Azərbaycan tezliklə özünün su təhlükəsizliyini
tam təmin edəcək
Hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyanın hər yerində su ehtiyatlarına ciddi təsir göstərir. Bu, Azərbaycanda da belədir. Xüsusən son illər su ilə bağlı problemlər artıb ki, bunun da əsas səbəblərindən biri iqlim dəyişiklikləridir. Yağıntıların əhəmiyyətli dərəcədə azalması, orta illik temperaturun yüksəlməsi, o cümlədən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun səviyyəsinin aşağı düşməsi bütövlükdə su ehtiyatlarmızın azalmasına səbəb olub.
Su təsərrüfatında mühüm layihələr həyata keçirilib
Öncə onu qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsindən sonra diqqət yetirilən əsas məsələlərdən biri də ölkə təsərrüfatının yenilənməsi olub. Bu məsələ demək olar ki, kompleks xarakter daşıyıb. Yəni həyata keçirilən tədbirlərdə məqsəd həm əhalinin içməli su ilə təminatını, həm də torpaqların suvarılması üçün meliorasiya infrastrukturunun təzələnməsini, həm də su ehtiyatlarının yaradılmasından ibarət olub.
İyulun 23-də keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faiz təşkil edir. Azərbaycanda son 17 ilin ən böyük infrastruktur sistemlərindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli su ilə təchizatında inqilabi dəyişikliklərə səbəb oldu. Bu kəmər sırf yerli mənbələr üzərində inşa edilmiş böyük layihədir. Bu kəmər həm də Azərbaycanın neftdən gələn gəlirlərini ölkənin yüksəlişi istiqamətində səmərəli istifadəsinin göstəricisidir.
Regionlara gəldikdə isə, əhalinin içməli su ilə əhatə dairəsi 2004-cü ildə cəmi 9 faiz, indi isə 63 faizdir. Bu sahədə müsbət dəyişikliklər yerli su potensialının hərəkətə gətirilməsinin, yeni artezian quyularının qazılmasının, çaylarda sutəmizləyici qurğuların sayının artırılmasının nəticəsidir.
Bu illərdə Azərbaycanda dörd yeni su anbarı yaradılıb. Bunun da nəticəsində becərilməyən minlərlə hektar torpaq sahəsi əkinə cəlb olunub. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi su anbarlarının kənd təsərrüfatı istehsalının artırılmasında rolu olduqca mühümdür. Bu anbarlarda yaradılmış su ehtiyatlarının həcmi 470 milyon kubmetrdir.
Bütün bunlar göstərir ki, regionların sosial-iqtisadi inkişafına dair proqramlarının icrası çərçivəsində ölkənin su təsərrüfatında olduqca möhtəşəm layihələr həyata keçirilib. Əgər həmin layihələr olmasaydı, bu gün su təchizatında daha ciddi problemlərin yaşanması qaçılmaz idi.
Bəzi hallarda itkilər 50 faizə çatır
Lakin qeyd edildiyi kimi, son illərdə baş verən iqlim dəyişiklikləri, yağıntıların azalması su təchizatında ciddi problemlər yaradıb. Təbii hadisələrlə yanaşı, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması da ölkəmizdə su çatışmazlığını şərtləndirir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranıb. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Ona görə kənd təsərrüfatının suvarılmasında və içməli su ilə təminatda qıtlıq yaşanır. Vəziyyətin qiymətləndirilməsi nəticəsində hazırda respublikamızda çox böyük su itkilərinin baş verdiyi də məlum olub.
İyulun 23-də Prezident İlham Əliyevin yanında videoformatda keçirilən müşavirə su təsərrüfatında mövcud olan problemlərin müzakirəsinə həsr olunmuşdu. Dövlət başçısı çıxışında su itkilərinin bəzi hallarda 40-50 faizə çatdığını bildirdi: "Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.
Dövlət başçısının qeyd etdiyi kimi, quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində sudan istifadədə çox ciddi problemlər yaranıb. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. O cümlədən indiyədək ölkəmizin su balansı tərtib edilməyib, yeraltı, yerüstü su ehtiyatları qiymətləndirilməyib. Digər tərəfdən ölkədə su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu olsa da, onların arasında koordinasiya lazımi səviyyədə deyildir.
Vəziyyət nəzarətdədir
Su problemlərinin həlli çoxdan Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, hələ aprel ayında Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə komissiya yaradılıb. Müşavirədə deyildiyi kimi, su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəifliyi, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılıb.
Komissiyanın fəaliyyəti nəticəsində su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunub. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq edilib.
Bəzi təsərrüfat və infrastruktur obyektlərinin nəzarətsiz qalması da problemləri yaradan səbəblərdəndir. Su anbarlarından çıxan boru və kanal xətlərində qanunsuz qoşulmalar olub ki, bu da suyun ədalətli bölgüsünə ziyan vurub. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Ona görə də komissiya tərəfindən məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib edilib. Ən mühümü də odur ki, bütün aidiyyəti qurumların bu məsələlərlə bağlı koordinasiyalı fəaliyyəti təmin olunub.
Ən mühüm vəzifə sudan istifadə zamanı itkiyə yol verilməməsidir. Bunun üçün içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, sayğaclaşmanın başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Suvarmaya gəldikdə isə, kanalların əksəriyyətinin torpaq məcralardan olması itkilərin əsas səbəblərindən biridir. Artıq su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Bundan başqa, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, Azərbaycan bu sahədə beynəlxalq maliyyə institutları ilə də əməkdaşlıq edir. Belə ki, Azərbaycanın Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa dəvət etdiyi sahələrdən biri suvarma sistemlərinin yenidən qurulması ilə bağlıdır.
Azərbaycanın su ehtiyatlarının böyük qismi ölkə xaricində fomalaşır. Digər tərəfdən ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Prezident İlham Əliyevin yanında keçirilən videoformatda müşavirədə su ilə bağlı bütün problemlər, onları yaradan səbəblər və həlli yolları ətraflı müzakirə edildi. Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə özünün su təhlükəsizliyini tam təmin edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 29 iyul.- S.4.