Akademik Ramiz Mehdiyev: Dünya erməniliyinin aqressiv
hücumları ilə üzləşdiyimiz bir
vaxtda ictimai rəyi
çaşdırmaq qətiyyən yolverilməzdir
Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalifyönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi məni də dərindən narahat edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlamasında yer alıb.
Akademik R.Mehdiyev qeyd edir ki, xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslərlə bağlı həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur. Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir. Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır.
Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm, daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz.
Öz
çıxışlarında tənqid ədəbini
asanlıqla tapdalayanlar unutmamalıdırlar ki, Prezident dövlətin
rəhbəri, ölkənin suverenliyinin rəmzidir. Danılmaz
həqiqətdir ki, İlham
Əliyevin prezidentliyi dövründə
ölkəmiz böyük tərəqqi yolu qət etmiş, onun beynəlxalq nüfuzu
güclənmişdir. Bu, hər bir azərbaycanlıda haqlı qürur
hissi doğurur. Xaricdə
Azərbaycan dövlətinin xoşagəlməz şəkildə
təqdimatı özünü azərbaycanlı
hesab edən heç
kəsə başucalığı gətirə bilməz.
Hazırkı siyasi şəraitdə bizim hər birimizin
yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və
gücümüz bu
düşmənlə mübarizəyə yönəlməlidir.
Tariximiz də onu
göstərir ki, xarici
təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün
dövrlərdə böyük itkilərlə
və məğlubiyyətlərlə
qarşılaşmışıq. Keçmişin
faciələrindən ibrət götürmək və
dövlətimizin başçısının ətrafında
sıx birləşmək bizim Vətən
qarşısındakı borcumuz və mənəvi
məsuliyyətimizdir!
Azərbaycan.-2020.- 29 iyul.- S.2.