Azərbaycanın Xarici İşlər naziri Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

 

İyulun 27-də Xarici İşlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman ilə ölkəmizdəki diplomatik korpusun duayeni qismində görüşüb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Fələstin arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. İki tərəf arasında bu günədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək nazir tərəfindən xüsusi vurğulanıb.

Səfir Nasir Əbdülkərim Əbdürrəhman səmimi görüşə görə təşəkkürünü ifadə edərək Fələstin Dövlətinin Xarici İşlər naziri Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik etdiyini və nazirə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təmin olunması naminə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.

Səfir Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla qeyd edib.

İkitərəfli münasibətlərə toxunan səfir iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib. O, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirib. Həmçinin Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Daha sonra səfir 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə, özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və növbəti dəfə beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdiyini vurğulayıb. Bölgədəki gərginliyin kökündə məhz Ermənistan respublikasının təcavüzkar siyasətinin dayandığını qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirib. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda, sadəcə, danışıq aparılması naminə iştirak edilmədiyi nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

 

Azərbaycan.-2020.- 28 iyul.- S.4.