Türkiyədə Azərbaycana
dəstək məqsədilə izdihamlı aksiyalar
keçirilib
Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək məqsədilə izdihamlı aksiyalar keçirilib.
Diasporla
İş üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, Ankaranın Keçiörən Bələdiyyəsinin
qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk
ordusunun əsgəriyik” şüarı
ilə tədbir keçirilib. Aksiyaya Keçiörən Bələdiyyəsinin
üzvləri, Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və Həmrəylik Fondunun
nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri
qatılıblar.
Aksiyada bələdiyyə sədri Turqut Altınok, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar çıxış ediblər. Çıxışlarda iyulun 23-nun Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27-ci ildönümünün olduğu xatırladılıb. Bildirilib ki, təkcə Qarabağ deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalır. Türkiyənin prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın yanında olmasının dövlətimizi və xalqımızı gücləndirdiyi vurğulanıb.
Çıxış edənlər Ermənistana işğalçı və təcavüzkar siyasətindən əl çəkməyi tövsiyə edərək, əks-təqdirdə bu vəziyyətin Ermənistanın əleyhinə işləyəcəyini nəzərə çatdırıblar. Aksiyada beynəlxalq təşkilatların tutduğu loyal mövqe kəskin tənqid olunub, Türkiyə və Azərbaycanın güclərini birləşdirərək, bu problemi həll etməsinin vacibliyi qeyd olunub.
Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri iştirak ediblər. “7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik, Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarlarının səsləndirildiyi aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, azərbaycanlı ziyalılar və tələbələr çıxış edərək Ermənistanın işğalçı siyasətini pisləyiblər.
Aksiyada Türk dünyası şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb. Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdın Qara dəniz” mahnısının ifası ilə başa çatıb.
Türkiyənin Trabzon şəhərində, Sakarya şəhərinin Adapazarı Demokratiya Meydanında, İstanbulun Bakırköy rayonundakı Azadlıq meydanında Azərbaycan Ordusuna dəstək məqsədilə aksiyalar keçirilib. Soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri aksiyalarda Tovuz cəbhəsində həlak olan şəhidlərimiz anılıb, Ermənistanın işğalçı və təcavüzkar siyasəti qınanıb, "Qarabağ Azərbaycandır!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Şəhidlər ölməz, vətən bölünməz!", “Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.
Türkiyə Dövlət Müəssisələri İşçilərinin İnkişafı və Həmrəyliyi Fondunun Sakarya şöbəsinin rəhbəri Recai Ciran və Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Platformunun rəhbəri Vüqar Nəsirovun birgə bəyanatında Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz edilib. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, minlərlə insanın qətlə yetirilməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu vəhşiliyə biganə qalmasına bir daha kəskin etiraz bildirilib.
Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin bəyanatında isə vurğulanıb ki, insan haqlarını kobudcasına pozan Ermənistan ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır. Dünyanın müxtəlif ölkələrində Ermənistanın terrorizm və zorakılıq siyasətinə etiraz olaraq keçirilən aksiyalara erməni diasporunun vəhşicəsinə hücumlar etməsi də buna sübutdur.
“Türkiyə
və Azərbaycan hökumətləri 30 ildir işğal
altındakı Azərbaycan ərazilərinin azad edilməsi və
qaçqın həyatı yaşayan azərbaycanlıların
torpaqlarına qaytarılması üçün sülh siyasəti
yürüdür. Bu ədalətli mübarizədə Azərbaycanın
yanında olduğumuzu bildirir
və bütün şəhidlərimizi
mərhəmət və minnətdarlıqla yad
edirik. İnsanlıq və sülh əleyhinə cinayətlər törədən
Ermənistanı pisləyirik və qınayırıq”, - deyə
bəyanatda qeyd olunub.
Azərbaycan.-2020.- 29 iyul.- S.5.