Biz mübariz ruhumuzu göstərməklə düşmənə layiqincə cavab verməyi bacardıq

 

Bu gün dünyanın bir çox ölkələrində, xüsusilə Avropada, Amerikada, Rusiyada azərbaycanlıların Ermənistanın hərbi təcavüzünə mütəşəkkil şəkildə öz etirazlarını bildirməsi, eyni zamanda, səfirliklərimizə ola biləcək təxribatın qarşısını almaq üçün göstərdikləri fəallıq kifayət qədər təbiidir. Bu hissləri hər birimiz bölüşürük. Çünki uzun illərdir Azərbaycana qarşı olan haqsızlıq, ədalətsizlik insanların daxilində bir narahatlıq yaradıb.

Bu hiss ondan ibarətdir ki, biz heç bir zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Eyni zamanda bu hiss bütün cəbhələrdə mübarizə aparmaq ruhuna sahib olmağımızı dünyaya göstərməkdir. Çünki ermənilər belə bir illüziya yaratmağa çalışırlar ki, guya zaman keçdikcə, ölkəmizdə yeni nəsil torpaqların azad olunması ilə bağlı mübarizə ruhuna sahib olmayacaq, işğal faktını unudacaq. Amma zaman keçdikcə Azərbaycanda yeni nəslin bu dərəcədə vətənpərvər şəkildə yetişməsi bütün bu illüziyaları darmadağın etdi.

Diaspor təşkilatlarımızın, xaricdə yaşayan soydaşlarımızın sivil qaydada, yaşadıqları dövlətlərin orqanlarından icazə alaraq aksiyalar keçirmələri etirazın ən effektiv üsullarından biridir. Bu həm də düşmənlərimizə verilən mühüm mesajdır. Bu mesaj ondan ibarətdir ki, harada yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli ruhuna və mübarizəsinə sadiq qalacaq. Bu nəsillər dəyişsə də, belə olacaq. Bu günlərdə xalqımız mübariz ruhunu göstərməklə düşmənə layiqincə cavab verməyi bacardı. Bizim mübarizəmizlə ermənilərin mübarizəsi arasında çox böyük fərq var. Biz bəşəri dəyərlər üzərində mübarizə aparırıq. Məqsədimiz işğala son qoyulması, ədalətsizliyi aradan qaldırmaq, uşaqları, mülki əhalini qətlə yetirən insanları cinayət məsuliyyətinə cəlb etmək, region xalqlarının inkişafı və ədalətin bərpa olunmasıdır.

Ermənilərin mübarizəsi isə etnik olmaqla mahiyyətində işğalçılıq və təcavüzkarlıq xarakteri daşıyır. Məqsədləri Azərbaycan torpaqlarını işğal etmək, harada olursa olsun, azərbaycanlı gördüyü zaman ona qarşı təxribat törətmək, öldürmək, dağıtmaq üçün əlindən gələni etməkdir. Onlar uçun qətiyyən fərqi yoxdur ki, bu uşaqdır, qadındır, mülki vətəndaşdır. Ona görə bu həqiqəti bütün dünyanın bilməsi çox vacibdir. Çünki ermənilər müxtəlif hiyləgər üsullarla törətdikləri terror hadisələrini, uşaqları, mülki vətəndaşları qətlə yetirmələrini başqa cür qələmə verməyə çalışırlar.

Lakin son illər beynəlxalq təşkilatların verdikləri bəyanatlar göstərir ki, dünya ictimaiyyəti bunu artıq dərk etməyə başlayıb. Bundan aqressivləşən ermənilər hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə, qəddar formada azərbaycanlılara hücum edərək onlara xəsarət yetirirlər. Avropa ölkələrində bu cür hərəkətlərin qınandığını, sivil cəmiyyətlərdə bu cür aqerssivliyin qəbul olunmadığını bilə-bilə azərbaycanlılara qarşı hücuma keçmələri onu göstərir ki, ermənilər baş verən hadisələrdən reallıq hisslərini tamamilə itiriblər. Hətta Ermənistanın baş nazirinin Tovuz cəbhəsindəki uğursuzluqları pərdələyərək xaricdə bu cür mübarizə aparmaqla bağlı göstərişlər verməsi və yaxud keçirdiyi son müşavirədə tamamilə reallıqdan uzaq şəkildə Azərbaycanı təslimçiliyə səsləməsi onu deməyə əsas verir ki, bizim həm cəbhədəki, həm xaricdəki qələbələrimiz Ermənistan cəmiyyətinin, xüsusilə rəhbərliyinin başını itirməsinə səbəb olub.

Digər tərəfdən uğursuzluqları pərdələmək üçün ermənilərə yeni münaqişə ocaqları lazımdır. Belə ocaqları isə Ermənistandan kənarda təşkil etməklə daxili auditoriyanın və beynəlxalq aləmin diqqətini yayındırmağa çalışırlar.Bu birinci dəfə deyil. Ermənistan bu üsullardan hər zaman istifadə edib. Amma artıq ötən əsrin 90-cı illəri deyil. Azərbaycan kifayət qədər güclüdür. Azərbaycan xalqı hadisələri kifayət qədər ətraflı və soyuqqanlı qəbul etməyi bacarır. Bu cəhətdən baxsaq, azərbaycanlıların bu təxribatlara cavab verdiyi zaman göstərdiyi soyuqqanlı davranışlar, hüquqi mübarizənin daha üstün tutulması yüksək qiymətləndirilməlidir. Bundan aqressivləşən ermənilər, xüsusən onların diaspor təşkilatları daha da böyük təxribatlara əl atmağa çalışırlar. Düşünürəm ki, biz bu məsələlərdə kifayət qədər soyuqqanlı olmalıyıq.

Bütün bu məsələlərə Birinci vitse-prezident Mehriban Əliyevanın Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində geniş toxunulub. Müraciətdə bir neçə mühüm istiqamət öz əksini tapıb. Birinci istiqamət bundan ibarətdir ki, insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən təşkilatlar, "Freedom House”, "Amnesty International” və "Human Rights Watchkimi qurumlar hələ də bu məsələ ilə bağlı bəyanat verməyiblər. Azərbaycan tərəfi onlardan bəyanat gözləyir.

İkinci istiqamət ondan ibarətdir ki, biz bu mübarizədə heç bir halda ermənilərin sahib olduğu imicə sahib ola bilmərik. Bizim haqq işimiz istənilən halda ədalətlidir. Bu ədalətli mübarizə isə qanuni mübarizədən keçir. Ermənilərin bizə qarşı etdiyi eyni hərəkətləri biz təkrar etməməli, biz öz haqq işimizi daha çox qanuni müstəvidə həll etməliyik. Həmin ölkələrdə erməni təxribatına, ermənilərə qarşı qanuni müstəvidə mübarizə aparmaq üçün kifayət qədər resurslarımız var. Qanunları bilən Avropa strukturlarında işləyən soydaşlarımız var. Biz bu istiqamətdə işləməliyik.

Digər istiqamət isə ondan ibarətdir ki, diasporumuz, xaricdə yaşayan soydaşlarımız, eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşlarımız milli birlik göstərməli, vahid mövqeyə sahib olmalıdırlar.

Bu gün Azərbaycanın uğurları həm də onun dünyəvi dəyərlərə sahib olmasındadır. Əslində düşmənləri də ən çox narahat edən məsələlərdən biri budur. Çünki onların bizi başqa bir formada təlqin etməyinə baxmayaraq, bəşəriyyət görür ki, biz dünyanın sahib olduğu dəyərlərin daşıyıcısıyıq. Biz bu məsələlərdə bütün dünya ictimaiyyətinin yanındayıq. Bir çox hallarda isə biz liderlik edirik. Regionda belə bir sivil, mədəni və inkişaf etmiş dövlətin olmasını istəməyən qüvvələr Azərbaycanın bu həqiqətlərini danmaq, başqa bir formada don geyindirmək üçün müxtəlif təxribatlardan istifadə edirlər. Ona görə də xüsusilə sosial şəbəkələrdə düşmənlərimiz dezinformasiyalar, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Azərbaycanda internet azaddır. Heç bir halda senzura tələb olunmur. Bu, bir çox hallarda bizim əleyhimizə istifadə olunan məlumatların yayılmasına da səbəb olur. Ona görə burda vətəndaşlarımızın kifayət qədər sayıq olması lazımdır, yalnız etibarlı mənbələrə inanmalı və hadisələri soyuqqanlıqla təhlil etmək lazımdır. Baxmayaraq ki, ermənilərin etdiyi hərəkət hər birimizi, içi mən qarışıq emosional cavab vermək hissimizi coşdurur. Bu bir insan hissidir. Amma soyuqqanlı təhlil etdikcə görürük ki, əslində eyni hərəkətlərin təkrar olunması bizi gələcəkdə çətin vəziyyətdə qoya bilər.

Ümumilikdə, baş verən hadisələr, ermənilərin aqressivləşməsi Azərbaycan uğurlarının nəticəsidir. Biz getdikcə onların aqressivləşməsinə daha çox hazır olmalıyıq. Diplomatik yollanüfuz cəhətdən bizimlə mübarizə apara bilməyən düşmən ən primitiv yollara əl atır. Aqressivləşmə gücsüzlükuduzmaq əlamətidir.

Azərbaycan kifayət qədər əlverişli və uğurlu bir dəstəyə sahibdir. Bu günlərdə bizi dəstəkləyən ölkələr tərəfindən açıq bəyanatların verilməsi, beynəlxalq ictimaiyyətin obyektiv kəsiminin dövlətimizin yanında olması, Ermənistanın ən yaxın müttəfiqlərinin belə bu mübarizədə onlara kömək etməməsi respublikamızın bu mərhələdən kifayət qədər uğurla adlayacağı əminliyini yaradır. Azərbaycan 2016-cı ildə Ermənistanın uzun illər formalaşdırdığı yenilməzlik mifini darmadağın etdi. Ermənistan cəmiyyəti ondan sonra indiyə kimi özünə gələ bilməyib. Son baş verənlər isə işğalçıya yeni sarsıdıcı zərbə oldu.

Bu günlərdə vətəndaşlarımızın milli həmrəylik nümayiş etdirməsi, on minlərlə insanın səfərbərlik üçün qeydiyyata düşməsi, xaricdə yaşayan həmvətənlərimizin fəallığı Azərbaycanın istənilən mübarizəyə hazır olduğunu göstərdi. Bütün bunlar bir daha təsdiq edir ki, sonunda böyük Qələbə bizim olacaq. Çünki Azərbaycanın həqiqətləri getdikcə güclənir. Ordumuzun gücü ilə, diplomatik səylərimizlə torpaqlarımızı işğaldan tezliklə azad edəcəyik.

 

 

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Azərbaycan.-2020.- 28 iyul.- S.5.