Yarı yolda qalan ömürya Vətən sevdalısı

 

 

Bir neçə ay bundan əvvəl qısa müddətli məzuniyyətə gələndə çay süfrəsi arxasında anası Sevda bacı, dayıları Bayram və Fərhad Hüseynovlar, digər yaxınları olanlardan, keçənlərdən xeyli danışmışdılar. Ana böyük qardaşı Bayrama işarə etmişdi ki, mətləbə keçsin. Bayram kişi özünü toplayıb demişdi: "Rəşad, oğul, maşallah, işlərin pis getmir, xoş sorağın gəlir, baş leytenant kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirsən. Eşitdiyimə görə, yaxın vaxtlarda kapitan rütbəsi də alacaqsan. Bütün bunlar ananı da, biziçox sevindirir. Ancaq bir məsələni də gərək unutmayasan. Artıq 28 yaşın var. Sənin tay-tuşların oğul-uşaq sahibidirlər”.

Söhbətin bu yerində Sevda bacı da üzünü oğluna tutaraq: "Dayın düz deyir, bala. Kəndimizdə nə qədər desən ağıllı-kamallı, yarlı-yaraşıqlı qızlar var. Bax, bəyən, biz də gedək elçiliyə”, - demişdi.

Rəşad xeyli fikirləşdi. Sonra başını qaldırıb: "Etirazım yoxdur. - Elə o andaca ürəyindən keçən bu sözləri də əlavə etmişdi, - gözləməyinə gözləmişik, bir az da möhlət verin. Qoy Qarabağ torpaqlarımızı azad edək, sonra üzağlığı ilə toy edərik”. Rəşadın bu sözünə qarşı nə anası, nə də dayıları heç nə deməmişdilər. Ana əllərini Allahın dərgahına qaldıraraq: "İmanın kamil olsun, bala!” - demişdi.

Əslində Rəşadı hərbçi olmağa sövq edən də çörəyi dizinin üstündə olan, yaranışdan türkü özlərinə düşmən hesab edən ermənilərin Azərbaycanın dilbər guşəsi Qarabağı işğal etmələri, xalqımıza qarşı törətdikləri ağlagəlməz zülm və zorakılıqlar idi. Rəşad bir Vətən sevdalısıydı və baş verənlərə cavabsız qala, dözə, olanları qəbul edə bilmirdi. Hələ kiçik məktəbli ikən müəllimlərinin bu haqda etdikləri söhbətlər uşaq olmasına baxmayaraq, onun qanını coşdurur, ruhuna hakim kəsilir, düşmənə qarşı nifrət və qəzəbini alovlandırırdı. Odur ki yaşadığı Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki tam orta məktəbin 8-ci sinfini bitirib, sənədlərini C. Naxçıvanski adına Hərbi liseyə verir. Anası da, himayəsində yaşadığı dayısı Fərhad da onun bu fikrini bəyənirlər. O, 2006 - 2010-cu illərdə liseydə təhsil alır. Təlim-tərbiyə cəhətdən özünü nümunəvi şagird kimi göstərir. Müəllimləri R. Mahmudovun gələcəkdə yaxşı hərbçi olacağına böyük ümid bəsləyirdilər. Liseyi bitirən ili həmyerlisi, Biləsuvarın Əliabad kəndindən olan Mübariz İbrahimovun cəbhədə göstərdiyi igidliyin səsi-sədası ildırım sürətilə bütün Azərbaycana yayılır. Buna görə Rəşad böyük qürur hissi keçirir, Mübarizə oxşamağa, Vətənə onun kimi layiqli oğul olmağa səy göstərir. Bu arzu, istəklə də təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. Yenidən təhsil-təlim. Daha gərgin, məsuliyyətli illər. Ali təhsil alaraq hərbi sirlərə daha yaxından bələd olur. Dərslərini yaxşı oxumaqla yanaşı, təlim zamanı komandirlərinin tapşırıqlarını yüksək səviyyədə və dəqiq yerinə yetirir. Buna görə dəfələrlə təşəkkürnamələr alır. Ali təhsilini başa vurduqdan sonra "N” hərbi hissəsinə göndərilir. Respublikamızın ərazisindəki cəbhə bölgələrində xidmətini davam etdirir. Onu da qeyd etmək yerinə düşər ki, Rəşadın doğma kəndi Aşağı Cürəlidən bugünkü gündə ordumuzda 35 nəfərdən çox zabit xidmət edir.

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribat törədir. Onlar bu dəfə Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə çalışaraq qəflətən iri çaplı pulemyotlardanartilleriya silahlarından atəş açırdılar. Bu zaman 1 nəfər generalımız, 1 nəfər polkovnikimiz, yüksək rütbəli zabitlərimizlə bərabər baş leytenant Rəşad Mahmudov da qəhrəmancasına həlak olur. Bütün Azərbaycan xalqı kimi, Biləsuvar rayonunun əhalisi də düşmənin törətdiyi təxribatdan hiddətlənir. Gənclər cəbhəyə getmək, qisas almaq, torpaqlarımızı xilas etmək üçün yürüşə çıxır, Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə rəsmən müraciət edib orduya yazılırlar.

 

Biləsuvar rayon camaatı böyük izdihamla, qədirbilənliklə Rəşad Mahmudovu doğulduğu Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırmışlar. Şəhidlər ölmür, onlar bir xalqın, millətin, elin-obanın qürur yerinə, başucalığına çevrilirlər. Onlara həsr etdiyim şeirlərdən birində belə demişəm:

 

Bir ata övladından el oğluna döndünüz.

Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!

Gələcək nəsillərə yetəcəkdir ününüz,

Siz bu gün də, sabah da - əbədiyaşarsınız,

Bu yurdun sinəsində vüqarsınız, dağsınız.

 

Bəli, şəhidlər cismən həyatdan köçsələr də, xalqın qəlbində, yaddaşında özlərinə əbədi məskən salır, eləcə də onların adı Azərbaycanın hərb salnaməsində qızıl hərflərlə yazılır. Şəhid Rəşad Mahmudov haqqında oxuduğu Aşağı Cürəli tam orta məktəbin müəllimi Xatirə Ağayevanın dedikləri: "2000-ci ildə müəllimlik fəaliyyətinə başlamışam. O vaxt Rəşad 2-ci sinifdə oxyurdu. 5-ci sinfə qədər ona dərs demişəm. Çox tərbiyəli, intizamlı, çalışqan şagird idi. Uşaqlardan soruşanda ki, böyüyəndə kim olacaqsan, Rəşad həmişə deyərdi ki, mən hərbçi olacağam, Vətənin keşiyində duracağam, işğalçı ermənilərin torpaqlarımızdan qovulması üçün döyüşəcəyəm. Bu məqsədlə də o, 8-ci sinfi bitirib, C. Naxçıvanski adına Hərbi liseydə oxumağa getdi, sonra ali hərbi təhsil aldı. Vətənpərvərlik, yurd sevgisi onun qanında, canında idi. Bu yolda da şəhid oldu. Allahdan ona rəhmət diləyirəm”.

Orta məktəb yoldaşı Kamran Əhmədov: "8-ci sinfə kimi bir yerdə oxuduq. Bizim hamımızdan çevik idi. Dərslərini yaxşı oxumaqla yanaşı, idmanla da məşğul olurdu. Sinif nümayəndəsi idi. Hərbi liseydə oxuyanda eşitdim ki, orada da sinifkomdur. İyul ayında anadan olmuşdu, iyul ayında da şəhidlik zirvəsinə yüksəldi. Fəxr edirəm ki, onunla bir sinifdə oxumuşam. O, həmişə qəlbimizdə yaşayacaq”.

Şəhid Rəşad Mahmudovun doğulduğu, boya-başa çatdığı kəndə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərovla getdik. Kənd rayon mərkəzinin lap yaxınlığında yerləşir. Rəşadın bir vaxtlar yaşadığı evin darvazası taybatay açıq idi. Qapının hər iki tərəfindən Azərbaycan bayrağı asılmışdı. Həyətdəki talvarın altında qoyulmuş stullarda oturan qadın-uşaq bizi görcək evə çəkildilər. Tanış olduqdan sonra gəlişimizin məqsədini bildirdik. R.Mahmudovun keçdiyi həyat yolu barədə dayıları ətraflı məlumat verdilər. Anası Sevda xanımla söhbət etmək istədiyimizi bildirdikdə icra hakimiyyətinin işçisi M.Cəfərov: "Dindirməyin, yenə qan ağlayacaq, - dedi. - Dəfn zamanı onu pambıq tarlasından - becərmə sahəsindən gətirəndə elə burada çəkdiyi nalə indi də qulaqlarımdadır. - Sonra da əlavə etdi: - Ordumuz ana naləsinin nə olduğunu o mənfur düşmənə göstərəcək! Murdarlar birdəfəlik Qarabağdan - müqəddəs torpaqlarımızdan qovulacaqlar! Məsləhət görürəm, müvəqqəti ovunan ananı narahat etməyək”. Biz də Mirzə müəllimlə razılaşmalı olduq.

Haqqında söz açdığımız Rəşad Rəşid oğlu Mahmudov Tovuz təxribatı zamanı üzdəniraq qonşularımızın xəyanəti nəticəsində ömrü yarıda qırılmış, şəhidlik zirvəsinə ucalmış 12 nəfər Vətən sevdalısından biridir. Doğrudan da, torpaq - uğrunda ölən varsa, Vətəndir. Başın sağ olsun, Vətən! Qisasınız alındı və yenə də alınacaq, ta ki sonuncu düşmən torpaqlarımızdan qovulana qədər, əzizlərimiz. Onu da qeyd etmək lazımdır ki, sonuncu düşmən təxribatı bir daha göstərdi ki, dövlət də, Prezident

İlham Əliyev də, xalq da əvvəllər olduğu kimi, yenə birlikdədir. Birlik olan yerdə isə dirilik olur, qələbə olur. Xalqımız əmindir ki, mənfur ermənilər arxalarında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, Qarabağ torpağından qovulacaqlar. O gün isə uzaqda deyil. Burada Qarabağ mövzusundakı bir şerimin misraları yadıma düşdü:

 

Hamı bir dərdə şərik,

Ata, oğul, həm ərik.

Şuşada görüşərik,

Aşıq qardaş, "Cəngi” çal!

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 26 iyul.- S.6.