Mediasiya
institutunun yaradılması müasir dövrün tələbidir
Müasir dövrdə sürətlə dəyişən
ictimai münasibətlər sistemi insan hüquqlarının
müdafiəsində daha çevik və mobil mexanizmlərin
yaradılmasını xeyli dərəcədə
aktuallaşdırmışdır. Belə şəraitdə
milli hüquq sistemlərində şəxsiyyətin hüquq
və qanuni mənafelərinin müdafiəsinin ənənəvi
vasitələri ilə yanaşı, yeni modellərin müəyyən
edilməsi və hüququ pozulmuş şəxslərin şəffaf
münasibətlər şəraitində alternativ müdafiə
vasitələrini seçmək imkanlarının olması
vacib məsələlərdən birinə çevrilir.
Birmənalı söyləmək olar ki, ölkəmizin
son dövrlər əldə etdiyi nailiyyətlər həm də
şəffaflığın dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi müəyyən edilməsi
ilə bağlıdır. Bu baxımdan
"Mediasiya haqqında” qanunun qəbul edilməsinin əhəmiyyəti
böyükdür.
Hüquq üzrə elmlər doktoru Mirəli
Kazımovdan bu qanunun qəbul olunmasının zəruriyyəti
və mahiyyəti barədə danışmağı
xahiş etdik.
- Prezident
İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz
Azərbaycanı müasir, sürətlə inkişaf edən,
şəffaflığı öz siyasətində bayraq edən
ölkə kimi görmək istəyirik və buna nail
olacağıq. Bu səbəbdən şəffaflıq
Azərbaycanın müasir dövlət siyasətini xarakterizə
edən əsas cəhətlərdən biri kimi
çıxış edir.
Şəffaflıq ictimai münasibətlərdə
inkişafın açarı, ədalətli əlverişli
mühitin əsas şərtlərindən biridir. Ölkə həyatının
bütün sahələrini yalnız tərəqqiyə
doğru aparan şəffaflığın təmin edilməsi,
həmçinin ictimai münasibətlərin
iştirakçıları arasında ziddiyyətlərin daha
əlverişli şərtlər ilə nizama
salınmasına, habelə mübahisə subyektləri olan vətəndaşların
vaxt və resurslarına qənəat etməyə kömək
edir. Əlbəttə, belə şəraitdə
müxtəlif vasitələrdən, o cümlədən
mübahisələrin həllinin alternativ üsullarından
istifadə olunur. Bu baxımdan milli
hüquq sistemində mediasiya institutunun tətbiqi şəffaflığın
təzahürlərindən biri kimi qiymətləndirilməlidir.
Mediasiya mexanizminin şəxsiyyətin hüquq
və qanuni mənafelərinin müdafiəsinin əlavə
demokratik təminatlarından biri olacağı şübhəsizdir.
Qeyd etdiyimiz kimi, mediasiya institutu ictimai münasibətlərin
konfliktli subyektləri arasında mübahisələrin şəffaf
və səmərəli həlli üsullarından biri kimi
çıxış edir. Çağdaş
dövrdə mediasiya institutu dünyanın çox ölkəsində
tətbiq olunur və onun hazırkı forması öz
başlanğıcını ötən əsrin 60-cı illərində
ABŞ-dan götürmüşdür. Bu ölkədə
son onilliklər ərzində formalaşmış təcrübəyə
əsasən, vergi orqanının ilkin mərhələdə
işi udmaq şansı 30 faizdən aşağı olduqda
vergi ödəyicisi ilə mübahisənin
qarşılıqlı razılıq əsasında həlli
yoluna üstünlük verilir, mübahisəni bu qaydada həll
etmək mümkün olmadıqda, onun inzibati və ya məhkəmə
icraatı qaydasında həlli yoluna müraciət edilir. Bəzi ölkələrdə mediasiya nəinki
mülki-hüquqi mübahisələrə, hətta cinayət-hüquqi
münasibətlərə tətbiq olunur. Bu,
daha çox kontinental hüquq sistemi ölkələri (məsələn,
bir sıra Avropa ölkələri, keçmiş Sovet
İttifaqının tərkibində olmuş respublikalardan
Litva, Latviya) üçün xarakterikdir. Bəzi
ölkələrdə isə mediasiyanın tətbiqi vəziyyəti
sistemsiz və parəkəndə haldadır, qanunvericilik tənzimlənməsində
dəqiq müəyyən olunmuş sərhəd yoxdur.
Ölkəmizdə mediasiya institutunun yaradılması
uzun müddət gündəlikdə duran məsələlərdən
biri olsa da, "Mediasiya haqqında” qanun 29 mart 2019-cu il tarixdə
qəbul edilmişdir. Qanun qəbul edildiyi tarixədək
müvafiq beynəlxalq təcrübə öyrənilmiş və
ölkəmiz üçün uyğun olan mediasiya modelinə
dair təkliflər işlənib hazırlanmışdır.
Qanun qəbul edildiyi müddətdən az
sonra Prezidentin "Məhkəmə-Hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında”
imzaladığı 3 aprel 2019-cu il tarixli fərmanda mediasiya
prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və
təşviqat tədbirlərinin həyata keçirilməsi
tövsiyə edilmişdir. Ötən dövr ərzində
ölkəmizdə vətəndaş cəmiyyəti
institutları bir sıra istiqamətlərdə mediasiya xidmətlərinin
göstərilməsinə dair layihələr həyata
keçirmişlər.
"Mediasiya haqqında” qanunda onun məqsədləri,
prinsipləri, həyata keçirilməsi qaydaları,
mediatorların statusu müəyyən edilmişdir. Qanunun 3.2-ci (iqtisadi
mübahisələr, həmçinin ailə və əmək
münasibətlərindən irəli gələn mübahisələr
üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə
uyğun olaraq məhkəməyə müraciət etməmişdən
əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb
olunur), 28-ci (iqtisadi mübahisələr, həmçinin ailə
və əmək münasibətlərindən irəli gələn
mübahisələr üzrə ilkin mediasiya sessiyasında
iştirak) və 29-cu (iqtisadi mübahisələr, həmçinin
ailə və əmək münasibətlərindən irəli
gələn mübahisələr üzrə ilkin və
sonrakı mediasiya sessiyaları) maddələrinin və həmin
maddələrlə bağlı olan müddəaların
2021-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə
tutulmuşdur.
Qanunvericiliyə əsasən, mediasiya - mediatorun
(mediatorların) vasitəçiliyi ilə tərəflər
arasında yaranmış mübahisənin
qarşılıqlı razılıq əsasında həlli
ilə bağlı müəyyən olunan prosesdir. Ümumiyyətlə,
mediasiya mübahisənin üçüncü, yəni qərəzsiz
tərəfin - mediatorun köməyi ilə məhkəmədənkənar,
alternativ həlli formasıdır. Mediasiyanın
məqsədi tərəflər arasında münaqişə
səviyyəsinin azaldılması və onları razı
salacaq şəkildə mübahisənin həllini təmin
etməkdir.
Mediasiya prosesi tərəflər arasında
bağlanılan "Mediasiya prosesinin tətbiqi barədə
müqavilə” əsasında həyata keçirilir. Mediasiya danışıqlar
şəraitində həyata keçirilir və bu mərhələlərdən
ibarətdir:
- mediasiya prosesinə hazırlıq;
- mediasiya prosesinin başlanılması;
- tərəflərin mübahisənin mahiyyətini
açıqlaması;
- tərəflərin hər biri ilə
ayrı-ayrılıqda danışıq;
- mübahisənin həlli üçün təkliflərin
hazırlanması;
- mediasiya prosesinin yekunlaşdırılması;
- mediasiya prosesinə xitam verilməsi;
- barışıq sazişinin icrası.
Ölkəmizdə
cinayət işləri üzrə mübahisələrin həlli
mediasiyanın predmetinə daxil edilməmiş, onun yalnız
aşağıdakı münasibətlər üzrə tətbiqi
nəzərdə tutulmuşdur:
- mülki işlər və iqtisadi mübahisələr
(xarici elementli mübahisələr də daxil olmaqla);
- ailə münasibətlərindən irəli gələn
mübahisələr;
- əmək münasibətlərindən irəli
gələn mübahisələr;
- inzibati hüquq münasibətlərindən irəli
gələn mübahisələr.
Mediator -
peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi
üçün tərəflərin cəlb etdiyi və ya
mediasiya təşkilatı tərəfindən təyin və
qanunla müəyyən olunmuş tələblərə cavab
verən fiziki şəxsdir. Mediator olmaq istəyən fiziki
şəxs bu tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25
yaşı tamam olmalıdır; ən azı 3 illik iş
stajına malik olmalıdır; mediatorların ilkin
hazırlığı üzrə təlimi bitirərək
müvafiq sertifikat əldə etməlidir.
Bu şəxslər
isə mediator ola bilməzlər: məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə
dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olan şəxslər; məhkumluğu ödənilməmiş
və ya götürülməmiş şəxslər.
2020-ci il iyulun 1-dən sonra iqtisadi mübahisələr,
həmçinin ailə və əmək münasibətlərindən
irəli gələn mübahisələr üzrə məhkəməyə
müraciət etməmişdən əvvəl ilkin mediasiya
sessiyasında iştirak tələb olunur. Bu
mübahisələr üzrə ilkin mediasiya sessiyasını
tərəflərin qarşılıqlı
razılaşdırdığı mediator və ya mediasiya təşkilatı
aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə
təklifi digər tərəfə təqdim edildikdən sonra
10 iş günü ərzində qəbul edilmədikdə və
ya tərəflər mediator və ya mediasiya təşkilatı
barədə razılığa gəlmədikdə, ilkin
mediasiya sessiyası tərəflərdən hər hansı
birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti
üzrə aid olduğu məhkəmə ilə eyni şəhər
və ya rayonda yerləşən mediasiya təşkilatı,
həmin şəhər və ya rayonda mediasiya təşkilatı
olmadıqda isə həmin məhkəmənin yerləşdiyi
inzibati ərazi vahidinə ən yaxın şəhər və
ya rayonlardan birində yerləşən mediasiya təşkilatı
tərəfindən aparılır. Tərəflər
mediator barədə razılığa gəlmədikdə
mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və
ya rayonda yerləşən mediasiya təşkilatı
mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında
işə baxılması mümkün olmadıqda, tərəflərdən
hər hansı birinin müraciəti əsasında mübahisənin
aidiyyəti üzrə aid olduğu məhkəmə ilkin
mediasiya sessiyasının aparılması üçün
mediator müəyyən edə bilər.
Göründüyü kimi, ölkəmizdə mediator ilə mediasiya tərəfləri arasında qarşılıqlı əlaqənin məzmunu daha çox mülki-hüquqi münasibətlərə əsaslanır. Belə nəticəyə gəlməyə adıçəkilən qanunun müddəalarının araşdırılması, mediasiyanın könüllülük, tərəflərin bərabərliyi və əməkdaşlığı kimi prinsiplər üzrə həyata keçirilməsi əsas verir. Bu, həm də mediasiya tərəflərinin heç birinin digərindən üstün olmadığı, mediatorun seçilməsində sərbəst olmaları, heç kəsin iradəsinə zidd şəkildə mediasiya prosesinə cəlb edilmədiyi, mediasiyanın istənilən mərhələsində ondan imtinanın mümkün olması, mediasiya zamanı dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinin yolverilməzliyi və digər bu kimi mühüm hallar ilə əsaslandırılır.
Müasir dövrdə bir çox ölkələrdə cinayət məsuliyyətinin həlli zamanı da alternativ tədbirlərin tətbiqinə səylər göstərilir. Bu cür tədbirlərin tətbiqi istintaq və məhkəmə sistemində iş yükünün azalmasına, cəza icra müəssisələrinin lüzumsuz yüklənilməməsinə, həmçinin müvafiq şərtlər daxilində cinayətdən zərər çəkmiş şəxslərin hüquqlarının və dövlətin maraqlarının təmin olunmasına xidmət edir.
İctimai təhlükəli əməl törətmiş şəxslərə münasibətdə ilk dəfə mediativ proqram 1974-cü ildə Kanadada (Ontario ştatı) tətbiq olunmuşdur. MDB dövlətlərindən isə Qazaxıstan Respublikasının 4 iyul 2014-cü il tarixli Cinayət Prosessual Məcəlləsinin 85-ci maddəsində mediator cinayət prosesinin müstəqil iştirakçısı kimi nəzərdə tutulmuş, hüquqi statusu müəyyən edilmişdir. Bu yerdə qeyd edək ki, Mediasiya institutunun inkişafının davamı olaraq yaxın gələcəkdə Azərbaycanda "Cinayət prosesində mediasiya haqqında” ayrıca qanunun qəbul edilməsi, burada mediatorun cinayət prosesinin ayrıca iştirakçısı kimi nəzərdə tutulması və Cinayət Prosessual Məcəllədə onun hüquqi statusunun tənzimlənməsi məqsədəuyğun olardı.
Söhbəti
yazdı:
Raqif
MƏMMƏDLİ
Azərbaycan.-2020.- 29 iyul.- S.4.