Azərbaycan sahibkarı ölkə rəhbərliyinin hər bir çağırışına hazırdır

 

 

Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 17 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan biri olan Dünya Bankının "Doing Business” hesabatlarında son illərdə ölkəmizdə reallaşan islahatlar daima vurğulanaraq, nümunəvi islahatlar kimi nəzərə alınır. Belə ki, ölkəmiz 2018-ci il üçün dərc olunan hesabatda 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi, 2019-cu il üçün dərc olunan hesabatda dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil olaraq, ən çox islahat aparan ölkə kimi qeyd edilmiş və 2020-ci il üçün dərc olunan hesabatda isə 20 ən islahatçı ölkənin sırasında yer almışdır. Azərbaycanda biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması, məşhur "Heritage” Fondunun tərtib etdiyi iqtisadi azadlıqlarla bağlı reytinq cədvəlində də göstərilmiş, bu göstəriciyə əsasən Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə bir il ərzində 19 pillə qalxaraq, dünyada 44-cü yerdə qərarlaşmışdır.

 

Prezident İlham Əliyevin səsləndirdiyi Azərbaycan Respublikasının indiki ağır dövrdə Birləşmiş Millətlər Təşkilatının "Dayanıqlı inkişaf indeksi” üzrə hesabatında keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşması faktı ölkəmizdəki sosial-iqtisadi inkişafın səviyyəsi və dövlətimizin beynəlxalq nüfuzunun artması baxımından mühüm göstəricidir.

Son illərdə təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi barədə dövlət başçısının sərəncamları Azərbaycan sahibkarları və sadə vətəndaşlar arasında böyük rəğbətlə qarşılanmışdır.

Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmənə koronavirus pandemiyasına qarşı mübarizə aparır. Pandemiya dövrünün çətinlikləri fonunda maliyyə yardımı almaq məqsədilə dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə qurumlarına müraciət edildiyi bir şəraitdə Azərbaycanın öz problemlərini daxili imkanlar hesabına uğurla həll etməsi haqqındakı məlumatlar da əldə olunmuş nailiyyətlərin mühüm amillərindən biri kimi qeyd edilməlidir.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətdə yüksək həmrəylik nümayiş etdirmişdirlər.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsədüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda, ölkəmiz qlobal böhranın təsirindən qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq tədbirlərinin və birdəfəlik aylıq yardımların maliyyələşməsi artıq həyata keçirilmiş, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstəyi tədbirləri mütəmadi olaraq həyata keçirilməkdədir.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər nəzərdə tutulmuşdur. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərək, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulmuşdur.

Sənədə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilir.

Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulur. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınmışdır.

Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu gün onlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilmişdir.

Sadələşdirilmiş verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz aşağı salınması nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.

Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 2 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulmuşdur.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.

Onun rəhbərliyi altında keçirilmiş bir sıra tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak etmiş, bu tədbirlərdə kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə müzakirələrdə fəal iştirak etmişlər.

Konfederasiya üzvləri inanırlar ki, bu tədbirlər zamanı tərəfdaşlarla bağlanmış müqavilələr Azərbaycan sahibkarlarına münbit şərait yaratmaqla ölkələrin iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəklər.

Cari ilin iyulun 15-də Prezidentin Sədrlik etdiyi Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Azərbaycan dövlətinin tarixinə pandemiya dövrünün sosial-iqtisadi inkişafının hesabatı kimi daxil oldu. Çünki 2020-ci ilin birinci yarısının üç aydan artıq müddəti koronavirusla mübarizənin prioritet hesab edildiyi bir mərhələ olmuşdur.

Məlum olduğu kimi, erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər. Lakin düşmən lazımi cavabını aldı.

Bu gün dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistan öz çirkin və anlaşılmaz siyasəti ilə dünya ölkələrinin diqqətini cəlb etməyə çalışır.

Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularla bağlı 14 iyul 2020-ci il tarixdə ölkə ərazisində Azərbaycan Ordusuna dəstək kütləvi tədbirləri keçirilmişdir. Lakin bəzi anti-Azərbaycan qüvvələr bu vəziyyətdən istifadə edərək, bir sıra qanunsuz hərəkətlərə yol verməyə çalışmışlar. Hüquq mühafizə orqanlarının sayıqlığı nəticəsində bu qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınmışdır.

Həmin dövrdə konfederasiyaya sahibkarlardan çoxlu sayda müraciət daxil olmuş, bütün sahibkarlarımız dövlətimizin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd etmişlər.

Azərbaycan sahibkarları dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasəti bəyənir, onun rəhbərliyi ilə atılacaq hər hansı bir addımlara dəstək verməyə daim hazır olduqlarını bildirmişlər. Sahibkarlar konfederasiyası dövrü mətbuat vasitəsilə ictimaiyyətə müraciət edərək, koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağı, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyi, özünütəcrid qaydalarına riayət etməyi tövsiyə etmişdir. Konfederasiya rəhbərliyi inanır ki, ictimaiyyət bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, insanların sağlamlığının qayğısına qalacaqdır.

Nazirlər Kabinetinin iclasında qeyd olundu ki, təbii səbəblər üzündən ümumi daxili məhsulun bir qədər aşağı düşməsinə baxmayaraq, bütövlükdə bu ilin altı ayının nəticələrini müsbət qiymətləndirmək olar. Son məlumatlara görə, altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilmişdir. Bu dövrdə inflyasiya səviyyəsinin 3 faiz həddində olmasına baxmayaraq, 2020-ci ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz artaraq 729 manat olmuş, muzdla çalışan işçilərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 91,0 min nəfər və ya 5,7 faiz artaraq 1,7 milyon nəfər olmuşdur ki, onlardan 930,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 752 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərirlər.

İclasda bir daha vurğulandı ki, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi nəzərdə tutulur. Tədbirlər Planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır və mütəmadi olaraq nəticələr hökumətə təqdim olunur.

Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi sahibkarlara, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait ödənilmişdir.

Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunmuşdur. Yeni qaydalara əsasən, tətbiq olunan sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmlərindən biri girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılmasıdır. Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib.

Bununla yanaşı, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.

Qeyd olunan mexanizm ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması vasitəsilə həyata keçirilərək, sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.

Cari ilin 22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olmuş, artıq bir sıra müraciətlərə baxılmış və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilmişdir. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara Elektron Kredit Platforması vasitəsilə məlumat veriləcəkdir.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu ilin fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 16 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi.

Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə Ümumi Daxili Məhsulun 6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır.

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə infrastruktur layihələri arasında xüsusi yeri olan içməli su və meliorasiya sahəsində mövcud olan problemlər müzakirə edildi və görülən işlər haqqında danışıldı.

İclasda qeyd olundu ki, Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olmuşdursa, bu gün bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən bu gün 82 faizə çatmış, regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faizdən bu gün 63 faizə çatmışdır.

Ölkə Prezidenti müşavirənin sonunda içməli su və meliorasiya sahəsində icra ediləcək layihələrin açıq tender əsasında həyata keçirilməsini, xərc smetalarına dövlət nəzarətinin gücləndirilməsini, bu işlərə yerli sahibkarların cəlb edilməsinin səmərəliliyini, görülən işlərə ictimai nəzarətin təmin edilməsini, su təhlükəsizliyi ilə bağlı olan problemlərin qısa müddətdə həll edilməsinin vacibliyini vurğulayaraq, bütün bunların su təminatının yaxşılaşdırılması ilə bağlı hazırlanacaq tədbirlər planına salınmasını, qısa müddət ərzində bu planın sərəncamla təsdiqlənməsi və icrasına başlanılması barədə müvafiq tapşırıqlarını verdi.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

2020-ci ilin mart ayında Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında köməklik göstərir.

2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçirilmiş, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunmuşdur. İxracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi istiqamətində daim iş aparılır.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi” açılmışdır. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən 2020-ci il ərzində əksəriyyəti videokonfrans formatında olmaqla, 40-a yaxın konfrans, işçi görüş, "dəyirmi masa” və digər tədbirlərlə yanaşı, videogörüntü vasitəsilə 25-dən çox təlim və seminar keçirilmişdir.

Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün ölkə prezidenti

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir iş adamı olaraq bu işdə irəlidə getməlidirlər.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərinə və erməni təxribatına baxmayaraq, həmrəylik nümayiş etdirərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.

 

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2020.- 28 iyul.- S.1;6.