Azərbaycanın
uğurları erməni yalanlarına sarsıdıcı zərbə
vurur
İyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər Ermənistanın təcavüzkar siyasət yeritdiyini bir daha bütün dünyaya göstərdi. Ona görə bu hərbi təxribatı törətməklə diqqəti daxili problemlərdən yayındırmaq, təmsil olunduqları qurumları Azərbaycanla münaqişəyə cəlb etmək istəyən erməni dövləti əslində özünü beynəlxalq səviyyədə növbəti dəfə ifşa etdi.
Öncə onu qeyd edim ki, həmin günlər döyüş meydanında baş verənlər Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini və eyni zamanda Tovuzda hücuma məruz qalan Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinin sakinlərinin möhkəm əzmini, qorxmazlığını nümayiş etdirdi. Bir neçə gün əvvəl Tovuz rayonunda olarkən bütün bunların şahidi olduq. Onlar təkcə Tovuzun deyil, bütün Azərbaycanın qəhrəman kəndləridir. Ermənilərin artilleriya atəşlərinə baxmayaraq bu kəndlərdə bir nəfər belə öz evini tərk etmədi. Əsgərlərlə bərabər döyüşmək istəyən sakinlər əsl qəhrəmanlıq nümunəsi ortaya qoydular. Onların bu iradəsi və vətənpərvərliyi hər birimizdə haqlı olaraq qürur və fəxarət hissi yaratdı.
Azərbaycanın qələbəsi ilə nəticələnən Tovuz döyüşlərindən sonra respublikamıza dost və müttəfiq olan ölkələr, habelə Qoşulmama Hərəkatı, İslam Konfransı kimi təşkilatlar respublikamızın haqlı mövqeyini birmənalı şəkildə dəstəklədilər. Lakin heç bir dövlət və ya təşkilat Ermənistanı dəstəkləyən fikir səsləndirmədi. Bütün bunlar Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyasının qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsindən xəbər verir. Bir neçə gün əvvəl ABŞ Konqresində Ermənistan əlyehinə olan düzəlişlərin qəbul edilməsi isə son dövrlərdə erməni yalanlarına vurulan ən böyük zərbə oldu.
Tovuz döyüşlərindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların erməni işğalına qarşı dinc xarakterli çoxsaylı aksiyalar keçirməsi xalqımızın milli həmrəyliyinin göstəricisidir. Bu, həm də ona dəlalət etdi ki, dünyanın harasında doğulmasından və yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı xalqının problemlərinə, məruz qaldığı haqsızlıqlara qarşı son dərəcə həssasdır. Məhz bu cür mütəşəkkil aksiyalar son günlər erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Beləliklə, döyüş meydanında Ermənistana sarsıdıcı zərbə vuran Azərbaycan həm diplomatik müstəvidə, həm də diaspor təşkilatlarının xətti ilə erməni yalanlarının qarşısını inamla alır. Uğurlarımız erməni yalanlarına sarsıdıcı zərbə vurur. Bunu mikrob kimi dünyanın müxtəlif bölgələrinə səpələnən ermənilər də aydın dərk edirlər. Son günlərdə Azərbaycanın bir sıra ölkələrdəki, xüsusən ABŞ-dakı diplomatik nümayəndəliklərinə, Los-Anceles və Brüssel şəhərlərində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı təxribatların həyata keçirilməsi, qeyri-insani hərəkətlərin törədilməsi erməni diasporunun keçirdiyi ağır sarsıntıların göstəricisidir. Yalanlarının bütün dünyada ifşa olunduğunu, daha ayaq tutub yerimədiyini həzm edə bilməyən ermənilər xislətlərinə və mahiyyətlərinə uyğun olaraq ən çirkin əməllərə, vandalizmə, təxribata əl atırlar. Belçikada, ABŞ-da onlarla soydaşımızın xəsarət alması, səfirliyin binalarına ziyan vurulması, Azərbaycanın Vaşinqtondaki səfirliyinin giriş darvazasına ölkəmizin əleyhinə yazıları əks etdirən banerin bağlanması və bunun erməni media, mətbuat vasitələrində yayılması göstərir ki, sivil ölkələrdə fəaliyyət göstərsələr belə, erməni diaspor təşkilatları öz hərəkətləri ilə vandal və terrorçu olduqlarını sübut edirlər.
Lakin xarici ölkələrdəki azərbaycanlıların aksiyalar zamanı radikal erməni ünsürləri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirilməsi bütün dünyaya məlum olan bir həqiqətə yenidən aydınlıq gətirdi. Bu həqiqət ermənilərin öz xislətlərinə və mahiyyətlərinə uyğun olaraq məqsədləri naminə dünyanın müxtəlif ölkələrində və Azərbaycanda bütün bəşəriyyətə ləkə olan terror cinayətləri həyata keçirmələridir. Məlum olduğu kimi, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə ermənilər tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı qətlə yetirilib.
1991-ci ildə müstəqil olduqdan sonra isə terroru dövlət siyasətinə çevirən Ermənistan insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda keçirdikləri terror əməlləri ilə yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Xocalı və Qaradağlı soyqırımları isə cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorçuluğunun ən qanlı səhifələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, bir neçə gün əvvəl isə Tovuzun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizovun qətlə yetirilməsi göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların qətlə yetirilməsi Ermənistanın dövlət siyasətidir.
Son günlər azərbaycanlılara qarşı xarici ölkələrdə həyata keçirilən vandalizm aktları, güc tətbiq olunması da, erməni terrorçuluğunun davamının göstəricisidir. Məsələnin təəssüf doğuran tərəfi isə onların bu əməllərini insan hüquqlarının qorunmasına xüsusilə önəm verdiklərini bildirən dövlətlərdə həyata keçirmələridir. Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində bununla bağlı çox haqlı olaraq deyilir: "Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?”
Bu günlərdə xarici ölkələrdəki azərbaycanlılar ermənilərin təxribatlarına uymadılar, qarşıdurmaya getmədilər. Çünki təxribatçıların məqsədi bu hadisələr fonunda "məzlum erməni xalqı” obrazını yaratmaq idi. Lakin niyyətlərinə nail ola bilmədilər və bununla da bütün dünya bir daha ermənilərin əsl simasını görmüş oldu. Ən mühümü odur ki, Azərbaycan xalqı dünya erməniliyinə öz mesajını verdi və göstərdi ki, torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacaq.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Azərbaycan.-2020.- 28 iyul.- S.5.