Ölkənin aqrar sektoru sürətlə müasir texnologiyalara yiyələnir

 

 

Nazirlər Kabinetinin iclasında bu prosesin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı

 

 

Pandemiya dövründə ən ciddi məsələlərdən biri planetar miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu məsələ nə qədər mükəmməl və hərtərəfli həllini taparsa, Yer kürəsində ərzaq çatışmazlığı və qıtlığın qarşısı bir o qədər inamla alınacaq.

Lakin yeniliklərin əhatə dairəsinin genişliyinə baxmayaraq, koronavirus pandemiyası ilə bağlı planetdə bu istiqamətdə müəyyən problemlər yaranır və bir çox hallarda onların qarşısının tam alınması mümkün olmur. Belə ki, karantin rejiminin sərtləşməsindən bazarlarda qıtlıq yaranır, məhsul istehlakçıya ya vaxtında çatmır, ya da yollarda xarab olur, bəzən də qiymətlər aşağı düşür, yaxud yuxarı qalxır.

Bu cür mürəkkəb durumda bütün ölkələr, o cümlədən Azərbaycan üçün də ərzaq təhlükəsizliyi ən vacib məsələlədən birinə çevrilir.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkənin ərzaq təhlükəsizliyi məsələsi geniş araşdırılmış, problemlərin həlli yolları ətraflı müzakirə edilmişdir. İclasda Azərbaycan Prezidenti ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, vacib tədbirlərin zamanında həyata keçirilməsi üçün müvafiq göstərişlər vermişdir. İlham Əliyev bu məsələyə belə münasibət bildirmişdir: "Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq eyni zamanda bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir. Ona görə həm Kənd Təsərrüfatı Nazirliyieyni zamanda İqtisadiyyat Nazirliyi, digər qurumlar bu məsələ ilə məşğuldurlar”.

Dövlət başçısının tapşırıqlarına əsasən, aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Pandemiya dövründə müəyyən çətinliklər yaransa da, aqrar sektorun fəaliyyətinin sistemli surətdə qurulması, kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri tədbirlər görülür. Xüsusi karantin rejiminin tətbiqi ilə bağlı ciddi məhdudlaşdırıcı addımlar atılsa da, fermerlər hərəkətlərində sərbəstdir, onların mineral gübrə, pestisid, toxum təchizatı maneəsiz həyata keçirilir, kənd təsərrüfatı texnikalarının hərəkəti təmin edilir.

Nəticədə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi çətinliklər müşahidə olunmur. gün 16 hektarlıq sahədə yerləşən "Meyvəli” bazarına ölkənin bütün bölgələrindən kənd təsərrüfatı məhsullarının geniş çeşidləri daşınır. Təklif edilən topdansatış qiymətləri ötənildəkindən aşağıdır. Bu isə həmin məhsulların əlçatanlığı deməkdir.

Ərzaq təhlükəsizliyində taxıl məhsullarının tədarükü də xüsusi əhəmiyyət kəsb edir. Taxıl biçininə 1700-dən artıq kombayn çıxmış, üstəlik, Kənd Təsərrüfatı Nazirliyi 700-ə yaxın kombaynı biçinə cəlb etmişdir. Hələlik orta məhsuldarlıq 31,5 sentnerdir.

Builki quraqlıq bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problem yaratsa da, əksər rayonlarda taxıl üzrə məhsuldarlıq əvvəlki illə müqayisədə artaraq, məsələn, Bərdədə 44,1, Saatlıda 40,8, Samuxda 40,3 sentnerə çatmışdır. Bu göstərici bir sıra özəl, o cümlədən nazirliyin pilot təsərrüfatlarında 60 sentner olmuşdur.

Eyni zamanda aqrar sektorun digər sahələrində müsbət dinamika müşahidə olunur. Bu ilin birinci yarısında bitkiçilik məhsullarının istehsalında xeyli yüksək rəqəmlər əldə edilmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal olunmuşdur.

Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür və dövlətin davamlı dəstəyi fermerləri daha yüksək nəticələr əldə etməyə ruhlandırır, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirməyə imkan yaradır.

Ən vacibi qarşıdakı hədəflərin düzgün təyin edilməsi, ərzaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması, ixrac imkanlarının genişləndirilməsi, bütünlükdə, kənd təsərrüfatının intensiv yollarla inkişafıdır. Bu baxımdan Nazirlər Kabinetinin iclasında da qeyd edildiyi kimi, 50 min hektarlıq sahədə qarğıdalının əkilməsi xüsusi əhəmiyyət kəsb edirbu pilot layihə kimi bütün fermerlər üçün maraqlı ola bilər.

Onu da qeyd edək ki, qabaqcıl təsərrüfatların təcrübəsinin öyrənilməsi, aqroparkların nümayəndələrinin regional mərkəzlərdə təlim kurslarında iştirak etməsi, təcrübə mübadiləsinin aparılması, aqrar sektor üzrə peşə kurslarının yaradılması zərurətə çevrilir.

Dünyanın, o cümlədən Azərbaycanın aqrar sektorunda yeni texnologiyalar, müasir texnikalar sürətlə tətbiq edilir. Ötən il keçirilən islahat nəticəsində baş tutan liberallaşma bu il 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının fermerlərə satılmasına imkan yaratmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfədən artıqdır. Müasir texnikaların ölkəyə gətirilməsi və satışı davam edir. Artıq fermerlər özləri müasir texnologiyaların, yeni becərmə üsullarının tətbiqində maraqlıdırlar. Başa düşürlər ki, işlərində nə qədər müasir təcrübəyə arxalansalar, bir o qədər məhsulun maya dəyəri aşağı düşəcək, məhsuldarlıq artacaq, xarici bazarlarda rəqabətə asanlıqla davam gətirəcəklər.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 29 iyul.- S.1;4.