşlarımıza xəsarət yetirmələri, təhqiramiz addımlar atmaları, söyüşböhtanlarla onları aşağılamaları bədnam erməni xislətinin, erməni vandalizminin eybəcər təzahürləridir. Tovuz bölgəsindəki döyüşlərdə bir daha uduzmuş təcavüzkar Ermənistanın Avropa ölkələrində törətdikləri təxribatçı hərəkətlər onların növbəti məğlubiyyətlərini ört-basdır etmək və diqqəti əsl həqiqətlərdən yayındırmaq cəhdlərindən başqa bir şey deyildir. Çox təəssüf ki, onlar həmişə olduğu kimi, bu günterrorçuluq, təxribatçılıq, böhtançılıq yolu tutmaqdan uzağa gedə bilmirlər. Son günlərdə bir çox Avropa ölkələrində dinc azərbaycanlı soydaşlarımıza və Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirliklərinə erməni millətindən olan adamların etdikləri basqınlar, səslənən hədələr, törədilən xəsarətlər və təxribatlar Ermənistan rejiminin təşkil etdiyi terror hadisələridir. Erməni tərəfinin Avropa ölkələrində yaratdığı acınacaqlı vəziyyət və törətdiyi təxribat beynəlxalq hüququn bütün normalarına və qaydalarına tamamilə ziddir. Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror və təxribat dalğasının qarşısını almalıdır. Təcavüzə məruz qalan dinc azərbaycanlıların basqınçılardan özlərini müdafiə etmələrinə aid görüntüləri montaj edib, yeni yalanböhtanlar düzəldən ermənilərin törətdikləri vəhşiliklər obyektiv şəkildə araşdırılıb hüquqi qaydada qiymətləndirilməlidir. Ermənilərin beynəlxalq ictimai rəyi çaşdırmaq üçün uydurduqları yeni fitnələrə göz yummaq olmaz.

Azərbaycan xalqı, ziyalılarımız, alimlərimiz inanırlar ki, dünya ictimaiyyəti xalqımızın haqq işini obyektiv qiymətləndirəcək, erməni təxribatçılarına heç cür dəstək verməyəcəkdir. Azərbaycan-Ermənistan sərhədində isə Paşinyan rejimini müstəqil Azərbaycan dövlətinin dönməz mövqeyi, xalqımızın möhkəm birliyi və həmrəyliyi, qədim Azərbaycanın əraziləri olan Lələtəpəni və Günnüt kəndini düşmən işğalından azad etmiş qəhrəman və vətənpərvər Azərbaycan əsgərinin itirilmiş torpaqlarımızı geri qaytarmaqdan yoğrulmuş sarsılmaz iradəsi gözləyir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın birinci vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2020.- 26 iyul.- S.3.