Azərbaycan nümunəsi
İlham
Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyası uğurlu nəticələr verir
Bu ilin artıq yeddinci ayını da dünya yeni tip koronavirusla mübarizədə başa vurmaq üzrədir. 2020-ci il başlayandan bəşəriyyət gözəgörünməz virusla, COVID-19-la, sözün əsl mənasında, savaşa atılıb.
Dünyanın gərdişini, insan oğlunun həyat tərzini dəyişən qlobal pandemiyaya qarşı bütün ölkələr, dövlətlər aylardır səfərbər olub. Amma təəssüf ki, hələ də bu savaşda COVID-19 adlı bəla irəlidədir. Dünya dövlətləri bütün səylərini qlobal problemə çevrilmiş koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün deyil. Çinin Uhan şəhərində "ayaq açıb” planetin 213 ölkə və bölgəsinə yayılan koronavirus ümumilikdə 16 milyona yaxın insana yoluxub, 650 minə qədər insanın isə həyatına son qoyub.
İlkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu
COVID-19 infeksiyası yayılmağa başladığı ilk gündən Azərbaycanda bütün istiqamətlər üzrə qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərə start verildi. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl problemin ciddiliyini nəzərə alaraq Azərbaycan dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, idman yarışlarını təxirə salan ilk ölkələrdən oldu. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.
Birbaşa ölkə rəhbərinin ciddi nəzarəti və tapşırıqlarına əsasən pandemiyaya qarşı həyata keçirilən mühüm çevik və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, kütləvi yoluxmanın qarşısını aldı. Koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Qüdrətli dövlətlərin, inkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı bir dönəmdə Azərbaycan COVID-19-la mübarizəni bütün sahələrdə uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı. Prezident İlham Əliyevin vətəndaşların sağlamlıqlarının qorunmasına yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. ÜST bu sahədə respublikamızda atılan addımları təqdir edərək, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi.
Koronavirusla mübarizədə Azərbaycanın tibbi resursları kifayət qədərdir
Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verildi. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edildi.
Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olundu, hər bir karantin zonasına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edildi, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparıldı. Ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və bu sahədə olan problem aradan qaldırıldı. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verildi.
Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq quruldu. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi həyata keçirildi. 19 mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başladı. Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, bir müddət öncə yeni növ koronavirusla mübarizə sahəsində çalışan Türkiyə, Rusiya, Kubadan mütəxəssislər də Azərbaycanda səfərdə olub, təcrübə mübadiləsi apardılar.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, bölgələri də əhatə etməklə ölkədə 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı. Onlardan beşi - ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Bu xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Bir ay ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, Azərbaycan hətta seytnot vəziyyətdə lazımi addımları ata bilər.
Bundan başqa, əlavə on modul tipli xəstəxananın da tikintisi nəzərdə tutulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında bildirmişdi.
Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. O xəstəxanalardan 36-sı son illərdə inşa edilib. Martda istifadəyə verilmiş "Yeni klinika”da 350 xəstə müalicə alır. Qısa müddət ərzində orada çarpayı sayının 700-750-yə çatdırılması nəzərdə tutulur. Beləliklə, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.
Yaxın vaxtlarda ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə yeni laboratoriyalar fəaliyyətə başlayacaq. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, indi onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Bununla da laboratoriyaların sayı 44-ə çatacaq. Bu günə qədər ölkədə təqribən 700 minə qədər test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada ön sıralardadır.
Koronavirusla mübarizədə Azərbaycanın tibbi resursları kifayət qədərdir. Evdə və ya xəstəxanada olmasından asılı olmayaraq, ölkədəki bütün COVID-19 xəstələrinin müalicəsi dövlət hesabına həyata keçirilir. Bunun üçün ölkədə lazımi qədər dərman ehtiyatı da var.
Ölkə
rəhbəri və Birinci vitse-prezident hər bir vətəndaşın
sağlamlığına diqqətlə yanaşır
Azərbaycanda virusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun addımlar atılır. Lakin xatırladaq ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirlərini bir çox vətəndaşlar infeksiyanın yox olması kimi anlayaraq, qoyulan qaydalara riayət etmədi, sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı. Ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı üçün də xüsusi karantin rejimi yenidən sərtləşdirildi. Artıq iki həftədir ki, bu qərarın müsbət nəticəsini görürük. Əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artımının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib, əvvəlki mənfi tendensiya aradan qalxıb. İyulun 13-dən isə koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olunur. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələyir. Aktiv koronavirus xəstələrinin sayı 7 mindən aşağı düşüb. Koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin də sayı azalıb.
İlk gündən etibarən ölkəmizdə virusdan sağalanların sayının yüksək olmasında, ağır xəstələrin həyata qaytarılmasında həkimlərin, tibb işçilərinin fədakar əməyi danılmazdır. Məhz onların sayəsində 22 mindən çox vətəndaşımız təhlükəli bəladan qurtulub. Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın sağalması uğrunda fədakarlıq etmələri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir vətəndaşın sağlamlığına diqqətlə, həkimlərin səhhətinə isə xüsusi həssaslıqla yanaşırlar. Xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Mehriban Əliyevanın tapşırığına əsasən, daim diqqət mərkəzində saxlanılır.
Müsbət dinamika düzgün qərarların nəticəsidir
Əminliklə demək olar ki, İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyası uğurlu nəticələr verir. Ölkədə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir. Son günlər qeydə alınan müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir.
Hazırda əsas şərt əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Cüzi laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik.
Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər onun qarşısının alınması üçün dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Bununla əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyıb. Bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələ vətəndaşlarının koronavirus infeksiyasından qorunmasıdır. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Vətəndaşlar da öz növbəsində bu tədbirlərə dəstək məqsədilə karantin qaydalarına riayət etməlidirlər. Hər kəs ailəsini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman biz virusa birgə qalib gələ bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 28 iyul.- S.1;4.